Suriya müxalifəti: daxili ziddiyyətlərin palitrası
Yaxın Şərqdə silahlar susmur. Hərbi toqquşmaların xəritəsi regionun bir neçə ölkəsinin ərazisini əhatə edir. Türkiyə, İraq, Suriya, Livan, Misir, Fələstin, Liviya, İsrail... Ancaq bölgənin ən "qaynar nöqtəsi" hələ də Suriyadır. Son günlər bu ölkədə baş verənlər və onlara böyük dövlətlərin münasibəti, vəziyyətin daha da dramatikləşdiyini göstərir.İndi döyüşlər demək olar ki, Suriyanın bütün ərazisini əhatə edir. Paytaxt Dəməşqdəki vəziyyətlə bağlı ziddiyyətli informasiyalar yayılır. Artıq şübhə yoxdur ki, bu ölkə düşdüyü böhrandan böyük itkilərlə çıxacaq. Ola bilsin ki, masa üzərinə Suriyanın bölünməsi məsələsi qoyulsun.
Ölkəni parçalayan yalnız bəzi xarici qüvvələr deyil – indi müxalifətdə olan bir neçə qruplaşmanın da hansı məqsədləri güddüyü aydın deyil.Suriya üçün belə mürəkkəb vəziyyətdə böyük dövlətlərin Yaxın Şərq siyasəti özünün daha kəskin və amansız tərəfləri ilə diqqəti çəkir. Burada bir neçə məqamı müşahidə etmək mümkündür.Birincisi, Suriyanın daxilində məzhəblərarası münasibətlər gərginləşdirilir. Sünnilər və şiələrin silahlı münaqişələri haqqında informasiyalar yayılır. Məsələn, bir neçə gün əvvəl yüzlərlə ələvinin qətlə yetirildiyi barədə Qərb mediasında məlumat verildi. Orada açıq və üstüörtülü şəkildə bu işi sünni qrupların həyata keçirdiyinə işarələr vardı. Bu hadisədən əvvəl isə sünnilərin kütləvi qətli hadisəsi törədilmişdi.Düşündürücüdür ki, məzhəb savaşı Suriyaya qonşu olan Livanda da müşahidə edilməkdədir. Orada Bəşər Əsədi dəstəkləyən ələvilərlə sünnilər arasında bir neçə dəfə silahlı qarşıdurma qeydə alınıb. Son olaraq livanlılar bir qrup ələvini Əsədin xeyrinə işlər görməkdə ittiham edərək, onlara hücum etmişdilər. Buna bənzər hadisələr İordaniya və Liviyada da baş verir. Ekspertlər Türkiyə və İraq üçün də eyni problemlərin yarana biləcəyini istisna etmirlər.İkincisi, Suriya müxalifəti Liviyada olduğu kimi monolit deyil. Onun tərkibində fərqli ideologiyaya və siyasi məqsədlərə malik qruplar vardır. ABŞ onlardan birini, "əl-Nüsrə"ni terrorçu təşkilat kimi tanıyıb. Bu qrupun "əl-Qaidə"yə yaxın olduğunu bildirirlər. Ancaq "əl-Nüsrə" müxalifətin ən döyüşkən hissəsidir. Odur ki, Suriya müxalifəti Vaşinqtonun bu hərəkətinə etiraz edir. Hazırda bir neçə aksiyanın keçirilməsi planlaşdırılır.Hər bir halda artıq müxalifətin sıralarında ayrı-seçkilik meyli güclənir. B.Əsəd rejimi çökəndən sonra onlar arasında fikir ayrılıqlarının dərinləşəcəyi ehtimal olunur. Belə şəraitdə Suriyada Əsəddən sonrakı dövrün ziddiyyətsiz olacağını düşünmək çətindir. İstisna deyil ki, bəzi kənar qüvvələr müxalifətin bu vəziyyətindən süni istifadə etmək fikrinə düşsün. Ölkədə sabitliyin bərqərar olmasında marağı olmayan dairələrin mövcudluğu şübhə doğurmur. Həmin məsələyə daha geniş müstəvidə baxdıqda əlavə faktorların rol oyanaya biləcəyi təəssüratı yaranır.
Regional liderlik iddiaları və Suriya böhranı
Ölkənin daxili siyasi-ideoloji ziddiyyətləri bəzi region dövlətlərinin liderlik iddiaları fonunda daha təhlükəli görünür. Türkiyə, İran, İsrail və Misir tarixi fürsətdən istifadə edib, Yaxın Şərqdə əsas söz sahibi olmağa çalışırlar. Onlar arasında gedən açıq və gizli mübarizənin fəsadları həm də Suriyaya təsir edir.Türkiyənin addımlarının Qərblə üst-üstə düşməsi göz qabağındadır. Onun iqtisadi və hərbi potensialı böyükdür. Bundan əlavə, region dövlətləri ilə güclü tarixi bağlantıları var. Təsadüfi deyil ki, Suriya ilə əlaqəli bütün beynəlxalq tədbirlərdə Ankara aktiv iştirak edir. Son vaxtlar regionda cərəyan edən geosiyasi hadisələr göstərir ki, Türkiyənin Suriya məsələsini həll etməkdə imkanları genişdir və bunu böyük dövlətlər də qəbul edirlər. O cümlədən, Moskva Ankara ilə prinsipial məqamları razılaşdırmaq məcburiyyətindədir.Bunlar Türkiyənin Suriya məsələsində ciddi faktor olduğunu təsdiqləyir. Lakin İran, Misir və İsraili kənara qoymaq olmaz. Onlar bilirlər ki, Türkiyənin regional liderliyi prinsipial şəkildə regionun geosiyasi mənzərəsini dəyişəcək. Məhz bu məqamda həmin dövlətləri qane etməyən proseslərin başlaya biləcəyini göz önünə almaq lazım gəlir. İranla bağlı Qərbin mövqeyi aydındır. Tehrana qarşı sanksiyalar getdikcə güclənir. Həmin kontekstdə İran Türkiyənin nüfuzunun artmasına qısqanclıqla yanaşa bilər.Təsadüfi deyil ki, rəsmi Tehranın B.Əsədi aktiv müdafiə etdiyi dəfələrlə vurğulanıb. O cümlədən, Ankara bununla bağlı etirazını İran rəsmilərinə bildirib. İstisna deyil ki, Tehran Suriyadakı müxalifətin tərkibinin müxtəlifliyindən və məzhəb faktorundan istifadə edib, oradakı xaosun ömrünü uzatmağa çalışsın.Misir prezidenti M.Mursinin ərəb ölkələrinin lideri olmaq iddiası Qəzzə ilə bağlı son olaylarda özünü qabarıq göstərdi. Ancaq M.Mursi "Müsəlman qardaşları" hərəkatının nümayəndəsidir. Bu qrupun siyasi-ideoloji yönü haqqında Qərbin birmənalı mövqeyi yoxdur. Həmin məqam Qərb analitiklərinin Misirdəki hadisələrlə bağlı apardıqları təhlillərdən aydın görünür. Ona görə də, Qərbin Mursinin regionda liderlik roluna iddia etməsini rahat qəbul edəcəyini gözləmək sadəlövhlük olardı. Hazırda Təhrirdə Misir müxalifətinin aksiyalar keçirməsi bu aspektdə xeyli düşündürücüdür.Mümkündür ki, Qərb Misirin Fələstindən sonra Suriyada nüfuz sahibi olmasının bəri başdan qarşısını alsın. "Suriyanın dostları" sırasında Misirin adının elə də çəkilməməsi bunun əlamətlərindən biri ola bilər. Hər bir halda Qahirənin regionla bağlı geosiyasi iddialarını arxa plana atmaq tezdir. M.Mursi sadəcə fasilə götürə bilər. Onun Dəməşqlə bağlı planlarını həyata keçirməyə çalışacağı ehtimalı az deyil.İsrail daha müəmmalı faktordur. Təl-Əviv həm İrana hərbi zərbə endirmək istəyir, həm də Türkiyənnin regional liderliyinə qısqanclıqla yanaşır. Eyni zamanda, İsrailin öz təhlükəsizliyinin qayğısına qalmaq haqqı tanınmalıdır. Bu baxımdan, Təl-Əvivin Suriyadakı hadisələrə və onunla bağlı region dövlətlərinin apardığı gərgin geosiyasi mübarizəyə seyrçi qalması mümkün deyil. İsrail həmin aspektdə "Müsəlman qardaşları"na, "Həmas"a, "əl-Qaidə"yə və "Hizbullah"a ehtiyatla yanaşır. Eyni zamanda, o, ilk növbədə həmin təşkilatların hərbi imkanlarını və siyasi nüfuzunu azaltmaqda maraqlıdır.Bütün bunlar regionda nüfuz sahibi olmaq istəyən dövlətlər arasında gərgin mübarizənin getdiyini və onun Suriya böhranına ciddi təsir göstərdiyini təsdiqləyir. Lakin bu prosesi dünyanın böyük geosiyasi güclərinin Yaxın Şərq siyasətindən kənarda təsəvvür etmək doğru olmazdı.
Böyük dövlətlərin "Yaxın Şərq tanqosu"
Dünyann bəzi ölkələrinin media orqanları "Suriyanın dostları" qrupunun Mərakeşdəki toplantısına istehza ilə qiymət veriblər (məsələn, bax: Valentin Makov. Marokkanskie karliki. www.lenta.ru, 12 dekabr 2012). Həmin tədbirdə iştirak edənləri "Mərakeş liliputları" adlandırıblar. Yəni iştirakçılar yaşca yetkin olsalar da, real imkanları xırdadır (bu mənada onlar "cırtdandırlar").Bəzi dairələrin "Suriyanın dostları" qrupuna belə kəskin reaksiya verməsi gözləniləndir. Çünki söhbət dünyanın 130 (!) dövlətinin Suriyanın birləşmiş müxalifətini tanımasından gedir. Bu isə B.Əsəd hakimiyyətinin faktiki sonunun gəlməsi deməkdir. Belə bir vəziyyətdən əsəbilik keçirənlər tədbir iştirakçılarını "siyasi cırtdanlar" adlandıra bilərlər. Reallıq isə başqa ciddi məqamlar üzərində düşünməyin vacibliyini göstərir.Belə görünür ki, ABŞ və Rusiya müəyyən dərəcədə Suriya məsələsində razılığa gəliblər. V.Putinin Türkiyəyə səfərindən sonra bunun əlamətləri özünü daha qabarıq göstərir. Hazırda Əsəddən sonrakı Suriyada kimin hansı dərəcədə söz sahibi olacağı ilə bağlı müzakirələr aparılır. Artıq rəsmi Vaşinqton Suriya müxalifətini tanıyıb və ona maliyyə yardımı ayıracaq. Səudiyyə Ərəbistanı da müxalif qüvvələrə 100 milyon dollarlıq kömək ayırdığını bildirib. Sözsüz ki, digər ölkələrdən də Suriya müxalifətinə yardımlar olacaq.Bunlar rəsmi Dəməşqin olduqca ağır vəziyyətə düşdüyünü göstərir. Eyni zamanda, dünyanın böyük dövlətlərinin Suriya məsələsində birgə fəaliyyət istiqamətində irəliyə doğru bir addım da atdıqları hiss edilir. Lakin Rusiya, İran və Çinlə bağlı vəziyyətin tam aydın olmadığını da qeyd etmək lazımdır. Çünki onların geosiyasi mövqelərinin zəiflədilməsi ilə razılaşmayacağı aydındır. İran isə ümumiyyətlə, öz təhlükəsizliyinin təmin edilməsi qayğısındadır.Digər tərəfdən, ABŞ-ın "əl-Nüsrə" cəbhəsini terror təşkilatı kimi tanıması yeni sualları ortaya çıxarıb. Suriya müxalifətinin lideri Əhməd əl-Xətib Mərakeşdə çıxış edərək Vaşinqtonun bu addımını tənqid edib. Bunun daha da genişlənib ciddi fikir ayrığlığına gətirib çıxarmayacağına heç kəs təminat vermir. Böyük dövlətlərin "Yaxın Şərq tanqosu"nun hansı sonluqla bitəcəyi məlum deyil.Belə bir ziddiyyətin Suriyanın daxili vəziyyətinə ciddi təsir edəcəyi gözlənilir. Məsələn, ölkədə antiamerika aksiyalarının başlaması hansı nəticələri verə bilər? Bunun Suriyanın daxili vəziyyətini daha da gərginləşdirəcəyinə şübhə yoxdur. Üstəlik, söhbət artıq xarici müdaxilənin yarada biləcəyi fəsadlardan gedir. Demək çətindir ki, rəsmi Vaşinqton "əl-Nüsrə" ilə bağlı mövqeyini dəyişsin. Görünür, ABŞ Əfqanıstan, İraq, Liviya və Misirdə yol verdiyi səhvləri təkrarlamaq istəmir. Həmin ölkələrdə Vaşinqtonun arxalandığı İslami mahiyyətli siyasi qüvvələr müstəqil kurs yeritməyə daha çox meyllənirlər. Bununla yanaşı, "əl-Qaidə"yə yaxın olan qrupun müxalifətdə mühüm yer tutması sonradan siyasi müstəvidə ABŞ üçün ciddi problemlər yarada bilər. O cümlədən, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyada Qərbin mövqeləri zəifləyər. Həmin səbəbdən, Vaşinqton Suriyada özünə yaxın siyasi qüvvələrin hakimiyyətə gəlməsinə çalışır. Ya da ki, vəziyyət mürəkkəb olaraq qalmaqda davam etməlidir.Vurğulanan məqamlar Suriya məsələsi ilə bağlı Yaxın Şərqdə kifayət qədər mürəkkəb geosiyasi vəziyyətin yarandığını göstərir. Regionda gedən proseslərdə qaranlıq məqamlar vardır. İndiki mərhələdə hərbi faktordan çox, geosiyasi və ideoloji amillərin həlledici rol oynadığını demək olar. Çünki artıq hər kəs B.Əsədin hakimiyyətdən gedəcəyinə inanır. Yəni onun hərbi gücü uzun müddət hakimiyyətdə duruş gətirməsinə yetməyəcək. Ona görə də, əsas suallardan biri Əsəddən sonrakı dönəmdə regionda təriqətlərin müharibəsinin qarşısını almaqdan ibarətdir.Müsəlman ölkələrində dini təriqətlər arasında intriqaların dərinləşib, uzunmüddətli silahlı toqquşmalar səviyyəsinə keçməsi təhlükəsi realdır. Suriyada silahlar susandan sonra məzhəblərarası ziddiyyətlərin ətraf ölkələrə sıçraması ehtimalı istisna edilmir. Bu prosesin təsir dairəsi daha da genişlənə bilərmi?Suriya məsələsi ilə bağlı digər sual Qafqaz və Mərkəzi Asiyada geosiyasi vəziyyətin sonrakı taleyi aspektindədir. Bu kontekstdə mənzərə aydın deyil. Böyük dövlətlərin həmin regionlar uğrunda geosiyasi mübarizədə hansı üsullara əl atacaqlarını əvvəlcədən müəyyənləşdirmək çətindir. Çünki təcrübə göstərir ki, onlar öz maraqları naminə heç bir vasitədən çəkinmirlər. Bu məsələlər artıq region xalqlarını düşündürür və narahat edir.
Newtimes.az