PDF Oxu

Araşdırma

  • 1 439

Əfqanıstan – “sıfır variantı”nın ziddiyyətləri

Əfqanıstan – “sıfır variantı”nın ziddiyyətləri

Prezident Həmid Kərzainin ABŞ-a səfəri analitiklərin marağına səbəb olub. Onlar bu hadisəni bütövlükdə Mərkəzi Asiyada cərəyan edən geosiyasi proseslərlə əlaqələndirirlər. Belə proqnoz verilir ki, region faktiki olaraq yeni mərhələyə qədəm qoyur. Burada ziddiyyətli məqamlar mövcuddur.

12 illik müharibənin sonu gəlir?

Asiya qitəsində yerləşən dövlətlər dünya geosiyasətində getdikcə daha aktiv rol oynayırlar. Əfqanıstanın bu prosesdə xüsusi yeri var. Bu ölkə coğrafi mövqeyinə görə tarixən strateji əhəmiyyət kəsb edib. XX əsrin ikinci yarısından isə dünyanın böyük geosiyasi güclərinin gərgin mübarizə meydanına çevrilib. SSRİ-nin Əfqanıstanda apardığı uğursuz müharibədən sonra meydana yeni geosiyasi faktorlar çıxdı.Bu ölkə uğrunda savaş nəinki səngidi, hətta daha kəskin və qlobal məzmun kəsb etdi. Nəticədə, Əfqanıstan XXI əsrə həm dünya geosiyasətində daha əhəmiyyətli yer tutması, həm də daxildə mürəkkəb vəziyyətin yaranması ilə qədəm qoydu. Bu iki aspektin qarşılıqlı təsiri nəticəsində isə bütövlükdə region üçün təhlükəli hesab edilən geosiyasi vəziyyət formalaşdı. İndi ondan çıxış yolları aranır.12 ildir ki, NATO bu ölkədə müharibə aparır. Burada əsas ağırlıq ABŞ ordusunun üzərinə düşür. Odur ki, amerikan analitikləri və ekspertləri Əfqanıstanda Birləşmiş Ştatların savaşdığını yazırlar. Hazırda Amerikanın xarici siyasətində Əfqanıstan məsələsi çox əhəmiyyətli yer tutur. Qlobal miqyasda geosiyasi mənzərənin yenidən formalaşmasında da həmin ölkənin ayrıca yeri olduğu qəbul edilir. Prezident Həmid Kərzainin ABŞ-a olan son səfərinə məhz həmin kontekstdə nəzər salmaq maraq doğurur. Bu mənada bir sıra geosiyasi məqamlar diqqəti çəkir.Hər şeydən əvvəl, ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxaracağı təqdirdə regionda geosiyasi proseslərin hansı məzmun kəsb etməsi ətrafında müzakirələr intensivləşib. H.Kərzainin Vaşinqtonda əsasən bu məsələ üzərində dayanması həmin aspektdə təsadüfi deyil. Qərb analitiklərinin qənaətinə görə, Əfqanıstan prezidenti üçün həmin problem siyasi baxımdan həlledici əhəmiyyət kəsb edir (bax: David W.Barno. A 'Zero Option' for Afghanistan. "Foreign Policy", 7 yanvar 2013).Məsələ ondan ibarətdir ki, Barak Obama Əfqanıstanda az sayda əsgər saxlamaqla, əsas hərbi qüvvələri 2014-cü ildə çıxarmaq istəyir. Bəzi məlumatlara görə, orada 10 minə qədər amerikan hərbçisinin saxlanması planlaşdırılır. Bu isə faktiki olaraq həmin məkanda ABŞ-ın maraqlarının təmin edilməsində hərbi gücün çox cüzi rol oynayacağı anlamına gəlir.Rəsmi Vaşinqtonun əsasən diplomatik fəallığa diqqət yetirəcəyi təxmin edilir. Bu variant İraqda sınaqdan keçirilib. Hazırda həmin ölkədə ABŞ-ın hərbi iştirakı siyasi-diplomatik aktivlikdən xeyli dərəcədə zəifdir. Ancaq burada kəşfiyyat faktorunu mütləq nəzərə almaq gərəkdir. Amerika uzaq məsafədən geniş kəşfiyyat aparmaq imkanına malikdir. Həmin üsulla Əfqanıstanda baş verənləri diqqətlə izləyib, uyğun addımlar ata bilir. Buna görə ABŞ-ın orada böyük hərbi güc saxlamasına ehtiyacı yoxdur.Lakin məsələ yalnız bununla məhdudlaşmır. Mövcud vəziyyət ilk növbədə Əfqanıstanda hansı siyasi qüvvəyə üstünlük verilməsi ilə əlaqəlidir. İkincisi bu ölkənin yerləşdiyi regionda və ona yaxın məkanda geosiyasi təhlükəsizliyin təmin edilməsidir. H.Kərzai üçün onlar ciddi əhəmiyyət kəsb edir. Vaşinqton isə bir qədər fərqli mövqedədir.

Kərzainin siyasi rəqibləri və tələbləri

Almaniyalı ekspert Günter Knabenin fikrincə, Əfqanıstan prezidenti üçün təhlükəsizlik məsələsi mühüm əhəmiyyət kəsb edir (bax: Vaslat Xazrat-Nazimi, Vitaliy Volkov. Zaçem Karzay priexal k Obame."Xromaə utka" na vertele. "Deutsche Welle", 8 yanvar 2013). Onun üçün 2014-cü ildən sonra ölkənin hansı siyasi struktura üstünlük verməsi vacibdir. H.Kərzai hakimiyyəti tərk etdikdən sonra öz tərəfdarlarının siyasi mövqeyinin möhkəm olmasını arzulayır. Bunun təminatını isə Vaşinqtondan almağa çalışır. Əfqanıstan prezidentini həmin kontekstdə narahat edən məqamlar mövcuddur.ABŞ-ın "Taliban" hərəkatı ilə danışıqlar apara biləcəyi haqqında informasiyalar yayılır. Bunu Amerikanın həmin təşkilatı Əfqanıstanın siyasi səhnəsinə daxil etməsi planı kimi qiymətləndirirlər. G.Knabe vurğulayır ki, həmin prosesin fonunda Vaşinqtonun Kərzaiyə olan marağı xeyli azalıb. Kabildə taliblərin ölkənin siyasi həyatında sivil formada iştirak etməsində maraqlı olanlar vardır. Məsələn, Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsul bu il yanvarın 2-də bəyan edib ki, taliblər sülh danışıqlarında iştirak etsələr və bu zaman razılıq əldə edilsə, onların siyasi partiya kimi seçkidə iştirak etməsi mümkündür.H.Kərzaini də narahat edən əsas siyasi məqam bununla bağlıdır. "Taliban"ın lideri Molla Məhəmməd Ömər bildirib ki, onların hazırkı prezidentə inamı yoxdur, çünki Həmid Kərzai müstəqil siyasətçi deyil. Başqa sözlə, taliblər prezidenti Amerikanın əlaltısı hesab edirlər. Maraqlıdır ki, Vaşinqtonun özü də Kərzainin bu obrazının formalaşmasından narazıdır və siyasətdə ondan müəyyən məsafə saxlamağa çalışır.Bunlar Əfqanıstan prezidentinin siyasi tələblərinin onun rəqiblərinin güclənməsi ilə bağlı olduğunu göstərir. Rəsmi Vaşinqton isə həmin prosesə loyal yanaşır. O, radikal mövqeli İslami qruplaşmaları ölkənin siyasi səhnəsinə daxil etməklə öz maraqlarına uyğun şərait yaratmağı planlaşdırır. Çünki "Taliban" kimi qruplaşmaları hərbi cəhətdən məhv etmək olduqca çətindir – 12 ildir ki, müharibə gedir, lakin onun sonu görünmür.

İndi Əfqanıstan prezidenti ABŞ-dan daha çox hərbi dəstək tələb edir. Onun məqsədi Əfqanıstanda Amerikanın hərbi gücü vasitəsi ilə öz maraqlarına uyğun olan siyasi mühit formalaşdırmaqdır. B.Obama isə bu təklifi qəbul etmək fikrində deyil. Onu Kərzainin siyasi taleyi yox, ölkənin strateji maraqları düşündürür. Bu səbəbdən H.Kərzainin tələblərinə tam əməl edilməsi gözlənilmir. Lakin tərəflər arasında fikir ayrılığının mövcudluğu şübhə doğurmur.Yaranmış vəziyyətə Əfqanıstanın yerləşdiyi bölgədə baş verən geosiyasi dəyişikliklər prizmasında nəzər saldıqda ABŞ-ın ehtiyatlılığını başa düşmək olur. Məsələ ondan ibarətdir ki, Əfqanıstan-Pakistan və Pakistan-Hindistan münasibətlərində yeni gərginlik məqamları meydana çıxır.Ənənəvi olaraq, Kabillə İslamabadın arasında mürəkkəb münasibətlər olub. Əfqanıstan Pakistandan həmişə mümkün terror təhlükəsinin olmasından ehtiyatlanır. Bununla yanaşı, ölkədə puştularla taciklər və özbəklər arasında nüfuz uğrunda daim mübarizə gedir. Pakistan puştuları müdafiə edir. Taciklər və bir sıra etnik qruplaşmalar isə İran tərəfdən dəstək görürlər. Həmin səbəbdən rəsmi Kabil Pakistandan ehtiyat edir.Hindistanla Pakistan arasında Kəşmirlə əlaqəli ziddiyyətlərin mövcud olduğu məlumdur. Son günlər münasibətlər daha da kəskinləşib. Kəşmirdə bir Pakistan və iki Hindistan əsgəri həlak olub. Tərəflər bir-birini ittiham edirlər. Hindistanın rəsmi şəxsləri Pakistana layiqli cavab veriləcəyindən danışırlar. Hər iki ölkə öz sərhədlərində əlavə təhlükəsizlik tədbirləri görürlər. ABŞ isə Asiyanın iki nüvə dövləti arasında gərginliyin yüksəlməsindən çox narahatdır.

Mərkəzi Asiyanın "axsaq ördəyi"

Nə qədər qəribə olsa da, Əfqanıstanın hazırkı prezidentini siyasi perspektiv baxımından Mərkəzi Asiyanın "axsaq ördəyi" kimi xarakterizə edirlər (daha ətraflı bax: Vaslat Xazrat-Nazimi, Vitaliy Volkov.Zaçem Karzay priexal k Obame. "Xromaə utka" na vertele. "Deutsche Welle", 8 yanvar 2013).Əfqanıstan məsələsinə bütövlükdə Mərkəzi Asiya kontekstində nəzər salmağın səbəbləri vardır. Həmin region üzrə ekspert olan amerikalı M.B.Olkott 2012-ci ildə bəyan etmişdi ki, ABŞ qoşunları Əfqanıstandan çıxarılandan sonra regionda geosiyasi vəziyyət gərginləşə bilər. Bölgə dövlətlərinin təhlükəsizliyinin təmini ilə bağlı ciddi çətinliklərin meydana çıxması mümkündür.Litvanın "Geopolitika" nəşri təhlükənin iki əsas mənbəyinin olduğunu yazıb (bax: Vadim Volovoy.Afqanistan i stabilğnostğ v Üentralğnoy Azii. "Geopolitika", 5 noyabr 2012). Onlardan biri Rusiyanın geosiyasi maraqlarını təmin etmək üçün Mərkəzi Asiyada müəyyən münaqişələr yarada bilməsi ehtimalı ilə bağlıdır. İkinci təhlükə mənbəyi isə Əfqanıstandan radikal dini qruplaşmaların regiona yayılmağa başlamasıdır.Faktiki olaraq hər iki xətt üzrə regionda müəyyən problemlərin yarandığı müşahidə edilir. Lakin bu prosesdə Rusiyanın nə dərəcədə rol oynadığını birmənalı demək mümkün deyil. Çünki Moskvanın özünün həmin bölgədə geosiyasi mövqeyi zəifləyir. Bu, Mərkəzi Asiya ölkələri arasında ziddiyyətlərin kəskinləşməsi fonunda baş verir. Məsələn, Özbəkistanla Qırğızıstan arasında gərginlik yaranıb. Tacikistan-Özbəkistan münasibətlərində də kifayət qədər gərginlik elementləri mövcuddur.Bu proseslərin fonunda Əfqanıstandan ABŞ hərbi qüvvələrinin çıxarılması fərqli aspektdə maraq doğurur. Başqa sözlə, həmin proses Mərkəzi Asiyanın təhlükəsizliyi baxımından birmənalı qiymətləndirilə biləcək hadisə kimi görünmür. Birincisi, Həmid Kərzai regional səviyyədə geosiyasi problemləri həll etməkdə "axsaq ördək yerişi" edirsə, onda onu kim əvəz edə bilər? İkincisi, ümumiyyətlə, ABŞ-ın Əfqanıstandan hərbi qüvvələrini çıxarması, onun öz maraqlarına nə dərəcədə uyğundur?Bu sualların heç birinin tam mənada cavabı hələ verilməyib. İrəli sürülən versiyalarda fərqli məqamlara diqqət yetirilir. Bununla yanaşı, Amerikanın siyasi-diplomatik fəallığı şübhə doğurmur. Görünür, Vaşinqton problemi kompleks şəkildə həll etmək istəyir. Burada daha çox Əfqanıstan məsələsinin Çin faktoru ilə əlaqələndirilməsi ehtimalı üzərində düşünmək olar. Bu halda vəziyyət tamamilə fərqli təsir bağışlayır. Konkret desək, Əfqanıstanın geosiyasi rolu daha geniş miqyasda əhəmiyyət kəsb etməyə başlayır.Həmin kontekstdə isə H.Kərzainin narahat olmasına ciddi əsaslar var. Çünki adətən bu kimi situasiyalarda ölkənin siyasi mühiti kökündən yeniləşdirilir. Bütün bunlara görə, Əfqanıstanın siyasi səhnəsində "birinci skripkaçı"nın kim olacağı məlum deyil. Dolayısı ilə regionun geosiyasi gələcəyi qeyri-müəyyəndir.

Newtimes.az

Digər xəbərlər