PDF Oxu

Araşdırma

  • 1 841

Azərbaycan - Böyük Britaniya iqtisadi əlaqələrinin inkişafı (1997-2000-ci illər)

Azərbaycan - Böyük Britaniya iqtisadi əlaqələrinin inkişafı (1997-2000-ci illər)

Azərbaycan Prezidenti Heydər Əliyev ABƏŞ rəhbərlərinin məruzələrini dinləyərək bir daha vurğulamışdır ki, neft konsorsiumunun gördüyü işlər onun şəxsi nəzarəti altındadır. O, 1995-1996-cı illərdə görülən işləri müsbət qiymətləndirmiş, güman etdiyini bildirmişdir ki, müqavilənin icrası ilə əlaqədar görülən işlərdə çalışan azərbaycanlı mühəndis və fəhlələrin sayı daha da artacaqdır. Dövlət başçısı demişdir: "ABƏŞ bizim bütün bu müqavilələrimizin bayraqdarıdır, irəlidə gedənidir. Siz əlinizdə böyük bayraq irəliyə gedirsiniz. O biri müqavilələri həyata keçirənlər də sizin arxanızca gedəcəklər, sizin qazandığınız təcrübədən istifadə edərək yaxşı nəticələr əldə edəcəklər".Azərbaycan Prezidenti Heydər Əliyev 10 aprel 1997-ci ildə Prezident Sarayında "Brıtiş Petroleum" şirkəti Direktorlar Şurasının məsləhətçisi, Böyük Britaniyanın Rusiya Federasiyasında və ölkəmizdə akkreditə edilmiş səfiri olmuş ser Brayn Follu qəbul etmişdir.Görüşdə Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün imzalanmış iki müqavilədə "Britiş Petroleum"un iştirakından məmnunluqla bəhs etmiş cənab Foll əmin olduğunu bildirmişdir ki, 20-25 ildən sonra Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcəkdir.

Sonra "BP"nin respublikamızla müştərək iş görməyə, əməkdaşlıq etməyə başlayan ilk xarici neft şirkətlərindən biri olduğunu nəzərə çarpdıran dövlət başçımız demişdir ki, Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi barədə 1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi"ndə "BP"nin böyük payı vardır. "Şahdəniz" neft-qaz yatağının birgə işlənməsi barədə 1996-cı ilin iyununda imzalanmış müqavilədə də "Bntiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri işin əsas hissəsini öz üzərlərinə götürmüşlər".

"Britiş Petroleum"un nümayəndəsi Terri Adamsın Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə rəhbərlik etdiyini xatırladan Prezident Heydər Əliyev demişdir: "Hesab edirəm ki, "Britiş Petroleum" Azərbaycanda çox uzunmüddətli işə başlayıbdır. Mən bu işlərə həmişə müsbət münasibət göstərmişəm və bu şirkətlə əməkdaşlığımıza görkəmli yer verirəm. Güman edirəm ki, bu əməkdaşlıq gələcəkdə də uğurlu olacaqdır".

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 5 mart 1997-ci ildə Prezident Sarayında "Şahdəniz" müqaviləsi layihəsinin idarəetmə komitəsinin üzvləri ilə görüşmüşdür. Görüşü giriş nitqi ilə açan dövlət başçımız idarəetmə komitəsinin iclasının keçirilməsi və bir sıra məsələlərin müzakirə edilməsı barədə ona məlumat verildiyini nəzərə çarpdırmış, nəzərdə tutulan fəaliyyət proqramı haqqında veriləcək məlumatları dinləmək istədiyini bildirmişdir. Sonra "Bi-Pi Eksploreyşn ("Şahdəniz") LTD"nin prezidenti Mayk Şerman məruzə etmişdir. O, layihə üzərində işləyən təşkilatının cəmi 20 nəfər heyətdən ibarət olduğunu qeyd etmiş, ümidvar olduğunu bildirmişdir ki, layihə irəlilədikcə daha çox Azərbaycan mütəxəssisləri cəlb olunacaqdır. Cənab Şerman öhdəliklərin kəşfiyyat dövrünün üç ili ərzində, yəni 17 oktyabr 1996-cı ildən 17 oktyabr 1999-cu ilədək olan müddətdə davam edəcəyini, "Şahdəniz" strukturunun 800 kvadrat kilometrlik sahəsi barədə seysmik məlumat əldə edilməsi, ərazidə dəniz dibinin topoqrafiyası üzrə tədqiqatlar aparılması, böyük təzyiq altında, dərinliyi təqribən altmış metrə çatacaq strukturda, suyun dərinliyi isə təqribən 500 metr olan yerdə iki kəşfiyyat quyusunun qazılması işlərinın öhdəliklər kimi qarşıda durduğunu göstərmişdir. O, konsorsiumun ekologiya, işçilərin sağlamlığının qorunması, əməyin təhlükəsizliyi məsələlərinə həmişə çox böyük əhəmiyyət verəcəyi, bu cəhətdən Azərbaycan Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi ilə əməkdaşlıq nəticəsində ekoloji standartlar haqqında protokolunhazırlandığı və imzalandığıhaqqında məlumat vermişdir. Şirkət prezidenti "Xazərneftdonanma"nın gəmiqayırma zavodunun modernləşdirilməsi işinə artıq başlandığını, bu iş üçün, o cümlədən, zavodun gəmi tərsanəsinin modernləşdirilməsi üçün üçün 7 min dollardan 10 mln dollaradək vəsaitxərclənəcəyini yeni "Şelf" tipli üzən qazma qurğusunun modernləşdirilmə işlərinin 1998-ci ilin oktyabr ayınadək başa çatdırılacağını, bunun üçün isə 115 mln. dollar məbləğində vəsait xərclənəcəyini bildirmişdir. Azərbaycan Prezidenti müqavilənin təsdiq edilməsindən ötən 5 ay müddətində görülən işləri müsbət qiymətləndirərək demişdir: "Nəhayət, görüşümüzə yekun vuraraq demək istəyirəm ki, qısa bir müddətdə cəmi 5 ay içərisində siz çox iş görmüsünüz. Mən gördüyünüz bu işlər münasibətilə sizi təbrik edirəm. 1997-ci ildə nəzərdə tutulmuş proqramın vaxtından əvvəl yerinə yetirilməsini arzu edirəm. İş prosesində nə vaxt ehtiyacınız olsa, siz mənə müraciət edə bilərsiniz. Mən sizi həmişə dinləməyə hazıram".

1997-ci il noyabrın 7-də "Əsrin müqaviləsi" üzrə "Çıraq-1" platformasından qazılmış birinci istismar quyusundan ilkin neftin hasilatına başlanmışdır. Dərinliyi 2936 metr olan quyunun qazılmasına həmin ilin avqustunda başlanmış və nəzərdə tutulduğu kimi oktyabrın sonlarında işlər tamamlanmışdır. Bu hadisə həm də, əlamətdar bir günə 1949-cu ildə əfsanəvi Neft Daşlarında neft hasilatının başlandığı günə təsadüf etmişdir.12 noyabr 1997-ci ildə Bakıda "Respublika" Sarayında Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə birgə işlənən neft yataqlarından ilkin neftin çıxarılması münasibəti ilə təntənəli mərasim keçirilmişdir. Mərasimdə Gürcüstan Respublikasının prezidenti Eduard Şevardnadze, Türkiyə Cümhuriyyətinin baş naziri Məsud Yılmaz, Böyük Britaniyanın dövlət xarici işlər naziri Derik Façett, Rusiya Federasiyasının baş nazirinin birinci müavini Boris Nemtsov və digər rəsmi şəxslər, qonaqlar iştirak etmişdir. Mərasimdə çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABƏŞ rəhbərliyinə və xüsusən onun başçısı "Britiş Petroleum"un nümayəndəsi Terri Adamsa təşəkkür edərək demişdir: "Hesab edirəm ki, bizim bu 3 il müddətində gördüyünüz işlər gələcəyə geniş bir yol açmışdır". ABƏŞ-in prezidenti Terri Adams öz çıxışında demişdir: "ABƏŞ-in yarandığı gündən bəri biz Azərbaycanda baş verən bir çox tarixi dəyişikliklərin katalizatoru olmuşuq. Həmçinin, elə bir təməl daşı olmuşuq ki, onun üstündə Azərbaycanın yeni neft strategiyası belə müvəffəqiyyətlə qurula bilmişdir". O, məlumat vermişdir ki, ABƏŞ Azərbaycanda fəaliyyətə başladığı vaxtdan indiyədək 1 mlrd. dollar sərmayə qoymuşdur. Terri Adams Beynəlxalq Qızıl Gül Cəmiyyətində "Prezident Heydər Əliyev sülh qızılgülü" adlı qeydiyyatdan keçmiş və Ülyahəzrət Böyük Britaniya Kraliçasına ithaf edilmiş orijinal gül növlərindən xüsusi olaraq yetişdirilmiş yeni qızılgülün botanik şəklini dövlət başçımıza hədiyyə edərək, bildirmişdir ki, həmin qızılgülün 200 kolu sizin seçəcəyiniz yerlərdə əkmək üçün Bakıya gətiriləcəkdir.

Elə həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev və mərasimə gəlmiş qonaqlar "Çıraq-1" platformasına gələrək, onunla tanış olmuşdur. Platformadan Səngəçal terminalınadək uzunluğu 176 km olan sualtı neft kəməri çəkilmişdir.

Neftdən ayrılan qazın sualtı boru kəməri ilə Neft Daşlarındakı qaz kompressor stansiyasına nəqli və burada yığılması nəzərdə tutulmuşdur. Bundan başqa platformadan Neft Daşlarınadək 48 km uzunluğunda qaz kəməri çəkilmişdir. Bu hadisə üçün xüsusi olaraq hazırlanmış və neft doldurulmuş quyunun rəmzi sürgüsünün və Xəzər dənizi sahilində yerləşən, ümumi tutumu 650 min barrel olan dörd çəndən ibarət olan Səngəçal terminalının rəsmi açılış mərasimi olmuşdur. Beləliklə, Şimal ixrac Boru Kəməri ilə ilkin neftin dünya bazarlarına daşınmasına başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 20 noyabr 1997-ci ildə Prezident Sarayında "Britiş Petroleum" şirkətinin baş idarəedici direktoru Riçard Olveri qəbul etmişdir. Görüşdə Riçard Olver "Çıraq" yatağından ilkin neftin çıxarılması münasibəti ilə Prezident Heydər Əliyevi təbrik etmiş, "Britiş Petroleu"un Azərbaycan iqtisadiyyatının inkişafında və neft yataqlarının birgə istismarında bundan sonra da yaxından iştirak etmək niyyətindən söhbət açmışdır. Prezident Heydər Əliyev Britaniya ilə, o cümlədən, "Britiş Petroleum" şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın durmadan inkişaf etdirilməsıni yüksək qiymətləndirmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 23 yanvar 1998-ci ildə Prezident Sarayında səlahiyyət müddəti başa çatmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Terri Adamsı qəbul etmişdır. Cənab Adamsın Bakıda fəaliyyətini yüksək qıymətləndirən dövlətimizın başçısı Azərbaycanda üç il bundan əvvəl birgə təməli qoyulmuş çox böyük işlərdən "Əsrin müqaviləsi"nin əməli surətdə həyata keçirilməsindən məmnunluqla söhbət açmış, görülən bu işlərin respublikamızın ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini, xalqımızın şəxsən ona böyük hörməti olduğunu nəzərə almışdır. O demişdir: "Mən buradakı zəhmətinizi, xidmətlərinizi yüksək qiymətləndirərək sizi Azərbaycanın "Şöhrət" ordeni ilə təltif etmişəm və bu barədə fərman vermişəm".

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci il martın 30-da Prezident Sarayında "Britiş Petroleum" Korporasiyasının baş icraçı direktoru cənab Con Braunu qəbul etmişdir.

Cənab Braun ölkəmizdə ilk dəfə 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalanarkən olduğunu xatırladaraq qeyd etmişdir ki, ötən dövr ərzindən bəri ölkədə böyük dəyişikliklər baş vermişdir. O, Prezident Heydər Əliyevə "məlumat vermişdir ki, "Şahdəniz" yatağının istismarı üçün qurulan platformaya getmiş, orada işin gedişi ilə tanış olmuşdur. Cənab Braun platformada ilk quyunun qazılmasına hazırlıq işlərindən razı qaldığını söyləmiş, işçilər arasında çoxlu Azərbaycan mütəxəssisinin olduğunu vurğulayaraq, bunu tərəqqi amili kimi qiymətləndirmişdir. Qonaq "Əsrin müqaviləsi" çərçivəsində neft istehsalına başlandığından, ilkin neftin çıxarıldığından, özü də gözlənildiyindən çox məhsul əldə ediləcəyindən məmnun qaldığını bildirmiş, əlavə etmişdir ki, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının istismarı haqqında ilk müqavilə bağlanandan bəri xeyli iş görülmüş, yeni-yeni yataqların işlənməsi üçün müqavilələr bağlanmış və həmin layihələrin həyata keçirilməsinə çoxlu maliyyə vəsaiti sərf edilmişdir. O, ertəsi gün təmsil etdiyi şirkətin Bakıda yeni, üçüncü ofisinin açılacağını bildirmiş və Prezident Heydər Əliyevi bu münasibətlə keçiriləcək mərasimə dəvət etmişdir.

Dövlət başçımız keçmiş "Şelf-5" qazma qurğusunda aparılan modernləşdirmə işlərinin şəxsi nəzarəti altında saxladığını vurğulayaraq, "Dədə Qorqud" qurğusu kimi bu qurğunun da yeni ad altında cari ilin sentyabr ayında işə başlayacağına əmin olduğunu bildirmişdir. "Bi-Pi"nin Bakıda yeni ofısinin açılışından məmnunluğunu ifadə edən Prezident Heydər Əliyev bunu şirkətin Azərbaycana bağlılığının təzahürü kimi qiymətləndirmiş, ümid etdiyini bildirmişdir ki, "Bi-Pi Statoyl" alyansının ölkəmizdə gördüyü işlər bundan sonra da səmərəli olacaqdır.

"Araz", "Alov" və "Şərq"AzərbaycanRespublikasınınPrezidentiHeydər Əliyevin Böyük Britaniyaya rəsmi səfəri zamanı (19-24 iyun, 1998-ci il) dövlət başçımız 21 iyul 1998-ci ildə Londonda onun üçün ayrılmış iqamətgahdaBrıtış Petroleum" Korporasiyasının baş icraçı direktoru ser Con Braunu qəbul etmişdir. Elə həmin gün "Dauninq Strit"də, Londonda Böyük Britaniyanın Baş naziri Toni Bleyrin və dövlətimizin başçısının iştirakı ilə ARDNŞ ilə "Britiş Petroleum" və "Statoyl" şirkətləri arasında Xəzərin Azərbaycan sektorundakı "Araz", "Alov" və "Sərq" perspektivli strukturlarının daxil olduğu kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hazırlanması pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş Respublika Prezidentinin 26 dekabr 1998-ci ildə imzaladığı qanunla qüvvəyə minmişdir. Bəhs edilən perspektivli strukturlar Xəzərin Azərbaycan sektorunda Bakıdan 120 km cənub-şərqdəyerləşir. Sazişə əsasən 2001-ci ilədək 3 sınaqquyusunun qazılması nəzərdə tutulmuşdur. İlk quyunun 1999-cu ildə qazılması müəyyən edilmişdir. Blokun neft ehtiyatları 900 mln. ton həcmində qiymətləndirilir. Müqavilənin fəaliyyət müddəti 25 ildir və 2,5-4 mlrd dollar investisiya qoyulması nəzərdə tutulmuşdur. Müqavilədə "Bi-Pi"nin iştirakçı payı 15 faizdir.

1999-cu il martın 31-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident Sarayında Böyük Britaniyanın "Monument Oyl ənd Qaz" Şirkətinin baş icraçı direktoru, ABƏŞ-in sabiq prezidenti Terri Adamsa "Şöhrət" ordenini təqdim etmişdir. Ölkə başçısı Terri Adamsın Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ilk prezidenti kimi xidmətlərinə bir daha yüksək qiymət verərək demişdir: "Cənab Terri Adams bu yüksək vəzifədə işlədiyi dövrdə böyük işgüzarlıq göstəribdir. O özünün böyük mühəndis, mütəxəssis olduğunu nümayiş etdiribdir və öz biliyi, təcrübəsi, əməli fəaliyyəti ilə konsorsiumun uğurla işləməsini təmin edibdir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin yaranmasında, inkişaf etməsində, onun infrastrukturunun, kadr potensialının yaranmasında və başqa bütün işlərdə cənab Terri Adamsın xidmətləri böyükdür. Məhz bunlara görə cənab Terri Adams Azərbaycan ictimaiyyətinin hörmət və ehtiramını qazanmışdır. Ona görə də o, Azərbaycanın yüksək dövlət mükafatına "Şöhrət" ordeninə layiq görülmüşdür".Mərasimdə çıxış edən Terri Adams yüksək dövlət təltifinə görə minnətdarlığını bildirərək demişdir: "Bu gün mənim üçün doğrudan da böyük şərəfdir ki, bu ordeni Sizin əlinizdən qəbul edirəm. Elə bilirəm ki, bu, yalnız mənə yox, həm də həmkarlarıma, konsorsiumun rəhbərliyinə və eləcə də, Azərbaycan Dövlət Neft Şirkətinə bu işi müsbət nəticə ilə başa çatdırmaları münasibəti ilə verilən yüksək mükafatdır. Mən bu münasibətlə hər iki tərəfi təbrik etmək istəyirəm". Cənab Adams dövlət rəhbərimizin xidmətlərinə yüksək qiymət verərək demişdir: "Cənab Prezident, Sizin liderliyinizlə indi Azərbaycan çox sabit ölkə olmuşdur. Azərbaycan artıq beynəlxalq və coğrafi siyasi status qazanmışdır. Cənab Prezident, bütün bunlara Sizin liderliyiniz sayəsində nail olunmuşdur. Bütün bunlar Sizin bu ölkə üçün işləyib hazırladığınız neft strategiyası sayəsində əmələ gəlmişdir".

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 9 aprel 1999-cu ildə Prezident Sarayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti cənab Deyvid Vudvordu və bu şirkətin digər rəhbərlərini qəbul etmişdir. ABƏŞ-in rəhbərləri ilə görüşə vaxt ayırdığına görə respublikamızın rəhbərinə minnətdarlığını bildirən cənab Deyvid Vudvord şirkətin hazırkı işlərinin vəziyyəti barədə məlumat verərək bıldirmişdir ki, cari il aprelin 17-də Supsa terminalının, Bakı-Supsa neft kəmərinin açılış mərasimi keçiriləcəkdir. O demişdir: "Cənab Prezident, bu layihə məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində həyata keçirilir".

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev təntənəli mərasimdə etdiyi nitqində demişdir: "Əsrimizin əvvəllərində Bakı-Batumi neft kəməri Avropada ilk neft kəməri çəkilmişdir. İndi - XX-XXI əsrin ayrıcında biz Bakı-Supsa neft kəməri çəkmişik və o, Azərbaycan neftinin dünya bazarlarına ixracını həyata keçirəcəkdir. Bu, Gürcüstanın, Azərbaycanın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan neft şirkətlərinin birgə səyləri sayəsində mümkün olmuşdur. Bu, 1995-1996-1997-ci illərdə başlanmış səylərimizin məntiqi nəticəsidir. Bu, Azərbaycanda 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 9 ölkəsini təmsil edən 11 ən iri neft şirkətləri arasında imzalanmış "Əsrin müqaviləsi"nin praktiki surətdə həyata keçirilməsidir".

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər