PDF Oxu

Araşdırma

  • 1 535

Nə üçün İsa Qəmbər gənclərə yalnış yol göstərir?

Nə üçün İsa Qəmbər gənclərə yalnış yol göstərir?

Müxalifət mətbuatında Əkrəm Naibovun müdafiəsinə qalxmış xəyanətkar simvolu Turqut Qəmbər gənclərə örnək göstərilirmi?

Məlum olduğu kimi, Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər Azərbaycan Respublikasının qanunlarını pozaraq, icazəsiz etiraz aksiyalarında iştirak edib və ictimai asayişi pozmağa cəhdlər göstərib. Buna görə də, polislər tərəfindən saxlanılan və məhkəmə qərarı ilə 2500 manat məbləğində cərimələnən T.Qəmbər sonradan cərimələri ödəməkdən boyun qaçırıb. Bir müddət gizlənməyə çalışsa da, sonradan icra məmurları onu atasının - İsa Qəmbərin evində tapıblar. Həmçinin, cərimənin ödənilməsi üçün qanun çərçivəsində evdəki əşyalar qeydə alınıb. Əlbəttə ki, təsvir olunan tendensiyanın qanunlar çərçivəsində baş tutması şübhə doğurmur. Çünki Milli Məclisin iclasında "Sərbəst toplaşmaq haqqında" qanuna və "Cinayət Məcəlləsi"nə edilmiş dəyişikliklər bir daha göstərir ki, T.Qəmbər hüquqazidd fəaliyyət sərgiləyib.

İsa Qəmbər oğlunun başına sığal çəkir

Çox qəribə haldır ki, ölkə miqyasında qanunvericiliyi pozmaq Azərbaycanın dağıdıcı müxalifəti tərəfindən hünər kimi qəbul edilir. Elə T.Qəmbərin icazəsiz aksiyada iştirak etməklə ictimai asayişi pozmağa cəhd göstərməsi də onun atası tərəfindən təqdir edilib. Hətta mətbuata müsahibə verən İ.Qəmbər deyib ki, bu hərəkətlərinə görə, oğlu ilə fəxr edir. Yəni, etdiyi qeyri-qanuni əməlinə görə oğlunu cəzalandırmayan İ.Qəmbər əvəzində Turqutun başına sığal çəkməklə, onu daha ağır cinayətlər törətməyə həvəsləndirir.

Ümumiyyətlə, İ.Qəmbərin oğluna və dövlətə münasibətdə tutduğu bu mövqe bir daha onu göstərir ki, Müsavat başqanı nə yaxşı tərbiyəçidir, nə də siyasətçi. Əgər bir ata oğlunu dövlətə qarşı çıxmağa, cinayət törətməyə sövq edirsə, bu, artıq həmin şəxsin mənəvi baxımdan kasadlaşmasını ortaya qoyur. Eyni zamanda, sübut edilir ki, İ.Qəmbər oğlunu düzgün istiqamətdə tərbiyə etmir.

Turqutun erməniləri müdafiə etməsi İsa Qəmbərin verdiyi tərbiyənin nəticəsidir

Qeyd edək ki, İ.Qəmbərin tərbiyə verdiyi T.Qəmbərin bir müddət öncə ermənilərin maraqlarına xidmət edən və Azərbaycan xalqını açıq şəkildə təhqir edən "Daş yuxular" əsərinin müəllifi Əkrəm Naibovun müdafiəsinə qalxması, sosial şəbəkələrdə onu qəhrəman kimi təqdim etməsi də diqqətdən yayınmadı.

Həmin vaxt Azərbaycan ictimaiyyəti İ.Qəmbəri və oğlu T.Qəmbəri qınasa da, sanki Müsavat başqanı bunları görməzdən gəldi. Hətta insanlara acıq verirmiş kimi, "İctimai Palata"nın iclasında Əkrəm Naibova açıq dəstək verən İ.Qəmbər bir daha Azərbaycan xalqına qarşı sayğısızlığını ortaya qoydu.

Yəni, cəmiyyət bir daha anladı ki, əgər İ.Qəmbər özü insanlara qarşı bu cür sayğısızlıq göstərirsə, onun oğlu Turqutun bu cür qeyri-qanuni, xəyanətkar addımları da məntiqə uyğundur. Bu, ondan irəli gəlir ki, İ.Qəmbər özü Vətənə xəyanət yolunu tutsa da, oğlunu düzgün yola çəkə bilməyib. Əksinə, onu da özünün tutduğu yol istiqamətində tərbiyə edərək, potensial xəyanətkar yetişdirib.

Cəmiyyət İsa Qəmbərin oğlunu nümunə kimi təqdim etməsindən narahatdır

Çox təəssüflər olsun ki, müxalifət mətbuatı artıq bir neçə gündür ki, İ.Qəmbərin oğlu T.Qəmbərin timsalında Azərbaycan gəncliyinə nümunə kimi təqdim etməyə çalışır. Müsavat başqanı açıqlamalarında gəncləri dövlətə və xalqın maraqlarına qarşı çıxmağı tövsiyə edir və yenicə yetkinlik yaşına çatmışları qanunazidd əməllər törətməyə çağırır. Məhz son günlər ərzində də cəmiyyət İ.Qəmbərin bu cür mövqe tutmasından və oğlunu nümunə kimi təqdim etməsindən narahatdır.

Çünki Azərbaycan cəmiyyəti bir dəfə 1992-ci ildə hakimiyyəti qəsb etmiş AXC-Müsavat cütlüyünün diktaturası zamanı gənclərin cinayətə sürüklənməsini, dövlət əleyhinə işlədilməsini görüb. Hətta 2005-ci ildə eyni düşərgənin təmsilçisi Ə.Kərimlinin ermənilərlə sövdələşməyə göndərdiyi Ruslan Bəşirli nümunəsi də göz önündədir. Ona görə də, cəmiyyətdə narahatlıq var ki, dağıdıcı müxalifət yenicə həyata atılan gəncləri zəhərləyir və anti-Azərbaycan planlarında iştiraka cəlb edir. Bu səbəbdən də, ictimaiyyətin cavab gözlədiyi bir sıra suallar ortaya çıxır: Nə üçün İ.Qəmbər gənclərə yalnış yol göstərir? Və ya qanunu pozmuş oğlu ilə fərx etdiyini deyən Müsavat başqanı satqınçılığı təbliğ edirmi? Yaxud müxalifət mətbuatında Əkrəm Naibovun müdafiəsinə qalxmış xəyanətkar simvolu T.Qəmbər gənclərə örnək göstərilirmi? Cəmiyyət düşünür ki, İ.Qəmbər bu suallara cavab verəcək və bir daha oğlunu Azərbaycan gəncliyinə nümunə göstərməyəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər