Fevralın 25-də erməni təşkilatlarının Fransa Milli Assambleyasında təşkil etdiyi tədbirdə Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın və azərbaycanlı tələbə Vüsal Hüseynovun ermənilər tərəfindən vəhşicəsinə döyülməsi bütün Azərbaycanı ayağa qaldırdı. Dinc insanların vəhşicəsinə döyülməsi erməni millətçilərinin iç üzünü bir daha açdı. Söhbət etdiyim müsahiblərim də bu hadisəni qətiyyətlə pislədi və dünya ictimaiyyətini bu məsələyə ədalətli mövqedə dayanmağa səslədi.
Millət vəkili Bəxtiyar Sadıqov:
- Azərbaycanlı gənclərin döyülməsini Fransada söz azadlığına, fikir plüralizminə və ümumiyyətlə, demokratiyaya zərbə kimi qiymətləndirirəm. Ona görə də bu hadisəni təəssüf hissi ilə qeyd edirəm. Adətən, deyirlər ki, Fransa demokratiyanın beşiyidir. Amma bəzən bugünki Fransada elə hadisələr baş verir ki, buna şübhələr yaranır. Çünki Fransanın demokratiyanın beşiyi adlandırılsada qəbul edilən ümumbəşəri və normaya çevrilən prinsiplərin kobud pozulmasının şahidi oluruq. Eyni zamanda, Fransa parlamentində uzun müddət erməni soyqırımını qəbul etməyənlərin cinayət məsuliyyəti barədə qanun layihəsini müzakirə edildi və həmin qanun qəbul olundu. Lakin həmin qanunu Fransanın Konstitusiya məhkəməsi təsdiq etmədi. Azərbaycanlı tələbələrin Fransada döyülməsi isə Fransa parlamenti daxilində demokratiya xidmət etməyən qüvvələrin, düşündüklərini ucadan danışa bilməyən, erməni mövqeyini müdafiə edənlərin və erməni millətindən olan insanların ayaq açdığını, orada özlərinə yer etdiklərinin göstəricidir. Bizim gənclərimiz də açıq şəkildə öz mövqeyini ortaya qoyub, arqumentlərlə çıxış edib. Təəssüf ki, orda ermənilər və onları müdafiə edən insanlar bu faktlarla barışmaq istəməyib, bu faktları təkzib etməyə gücləri çatmadığı üçün bu vəhşiliyə əl atıblar. Belə yolverilməz hərəkətlər Fransa parlamenti, söz və fikir azadlığı üçün ləkədir. O hərəkəti törədənlər cinayət məsuliyyəti daşıyırlar. Ona görə də cinayət faktı aşkara çıxarılmalı və müqəssirlər layiqli cəzalarını almalıdır.
Millət vəkili Azay Quliyev:
- Bu insanlar görün necə azğınlaşıb ki, deputatların iştirakı ilə həqiqəti söyləyən insana qarşı hucum ediblər. Bu, qəbuledilməz bir haldır. Çünki Fransa özünü hər zaman demokratik bir ölkə kimi qələmə verib. Hesab edirəm ki, azərbaycanlı gənclərin Fransa parlamentində döyülməsinə çox ciddi reaksiyalar verilməlidir. Eyni zamanda, Avropa Parlamenti və Avropa Şurası kimi beynəlxalq təşkilatlar bununla bağlı qərəzsiz öz mövqeyini bildirməlidir. Bununla yanaşı, Azərbaycana qarşı qərəzli mövqedə dayanan beynəlxalq təşkilatlar da var. İndi onların da mövqeyini görəcəyik. İstənilən halda bu cür basqılar Azərbaycanı öz haqlı mövqeyindən çəkindirə bilməyəcək. Əgər bu hadisəni törədənlər düşünürlərsə ki, bizə psixoloji yolla təsir edəcəklər, həmin insanlar yanılırlar. Ona görə ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan gəncliyi heç bir zaman haqlı mövqeyindən geri çəkilməyib və çəkilməyəcək də. Eyni zamanda, həmin gənclərimizə öz təşəkkürümü bildirir və Allahdan onlara şəfa diləyirəm. Hesab edirəm ki, onların bu addımı xalq, millət yolunda atılan mübariz bir addımdır.
Millət vəkili Fazil Mustafa:
- Azərbaycanlı gənclərin Fransa parlamentinə döyülməsi faktına beynəlxalq məsələdə qiymət verilməlidir. Bu, növbəti dəfə erməni diasporunun və erməni vəhşiliyinin sübutdur. Çünki gənclər söz və fikir azadlığından istifadə etməklə öz haqlı mövqeyini ortaya qoyub. Buna qarşılıq vəhşicəsinə gənclərimizin döyülməsi cəzasız qalmamlıdır. Eyni zamanda, Fransa parlamentində təmsil olunan deputatın bu məsələdə yer alması qəbuledilməz bir haldır. Yəni onların belə davranışını sivil mübarizə metodu hesab etmirəm, vəhşilik kimi qəbul edirəm. Ümumiyyətlə, gənclərin döyülməsinə hər birimiz sərt mövqe nümayiş etdirməliyik.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli:
- Azərbaycanlı gənclərimizin Fransada döyülməsi erməni diasporunun vəhşiliyini bir daha sübuta yetirir ki, bu insanlarla dialoq, sivil əməkdaşlıq mümkün deyil. Eyni zamanda, onları müdafiə edən fransalı deputatların mahiyyətini açır. Dünyaya demokratiya və tolerantlıq dərsi keçməyə çalışan bir ölkənin deputatlarının hansı mənəvi dəyərlərin, hansı humanist prinsiplərin sahibi olduğunu ortaya qoyur. Bu hadisə bir çox məqamlara aydınlıq gətirdi. İlk öncə, bir daha məlum oldu ki, qarşımızdakı düşmən və onun himayəçiləri heç bir formada danışıqlara hazır deyildir, bu insanlarla sivil mübarizə metodları ilə danışmaq mümkün deyil və yeri gələndə ən kəskin, ən radikal addımlara belə əl atmağı bacarırlar. Əgər bu vəhşilikləri parlament binasında edirlərsə, döyüş meydanında hansı hərəkətlər edərlər! Bu, əslində, "Xocalı Soyqırımı"nın məhz erməni xislətinə uyğun törədilən cinayət olduğunu nümayiş etdirdi. Bununla yanaşı, xaricdə təhsil alan tələbələrimizin, gənclərimizin əzmini nümayiş etdirdi. Azərbaycanın 2 gənci fransız deputatlarına və erməni diasporuna sübuta yetirdi ki, Azərbaycanın haqlı mübarizəsi üçün 250 nəfərə qarşı çıxış etmək əzmindəyik. Bu, nümunəvi gənclik onları dünyanın hər yerində izləyəcək. Bu, bütövlükdə, Azərbaycan gəncləri üçün nümunə olmalıdır. Azərbaycanın haqlı mövqeyinin gənclərin, xüsusilə də, Avropada təhsil alan tələbələrin timsalında özünü büruzə verməsi qürurverici haldır. Mən həmin o gənclərlə fəxr edirəm və bunu bütün gənclər üçün nümunə kimi qiymətləndirirəm.
Babək Hacıyev