PDF Oxu

Araşdırma

  • 1 488

Freedom House"ni qərəzli hesabatı...

Və ya qeyri-real, məntiqi əsası olmayan, subyektiv mülahizələr

Freedom House"ni qərəzli hesabatı...

Bəzi transmilli qurumların, qeyri-hökumət təşkilatlarının Azərbaycana münasibətdə məqsədli şəkildə subyektiv, qərəzli mövqedən çıxış etməsi artıq adət halını alıb. Bu qurumlar sırasında "Freedom House" bilrəkdən diqqəti mənfi cəhətlərin, xoşagəlməz məqamların axtarışında cəmləşdirməsi ilə "fərqlənir". Sözügedən qurumun fəaliyyəti, onun hesabatları bu təşkilatın müəyyən korporativ-siyasi maraqlara xidmət etdiyini göstərir.

Məkrli planlardan doğan ayrı-seçkilik

Bəllidir ki, məqsədi, məramı dəqiq bilinməyən bu qurum ayrı-ayrı ölkələrlə, o cümlədən, Azərbaycanla bağlı konkret olaraq verilən sifarişləri yerinə yetirir. Mənşəyi bilinməyən müxtəlif fondlar tərəfindən maliyyələşdirilən bu təşkilat, əslində, daha çox neqativ reputasiyası ilə tanınır. Bir sıra ölkələrdə, məsələn, Latın Amerikası dövlətlərində çıxardığı oyunlar, həyata keçirməyə çalışdığı məkrli planlar sayəsində "Freedom House" arzuolunmaz, qəbuledilməz bir quruma çevrilib. Bütün bunlar sözügedən qurumun nəyə xidmət etdiyini açıq şəkildə ortaya qoyur.

Diqqəti çəkən odur ki, "Freedom House" təşkilatının mətbuat azadlığı ilə bağlı müəyyənləşdirdiyi reytinq cədvəlində Azərbaycan 196 ölkə arasında 171-ci yerdə qərarlaşıb. Hətta bu siyahıda xaosun, hərc-mərcliyin hökm sürdüyü Əfqanıstan və İraq kimi ölkələr Azərbaycandan irəlidə gəlir. Qeyd edək ki, müvafiq ardıcıllığın və ya reytinq sırasının nəyə əsasən müəyyənləşdirildiyi də dəqiq bəlli deyil. Faktiki olaraq, bu gün Azərbaycanda 4500-dən artıq KİV rəsmi qeydiyyatdan keçib, yüzlərlə qəzet, informasiya agentlikləri, televiziya, radio, internet mediası azad fəaliyyət göstərir.

İfrat tənqidi ritorika

Və ya olmayan neqativ məqamların axtarışı

Mediaya qarşı hər hansı senzura, məhdudiyyət yoxdur. Müvafiq media nəşrlərində, hətta bəzi hallarda qanunlar çərçivəsini aşan sərt tənqidlər, qəbuledilməz fikirlər səsləndirilir, lakin bunun müqabilində dövlət, hakimiyyət strukturları mediaya, eləcə də, hər bir vətəndaşa münasibətdə maksimum humanist, anlayışlı davranır.

Göründüyü kimi, bu qurumun təmsilçiləri sözdə beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı olduqlarını iddia etsələr də, reallıqda bir sıra nüfuzlu dövlətlərin, qurumların, eləcə də, sadə insanların ən adi, elementar hüquqlarını belə pozurlar. Bu səbəbdən, əslində, onu beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmaq doğru deyil, yanlışlıqdır və insan haqlarına aşkar hörmətsizlik kimi dəyərləndirilə bilər.

"Freedom House" təşkilatının hesabatlarını ardıcıl şəkildə izlədikdə, aydın olur ki, burada qeyri-real, məntiqi əsası olmayan, subyektiv mülahizələrdən söhbət gedir. Bu qurum bilavasitə, siyasi yönümlü, Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışan bir sıra yerli QHT-lərin məlumatlarına istinad edir, obyektiv, reallığı, pozitiv məqamları əks etdirən, ciddi faktlara əsaslanan təşkilatlara isə, bir qayda olaraq, istinad etmir. Başqa sözlə, bu qurum yalnız özünə sərf edən, ifrat tənqidi ritorikaya uyğun olan məlumatlara, fikirlərə yer ayırır, bu və ya digər hesabatına daxil edir.

Ədalətsizliyin aşkar təzahürü...

Əslində, "Freedom House" kimi qərəzli bir təşkilatın açıqlamalarına ciddi əhəmiyyət verməyə də ehtiyac yoxdur. Çünki bu gün Azərbaycanda media qurumlarının fəaliyyəti ciddi şəkildə koordinasiya olunur, Mətbuat Şurası fəaliyyət göstərir. Bu qurum müstəqil təsisat kimi, bilavasitə jurnalistlərin özləri tərəfindən yaradılıb. Burada medianın bütün spektri - iqtidara, müxalifətə yaxın informasiya qurumlarını və müstəqil mətbuatı təmsil edən təcrübəli insanlar var. Lakin indiyə qədər "Freedom House" təşkilatı hesabatlarında Mətbuat Şurasının yanaşmasını mövqeyini hər hansı formada əks etdirməyib. Başqa sözlə, belə hesabatlar birtərəfli xarakter daşıyır, heç də bütün tərəflərin baxışını, mövqeyini əks etdirmir.

Bu mənada, Azərbaycanda mətbuat azadlığı ilə bağlı "Freedom House"ni açıqlaması və müvafiq hesabatda Azərbaycanın mətbuat azadlığına görə son yerlərdən birində olduğunu bildirilməsi, ən azı, ədalətsizlik kimi dəyərləndirilməlidir. Çünki Azərbaycanda kifayət qədər söz, fakir, ifadə mətbuat azadlığı mövcuddur.

Digər tərəfdən, "Freedom House" təşkilatı artıq neçə ildir ki, Azərbaycada mətbuatın vəziyyəti ilə bağlı bu cür hesabatlar hazırlayır, lakin ötən illər ərzində bu hesabatların məzmunu və mahiyyəti dəyişmir. Medianın inkişafı sahəsində kifayət qədər uğurlar əldə edilsə də, hesabatlar əksər hallarda olduğu kimi təkrarlanır. Bu isə aşkar ayrı-seçkiliyin, qeyri-obyektivliyin təzahürüdür.

NAİB

Digər xəbərlər