PDF Oxu

Araşdırma

  • 3 691

Avropa İttifaqı və Azərbaycan: assosiativ sazişə nə mane olur?

Avropa İttifaqı və Azərbaycan: assosiativ sazişə nə mane olur?

Məlum olduğu kimi, 2010-cu ildən etibarən Azərbaycan ilə Avropa İttifaqı arasında assosiativ saziş ilə bağlı danışıqlara başlanılıb. Mərhələli şəkildə aparılan danışıqlarda müsbət məqamlar olsa da, hələlik, yekun razılaşma əldə olunmayıb. Danışıqların növbəti mərhələsi 2013-cü ilin ilk aylarından etibarən həyata keçiriləcək. Bu proses paralel olaraq Gürcüstan və Ermənistanla da aparılır.

Qeyd edək ki, Azərbaycan Aİ-yə assosiativ üzvlük məsələsinə çox müsbət yanaşır və bunun ölkəmiz üçün əhəmiyyətini daha yaxşı anlamaq üçün ilk növbədə, assosiativ sazişin yaratdığı imkanlara nəzər salaq.

Aİ ilə digər ölkələr arasında imzalanan assosiativ saziş siyasi, ticarət, sosial, mədəni və təhlükəsizlik sahələri üzrə əlaqələri daha da dərinləşdirməyə imkan yaradır. Bu məqsədlə, müqavilədə qeyd olunan sahələr üzrə əməkdaşlığın təmin olunması və qərarların qəbul edilməsi ilə məşğul olan müvafiq orqanların yaradılması nəzərdə tutulur. Sazişin imzalandığı dövlətin insan haqları və demokratik prinsiplərə sadiqliyi nəzərə alınır. Assosiativ üzvlük dövlət üçün Aİ ölkələri ilə əlaqələrdə viza rejiminin sadələşdirilməsi, Aİ-nin daxili bazarlarına çıxış imkanları kimi üstünlüklər verir. Aİ həmçinin, assosiativ sazişi imzalayan dövlətin siyasi, hüquqi islahatları davam etdirməsi üçün maliyyə yardımının ayrılması öhdəliyini də üzərinə götürür. Bəzi hallarda assosiativ saziş dövlətin İttifaqa üzvlüyünü asanlaşdırır. Aİ-yə daxil olan ölkələrin əksəriyyəti üzv olmazdan öncə qurumla assosiativ saziş əsasında əlaqələrə malik olublar.Doğrudur, Azərbaycan İttifaqa üzvlük məqsədini qarşıya qoymasa da, assosiativ sazişin imzalanması ölkə üçün siyasi və iqtisadi dividendlər gətirə bilər. Eyni zamanda, Şərqə doğru genişlənmə siyasətini yeridən Aİ üçün Azərbaycan Mərkəzi Asiyaya açılan qapı, həmçinin, siyasi, iqtisadi, mədəni cəhətdən vacib partnyordur. Bu vaxtadək Aİ ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti, daha sonra isə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində gerçəkləşən əməkdaşlığın hər iki tərəf üçün çox böyük faydaları olub. İndi isə zamanın tələbləri və Azərbaycanın qurum qarşısında üzərinə götürdüyü siyasi, iqtisadi, sosial, hüquqi islahatlarla bağlı öhdəlikləri uğurla yerinə yetirməsi qarşılıqlı münasibətlərin və əməkdaşlığın yeni, daha yüksək mərhələyə daxil olmasını zəruri edir.Lakin assosiativ sazişin imzalanması ilə bağlı danışıqlar prosesinin ləng irəliləməsi diqqət çəkir. Məsələyə sırf Aİ-Azərbaycan münasibətləri çərçivəsində yanaşsaq, görərik ki, Azərbaycanın bu vaxtadək Aİ ilə əməkdaşlıq şəraitində demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu yönündə qazandığı nailiyyətlər təqdirəlayiqdir. Eyni zamanda, Azərbaycan uzun illər ərzində Avropa İttifaqının ən etibarlı və sadiq iqtisadi tərəfdaşlarından biri olduğunu sübuta yetirib. Azərbaycanın iştirakı və təşəbbüsü ilə gerçəkləşdirilən və son dövrlərdə əsası qoyulan yeni enerji layihələri qlobal əhəmiyyət daşımaqla bərabər, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm faktora çevrilib. Azərbaycan 20 ilə yaxın bir dövrdə yürütdüyü Qərbə inteqrasiya siyasətində və bu çərçivədə, Aİ ilə əlaqələrində ardıcıl və qətiyyətli mövqe tutub. Avropa şirkətləri hər zaman olduğu kimi bu gün də Azərbaycanda yaradılan əlverişli investisiya mühitindən geniş yararlanırlar. Azərbaycan ilə əməkdaşlıq Aİ və quruma üzv ölkələr üçün olduqca faydalıdır.

Bütün bunları nəzərə aldıqda görürük ki, vətəndaşlarının Aİ ölkələrinə gediş-gəlişini sadələşdirəcək, məhsullarının Avropa bazarlarına sərbəst çıxarılmasına şərait yaradacaq və qurumla əməkdaşlıqda yeni imkanlar açacaq assosiativ üzvlüyə Azərbaycanın tam hüquqi və mənəvi haqqı var. Belə olan təqdirdə, sazişin imzalanması danışıqlarının uzanması Azərbaycana münasibətdə qərəzli və ədalətsiz yanaşmadan xəbər verir. Üstəlik, burada başqa bir məqama da diqqət yetirmək lazımdır. Aİ assosiativ saziş danışıqlarını demək olar ki, hər üç Cənubi Qafqaz dövləti ilə paralel şəkildə aparır. Bu, İttifaqın ənənəvi olaraq dövlətlərə yanaşmada coğrafi amili əsas götürməsi və müəyyən regionun bütün dövlətlərinə eyni münasibət sərgiləməsi ilə bağlıdır. Lakin nəzərə alınmalıdır ki, eyni regionda yerləşən dövlətlərin hər biri fərqli iqtisadi göstəricilərə, demokratik inkişaf səviyyəsinə, siyasi nüfuza malikdir. Bu səbəbdən, Aİ-nin ayrı-ayrı dövlətlərlə əməkdaşlığında qeydə alınan uğurların həcmi və səviyyəsi də müxtəlifdir. Deməli, əlaqələrin yeni mərhələyə daxil olması ilə bağlı qərarlar verilərkən fərdi yanaşma prinsipinə üstünlük verilməlidir.Azərbaycan bəzi dövlətlər kimi, de-yure müstəqil, de-fakto isə forpost dövlət deyil, daxili və xarici siyasət prioritetləri kəskin dəyişikliyə uğramır, maraqları stabil, siyasəti isə aydındır. Azərbaycan həm daxildə fəal modernləşmə siyasəti yürütməsi, demokratik dəyərlərə sadiqliyi, həm də xarici əlaqələrində beynəlxalq müqavilələrə sadiqliyi, etibarlı tərəfdaşlığı ilə tanınır. Belə olan halda, Azərbaycanın Aİ-yə assosiativ üzvlüyünün süni olaraq gecikdirilməsi ölkəmizə qarşı ənənəvi hal alan ikili standartlardan yanaşmanın daha bir nümunəsi kimi dəyərləndirilə bilər. Bu səbəbdən, Aİ-nin ölkələrə yanaşmasında əlaqələrin mövcud durumuna, əməkdaşlığın tərəflərə verdiyi qarşılıqlı faydaya, tərəfdaş dövlətin öhdəliklərini yerinə yetirmə səviyyəsinə adekvat şəkildə münasibət sərgiləməsi təşkilatın özünün də rəhbər tutduğu ədalət prinsiplərinə daha uyğun olardı.

Newtimes.az

Digər xəbərlər