PDF Oxu

Araşdırma

  • 1 440

Gürcüstan: siyasi ziddiyyətlər və Qərbin susqunluğu

Gürcüstan: siyasi ziddiyyətlər və Qərbin susqunluğu

Yeni gürcü hökumətinin prezidentin iradəsinin əksinə olaraq 3000 məhbusu əfv etməsi bir neçə sual yaradıb. Ölkə daxilində siyasi mübarizənin demokratik meyarlardan kənara çıxması müşahidə edilir. Məhkəmələr düşündürücü qərarlar qəbul edir. Qərb isə inadla susur.

Tbilisinin siyasi paradoksları

"Gürcü arzusu"nun ölkənin siyasi həyatındakı qaranlıq məqamlara aydınlıq gətirəcəyinə olan ümidlər özünü doğrultmur. Meydana yeni ziddiyyətli məqamlar çıxır. Son bir neçə ildə Gürcüstanda həyata keçirilən siyasi kursla hazırkı hökumətin tutduğu xətt arasında uyğunsuzluq bəzən ifrat həddə çatır. Tbilisi və onun qərbli dostlarının iddia etdiyi kimi, seçkinin nəticələri siyasi alternativliyin deyil, paradoksların mövcudluğunun təsdiqini ifadə edir.Bu paradoksallığın iki aspekti vardır. Birincisi siyasi qüvvələrin mübarizəsinin demokratik prinsiplərə uyğun gəlməməsi ilə əlaqəlidir. İkincisi isə Qərbin Gürcüstanda baş verən siyasi prosesləri sükutla izləməsi, ona heç bir reaksiya verməməsidir.Birinci aspekt ölkənin siyasi mühitinin daxili təkamül dinamikasının özəlliyindən qaynaqlanır. Qərbin Cənubi Qafqazın bu kiçik ölkəsində baş verənlər haqqında qəti fikir bildirməməsi ikili standartın təzahürüdür. Gürcüstanın siyasi səhnəsində cərəyan edən paradoksal proseslər hər iki tezisin doğruluğunu sübut edən arqumentlər verir.2003-cü ildən başlayaraq Mixeil Saakaşvili ölkədə ciddi addımlar atdı. Bir-birinin ardınca səs-küylü həbslər həyata keçirdi. Onların sırasında korrupsiyaya qurşananlar, siyasətçilər, xarici kəşfiyyat orqanları ilə əlaqəsi olanlar, kriminal elementlər və təhlükəli cinayətkarlar vardı. Qısa müddətdə Gürcüstanı kriminal avtoritetlər tərk etdi. Ölkədə cinayətlərin sayı xeyli azaldı.Həmin dövrdə Qərb bu proseslərlə bağlı heç bir kəskin bəyanat vermədi. Bəzi qeyri-hökumət təşkilatlarının Gürcüstanda siyasi məhbusların olduğu barədə yaydığı informasiyalara da insan hüquqlarını qoruyan beynəlxalq təşkilatlar sükutla cavab verdilər.Buradan düşündürücü suallar meydana çıxır. Qərb nəyə görə, Gürcüstanda siyasi məhbusların olması ilə bağlı yayılan informasiyalara münasibət bildirmirdi? Əgər Gürcüstanda siyasi məhbus yox idisə, hansı səbəbdən bunu uyğun bəyanatla təsdiq etmirdilər? Yox, insanlar siyasi düşüncələrinə görə həbs edilirdisə, rəsmi Tbilisiyə nə üçün xəbərdarlıq edilmirdi?İndi ortaya yeni ziddiyyətlər çıxır. B.İvanişvili 3000 məhbusun əfvini nəzərdə tutan sənədin parlamentdə qəbul edilməsinə nail oldu! Bunu prezident M.Saakaşvilinin həmin qanuna veto qoymasına rəğmən reallaşdırdı. Gürcüstan parlamentinin spikeri D.Usupaşvili isə "Əfv haqqında" qanunu imzaladı. Bununla da Tbilisidə siyasi-hüquqi böhran konkret bir sənədlə bağlı özünü açıqca göstərdi.Qəribədir ki, bu dolaşıq vəziyyətə Qərbdən heç bir reaksiya yoxdur. Sanki M.Şaakaşvilinin həyata keçirdikləri beynəlxalq hüquqa və insan haqlarının qorunmasına uyğun idi, B.İvanişvilinin onları aradan qaldırması da eyni dərəcədə qanunidir. Bu, məşhur bir lətifədə keşişin yanına gələn hər şikayətçiyə "sən haqlısan", deməsinə bənzəmirmi? Belə deyilsə, Azərbaycanın hər guşəsində etnik problem axtaranlar və süni siyasi məhbus məsələsi yaradanlar niyə susurlar?

Qərbin loyallığı

Burada başqa bir məsələ ilə bağlı müqayisə aparmağa ehtiyac var. B.İvanişvilinin komandası siyasi məhbus hesab etdiyi 190 nəfəri azadlığa buraxdı. Onların sırasında uşaqları qətlə yetirənlərdən tutmuş, müxtəlif təxribatçı işlər görənlərə qədər xeyli təqsirli bilinən adamlar var.M.Saakaşvili onları Gürcüstanın müxtəlif regionlarında milli-etnik münasibətləri alovlandırmaq üçün günahsız vətəndaşları öldürməkdə ittiham edirdi. Həmin adamlar maskalar taxaraq sadə vətəndaşları soyur, qətlə yetirir, müxtəlif bədən xəsarətləri yetirirdilər. Məsələn, azərbaycanlılar yaşayan rayonlarda dəfələrlə belə hadisələr olmuşdu. Çoxlu sayda vətəndaş öldürülmüşdü. Proseslər bütün Gürcüstanda xaosun yaranmasına, etnik münasibətlərin kəskinləşməsinə doğru gedirdi. İndi yeni hökumət bu cinayətləri törədən 100-dən çox adamı əfv edir. Lakin Qərbin siyasi dairələrindən və beynəlxalq təşkilatlardan səs çıxmır.Məsələ ondan ibarətdir ki, indi Gürcüstanda azadlığa çıxan cinayətkarlar ölkəni qarışdırmaqdan çəkinməyəcəklər. Onlar kriminogen vəziyyəti gərginləşdirmək yolu ilə M.Saakaşvilinin tərəfdarlarına qarşı tədbirlərin görülməsinə cəhd edəcəklər. Bunun əlamətləri çoxdan özünü göstərir. Son zamanlar həmin proses bir qədər səngisə də, azadlıq əldə edən məhbuslar M.Saakaşvilinin komandasına qarşı müəyyən addımlar atacaqlarından danışırlar. Bunun hansı anlama gəldiyini hər kəs bilir.Təsadüfi deyil ki, yeni hökumət nümayəndələri prezidentin istefasını tez-tez gündəmə gətirirlər. Parlamentin onun vetosunu aşması bu baxımdan kifayət qədər ciddi siyasi-hüquqi hadisə sayılmalıdır. Belə çıxır ki, 190 adamın siyasi məhbus adı ilə həbsxanadan buraxılması ölkədə sosial-siyasi vəziyyəti gərginləşdirə bilər. Kriminogen vəziyyətin gərginləşməsi bütövlükdə ölkəni qeyri-sabitliyə sürükləyər. M.Saakaşvili yeni hökumətin fəaliyyətini "demokratiyanın sökülməsi" adlandırır. Bu təhlükəyə nə üçün Qərb münasibət bildirmir?Maraqlıdır ki, ABŞ, Aİ və NATO M.Saakaşvilini baş verənlərə siyasi müdaxilə etməməyə çağırıb. Hər şeyi məhkəmə orqanlarının ixtiyarına buraxmağı məsləhət görüblər. İlk baxışdan bu, normal haldır. Lakin Gürcüstan məhkəmələrinin eyni bir hadisə ilə bağlı çıxardığı qərarlar bir-birinə o dərəcədə ziddir ki, ortada qeyri-ciddi bir oyunun olduğu fikri yaranır.

Qatı cinayətkardan təmiz insanın "düzəldilməsi"

Prezident Mixeil Saakaşvili hətta öz komandasına daxil olanların bir neçəsini həbs etmişdi. Onlardan biri İrakli Okuraşvilidir. O, 2003-2006-cı illərdə müxtəlif yüksək vəzifələrdə çalışıb. İ.Okuraşvili baş prokuror, daxili işlər naziri, prezidentin regional nümayəndəsi, gürcü şərabının MDB və Rusiyaya satılması üzrə ölkə başçısının xüsusi təmsilçisi olub. Ancaq həm də cinayət məcəlləsinin üç maddəsi üzrə ittiham edilib. 2008-ci ildə Tbilisi məhkəməsi onu 11 il azadlıqdan məhrum etmişdi. Bir il əvvəl isə İ.Okuraşvili Fransaya qaçıb, siyasi sığınacaq almışdı. Tarixçə bununla bitmir.2012-ci ilin noyabrında İ.Okuraşvili Tbilisiyə qayıdıb və onun işinə yenidən baxılır. Bu dəfə məhkəmə həmin cənabın günahsız olduğu haqqında qərar çıxarıb. 10 şahiddən 8-i etiraf edib ki, 2008-ci ildə təzyiq altında ifadə veriblər. Hüquqi baxımdan eyni zamanda hər iki məhkəmənin qərarı doğru ola bilməz. Aydın görünür ki, məhkəmə süni qərarlar qəbul edir. Bütün bunlar Qərbin gözü qarşısında baş verir və ona heç bir münasibət bildirilmir. Əksinə, siyasətçilərə məsləhət verirlər ki, məhkəmənin işinə müdaxilə etməsinlər.Daha düşündürücü başqa bir misal da var. Zurab Adeişvili Gürcüstanın keçmiş ədliyyə naziridir. B.İvanişvilinin partiyasının seçkidə qalib gəlməsindən iki gün sonra ölkəni gizli tərk edib. Onu "alçaldıcı və qeyri-insani münasibət" göstərməkdə ittiham edirlər. Burada söhbət əsasən məhbuslara qarşı ədliyyə nazirinin etdiyi hərəkətlərdən gedir.Konkret desək, Z.Adeişivilini Gürcüstan hökuməti insan haqlarını kobud surətdə pozmaqda ittiham edir. Lakin bu keçmiş məmur Avropada əlini-qolunu sallayıb gəzir. İnterpol xətti üzrə axtarışa verilsə də, hələ saxlanmayıb. Başqa sözlə, Qərb dövlətləri insan haqlarını pozmaqda günahlandırılan birisini bu və ya digər dərəcədə müdafiə edir. Səbəb nədir? Bəlkə Z.Adeişivili Qərbin "öz uşağıdır"? Yəni "bizim cinayətkar yaxşı cinayətkardır"!İ.Okuraşvilinin 5 ilin içində necə qatı cinayətkardan günahsız birisinə "çevrildiyi" niyə Qərb demokratlarını maraqlandırmır? Onlar Z.Adeişivilidən insanlara qarşı nə üçün alçaldıcı hərəkətlər etdiyini də soruşmurlar.Həmin dairələr Dmanisidə bir yaşlı azərbaycanlının başını kəsən svanın niyə həbs edilmədiyini və yaxud Marneuli bazarında rüşvət verməyə imkanı olmayan soydaşımızı qətlə yetirən adamın cəzalandırılmaması səbəbini açıqlamağı Gürcüstan hakim dairələrindən tələb etmədilər. İndi isə eyni qaydada ikili yanaşma daha böyük miqyasda özünü göstərir. Gürcüstanda baş verən qəribə siyasi və hüquqi hadisələrə Qərbdən münasibət bildirilmir.Qərbin Cənubi Qafqaz ölkələrinə ikili standartla yanaşması mənfi geosiyasi nəticələr verə bilər. Siyasət istənilən halda ədalətli olmalıdır. Bu prinsipdən kənara çıxmaq problemlər yaradır. Müasir tarixi dövrdə heç bir ciddi geosiyasi məsələ regional miqyasla məhdudlaşmır. Qlobal səviyyədə mürəkkəb vəziyyət əmələ gəlir. Qərb də bu regionda ikili standartlara uyğun hərəkət etməklə, əslində, bütün dünyanı qeyri-müəyyənliyə sürükləyir.

Newtimes.az

Digər xəbərlər