Ölkəmizdə yüzlərlə dini icmanın mövcudluğu Azərbaycanı dünya miqyasında tolerant ölkə kimi tanıdıb
Azərbaycan qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olan diyardır. Əlverişli coğrafi məkanda yerləşməsi və zəngin təbiəti hələ qədim dövrlərdən bu ərazini geniş yaşayış məskəninə çevirib. Tarixən Qərblə Şərq, Şimalla Cənub arasında "qızıl körpü" rolunu oyanayan Azərbaycan yaşayış üçün əlverişli təbii şəraiti ilə tarixin müxtəlif dövrlərində bir çox insanları, qəbilə, tayfa və xalqları öz ərazisinə cəlb edib.
Qeyd edək ki, həm qədimlərdə, həm də müasir dövrdə Azərbaycan öz yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tarixdə qeyd olunub. Belə ki, müxtəlif etnosların sülh içində yaşadığı ərazi olaraq tanınıb. Azərbaycan etnosunun tarixinə nəzər salsaq, görərik ki, ölkə əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil etsə də, azsaylı xalqlar, etnik və milli qruplar da bu tərkibdə yer alıb. Belə ki, bu etnik qruplara tatarlar, mesxeti türkləri, tatlar, talışlar, dağ yəhudiləri, kürdlər, udilər, ləzgilər, avarlar, saxurlar, ruslar, molokanlar və s. daxildir.
Azərbaycanda yaşayan etnik azlıqların təhsil, mətbuat, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, tolerantlıq, bərabərlik və əməkdaşlıq hüquqlarına xüsusi önəm verilir. Etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən zəmin yaradılıb. Dövlət tərəfindən ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşılıb, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaradılıb. Azərbaycan milli azlıqların müdafiəsi məqsədilə bir çox nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq əlaqələri yaradıb. Belə ki, respublikamız insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulub. YUNESKO-nun 2005-ci il tarixində qəbul etdiyi "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Ölkəmizdə milli azlıqların məsələləri ilə məşğul olan 50-yədək qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai birliklər fəaliyyət göstərir. Azərbaycanda yaşayan etnik icmaların dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Telekanallarda, milli azlıqların etnik-mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir. Respublikamızda 300-dən artıq dini icmanın mövcud olması və onlara eyni münasibətin göstərilməsi Azərbaycanı dünya miqyasında tolerant ölkə kimi tanıtmışdır. Azərbaycan insanının bir-birinə münasibəti kimin hansı millətə və yaxud dinə mənsub olmasında deyil, səmimi və təmiz olması ilə seçilir.
Respublikamızda azsaylı xalqların və milli azlıqların qorunması, maddi və mənəvi mədəniyyətlərin öyrənilməsi məqsədi ilə onlarla mədəniyyət mərkəzi yaradılmışdır.
Əsrlər boyu Azərbaycanda yaşayan müxtəlif etnosun nümayəndələri sülh və həmrəylik şəraitində yaşayır və fəaliyyət göstərirlər. Heç bir zaman dini və etnik ədavət, etnik azlıqlarla münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. Bu, onun göstəricisidir ki, Azərbaycan dövləti hər birinə eyni dərəcədə qayğı göstərir.
Azərbaycan dövlətinin demokratikliyinin və tolerantlığının nəticəsidir ki, Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasəti davam etdirir. Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların arasında "Birlik" cəmiyyəti, rus icması, slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail icması, Ukrayna cəmiyyəti, "Ronai" kürd mədəni mərkəzi, "Samur" ləzgi milli mərkəzi, Azərbaycan-slavyan mədəniyyət mərkəzi, tat mədəniyyət mərkəzi, Azərbaycan-tatar cəmiyyəti, "Krım" Krım tatarları cəmiyyəti, ingiloy icması, çeçen mədəniyyət mərkəzi, Ahıska türklərinin cəmiyyəti, talış mədəniyyət mərkəzi, avar cəmiyyəti, dağ yəhudilərinin icması və s. vardır. Milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, Xaçmaz rayonunda ləzgi və tat dillərində, Qusar və Xaçmaz rayonlarında yerli televiziyada ləzgi dilində verilişlər yayımlanır, eyni zamanda, bir çox dillərdə qəzetlər nəşr olunur. Bütün bu qeyd olunanların və s. müqabilində Azərbaycanda bütün millətlərin və xalqların nümayəndələri vahid ailənin üzvləri kimi yaşayırlar. Milli azlıqların qorunması məhz Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir.
NƏZAKƏT