Yaxud böyük təəssüf hissi
Qardaş Türkiyə respublikası cümhur başqanının Ermənistan prezidenti Serj Sarkisyanı hələ seçkilərin nəticələri rəsmən açıqlanmamış təbrik etməsi ardınca daha bir üzücü və təəssüfedici olay Azərbaycan cəmiyyətinin qanını qaraltdı. Əslində, bu kimi olayın baş verməsi ayrı-ayrı və bənzər dörd məsələyə bağlıdır. Ona görə də təhlili aparmamışdan öncə ilk məqama toxunmaq istərdik.
"Aqos"un paylanılması xəbəri qardaş türklər arasında da ciddi təpkilərə, hiddətə və etirazlara səbəb olub
Türk Hava Yolları (THY- Q.Z.) cənab Abdullah Gülün Sarkisyanı təbrik etməsindən sonra, onun bu addımını dəstəkləyən davranışa yol açması həqiqətən də insanlarımızda dərin hiddət doğurdu. Belə ki, Türkiyədə erməni dilində dərc edilən "Aqos" qəzeti (qəzet həm də dünyadakı erməni icmasının maraqlarını qorumaq tezisi ilə çıxış edir -Q.Z.) Türk Hava Yolları tərəfindən pulsuz paylanmaqdadır. Artıq həm daxildə, həm də xaricdə uçan THY öz sərnişinlərinə "Aqos"u paylayır.
Erməni mətbu orqan rəhbərliyi ilə THY arasında əldə olunan razılaşmadan sonra bu addımın atılmasına başlanılıb. Artıq bir fakt da bəllidir ki, erməni millətçiliyini təbliğ edən "Aqos"un paylanılması xəbəri qardaş türklər arasında da ciddi təpkilərə, hiddətə və etirazlara səbəb olub. Çünki "Aqos" qəzeti qatı türk düşməni və erməni millətçiliyini, terroru, eyni zamanda, Ermənistanın Türkiyə ərazilərinə iddialarını müdafiə edən mətbu nəşri kimi tanınır. Ancaq ən təəssüfedici məqam bundadır ki, erməni qəzetin yayımını, reklam və təbliğini məhz Türk Hava Yolları (?!-Q.Z.) aparacaq.
"Aqos" Əkrəm Naibov məsələsində onu "erməni xalqının azərbaycanlı qəhrəmanı" elan edib
"Aqos" qəzeti həm də elə bir nəşrlərdəndir ki, onun baş redaktoru Hrant Dink sifariş nəticəsində (ona edilən sui-qəsddə erməni təxribat qrupunun əlinin olması öz təsdiqini tapmaqdadır - Q.Z.) öldürülərkən, öz səhifələrində "Qisas" adlı məqalə dərc etdi. Həmin məqalədə H.Dinkin qanının yerdə qalmayacağı, türklərdən intiqam alınacağı kimi məqamlar yer almışdır. Fikir verin, Türkiyənin meqapolisində nəşr edilən bir qəzetdə türk xalqına qarşı aqressiya dili ilə danışılır.
Eyni zamanda, "Aqos" PKK terrorçularının təbliğat mərkəzi kimi işlər aparıb və onun səhifələrində dəfələrlə terror təşkilatının liderləri, aparıcı qüvvələri çıxış ediblər.
Xatırladaq ki, "Aqos" qəzeti ötən il İstanbulda keçirilən Xocalı soyqırımının 20-ci ilinin anımına həsr olunmuş mitinqə qarşı anti-kampaniya aparıb. Hazırda Əkrəm Naibovun (Əylislinin -Q.Z.) da məsələsində də Azərbaycan əleyhinə ardıcıl təbliğat aparılmaqdadır. Məhz "Aqos" qəzeti Əkrəm Naibovu "erməni xalqının azərbaycanlı qəhrəmanı" elan edib.
Və Xocalı soyqırımı ərəfəsində müəmmalı təbrik
Təəssüf və əfsuslar olsun ki, cənab Abdullah Gülün bu təbriki Xocalı faciəsinin ildönümü ərəfəsində baş verdi. Hələ, üstəlik, qarşıdan qondarma erməni soyqırımının növbəti "ildönümü" də gəlir - 24 aprel teatrı...
Bu xəbərləri oxuyanda qəribə və qəribə olduqca da müəmmalı dördbucaq yaranır. Birinci bucaqda Ə.Naibovun məlum və mənfur addımı, digər bucaqda "Aqos", üçüncü bucaqda Türkiyə Hava Yolları konserninin qaranlıq erməniçilik reklamı və nəhayət, dördüncü bucaqda Serj Sarkisyanın Türkiyə prezidenti tərəfindən tələm-tələsik təbriki...
Qismət ZƏNGİBASARLI
P.S. Bəlkə də qınanılası dördbucaq deyil. Çünki ildə bir dəfə, Hrant Dinkin öldürüldüyü gün türk cəmiyyətinin bəzi nümayəndələri "Aqos"un İstanbul redaksiyasının qarşısına çıxaraq "Həpimiz erməniyiz, həpimiz Hrant Dinkiz" şüarı səslənirsə, dövlət başçısının Serjiki təbrik etməsini də "başa düşmək" çətin deyil. Ancaq hər şeyə rəğmən, qınanılasıdır!