Prezident İlham Əliyevin Sərəncamından: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"
(Əvvəli ötən sayımızda)
Bu il Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olmaqdadır. Müasir, müstəqli Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin xalqımızın əbədiyaşar Lideri kimi gördüyü mütərəqqi işləri ölkəmizin dünyada tanınmasına təkan vermişdir. Bu gün istər regionda, istərdsə də beynəlxalq aləmdə Azərbaycanın adı yüksək, mötəbər məqamlarda səslənir. Eyni zamanda, ölkəmizin dinamik inkişafı Heydər Əliyev konsepsiyasının, siyasi kursunun məntiqi nəticəsidir. Məhz belə əhəmiyyətli amillərin üzərində Heydər Əliyev dühasının dayanması Azərbaycan adlı müstəqil respublikamızın qüdrətini dünyaya sərgiləyir.
Bu gün Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyev apardığı uğurlu, praqmatik və məqsədyönlü siyasəti ilə ölkəmizin adını dünya tarixinə qızıl hərflərlə yazır.
Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi Onu daim öz qəlbində əbədi yaşadan Azərbaycan xalqı tərəfindən də nəhəng coşqu hissi ilə qeyd olunacaq. Belə ki, Ulu Öndərin 90 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı ölkə Prezidenti Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunmuşdur: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur ".
1998-Cİ İL PREZİDENT SEÇKİLƏRİ - AZƏRBAYCAN XALQININ ZƏFƏR VƏ UĞURLU GƏLƏCƏK SEÇİMİ
1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasında dördüncü dəfə keçirilən prezident seçkiləri günü səsvermədə 3.358.465 seçici iştirak etmişdi ki, bu da seçici siyahılarında seçicilərin ümumi sayının 79,18 faizini təşkil edirdi (Prezident seçkiləri haqqında Qanunun 53-cü maddəsinə görə, seçici siyahılarına daxil edilmiş seçicilçrin azı 25 faizi seçkilərdə iştirak etdikdə, seçki baş tutmuş sayılır). Seçkilərdə iştirak etmiş seçicilərin 2.556.059 nəfəri və ya 76,11 faizi ölkə Prezidentliyinə altı namizəddən biri olan Əliyev Heydər Əlirza oğluna səs verilmişdir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci məddəsinin ikinci hissəsinə uyğun olaraq Heydər Əlirza oğlu Əliyev səsvermədə iştirak etmiş seçicilərin üçdə iki hissəsinini səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
1998-ci il oktyabrın 15-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinə yekun vurdu. Qanunvericiliyə əsasən seçkilərin yekun sənədləri Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Resaublikasının Konstitusiya Məhkəməsinə təqdim olundu və 1998-ci il oktyabrın 16-da Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan etdi. Oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü Prezidentin andiçmə mərasimi keçirildi.
BU SEÇİMİ ƏSASLANDIRMAQ ÜÇÜN XALQIN YÜZLƏRLƏ, MİNLƏRLƏ ARQUMENTİ, MƏNTİQƏ ƏSASLANAN DƏLİL-SÜBUTU VAR İDİ
Ümummilli Liderimiz Heydər Əliyev 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə yenidən Azərbaycanın Prezidenti seçildi. Əgər 1993-cü il seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi idisə, 1998-ci il seçkiləri artıq formalaşan dövlətimizin imtahanı sayılırdı. Niyə məhz Heydər Əliyev? Bu seçimi əsaslandırmaq üçün xalqın yüzlərlə, minlərlə arqumenti, məntiqə əsaslanan dəlil-sübutu var idi. Ulu Öndərin özü də əmin idi ki, xalq yenə haqqa, ədalətə, ölkədə sabitliyin qorunmasına, tərəqqiyə səs verəcəkdir. Belə düşünmək üçün Ulu Öndərin haqqı var idi. Çünki son 5 ildə "Xalq-Heydər, Heydər-Xalq" ifadəsi prezident və xalq birliyinin möhtəşəm formuluna çevrilmişdi. Özünü Heydər Əliyevə siyasi rəqib kimi göstərmək istəyən müxalifət düşərgəsində də artıq başa düşürdülər ki, növbəti seçkidə də məğlub olacaqlar. Beynəlxalq aləmdə də hamı əmin idi ki, 1993-cü ilin yayında Azərbaycan xalqını qardaş qırğınından, dövləti isə məhv olmaqdan xilas etmiş Heydər Əliyev növbəti dəfə də prezident seçiləcəkdir. Həmin dövrdə bəzi qüvvələr müdrik siyasətçinin əleyhinə təbliğat aparırdılar. Tariximizin 1988-93-cü illərini görmüş hər bir kəs ayıq olmalı, taleyüklü seçim məqamında qətiyyət və siyasi iradə nümayiş etdirməli idi. Azərbaycan xalqı məhz həmin seçimi etdi. Xalqın başqa seçimi ola da bilməzdi. Çünki 1993-cü ilin yayına - Böyük Qurtuluşa qədər ölkədə baş verənlər heç kəsin yadından çıxmamışdı. Elə Qurtuluşdan sonra baş verənlər də hamının gözu qabağında idi. Ən başlıcası ölkədə daxili sabitlik yaranmış, çörək qıtlığı, ərzaq çatışmazlığı aradan qaldırılmış, insanların bir-birinə inamı bərpa edilmişdi. Daha sonra isə ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandıran qanunların qəbul edilməsinə, köklü islahatlara start verilmişdi. Nəticədə, Heydər Əliyevin birinci Prezidentliyi dövründə Azərbaycana on milyardlarla dollar gətirəcək "Əsrin Müqaviləsi" imzalanmış, bütün beynəlxalq təşkilatlara inteqrasiyamız təmin edilmiş, dünyanın aparıcı dövlətləri ilə münasibətlərimiz isə tərəfdaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırılmışdı. Müstəqillik dövründə ilk dəfə iqtisadi dirçəlişə nail olmağımız da məhz Heydər Əliyevin Prezidentliyi dövrünə - 1996-cı ilə təsadüf edirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə - yəni, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həllinin zəruriliyi də beynəlxalq təşkilatlar səviyyəsində ilk dəfə 1996-cı ildə etiraf edilmişdi. ATƏT üzvü olan ölkə rəhbərlərinin həmin ilin dekabrında Lissabon şəhərində keçirilən sammiti Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsi üçün Azərbaycan tərəfin məqbul saydığı prinsipləri təsdiq etmişdi. Beynəlxalq ekspertlər həmin məsələni Azərbaycan diplomatiyasının uğuru kimi qəbul edirdilər. Ölkədə hüquq islahatları da həmin dövrdən başlanmış, 1995-ci ildə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edilmiş, yeni parlament seçilmişdi. Ümumiyyətlə, 1993-cü ilin oktyabrından 1998-ci ilin oktyabrına qədər Azərbaycanda həyata keçirilən tədbirlər belə deməyə əsas verirdi ki, oktyabrın 11-də Heydər Əliyevin qələbəsi şəksizdir.
PROQNOZLAR ÖZÜNÜ DOĞRULTDU VƏ HEYDƏR ƏLİYEV 76,1 FAİZ SƏS TOPLAYARAQ YENİDƏN AZƏRBAYCANIN PREZİDENTİ SEÇİLDİ
Ulu Öndərin ikinci Prezidentlik dövründə qazanılmış iqtisadi nailiyyətlər diqqəti cəlb edir. Belə ki, 1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artmışdı. Hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru - emal sənayesi də inkişaf edirdi. Göstərilən müddətdə emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən, yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artmışdır. Sənayenin inkişafı ilə yanaşı Ümummilli Lider respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların əsasında aparılan islahatların yekunu olaraq 872 min kəndli ailəsinə 1372, 8 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min qaramal tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar verildi, ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı yarandı. 1997-2002-ci illərdə istehsal edilən kənd təsərrüfatı məhsullarının 99,01 faizi məhz onların payına düşürdü. Bu məhsulların satışında qiymətlər tam sabitləşmiş, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılmışdı. Yaxın keçmişdə əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan xaricə məhsul ixrac etməyə başladı. Bu da, sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olmuşdur. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişlənir, möhkəmlənir və inkişaf edirdi. Əgər 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənmiş və 128 xarici dövlətlə idxal-ixrac əməliyyatları aparılmışdır. 1993-cü ildə xarici ölkələrdən respublikamıza 628,8 milyon ABŞ dolları məbləğində mal gətirildiyi halda, ölkəmizdən kənara 724,7 milyon dollarlıq mal göndərilmiş və 95,9 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdı. Sonrakı illərdə bu proses davam edərək, 2002-ci ildə xarici ölkələrlə ticarət dövriyyəsi 3833,1 milyon ABŞ dolları olmuş və 1993-cü illə müqayisədə 2,8 dəfə artmışdı. O cümlədən, bu müddətdə ixrac 2167,5 milyon, idxal isə 1665,6 milyon dollar təşkil etmiş, ölkə üzrə 501,9 milyon müsbət xarici ticarət saldosu yaranmışdı. İxracın həcmi ümumi dövriyyənin 56,5 faizini təşkil etmiş və idxalı 30,1 faiz üstələmişdi.İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etmişdir. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq 4,6 trilyon manata çatmış, xərcləri isə 72 dəfə artaraq 4,7 trilyon manat olmuşdu. Beləliklə, Ulu Öndərin Prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoymuşdu.
ULU ÖNDƏRİN TARİXİ MÜSAHİBƏSİNDƏN: "MƏN HƏYATIMIN MƏNASINI HƏMİŞƏ XALQA XİDMƏTDƏ GÖRMÜŞƏM..."
Daha bir tarixi xatırlatmanı oxucularımızın diqqətinə çatdırmaq istərdik. Belə ki, 1998-ci il seçkiləri ilə bağlı Ulu Öndər Heydər Əliyev "Azərbaycan" qəzetinə də müsahibə vermişdi. Yüz minlərlə seçici və çoxsaylı təşəbbüs qrupları dahi Heydər Əliyevə müraciət ünvanlayaraq, Onun yenidən prezident seçkilərində iştirak etməsini tələb edirdi. Həmin müsahibədən bir parçanı təqdim edirik:
Jurnalist: "Cənab Prezident, Siz bir neçə dəfə bəyan etmisiniz ki, 1998-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəksiniz. Lakin respublikamızda yaradılmış dörd seçici birliyinin və 11 təşəbbüs qrupunun üzvləri, eləcə də, Sizin namizədliyinizi irəli sürmək üçün öz imzalarını atmış yüz minlərlə seçici 1998-ci il avqustun 7-də Sizə müraciət qəbul etmişlər. Həmin müraciətdə deyilir ki, respublikamızda yaradılmış dörd seçici birliyinin və 11 təşəbbüs qrupunun üzvləri və Sizin namizədliyinizi irəli sürmək üçün öz imzalarını atmış yüz minlərlə seçicinin adından Sizdən xahiş edirik ki, 1998-ci il oktyabrın 11-də keçiriləcək prezident seçkilərində iştirak etməyə razılıq verəsiniz.
Xahiş edirəm, bu müraciətə öz münasibətinizi bildirəsiniz".
Heydər Əliyev: "Bu müraciət mənə məlumdur. Bu müraciət mənə çatdırılıbdır. Mən dünən televiziyada da bu müraciətin oxunuşunu dinləmişəm. O, bu gün mətbuatda da dərc olunubdur. Yaranmış seçici birlikləri, təşəbbüs qrupları Azərbaycanda prezident seçkilərinin keçirilməsi üçün artıq xeyli fəaliyyət göstəriblər. Onların hamısı yenidən prezident seçilməyim üçün mənə müraciət ediblər və bu barədə xeyli iş görüblər. Mən bu münasibətlə onu deyə bilərəm ki, indiyə qədər mənim həyatım həmişə Azərbaycan xalqının iradəsinə tabe olmuşdur. Mən həyatımın mənasını həmişə xalqa xidmətdə görmüşəm. Son illər, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra öz xalqına xidmət etmək hər bir azərbaycanlı üçün böyük şərəfdir. Keçmişdə etdiyim xidmətlərin nə qədər böyük olmasına baxmayaraq, mən müstəqil Azərbaycana xidmət etməyi həyatımın ən mənalı, ən əhəmiyyətli hissəsi hesab edirəm. Ona görə də mən bu növbəti prezident seçkilərindən də kənarda qala bilmərəm. Doğru buyurursunuz, dəfələrlə bəyan etmişəm ki, mən yenidən prezident seçilmək üçün özümün namizədliyimi irəli sürməyəcəyəm. Bu gün də bu fikirdəyəm. Ancaq keçmiş günlərdə də demişdim və bu gün də buna riayət edirəm, - əgər vətəndaşlar, xalq mənim bundan sonra da prezident vəzifəmi aparmağa ehtiyaclıdırlarsa, şübhəsiz ki, mən buna etiraz etməyəcəyəm. Bunlara əsasən bu gün bəyan edirəm ki, mənə olan bu müraciətlərə müsbət cavab verirəm. Mənim namizədliyimi irəliyə sürdüklərinə və namizədliyim üçün çoxsaylı imzalar topladıqlarına görə, bu barədə əməli fəaliyyətinə görə seçici birliklərinə, təşəbbüs qruplarına öz təşəkkürümü bildirirəm. Bəyan edirəm ki, bu müraciətə cavab olaraq mən oktyabr ayının 11-də keçiriləcək prezident seçkilərində iştirak etməyə razılıq verirəm. Prezident seçilməyim üçün mənim namizədliyimin qeydə alınmasını da xahiş edirəm. Bu müraciət mənə çatdırılmışdır. Bunun əsasında mən Mərkəzi Seçki Komissiyasına öz rəyimi artıq bildirmişəm. Ancaq bu məsələ Azərbaycan ictimaiyyətində çox böyük maraq doğurduğuna və mənim əvvəllər verdiyim bəyanatlardan çoxlarının narahat olduğuna görə bu gün sizin bu sualınıza cavab verərək bildirirəm ki, mən prezident seçkilərində iştirak edəcəyəm. Təşəbbüs qruplarının, seçici birliklərinin mənə göstərdikləri qayğıya, diqqətə, xoş münasibətə cavab olaraq çalışacağam ki, onların bu etimadını doğruldum. Oktyabrın 11-də respublikamızda prezident seçkiləri ilk dəfə müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyası əsasında keçiriləcəkdir. Mən müstəqil Azərbaycanın ilk Konstitusiyası əsasında aparılan seçkilərdə iştirak etməyi özüm üçün şərəf hesab edirəm. Çalışacağam ki, bu şərəfə layiq olum, məni yenidən prezident seçmək istəyən Azərbaycan vətəndaşlarının arzularına və istəklərinə çatması üçün öz xidmətimi göstərim. Azərbaycanın Prezidenti kimi mən bu gün bir daha bildirirəm ki, Azərbaycanda prezident seçkilərinin demokratik prinsiplər əsasında keçirilməsi üçün bütün imkanlar yaradılıb və bundan sonra da yaradılacaqdır. Təbiidir ki, prezident seçkilərini seçki komissiyaları - Mərkəzi Seçki Komissiyası, ərazi və məntəqə seçki komissiyaları aparır. Ümid edirəm ki, onlar öz üzərlərinə düşən bu tarixi məsuliyyəti, missiyanı layiqincə həyata keçirəcəklər. Ancaq Azərbaycanın icra orqanları prezident seçkilərinin keçirilməsində seçki komissiyalarına kömək etməlidirlər və üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər".
(Ardı növbəti sayımızda)
RƏFİQƏ KAMALQIZI