Və ya o, artıq əylisli deyil
Əkrəm müəllim bir əylisli kimi, sizin qohumunuz kimi, çox sevdiyiniz Fatma xalanın gəlini kimi, xətrini sox istədiyiniz ("yeraz") kimi romanda qələmə verdiyiniz 1945-ci ildə Əylisə gəlin gələn yerevanlı anam Fəridənin qızı kimi mən bu məqaləni yazmağa məcbur oldum. Əvvəla, onu qeyd edim ki, sizin qələmə aldığınız "yeraz" sözü mənim üçün yerli azərbaycanlı deməkdi. Bu, əslində də, belədir. Ancaq məncə, bu sözü alayarımçıq - "yeraz" kimi deyil, bütövlükdə, YERLİ AZƏRBAYCANLI kimi ifadə etmək lazımdır. Çünki onların kökü, məskəni İrəvan xanlığına daxil olan yerlər, məkanlar olub. Bu xanlığın tarixi kökü də məhz yerli, əzəli azərbaycanlılara məxsusdur. Özün bilirsən ki, sənin xalan oğlu - mənim həyat yoldaşım böyük qardaşımın yanında heç papiros da çəkməyib, atasının yanında uşağını da qucağına almayıb. Mən də o ailənin gəlini kimi, Əylisin adət və ənənələrinə sadiq qalan bir insan kimi böyüklərin hörmətini hər zaman saxlamışam. Sizin də hörmətinizi, həm bir qohumum kimi, həm də Azərbaycanın tanınmış yazıçısı olduğunuz üçün (təəssüf ki, indi bunu demək mümkün deyil) saxlamışam. Bir də ki, məni tanıyanlar bilir ki, mübahisəli işlərdən hər zaman uzaq olmuşam. Amma bu gün Əylisin adət və ənənələrindən kənara çıxmalı olacağam. Çünki öncə VƏTƏNDİR. Vətən isə ANADIR! Vətən olmasa, heç bir adət-ənənədən, milli-ruhdan, şərəf və ləyaqətdən söhbət gedə bilməz.
Amma...
Sizin "Drujba narodov" jurnalında dərc etdirdiyiniz "Daş yuxular" adlı "əsəriniz" nəinki sizin özünüzə, hətta Əylisə, bir sözlə, şəhidlərimizin qanı bahasına qurulan müstəqil Azərbaycanımıza bir zərbədir. Özü də köklü zərbə... Bu gün Azərbaycanın hər bir vətəndaşı istər akademik olsun, istər yazıçı olsun, istər çoban olsun, bir sözlə, hər bir qeyrətli vətəndaşı müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində, Ulu Öndərin siyasətini layiqincə həyata keçirən, xalqımızın sevimli Prezidenti İlham Əliyev cənablarına dəstək olmalıdır. Ziyalıların, o cümlədən, yazıçıların bu istiqamətdə görəcəyi işlər ikiqat, üç qat olmalıdır. Çünki ziyalılar da müstəqillik uğrunda qələmləri ilə döyüşən əsgərlərdirlər. Amma...
Amma elələri də var ki, həmin fərdlərə "ziyalı" adını vermək qeyri- mümkündür. Çünki sizin sığındığınız "ziyalılar" da məhz sizi müdafiə edən fərdlərdirlər. Bir sözlə, mövzudan yayınmayaq.
Daha bir xatırlatma
Əsərlərinizdə "Buzbulaq" adlandırdığınız Əylisdə çoxsaylı bulaqlar (çeşmələr) var. Demək olar ki, hər bir məhəllədə bir çeşmə var. Onların adları belədir: Meydan çeşməsi, Quşlu çeşmə, Şam çeşməsi, Çiçək çeşməsi, Dizə çeşməsi, Bazar çeşməsi, Əmrah çeşməsi, Uzun çeşməsi və s. Bu adlar çox dərin tarixi köklərə malikdir. Eyni zamanda, bu adların hər birinin arxasında böyük Türk dünyasının sirləri yatır.
Siz Əylisdə ermənilər və azərbaycanlılar məhəlləsi olduğunu yazırsınız. Yazırsınız və ifrat yalanlara yol verirsiniz. Çünki mən Əylisdə erməni məhəlləsi deyilən məhəlləni tanımıram, heç bu barədə eşitməmişəm də. Çox böyük səhf edirsiniz. Əylisdə məhəllələrin adları - Meydan məhəlləsi, Xanlar məhəlləsi, Bəylər məhəlləsi, Aşağı məhəllə, Yuxarı məhəllə və s. sırf Azərbaycan adlarıdır. Zori Balayanın "Ocaq" kitabında Əylisin erməniləşdirilərək Aqulis, yaxud da İqulis kimi yer aldığını, yəqin ki, siz də bilirisiniz. Çox təəssüflər olsun ki, bizim bəzi uzdəniraq ziyalılarımız Əylisin adının Aqulis və İqulis olmasını əsaslandırmağa çalışırlar. Amma bu, belə deyil. Əylis VII-VIII əsrlərə qədər Ordubadın tərkibində olub. Ordubad şəhəri haqqında tarixi əsaslara söykənmiş məlumatlara XII əsrdə nəşr olunan yazılarda rast gəlinir. XVI əsrdən Ordubaddan Venesiyaya, Marselə, Amsterdama və s. Avropa ölkələrinə ipək ixrac olunduğu ədəbiyyatlardan məlumdur. Həmçinin, bəllidir ki, XV əsrdə Səfəvi hökmdarı I Şah Abbas Ordubadda, o cümlədən, Əylisdə məscid, mədrəsə və hamam kompleksi tikdirmişlər. Onun baş vəziri ordubadlı Hətəm bəy olmuşdur. Ordubadın feodalı isə o vaxt Məlik Bəhrəm idi. Məlik Bəhrəm isə Məlik İbrahim Əl-leyis nəslindəndir. Məlik İbrahim Əl-leyis Məhəmməd Peyğəmbərin (s.a.s) sərkərdələrindən biridir və islam dinini yaymaq məqsədilə təxminən VII əsrin sonu, VIII əsrin əvvəlində Mədinədən Ordubada göndərilir. Məlik İbrahim Əl-leyis islam dinini burada yaymış, Ordubadın havası, insanları onun xoşuna gəlmiş, həm də haradasa Ordubadın Mədinə şəhərinə müəyyən oxşarlığı olduğunu görmüşdür. Yəni bu, həm də bir şəcərənin başlanğıcı və davamıdır.
Məlik İbrahim Əl-leyis Mədinəyə gedir və ailəsi ilə birlikdə daim yaşamaq üçün Ordubada qayıdır. İrandan keçməklə Araz çayının Ordubada yaxın sahilində, (Bakı-Naxçıvan dəmir yolunun Ordubad dayanacağına ən yaxın dayanacaq "Salam Məlik" adlanır) Ordubadın nüfuzlu insanları tərəfindən qarşılanır. Elə o vaxtdan Ordubada bitişik olan bu məkan "Salam Məlik" adlanır. Məlik İbrahim Əl-leyisin cəsurluğu, düzgünlüyü və şücaəti Ordubadın feodalı tərəfindən yüksək qiymətləndirilir və Ordubad şəhərinin yuxarı hissəsi ona bağışlanır və vergidən azad olunur. Elə o vaxtdan bu məkan Əl-leyis adını daşıyır, lakin sonralar səslərin düşməsi və yerdəyişməsi nəticəsində (Əlleys, Əllis, Əylis) Əylisə çevirmişdir. Hazırda şəhərin yuxarı hissəsində Leys-Kövşəni, Dübəndi çayından götürülən Leys arxı vardır.
Bu gün də müqəddəs yer kimi tanınan Ordubad şəhər qəbristanlığı "Məlik İbrahim" qəbristanlığı adlanır. Qəbristanlığın baş tərəfində Pir tikilmişdir. Məlik-İbrahimin qəbri də həmin pirin içərisindədir. Türklər Əylisi, "Ağ-ulus", ruslar "Akulis", farslar "Əkilis", ermənilər "Aqulis" adlandırmışlar. Bu istiqamətdə tarixçilərimizin geniş tədqiqatlar aparması məqsədəuyğundur. Əylisə el arasında o vaxtlar "Bala İstanbul" da deyərdilər.
Tarix qərəzi deyil, həqiqəti sevir
Ordubad şəhərinin bir hissəsi olan Əylis 1813-cü ilə qədər çox sakit həyat tərzi ilə yaşamışdır. 1813-cü ildə Rusiya-İran müharibəsinin nəticəsi olaraq "Gülüstan" müqaviləsi bağlanandan sonra erməni əhalisinin İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarına köçürülməsi ilə Əylisdə də sakit həyat tərzi pozulmağa başlayıb. Rusiyadan kifayət qədər kompensasiya və silah almış erməni quldurları gecələr azərbaycanlıların evlərinə basqınlar edir, mal-qaralarını oğurlayır, xəlvətə düşdükdə azərbaycanlıları öldürürdülər. Türkiyədən və İrandan qovulan ermənilər Naxçıvanın bir çox bölgələrində məskunlaşmışdılar və hər yerdə yerli əhaliyə divan tuturdular. Ə.Əylisli məndən 15 yaş böyükdür və mənə elə gəlir ki, bu məsələlərdə məndən də çox məlumatlıdır. Məlumatlı deyilsə də, gərək "Daş yuxular" romanını yazmağa başlamazdan əvvəl o illərin canlı şahidi olmuş Məmməd Səid Ordubadinin "Qanlı sənələr" romanını oxuyardı. Erməni-müsəlman münaqişəsinin kökləri yuxarıda göstərilən vaxtdan (1813-cü ildən) cücərməyə başlasa da, ən qanlı illər 1905, 1918-1920 və 1988-ci illərdən sonrakı illərə təsadüf edir. Ə.Əylislinin Fatma xalasının qaynatası - Əhməd kişinin ermənilər tərəfindən 1918-ci ildə faciəli şəkildə öldürülməsini əylislilər yaxşı bilir. Elə Əkrəm müəllimin özü də yaxşı bilir ki, günahsız bir insanı indi "ürəyi yandığı" ermənilər necə qətlə yetirib. Nə əcəb romanı yazanda bu hadisə yadına düşməyib? Yaxşı olardı ki, Andronikin qulağının Naxçıvanda nə üçün kəsildiyini romanda göstərərdiniz. Nə üçün bu və ya digər hadisələr yadınıza düşmədi? Ancaq günahsız erməni obrazı yaratmaq istiqamətində kökləndiniz! Axı tarix qərəzi deyil, həqiqəti sevir.
1988-ci ildə Ermənistandan qovulan 250 min həmyerlimizin çəkdiyi əzab-əziyyətlər, işgəncələr, Xocalı faciəsi, Sumqayıt hadisələri və s. yadınıza düşmədimi? Mən bunları sadalamaqla sizin yaddaşınızı təzələmək fikrinə düşdüm. Yaxşı olardı ki, sevimli "Drujba narodov" jurnalınızda yuxarıda sadalanan hadisələr haqqında məqalə çap etdirəsiniz. Təəssüf ki, bu ideyanı reallaşdırmaq artıq sizin üçün çox gecdir... Amma mənə elə gəlir ki, siz bu həqiqətləri əks etdirən bir roman yazıb elə o jurnalda da çap etdirsəniz, onda xalqın, xüsusilə də, əylislilərin qəzəbini bir az da olsa azaldardınız. Başqa çıxış yolunuz yoxdur! Əkrəm müəllim, bu işi nə qədər tez görsəniz, Əylisdə sizdən çox hörməti olan qardaşınız Zahid həkim də canında bir rahatlıq tapar. Əylislilər Zahid həkimi öz ailələrinin bir üzvü kimi qəbul edir, ona hörmət bəsləyirlər. O da bir savadlı həkim kimi təmannasız əylislilərin sağlamlığının keşiyində dayanır. İndi onun daxilən çəkdiyi iztirabları biz yaxşı başa düşürük. Bəs siz?!
Əkrəm müəllim, əylislilər hər zaman öz həmyerliləri ilə - Mirzə Tahirlə, Həsənzadə Vahabla, Kazım Ziya ilə, Cəmil Rəhimovla, Əli Rəhimovla, Məmməd Naibovla, onun oğlu Əli Naibovla, Qulam Məmmədovla, İbrahim Əbilovla, Kəyan Naibovla, Hüseyn Məmmədovla, Ənvər Məmmədovla, Zeynal Hacıyevlə, onun qızı Ninel Hacıyevlə, Baba Əhmədovla və digər görkəmli şəxsiyyətlərlə fəxr etmişlər. Siz də bu romana kimi bu sırada idiniz. İndi isə ...İndi isə vaxtilə sizə verilmiş fəxri adlardan, orden və medallardan məhrum olmaq üzrəsiniz.
Ancaq bu gün hər kəs, eləcə də siz, Ə.Əylisli bilməlisiniz ki, Əylisin bu günü və gələcəyi parlaqdır. Çünki bu gün əslən Əylisdən olan 20-dən çox gəncimiz Amerikanın və Avropanın nüfuzlu universitetlərində öz təhsillərini müvəffəqiyyətlə davam etdirirlər, Azərbaycanı layiqincə təmsil edirlər. Əylis bundan sonra da Azərbaycana layiqli övladlar bəxş edəcək. Onlar Əylisi sizing kimi "Daş yuxular"da gördükləri kimi yox, faktlara əsaslanaraq, tərənnüm edəcəklər. Buna şübhəniz olmasın.
Tamilla NAİBOVA,
Azərbaycan Dövlət Neft Akademiyasının dosenti