Azərbaycan-Böyük Britaniya iqtisadi münasibətlərinin yaranması və bütün sonrakı inkişafında neft amili həlledici rola malik olmuşdur. Bununla bərabər Britaniya tərəfi ölkəmizdə iqtisadiyyatın başqa sahələrinə (bank, sığorta, telekommunikasiya, tikinti, nəqliyyat və s.) maraq göstərir. Hazırda Azərbaycanda ən böyük sərmayəçi olan Böyük Britaniya ilə ölkəmiz arasında iqtisadi əlaqələr aşağıdakı müqavilələrlə tənzimlənir: Energetika Sahəsində Əməkdaşlıq haqqında Memorandum, İkiqat Vergiqoymanın aradan qaldırılması haqqında Saziş, Azərbaycan-Britaniya Ticarət-Sənaye Şurasının yaradılmasına dair Qarşılıqlı Anlaşma haqqında Memorandum, İnvestisiyaların Təşviqi və Qarşılıqlı Qorunması haqqında Saziş, Hava Daşımaları Sahəsində Əməkdaşlıq Müqaviləsi, Rabitə Sahəsində Qarşılıqlı Anlaşma haqqında Memorandum. Bunlardan başqa, iqtisadi əlaqələrdə Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü il aprelin 5-də "Azərbaycan Respublikasında xarici ticarətin liberallaşdırılması haqqında" və 1999-cu il yanvarın 7-də "Biznesin inkişafı üçün süni maneələrin aradan qaldırılmasına dair" fərmanları və 1996-cı ilin iyun ayında Böyük Britaniya hökumətinin Azərbaycana təminatlı ixrac kreditlərinin verilməsi haqqında qərarı da mühüm rol oynamışdır.
Xüsusilə, qeyd etmək lazımdır ki, Böyük Britaniya ilk Qərb dövlətidir ki, Azərbaycana qoyulacaq maliyyə vəsaitlərinə dövlət zəmanəti verir və hər cür investisiya qoyulmasını rəsmi alqışlayır. Britaniya hökumətinin 25 milyon dollar həcmində dövlət təminatına dair ilk qərarı 1996-cı ilin iyununda verilmişdir. Həmin məbləğin 16 milyon dolları Binə beynəlxalq hava limanı tikintisinin başa çatdırılması layihəsinə cəlb olunmuşdur. Britaniya hökumətinin 1998-ci ilin əvvəlində qəbul etdiyi qərarla Azərbaycana kreditlər üzrə təminatların həcmi 100 milyon dollardan yuxarı artırılmışdır ki, bu da Rusiyadan başqa digər MDB ölkələri üçün verilmiş kreditlərin həcmindən çoxdur. Əhalinin sayı nəzərə alındıqda isə, Azərbaycan birinci yeri tutur.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycanda Britaniya kapitalının iştirakı ilə neftçıxarma, tikinti, nəqliyyat, xidmət və digər sahələrdə 307 müəssisə qeydə alınmışdır. Onlardan 63 şirkət birgə müəssisə, 82 şirkət yüz faiz Britaniya kapitalının iştirakı ilə və 162 şirkət filial və nümayəndəlik kimi fəaliyyət göstərir. Bunların sırasına "Bi-Pi", "Ramko", "Şell", "Spirhed Eksibişnz", HSBC (Yaxın Şərqin Britaniya Bankı), "Britiş Eyrveyz" (Britaniya hava yolları), "Morrison Konstrakşn", AzEuroTel, "Braun ənd Rud", "Mörfi İnterneşnl" digər şirkətlər daxildir.
Bütün dünyada nəhəng infrastruktur, maliyyə və kadr ehtiyatlarına malik bir çox Britaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatının həm neft, həm də qeyri-neft sektorundakı iştirakı prosesindən bəhs etməzdən əvvəl, bu ölkənin respublikamızda fəaliyyət göstərən şirkətlərinin bir qismi haqqında müəyyən məlumatların verilməsi məqsədəuyğun olar.
Dünyada çox az saylı şirkətlər var ki, onların adı çəkiləndə əsas fəaliyyətləri haqqında fikir yürütmək mümkün olsun. Onlardan biri, Böyük Britaniyanın planetin 70-dən artıq ölkəsində - Qərbi Avropa, ABŞ, Cənubi və Şərqi Asiya, Avstraliya və Okeaniya, Afrika, habelə, ötən əsrin sonlarında dünya sosializm düşərgəsinin süqutundan sonra Şərqi Avropa regionunda fəaliyyət göstərən "Britiş Petroleum" şirkətidir.
Mövcud olduğu 100 ilə yaxın dövr ərzində bu şirkət beynəlxalq aləmdə gedən kəskin rəqabətə davam gətirərək, ilbəil öz fəaliyyətini təkmilləşdirmiş, özünəməxsus təşkilati struktur formalaşdırmışdır. "Britiş Petroleum Kompani p.l.c.", qısa adı "BP" Korporasiyası bir neçə beynəlxalq miqyaslı şirkətdən ibarətdir: "BP Exploration", "BP Oil", "BP Chemicals", "BP Research", "BP Enginering", "BP Nutrition", "BP Roldair" və "BP Solar".
Builki məlumatlara əsasən, "BP"-nin bazar kapitalı 203 milyard, il ərzində xalis gəliri isə 8,4 milyard dollar təşkil etmişdir.
Korporasiyasının hərəkətverici qüvvəsi olan "Bi-Pi Eksploreyşn" neft və qaz yataqlarının kəşfiyyatı və hasilatı ilə məşğul olur. Bu şirkətin məqsədi orta və uzun müddətli perspektivlər üçün gəlir mənbələrini özündə ehtiva edən fəaliyyət sahələrinin müəyyən edilməsi və yatırımının təmin edilməsidir. Şirkət, həmçinin, təbii qazı emal və realizə edir, neft və qaz boru kəmərlərinin istismarı ilə məşğul olur. "Bi-Pi Eksploreyşn"nin dövriyyəsi 1992-ci ildə 12 milyard dollar məbləğində qiymətləndirilmiş və bu, bütün korporasiyanın ümumi gəlirinin çox hissəsini təşkil etmişdir. 1992-ci ildə neft ehtiyatları 960 milyon tondan artıq, qaz ehtiyatları isə 28 milyard kubmetrdən artıq olmuşdur. Bu şirkətin tarixi ötən əsrin ilk onilliyində İranda neft axtarışları sahəsində fəaliyyətdən başlayır. Şirkətdə neft-qaz yataqlarının geoloji kəşfiyyatı ilə məşğul olan 200-dən artıq mütəxəssis çalışır. Geoloji, geofiziki və geokimya tədqiqatlarında yeni metod və üsullardan geniş istifadə edilməsi nəticəsində böyük uğurlar əldə edilmişdir. Yataqların işlənilməsi sahəsində müasir standartlara uyğun olan qurğulardan istifadə itkilərin azalmasına, səmərəli fəaliyyətə gətirib çıxarmışdır.
"Bi-Pi Oyl" şirkəti neft emalı və neft məhsullarının ticarəti ilə məşğul olur. Bu şirkət xam neftin və neft məhsullarının pərakəndə və topdansatış istehlakçılarına daşınması, ticarəti, emalı, marketinqi və nəql edilməsini həyata keçirir. 1992-ci il məlumatlarına əsasən, hər gün o, 1800-dən artıq yanacaqdoldurma stansiyaları vasitəsi ilə 400 min tondan artıq hazır neft məhsullarını yüzlərlə aviaxəttlərə, gəmiçilik şirkətlərinə və s. alıcılara çatdırmışdır. Bəhs edilən dövrdə şirkətin dövriyyəsi 43 mlrd. dollar təşkil etmişdir. "Bi-Pi Oyl", həm də dizel yanacağı, "Britiş Petroleum"un Azərbaycandakı fəaliyyətinin çox maraqlı tarixi vardır. Bu münasibətlərin bünövrəsi ölkəmizin Sovet İttifaqı tərkibində olduğu zaman qoyulmuşdur. Belə ki, 1987-ci ildə "SSRİ-nin birgə müəssisələr haqqında" qanununa edilmiş düzəliş xaricilərə sovet iqtisadiyyatına kapital qoymağa imkan vermişdir. SSRİ neft-qaz sənayesinin və Azərbaycan hökumətinin tapşırığı ilə "Xəzərdənizneftqaz" İstehsalat Birliyi "Azəri" neft yatağının birgə işlənilməsi üçün 1991-ci ilin yanvarında tender elan etmişdir. Digər xarici şirkətlər kimi, "Bi-Pi" də, hələ ötən əsrin son onilliyində ölkəmizdə fəaliyyət göstərmək, öz maraqlarını həyata keçirmək üçün bu tenderdə iştirak etmişdir. "Britiş Petroleum Kompani p.l.c." Korporasiyasının prezidenti olmuş Deyvid Seymon (1992-1995) demişdir: "Müasir dövrdə biz keçmiş Sovet İttifaqının neft sənayesi ilə mühüm və perspektivli əlaqələr qurmuşuq. Bu respublikalarda irimiqyaslı neft və qaz hasilatı artıq uzun müddətdir ki, bizim üçün maraq və hörmət mənbəyidir. Biz neft-qaz sənayesində təmsil olunmuş bütün peşə sahibləri ilə işləməkdən şərəf duyuruq. Biz çox şey öyrənə bilirik və güman edirəm ki, çox şey verə bilərik".
Göründüyü kimi, 1991-ci ildə qeyd edilən tenderdə "AMOKO", "YUNOKAL", "Mak Dermott" şirkətləri ilə yanaşı, "Britiş Petroleum/Statoyl" alyansı da iştirak etmiş, "Bi-Pi"nin nümayəndə heyətləri ölkəmizə səfərlər etmiş, "Azəri" yatağının işlənilməsinə, ümumiyyətlə, respublikanın sosial infrastrukturunun inkişafına dair təkliflərini təqdim etmişdir. Bəhs edilən tenderin nəticələrinə 1991-ci ilin iyun ayında yekun vurulmuş və ABŞ şirkəti "AMOKO" qalib elan edilmişdir. Bundan sonra "AMOKO" şirkətinin rəhbərliyi altında "Bi-Pi/Statoyl" alyansı, "Mak Dermott", "YUNOKAL" və "Ramko" şirkətlərinin daxil olduğu konsorsium təşkil olunmuş və respublika hökuməti ilə aparılan danışıqlar nəticəsində müəyyən razılaşmalara nail olunmuşdur.
1992-ci ilin noyabrında "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının eyni təbiətə malik olduqlarını nəzərə alaraq, investisiya və istismar xərclərinə qənaət edilməsi məqsədi ilə "Bi-Pİ/Statoyl" alyansının da təmsil olunduğu xarici neft şirkətləri ilə ARDNŞ arasında 5 müqavilə memorandumu imzalanmışdır. Bu proses 1993-cü il mayın 6-da bağlanmış 6-cı memorandumla başa çatmışdır. Daha sonra, 1993-cü il iyunun 4-də ARDNŞ Direktorlar Şurasının iclasında Londonda və Hyustonda danışıqlar aparmaq məqsədi ilə iki işçi qrupu yaradılmış, müqavilə üzrə işin avqustun sonunadək başa çatdırılması və onun sentyabrın sonunda imzalanması nəzərdə tutulmuşdur. Lakin 1993-cü ilin iyulun sonlarında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Ali Sovetin Sədri Heydər Əliyev xarici neft şirkətləri ilə danışıqların dayandırılması haqqında qərar qəbul etmişdir. Sonralar, 1994-cü ilin sentyabrın 16-da keçirdiyi brifinqdə dövlət başçımız bu qərarı qəbul etməsinin səbəbini hazırlanmaqda olan müqavilə layihəsində müəyyən çatışmazlıqlar, səhvlər olması və həmin layihənin ölkəmizin milli maraqlarını təmin etməməsi ilə izah etmişdir. Bu halın aradan qaldırılması məqsədilə, respublika rəhbərinin tapşırığı ilə ARDNŞ neft müqaviləsi layihəsi ilə bağlı yeni danışıqlar prosesinə ABŞ, Kanada və digər Qərb ölkələrindən müstəqil ekspertlər cəlb etmiş və Londonda danışıqlar yenidən başlanmışdır. Bu danışıqların nəticələri ilə tanış olan Prezident Heydər Əliyev London layihəsini də respublikamızın milli mənafelərinə uyğun olmadığı üçün qəbul etməmiş, onun tapşırığı ilə alimlər, mütəxəssislər, Qərb sənayesində çalışan təcrübəli adamların danışıqların prinsipləri haqqında verdiyi təkliflər əsasında "Azərbaycan Respublikasında dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında" fərman vermişdir. Bundan sonra Bakıda və İstanbulda danışıqların son mərhələsi davam etdirilmiş, 1994-cü ilin iyulun ortalarında danışıqların başa çatması və müqavilə layihəsinin hazırlanmasına başlanması haqqında "Bakı protokolu" imzalanmışdır.
1994-cü il mayın 23-də Prezident Heydər Əliyev Bakıda təşkil edilmiş I Beynəlxalq "Xəzərneftqaz" sərgi-konfransda iştirak etmək məqsədi ilə ölkəmizə gəlmiş Böyük Britaniyanın sənaye və energetika naziri Tim Eqqarı və onu müşayiət edən nümayəndə heyətini qəbul etmişdir. "Bi-Pi"nin nümayəndələri - Kristofer Rayd və Edd Uaythedin də daxil olduğu nümayəndə heyəti ilə görüşdə neft müqaviləsinin hazırlanması və danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi edilmişdir.
1994-cü il iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakıda Prezident Sarayında "Bi-Pİ/Statoyl", "AMOKO" və "Pennzoyl" şirkətlərinin nümayəndələri Edd Uaythed, Tom Doss və Riçard Edmonsonu qəbul etmişdir. Ölkə başçısı həmin il fevralın 4-də imzalanmış məlum Fərmandan sonra işlərin xeyli sürətləndiyini vurğulamış, bildirmişdir ki, danışıqların İstanbul mərhələsində əldə edilmiş razılaşmaları məqbul hesab etmək olar.
Onu da qeyd etmək lazımdır ki, 1994-cü il iyulun 21-də ARDNŞ-nin danışıqlar aparan heyəti Qərb neft şirkətləri konsorsiumunun dəvəti ilə Hyustona getmiş, orada 45 gün ərzində layihənin hazırlanması ilə məşğul olmuşlar. Nəhayət, hazırlanmış saziş layihəsi ilə tanış olmuş Prezident Heydər Əliyev 1994-cü il sentyabrın 14-də "Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində" Fərman imzalamışdır. Nəhayət, 1994-cü il sentyabrın 20-də Bakıda - "Gülüstan" Sarayında üç il ərzində Azərbaycan hökuməti ilə xarici neft şirkətləri arasında aparılmış danışıqların yekunu olaraq "Əsrin Müqaviləsi" imzalanmışdır. Müqavilədə "Bi-Pi/Statoyl" alyansının iştirakçı payı 34,1 faizdir və o, layihədə operator rolunu oynayır. Elə həmin gün ölkə başçısı Böyük Britaniyanın energetika və sənaye naziri Tim Eqqarı və "Bi-Pi Eksploreyşn" şirkətinin prezidenti Con Braunu qəbul etmişdir. Prezident Heydər Əliyev cənab Brauna Azərbaycanda səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirmiş, xəstəxanalardan birinin yenidən qurulması üçün bu gün ona 5 milyon dollar məbləğində qəbzin təqdim edilməsini bu fəaliyyətə inandırıcı misal olduğunu qeyd etmişdir. Həmin gün Bakıda "Azərbaycan" mehmanxanasında "Bi-Pi/Statoyl" alyansı, "AMOKO", "Yunokal", "Pennzoyl" şirkətlərinin sponsorluğu ilə 3 gün ərzində davam etmiş, 200-dən çox alim, nəzəriyyəçi və praktik mütəxəssisin iştirak etdiyi "Xəzərneftqaz-94" beynəlxalq konfransı işə başlamışdır.
Beləliklə, Azərbaycan Respublikasının Milli Məclisi bu tarixi sənədi təsdiq etmiş, 1994-cü il dekabrın 12-də isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev onun təsdiq edilməsini və həyata keçirilməsini nəzərdə tutan qanun layihəsini imzalamış və bununla da müqavilə rəsmi olaraq qüvvəyə minmişdir. Onu da qeyd etmək lazımdır ki, dövlət başçısının imzaladığı qanunla 1994-cü il noyabrın 15-də Azərbaycan Respublikası baş nazirinin səlahiyyətlərini icra edən Fuad Quliyev tərəfindən imzalanmış respublika hökumətinin təminat və öhdəlikləri barədə sənədin də təsdiq edilərək həyata keçirilməsinə icazə verilmişdir.
Beləliklə, "Əsrin Müqaviləsi"nin imzalanması ilə "Bi-Pi/Statoyl" alyansının ölkəmizdəki fəaliyyətində yeni mərhələ başlanmışdır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Con Meycor dövlət başçımıza bu tarixi sənədin imzalanması ilə əlaqədar göndərdiyi təbrik məktubunda "Bi-Pi"nin rəhbərlik etdiyi Qərb neft şirkətləri konsorsiumu ilə neft müqaviləsinin imzalanmasını dövlətlərarası münasibətlərdə yeni mərhələnin başlanması kimi qiymətləndirmişdir.
***
29 dekabr 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xarici ölkələrin neft şirkətləri konsorsiumunun prezidenti Terri Adamsı və Böyük Britaniyanın ölkəmizdəki səfiri Tomas Yanqı, onların xahişi ilə qəbul etmişdir. Görüş zamanı dövlət başçımız ilk neft müqaviləsinə böyük önəm verərək demişdir: "Neft müqaviləsi heç bir müqaviləyə bənzəmir. Bu, çox böyük və mühüm bir sənəddir. Bu müqavilənin həyata keçirilməsi çox əhəmiyyətlidir və mən ona ciddi nəzarət edirəm. Çünki Azərbaycan xalqı həmin müqaviləyə həm siyasi, həm də iqtisadi cəhətdən çox böyük ümidlər bəsləyir. Bu işlərin iştirakçısı olduğuma görə istəyirəm ki, hər bir şey vaxtında həll olunsun". Cənab Adams neft müqaviləsinin necə həyata keçirilməsi barədə Azərbaycan Prezidentinə ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, müqavilə iştirakçılarının hər biri perspektivi öz imkanları mövqeyindən qiymətləndirir. Biz, əslində, beynəlxalq əməkdaşlıq şirkəti yaratmışıq və vergi, maliyyələşdirmə, kommersiya, xidmətçi heyət və digər məsələləri demək olar həll etmişik. Bu il sentyabrın 20-də imzalanmış sənədi əsrin ən böyük müqaviləsi hesab edən Terri Adams müqavilənin bütün iştirakçılarının nümayəndələri ilə görüşdüyünü, onların 1993-cü ilin birinci yarısı üçün büdcənin 105 milyon dollar, ikinci yarısı üçün isə 100 milyon dollar məbləğində olmasını bəyəndiklərini qeyd etmiş, qısa müddətdə sınaq quyuları qazılacaq sahələrin imkanlarını, mövcud buruqların modernləşdirmə dərəcəsini müəyyənləşdirməyi öhdəyə götürdükləri barədə məlumat vermişdir.
Sonda o, demişdir ki, bizim vəzifəmiz dekabrın 12-dən, yəni müqavilənin qüvvəyə mindiyi vaxtdan keçən 18 ay ərzində neft hasilatına başlamaqdır. Hazırda bununla bağlı məsələlər nəzərdən keçirilir. Biz xüsusi bir komanda yaratmışıq və o, həmin məsələlərlə bilavasitə məşğul olur.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru