PDF Oxu

Araşdırma

  • 2 647

2030-cu il: alternativ dünyalar

2030-cu il: alternativ dünyalar

ABŞ Milli Kəşfiyyat Şurası qlobal miqyasda baş verə biləcək dəyişiklərlə bağlı hesabat dərc edib. 140 səhifədən ibarət olan sənəddə 2030-cu ildə dünyanın geosiyasi mənzərəsinin əsas xüsusiyyətləri haqqında proqnozlar verilib. İrəli sürülən tezislər maraq doğurur.

4 qlobal dəyişmə trendi

Geosiyasi prosesləri proqnozlaşdırmaq risklidir. Dünya miqyasında hadisələrin gələcək inkişafı haqqında fikir söyləmək ikiqat çətindir. ABŞ Milli Kəşfiyyat Şurasının (National Intelligence Council, NİC) sədri (1993-1994-cü illər) və müdafiə nazirinin müavini (1994-1995-ci illər) olmuş, Harvard Universitetinin professoru Cozef Nay ("kiçik Cozef") bunu etiraf edir. O, uzun illər Amerikanın təhlükəsizlik konsepsiyasının islahatları ilə bağlı aparılan tədqiqatlarda iştirak edib. 2012-ci ilin dekabrında Milli Kəşfiyyat Şurasının hazırladığı "2030-cu ilin qlobal trendləri: alternativ dünyalar" (Global Trends 2030: Alternative Worlds) adlı hesabatın əsas müddəalarını da C.Nay "daha çox ehtimal edilən proseslər" qismində təhlil edir (bax: Joseph S.Nye. The World in 2030. www.project-syndicate.org, 9 yanvar 2013). Onun əsas tezisləri üzərində dayanmağa ehtiyac var.Sənəddə dünya miqyasında geosiyasi proseslərin əsas təkamül istiqamətləri haqqında proqnozlar yer alıb. Təbii ki, onları mütləq baş verəcək hadisələr kimi qəbul etmək olmaz. Bununla yanaşı, orada diqqəti cəlb edən nəzəri və praktiki məqamlar var. Onların dərk edilməsi bizim regionda və ona yaxın ərazilərdə gözlənilən proseslər haqqında təsəvvür əldə etməyə imkan yaradır.Əvvəlcə qeyd edək ki, sənəddə "game changers" termini daxil edilir. Bu anlayış geosiyasi proseslərin dinamikasını gözlənilmədən dəyişə bilən faktorları ifadə edir. Həmin keyfiyyətdə dünya iqtisadiyyatının inkişafı, regional münaqişələr, yeni texnologiyalar, əhali artımı dinamikasının dəyişməsi, ABŞ-ın liderliyi və s. götürülür. Təhlil və proqnozlar bu faktorların proseslərə ciddi təsirini nəzərə almaqla verilir.NİC-in proqnozuna görə, 2030-cu ilə kimi dünyanın geosiyasi nizamı yenidən qurulacaq. Bunun əsas əlaməti heç bir dövlətin regional hegemonluğun mərkəzi ola bilməyəcəyidir. Nə ABŞ, nə də Çin təkbaşına həmin missiyanı yerinə yetirməyi bacarmayacaq. Onlara alternativ olan geosiyasi güclər formalaşacaq. Sənəddə Hindistan, Braziliya, Meksika və Türkiyənin bu aspektdə şansı daha yüksək qiymətləndirilir. Lakin onların hər biri üçün də yeni problemlərin meydana çıxması istisna edilmir.Rusiyanın 2020-ci ilə qədər postsovet məkanında inteqrasiyaya nail ola bilməsi proqnozlaşdırılır. Ancaq bundan sonra Moskva prosesləri idarə edə bilməyəcək və əsaslı dağılma prosesləri başlayacaq. Səbəb kimi isə Rusiyanın yeni inteqrasiyanın çətinliklərinin öhdəsindən gəlmək imkanının olmayacağı göstərilir.Bunlar Qərbin 1750-ci ildən başlayan yüksəlişinin tənəzzüllə əvəz edilməsi və Asiyanın inkişafı fonunda baş verir. Yəni NİC qlobal miqyasda geosiyasi proseslərin təməlində bütövlükdə Qərbin inkişafda Asiyadan geridə qalacağını proqnozlaşdırır. Bu, özlüyündə çox ümumi yanaşmadır və başlıca məqamları XX əsrdən məlumdur (məsələn, Orteqa i Qassetin, Toynbinin, Fukuyamanın, Şpenqlerin əsərlərini yada salaq). Hesabat sənədində NİC daha da irəli gedərək, 4 qlobal dəyişmə tendensiyasını müəyyənləşdirir. Hesabat müəllifləri onları "meqatrendlər" kimi təqdim edirlər. Həmin trendlər aşağıdakılarıdr:

- orta sinfin imkanlarının genişlənməsi və qlobal inkişafı;

- hakimiyyətin dövlətdən qeyri-formal şəbəkə və koalisiyalara "yayılması";

- qocalma, miqrasiya və urbanizasiyanın yaratdığı demoqrafik problemlər;

- enerji, su və qida məhsullarına tələbatın artması.

Burada qeyri-müəyyənlik faktorunu ciddi surətdə nəzərə almaq lazım gəlir. Sənəddə əsas olaraq dünya iqtisadiyyatında baş verən dəyişikliklərin və yeni texnologiyaların tətbiqi nəticəsində yarana biləcək vəziyyətlərin çox çətin proqnozlaşdırıldığı vurğulanır. Risklərin də məhz onlardan qaynaqlandığı fikri irəli sürülür. Dünya maliyyə böhranından necə xilas olacaq? Hökumətlər və təşkilatlar dəyişikliklərə sürətli adaptasiya ola biləcəkmi, yoxsa problemlərin məngənəsində sıxılacaqlar?

Regional sabitsizlik qlobal təhlükə kimi

NİC-in proqnozuna görə, dövlətlərarası münaqişələrin səngiməsi fonunda regionlarda gərginlik artacaq. Bu aspektdə daha çox riskli məkanlar Afrika, Yaxın Şərq və Asiyadır. Həmin bölgələrdə münaqişələr adətən gənclərdən, siyasi identiklik və resurs çatışmazlığından qaynaqlanacaq. Sənəddə vurğulanır ki, bu faktorlar kifayət qədər ciddi təsirə malik olacaq və qlobal təhlükə yaradacaq.Problemin bu tərəfi ümumilikdə dünya miqyasında geosiyasi proseslərin məzmunu ilə sıx bağlıdır. NİC-in hesabatında "çoxqütblü dünya" ifadəsi əvəzinə "multiməkan" terminindən istifadə olunur. Həmin istilahın mənası fərqli geosiyasi məkanların həmmövcudluğu məsələsi ilə əlaqəlidir.Hesab edilir ki, dünya nə birqütblü, nə çoxqütblü modellərə uyğun deyil, çoxlu sayda avtonom regional geosiyasi məkanların yaratdığı sistemlərdən ibarət olacaq. NİC-in qənaətinə görə, bu sistem hər bir regional dəyişmələrə həssas ola bilər. Bu səbəbdən konkret bir geosiyasi məkanda meydana çıxan münaqişələr bütövlükdə dünyaya təhlükə sayılmalıdır.Bu fikirdə potensial olaraq yaxın perspektivdə regional münaqişələrin mövcud olacağına işarə vardır. Görünür, ABŞ-ın xüsusi xidmət orqanları həmin hadisələrə əvvəlcədən hazırlaşmaq kursu götürüblər. Eyni zamanda, onların artıq mövcud olan münaqişələri idarə etmək kimi niyyəti olduğunu istisna etmək olmaz. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi bu baxımdan çox düşündürücüdür.NİC Cənubi Qafqazı risk zonasına daxil etməklə buradakı münaqişələrin hələ uzun müddət qalacağınamı işarə edir? Böyük dövlətlərin geosiyasi mübarizəsinin daha da kəskinləşməsi bir sıra regionda konfliktli situasiyaların "süründürməçi təkamül rejiminə" keçməsinəmi səbəb ola bilər? Bu aspektdə başqa suallar da yarana bilər. Əsas odur ki, regional münaqişələrin 2030-cu ilə qədər də dünya üçün təhlükə kimi qalacağı haqqında proqnoz verilir.Başqa maraqlı cəhət sənəddə qlobal təhlükənin texnoloji tərəqqi ilə əlaqələndirilməsindən ibarətdir. Keçən əsrin ikinci yarısından Amerikada yaradılan bir neçə elmi-tədqiqat və proqnozlaşdırma institutlarında yeni texnologiyaların cəmiyyət üçün meydana gətirə biləcəyi təhlükələr ciddi araşdırılır. Görünür, bu tendensiya artıq dayanıqlı prosesə çevrilib və hətta bütün sosial-siyasi, iqtisadi və mədəni sahələri əhatə etməyə başlayıb. Həmin səbəbdən NİC regional münaqişələrin həlli perspektivində yeni texnologiyaların tətbiqi məsələsini prinsipial məqamlar sırasına daxil edib. Lakin burada bir mühüm cəhət var.Məsələ ondan ibarətdir ki, sənəddə yeni texnologiyalar əhali artımı, iqlimin dəyişməsi və urbanizasiya kimi qlobal problemlərə hansı dərəcədə tətbiq edilə biləcəyi bağlılığında diqqətə alınır. Məhz həmin kontekstdə də qlobal təhlükələrin aradan qaldırılması imkanları araşdırılır. Prinsipial olaraq bu, geosiyasətə yeni yanaşmanın əlaməti kimi qəbul edilə bilər. Burada sosial-mədəni faktorların, xüsusilə texnologiyaların qlobal miqyasda dövlətlərarası münasibətlərə ciddi təsir edə biləcəyi fikri ifadə olunub.Belə görünür ki, NİC dünyanın geosiyasi sistem olaraq daha həssas və mürəkkəb bir duruma transfer edəcəyi qənaətindədir. Bu, özünü 2030-cu ildə qabarıq şəkildə göstərəcək. Həmin aspektdə regional miqyasda özünü göstərən münaqişələrin qlobal səviyyədə təhlükəsizliyə təsiri mexanizmləri elmi maraq doğurur. Eyni zamanda, formalaşacaq yeni geosiyasi mühitdə böyük dövlətlərin qarşılıqlı münasibətlərinin proqnozlaşdırılması aktualdır.

Dünya lideri hansı dövlət olacaq?

Bu məsələ ABŞ-ın qlobal miqyasdakı rolu kontekstində nəzərdən keçirlir. NİC hesab edir ki, dünya üzrə liderlik modeli dəyişəcək, ancaq Amerikanın liderliyi saxlanılacaq. Çünki proseslərin mahiyyəti ABŞ-ın məsuliyyətini daha da artıracaq. Bu, dünya liderinin dəyişməsi nəticəsində meydana çıxa biləcək risklərin yaradacağı xaosdan az təhlükəlidir. Həmin səbəbdən söhbət burada Amerikanın yeni şəraitdə liderlik mexanizminin dəyişməsindən gedə bilər.Bunlar ABŞ-ı faşist Almaniyası və ya Yaponiya imperiyasına oxşar hakimi-mütləqə çevirməyəcək. Əksinə, başqa geosiyasi güclərin dünyada rolu artacaq. Onların sırasında NİC Çin, Hindistan, Braziliya və Türkiyəni görür. Amerika həmin dövlətlərin regional miqyasda aparıcı funksiyanı yerinə yetirməsində maraqlıdır. Çünki onlar əksər problemləri müstəqil həll edə biləcəklər. Məsələn, Çin atmosferə atdığı karbohidrogen qazının miqdarını müstəqil surətdə azaltmağı bacaracaqsa, bu, bütövlükdə dünyanın xeyrinədir.Belə nəticə çıxır ki, NİC Amerikanın 2030-cu ildə lider olaraq qalmasının ümumiyyətlə, dünyanın maraqlarına uyğun olduğu fikrini irəli sürür. Bunu iki arqumentlə əsaslandırmağa çalışır. Birinci, ABŞ-ın liderliyini itirməsi qlobal miqyasda uzun müddət xaosun hökm sürməsinə gətirib çıxara bilər. Çünki Amerikadan başqa həmin rolu yerinə yetirə biləcək ölkə yoxdur. İkinci, dünya geosiyasi aspektdə "multiməkana" çevriləcək. Bu, "çoxqütblülük" modelindən fərqli mənzərəni əks etdirir. Çoxqütblülükdə müəyyən mənada qarşıdurmaya işarə varsa, "multiməkan" anlayışında bərabərhüquqlu ölkələrin məsuliyyəti qarşılıqlı surətdə paylaşması ideyası ifadə olunub.Bu məqamlar ABŞ-ın yeni alyanslar yaratmaq və gücləri tarazlaşdırmaq istiqamətində daha fəal olmasını tələb edir. Söhbət faktiki olaraq, fərqli xarici siyasət kursu götürmək və yeni diplomatik üsullardan istifadə etmək ehtiyacından gedir. Lakin NİC-in proqnozuna görə, bütün inkişaf ssenarilərində Amerikanın liderliyi dəyişməz faktor kimi nəzərə alınmalıdır.Görünür, ABŞ dünyanın bir neçə ölkəsinin üzərinə regional səviyyədə əsas problemləri həll etmək məsuliyyətini qoymaq xəttini seçir. Hadisələrin bu ssenariyə uyğun inkişaf etməsi özlüyündə fərqli geosiyasi mənzərə formalaşdıra bilər. Ancaq onu da istisna etmək olmaz ki, proseslər bir qədər başqa məcrada getsin. NİC də bunu mümkün sayır. Belə çıxır ki, sənəddə əsas olaraq ABŞ-ın 2030-cu ildə dünyanı necə görmək istəməsi yer alıb. Şübhə yoxdur ki, bu proqnozlara ciddi diqqət yetirmək lazımdır. Çünki ABŞ hələ də dünyanın ən qüdrətli dövlətidir.

Newtimes.az

Digər xəbərlər