Və ya dağıdıcı müxalifət "liderləri" Azərbaycana qarşı çıxış edən Qərb diplomatlarını özlərinə "xilaskar Məsih" hesab edirlər
Nədənsə Azərbaycana təşrif buyuran Qərb diplomatları ölkəmizdə fəaliyyət göstərən dağıdıcı müxalifət partiyaları ilə mütəmadi görüşlər təşkil edirlər. Eyni zamanda, Azərbaycanda təmsil olunan bəzi Qərb diplomatik nümayəndəlikləri və səfirliklər də bu kimi görüşlər keçirməklə müxalifət "liderlərinə", necə deyərlər, "demokratiya" dərsləri keçməklə müəllimlik edirlər. Daha dəqiq desək, öz şəxsi düşüncə və nəticə çıxarışları ilə yekdil, sərbəst qərar verə bilməkdə aciz olan dağıdıcı müxalifət "liderləri" müəyyən maraqları, siyasi dividendləri çərçivəsində xarici diplomatları az qala "xilaskar" kimi qəbul edib, onlara sitayiş edirlər. Çünki "liderlər" sözügedən bu kimi Qərb məsihlərinin onları hakimiyyətə gətirəcəkləri qənaətindədirlər. Əlbəttə ki, bu amil də, deməyə əsas verir ki, dağıdıcı müxalifətin məqsədi hakimiyyətə gəlməklə xalqın yox, həmin Qərb məsihlərinin maraqlarını təmin etməkdir. Çünki sözügedən faktor özünü bu günlərdə bir daha sübuta yetirdi.
Dünya ictimaiyyəti ABŞ demokratiyasının Əfqanıstanda, İraqda, Liviyada, Misirdə və Tunisdə necə "təbliğ" olunmasını yaxşı görür
Bu günlərdə Bakıda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia "Azadlıq" radiosuna müsahibə verərkən deyib ki, "Azərbaycan hakimiyyəti insan haqlarına hörmət qoymağı öyrənməlidir" (R.N.).
Maraqlısı da odur ki, T.Melia burada Azərbaycan hakimiyyətinə "tövsiyyə" verərkən, bir xüsusi məqamı unudub. Yəni ABŞ diolomatı deməyi unudub ki, ölkəsində "Çikaqonu zəbt et" şüarı ilə başladılmış və uzun müddət davam etmiş kütləvi aksiyalarda həbs olunan, polis zorakılığına məruz qalan azadlıqsevər Amerika vətəndaşları hələ də məhkəmələrin çıxardıqları qeyri-demokratik qərarlar müqabilində siyasi məhbus qismində cəza çəkməkdədirlər. Hansı ki, adıçəkilən şüar bilavasitə sosial məsələlərlə bağlı olub. T.Melia onu da deməyi unudub ki, bu gün evsizlərin, işsizlərin, iqriçilik problemləri ilə üzləşənlərin sayları da Qərb dövlətləri arasında məhz ABŞ-da çoxluq təşkil edir. Bu gün dünya dövlətləri sırasında ən çox ABŞ təhsil müəssisələrində - kollec və liseylərdə, ali məktəblərdə şagird və tələbələrə qarşı düzənlənən silahlı basqınlar, terror hadisələri baş verir. Həmçinin, dini ayrıseçkilik problemlərinin ən çox qabardığı ölkə də məhz ABŞ-dır. İslam peyğmbəri və dini ilə yanaşı, digər dini icmalara qarşı dözümsüzlüklər bu ölkədə kifayət qədərdir. Eyni zamanda, dünya ictimaiyyəti ABŞ demokratiyasının Əfqanıstanda, İraqda, Liviyada, Misirdə, Tunisdə necə "təbliğ" olunmasını yaxşı görür. Və öz ölkəsinin hakim dairələrində bu kimi dərin problemli məsələlərlə ilgilənmək, araşdırmaq, onları aradan qaldırmaq əvəzinə, ABŞ dövlət katibinin müavini nədənsə siyasi maraqlarını Azərbaycana və "ənənəvi müxalifət" deyə adlandırılan dağıdıcı müxalifətə yönəldir. Üstəlik, "demokratiya" barədə heç bir səmimiyyəti əks etriməyən qərəzli fikirlər səsləndirir.
Budurmu mister Melianın demokratiya arzusu?
Söz və ifadə azadlığı Azərbaycanda məhz 1993-cü ildən başlayaraq inkişaf edib bu gün həmin inkişaf hər bir hadisəyə real qiymət verməyi bacaran nüfuzlu Qərb dairələri tərəfindən təqdir olunur. Ancaq ABŞ diplomatı "hakimiyyət insanların öz fikrini ifadə haqqına hörmət qoymağı öyrənməlidir" kimi məntiqsiz çıxışlara rəvac verməklə yadından çıxarır ki, 20 ildir ki, hakimiyyətə gələ bilməyən, siyasi mədəniyyət göstərərək arenanı tərk etməməkdə israr göstərən ənənəvi müxalifət "liderləri" iqtidarda olduqları zaman söz və ifadə azadlığına qarşı sərt senzura qoyurdular. Ölüm hökmləri icra edilirdi və insanlar küçələrə çıxaraq, nəfəs almağa belə qorxurdular. Çünki həyati təhlükə, rejim siyasəti, avtoritar idarəçilik, korrupsiya, özbaşınalıq və anarxiya T.Melianın dəstəklədiyi müxalifət "liderlərinin" hakimiyyəti zamanı davamlı şəkil almışdı. Azərbaycan bir müstəqil dövlət kimi öz azadlığını itirmək üzrə idi. Budurmu mister Melianın demokratiya arzusu? ABŞ diplomatı "açıq rəqabət, mediaya çıxış, sərbəst toplaşma imkanları olmalıdır" deməklə razı olarmı ki, onun ölkəsində yaşayan insanlar sərbəst toplaşma haqqında qanuna zidd hərəkətlərə yol versinlər, küçələrə çıxıb ictimai asayişi pozsunlar, huquq-mühafizə orqanlarının müdaxiləsi zamanı vəziyyəti gərginləşdirsinlər? Əlbəttə ki, istəməz. Çünki bu, onun ölkəsinin siyasi maraqlarına cavab vermir. Amma nədənsə Azərbaycanın maraqlarına cavab verməlidir?! Bax, məntiq də buradadır ki, ABŞ dövlət katibliyinin rəsmisi nəyə görə sağlam düşüncəli cəmiyyətin qəbul etmədiyi xəstə təfəkkürlü dağıdıcı müxalifəti bu qədər önəmsiyir?
Dəvəquşu timsalında başını səhra qumuna gizlədib, mövcud reallıqları görməməzlikdən gəlmək...
Seçki proseslərinə gəlincə isə, ABŞ rəsmisinin daha bir ifadəsi tamamlanmamış təsiri bağışlayır. Məsələ ondadır ki, T.Melia deyir ki, "vətəndaşların da hüququ olmalıdır ki, bütün namizədləri nəzərdən keçirərək, kimi dəstəkləyəcəklərinə qərar versinlər...
Yəqin ki, müxalifətə bu qədər maraq göstərən T.Melia ötən seçkilərdə də hazırkı dövrdə də vətəndaş yanaşmasını dərindən öyrənə bilməyib. Çünki hər bir Azərbaycan vətəndaşı seçki proseslərində istədiyi namizədə səs verib. Ona görə də, departament rəsmisi, yaxşı olardı ki, birtərəfli mövqe sərgiləyərək, açıq tərəfini saxladığı müxaılifət daxilində yaranmış gərgin seçki rəqabətinə, hətta düşmənçiliyinə münasibət bildirərdi. Məsələn, T.Melia deyə bilərdi ki, Azərbaycan müxalifəti uzun illərdir ki, "vahid namizəd" məsələsində yekdil razılığa gələ bilməyi bacarmayıblar və bundan sonra da bacara bilməyəcəklər. Azərbaycanın müxalifət düşərgəsi parçalanmış şəkildə bir neçə qütbdə fəaliyyət göstərir ki, həmin fəliyyət nəticəsində, düşərgədə bir neçə qrulr maraqlarına bölünərək, müxtəlif "birlik" və bloklar vasitəsilə bir-birlərinə qarşı mübarizə aparırlar. Həmin "birlik" və bloklarda inhisarçılıq, monopoliya mövcuddur. Ancaq demir və etiraf etmək mədəniyyətinin olmadığını nümayiş etdirir. Bu isə, həm də, onu deməyə əsas verir ki, belə "demokratik fikirli", "tövsiyə verən" Qərb diplomatların əsas məqsədləri satılmış, xəyanətkar müxalifət "liderlərindən" siyasi-iqtisadi məqsədləri üçün kifayət qədər istifadə edib, öz ölkələrinin maraqlarını digər ölkələr daxilində yürütməkdən ibarətdir. Təəssüf ki, müxalifət "liderləri" məhz belə fərdləri özlərinə yuxarıda qeyd etdiyimiz kimi "müəllim", hətta "xilaskar" kimi qəbul edirlər.
Dəvəquşu timsalında başını səhra qumuna gizlədib, Azərbaycan demokratiyasını, Azərbaycanın uğur reallıqlarını görməməzlikdən gəlmək isə T.Melianın timsalında qərəzli Qərb diplomatlarının aşkar üzlərini ifşa edir. Dağıdıcı müxalifət "liderlərinin" çömçələrinə yararlı olan bu kimi siyasi fərdlərin yemlik "tövsiyyələri" isə, əslində, sağlam düşüncəli ictimaiyyət üçün, normal baxışlı cəmiyyət üzvləri üçün maraqsız və darıxdırıcıdır. Çünki Azərbaycan dünyada söz deyən, tövsiyyələri qəbul edilən, müxtəlif ali məqamlarda ən yüksək şəkildə dəyərləndirilən ölkə kimi tanımaqdadır. Azərbaycan demokratiyası, Azərbaycan inkişafı Qərb dövlətlərinə belə, örnəkverici status sərgiləyən ali dəyədrir.
RÖVŞƏN NURƏDDİNOĞLU
P.S. Xatırladaq ki, hazırda ABŞ Dövlət Departamentinin rəsmisi olan T.Melia Azərbaycana qarşı qərəzli hesabatlar hazırlayan "Freedom House" təşkilatında uzun müddət səlahiyyətli vəzifə sahibi olub. Ona görə də belə fərdlərin "siyasi baxışlarında" çəpliyin yaranması heç kimi təəccübləndirməməlidir.