Azərbaycanın özünü sabit ölkə kimi təsdiqləməsi daha bir mötəbər tədbirin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə nəticələnib
Azərbaycanın dünyada artan nüfuzunun nəticəsidir ki, ölkəmiz beynəlxalq əhəmiyyətli mühüm tədbirlərin keçirildiyi məkana çevrilib. Bu gün Azərbaycan sivil ölkə kimi beynəlxalq nüfuz və yüksək imic sahibidir. Təbii ki, bu nailiyyət ölkə Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ölkəmizə göstərilən etimad, beynəlxalq əlaqələrin genişlənməsi, iqtisadi uğurlar, dinamik inkişaf, müasir infrastruktur layihələrin gerçəkləşməsi və s. amillər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu müəyyənləşdirib.
Bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər qazanılıb. Azərbaycanın gündən-günə artan iqtisadi qüdrəti, idmana olan diqqət və qayğının nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmançılarımızın beynəlxalq yarışlardakı uğurları da buna təkan olan amildir. Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə qazandı: on medal əldə olundu. Azərbaycan dünya miqyasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görüldü. Təbii ki, bu, nailiyyətlər sırasında əhəmiyyətli faktordur.
2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi və s. dünya idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırıb. İlk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də təsadüfi deyildi. Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsi böyük əhəmiyyətə malikdir. Belə ki, Azərbaycanın iqtisadi, siyasi və əmin-amanlığın təmini baxımından özünü sabit ölkə kimi təsdiqləməsi daha bir mötəbər tədbirin 2015-ci ildə birinci Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə nəticələndi.
Məlum qərarın qəbul edilməsi respublikamızda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir. İlk Avropa Oyunlarında, Avropanın 49 ölkəsindən 7-15 min idmançının iştirak edəcəyi gözlənilir.
Bu möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi məqsədi ilə Təşkilat Komitəsi yaradıldı. I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri təşkilat komitəsi tərəfindən artıq müəyyən də edilib. Belə ki, yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika stadionu, "Baku Crystal Hall", "Sərhədçi" İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə Atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi mümkündür. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaqdır. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin isə Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub.
Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məsələsinə gəlincə isə bildirək ki, Təşkilat Komitəsi tərəfindən Atletlər Kəndinin yaradılması nəzərdə tutulub. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri isə Media Kəndində yerləşdiriləcəklər.
Təşkilat Komitəsinin sədri, Azərbaycan Birinci Xanımı Mehriban xanım Əliyevanın sədriliyi ilə oyunların yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq. Yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyən edən geniş tədbirlər planı hazırlanır. Qısa bir müddətdə Təşkilat Komitəsi tərəfindən hazırlanan təkliflər I Avropa Oyunlarının da ölkəmizdə yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.
Bakıda Avropa Oyunlarında 20-yə yaxın idman növündə yarışların keçirilməsi nəzərdə tutulub. Oyunlarının proqramına 28 yay olimpiya idman növündən 15-i daxil olacaq və həmçinin, iki qeyri-olimpiya idman növü. Bu günə qədər beynəlxalq həndbol, voleybol, reqbi, boks, cüdo, biatlon, atçılıq, badminton, taekvando, kamandan oxatma, qılınc oynatma, kanoe, stolüstü tennis və güləş federasiyaları artıq Bakıda keçiriləcək Avropa Oyunlarında iştiraklarını təsdiq ediblər.
Avropa Olimpiya Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi məqsədi ilə bütün potensial qüvvələrdən istifadə olunacaq ki, ölkəmiz "Eurovision-2012" Mahnı Yarışmasında olduğu kimi, şəhərimizin qonaqlarını təəccübləndirə və razı sala bilsin. Təbii ki, qazanılan tərcübə, görürələcək işlər bizdə əminik yaradır ki, Avropa Olimpiya Oyunlarının tarixinə uğurla daxil ediləcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI