Əli Həsənov: "Azərbaycan xalqı Prezident İlham Əliyevin milli maraqlara hesablanmış, ölkənin hərtərəfli inkişafını təmin edən, onun beynəlxalq nüfuzunu yüksəldən daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir"
Geridə qoyduğumuz 2012-ci il ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərinin davamlı olduğunu bir daha nümayiş etdirdi. Əlbəttə ki, bu kimi davamlı uğurların arxasında mütərəqqi, qətiyyətli və ən əsası, xalqın dəstəklədiyi siyasət amili dayanıb. Söz yox ki, Azərbaycanın tükənməz potensialı, əldə olunan nailiyyətlər dövlət rəhbərliyinin, Prezident İlham Əliyevin yürütdüyü çoxşaxəli praqmatik siyasət nəticəsində nəinki regionda, eləcə də, beynəlxalq aləmdə özünü kifayət qədər təsdiqləyib. Bu baxımdan, əminliklə vurğulamaq mümkündür ki, ölkəmizin dünya dövlətləri arasında artan nüfuzu təməlli olaraq formalaşmışdır. Ötən illərin uğurlarına statistik rəqəmlərlə müraciət etsək, görərik ki, təkcə 2003-2011-ci illərdə Azərbaycan iqtisadiyyatının həcmi 3 dəfə artmış, sosial problemlərin aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilmiş, ölkə sosial-iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur.
"Azərbaycan tarix boyu heç vaxt siyasi, iqtisadi, mədəni, idman və digər sahələrdə 2012-ci ildə olduğu qədər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməmişdi"
Məhz bu çərçivədən də yanaşsaq, görərik ki, ötən 2012-ci il Azərbaycanın müstəqillik tarixində böyük uğurlar, möhtəşəm qələbələr, sürətli inkişaf və tərəqqi ili kimi yadda qalmış, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı kimi tarixə düşmüşdür. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da yuxarıda qeyd olunan məsələləri qiymətləndirərkən vurğulamışdır ki, dünyanın inkişaf etmiş ölkələri belə iqtisadi böhrandan əziyyət çəkdikləri zaman Azərbaycan dinamik inkişaf etmişdir. Hökm sürən sabitlik ölkədə uzun müddət həyata keçirilən düşünülmüş makroiqtisadi strategiya və siyasətə əsaslanır. Artıq bir çox müxtəlif sahələri əhatə edən nüfuzlu beynəlxalq tədbirlər məhz Azərbaycanda baş tutmaqdadır: "Azərbaycan tarix boyu heç vaxt siyasi, iqtisadi, mədəni, idman və digər sahələrdə 2012-ci ildə olduğu qədər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməmişdi. Azərbaycan "Eurovision-2012" mahnı müsabiqəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə toplantısı, İkinci Beynəlxalq Humanitar Forum, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və siyasi, iqtisadi, sosial, mədəni, dini və digər sahələr üzrə çoxsaylı dünya və beynəlxalq səviyyəli tədbirlərə uğurlu ev sahibliyi etmiş, mədəniyyətlərarası və dinlərarası, müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu mərkəz statusunu möhkəmləndirmişdir".
"Azərbaycanda dövlət idarəçiliyinin, ictimai həyat normalarının və vətəndaş cəmiyyətinin əsas prinsiplərinə çevrilmiş, ölkədə insan hüquq və azadlıqları, söz və məlumat, ifadə azadlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilmişdir"
Əlbəttə ki, əldə olunan müvəffəqiyyətlər sırasında dayanan başlıca faktorlardan biri də cəmiyyətdə demokratiya dəyərlərinin qorunması və inkişaf edririlməsidir. Bu gün ölkəmizdə yürüdülən siyasətin əsaslı və tərkib hissələrindən biri fundamental demokratiya amilidir. Məhz Əli Həsənovun da dediyi kimi, "Demokratiya fundamental dəyərlər sistemi kimi müasir Azərbaycanda dövlət idarəçiliyinin, ictimai həyat normalarının və vətəndaş cəmiyyətinin əsas prinsiplərinə çevrilmiş, ölkədə insan hüquq və azadlıqları, söz və məlumat, ifadə azadlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilmişdir".
Azərbaycan beynəlxalq aləmə uğurla inteqrasiyasını davam etdirmiş, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələrini gücləndirmişdir. BMT Təhlükəsizlik Şurasının üzvü olan və bu ilin mayında ona rəhbərlik edən Azərbaycan ilk gündən öz öhdəliklərinə çox ciddi yanaşmış, bir çox tədbirlərin təşəbbüskarı olmuş, BMT strukturları, üzv ölkələrlə sıx işbirliyini və əməkdaşlıq münasibətlərini inkişaf etdirmişdir.
"Cənab İlham Əliyev öz Prezidentlik fəaliyyətində daim xalqa söykənir və onun yüksək etimadına arxalanır"
Qeyd olunduğu kimi, bütün sahələri əhatə edən nailiyyətlər sırasında qazanılan başlıca uğurlardan biri də ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğıdır. Bunun nəticəsidir ki, ölkəmizdə idmanın bütün sahələri üzrə beynəlxalq yarışlar keçirilir. Eyni zamanda, Azərbaycan idmançıları bu kimi yarışlarda daim dövlət bayrağımızı yüksəklərə qaldırırlar. Bütün bunların nəticəsidir ki, idman sahəsini təmsil edən nüfuzlu beynəlxalq qurum və təşkilatlar ölkəmizdə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına yekdilliklə səs veriblər. PA rəsmisi bu barədə fikirlərini bildirərkən vurğulayıb ki, 2012-ci il idmançılarımızın möhtəşəm qələbələri, Azərbaycanda dünya səviyyəli turnirlərin keçirilməsi ilə yadda qalacaqdır: "Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi haqqında qərar qəbul edilmiş, bununla da ölkəmiz Avropa Olimpiya hərəkatının tarixinə düşmüşdür".
Təbii ki, bu kimi nailiyyətlərin arxasında uğurlu gənclər siyasəti də dayanmışdır ki, həmin siyasətin nəticəsi olaraq, gənc nəslin nümayəndələri ölkə həyatında fəallıqlarını davamlı olaraq qurmaqdadırlar: "2012-ci il Azərbaycan gənclərinin uğurları, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında onların rolunun və fəallığının artması ilə yadda qalmışdır... Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi və prioritet hesab etdiyi sahələrdən biri məhz Azərbaycan gəncliyi olmuşdur. Bu gün dünyada öz gəncliyinə və idmanın inkişafına bu qədər diqqət ayıran və qayğı göstərən ikinci dövlət başçısı tapmaq çətindir. Azərbaycan gəncliyi bundan sonra da Prezident İlham Əliyevin siyasətini dəstəkləməklə, onun həyata keçirdiyi bütün proqramlarda fəal iştirak etməklə, həm də öz gələcəyini qarantiya altına alırlar".
"Qarşıdan gələn illərdə də Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcəkdir"
Əli Həsənovun fikirlərini təhlil edərkən, həm də belə nəticəyə gəlmək mümkündür ki, bütövlükdə hər bir uğur, hər bir nailiyyət Azərbaycan xalqının, Azərbaycan dövlətinindir. Çünki Azərbaycanda dövlət-xalq və xalq-dövlət vəhdəti təməlli olaraq formalaşmışdır. Bu vəhdətin nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin yürütdüyü siyasəti tam olaraq dəstəkləyir. Çünki bu siyasət milli maraqların təmin olunmasında əhəmiyyətli rol oynamaqdadır: "Prezident İlham Əliyevin milli maraqlara hesablanmış, ölkənin hərtərəfli inkişafını təmin edən, onun beynəlxalq nüfuzunu yüksəldən daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir. Cənab İlham Əliyev öz prezidentlik fəaliyyətində daim xalqa söykənir və onun yüksək etimadına arxalanır. Qarşıdan gələn illərdə də Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcəkdir".
Son olaraq, onu da qeyd etmək mümkündür ki, bu gün Azərbaycanın yüksələn inkişafını, artan nüfuzunu həzm edə bilməyən daxili və xarici qüvvələr son anda Azərbaycan gəncliyindən istifadə etməyə cəhd göstərirlər. Lakin nəhəng çoxluq onların bu arzularının reallaşmasına imkan vermir. Belə ki, sağlam düşüncəli gənclik daim bu kimi hallara qarşı öz qəti mövqeyini ortaya qoyur, Azərbaycanda gedən inkişaf proseslərində yaxından iştirak edirlər. Bu baxımdan, Əli Həsənov vurğulayıb ki, sağlam düşüncəli gənc nəslin fəal nümayəndələri belə qüvvələrin təsirləri altına düşmüş insanlara müsbət təsirlərini göstərməlidirlər: "Bu gün millətinə, dövlətinə bağlı, intellekti zəngin, beynəlxalq rəqabətə davamlı sağlam gənclik dövlətin təəssübünü çəkməli, xarici qüvvələrin təsiri altına düşmüş, anti-Azərbaycan mövqeyə yuvarlanmış bir qrup gəncə müxtəlif formalarda öz etirazını bildirməli, onlara müsbət təsir göstərməlidir".
AFƏT TAHİRQIZI