PDF Oxu

Araşdırma

  • 2 280

Söyün Sadıqov erməni maraqlarına işləyən agentdir

Söyün Sadıqov erməni maraqlarına işləyən agentdir

Ömründə bir dəfə də olsun doğulduğu məkanın problemlərilə maraqlanmayan Söyün indi "vətənpərvər" olub?

Əli Əhmədov: "Söyün Sadıqovdan bir alət kimi istifadə edilir. Alətdən isə, bir qayda olaraq, işə yararlı olduğu zamana qədər istifadə olunur"

Mübariz Qurbanlı: "Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib"

Son dövrlərdə Azərbaycanın bütün sahələrdə sürətli inkişaf tendensiyası yaşaması, Ermənistanı bütün regional layihələrdən, beynəlxalq dəstəkdən və təşəbbüslərdən məhrum etməsi erməni lobbisini, hətta onlara yaxın qərəzli çevrələri də narahat etməyə başlayıb. Odur ki, ermənilərin maraqlarını təmin etməyə çalışan dairələr Azərbaycana qarşı təzyiq platforması formalaşdırmağa başlayır, həmçinin, bu işdə saxta azərbaycanlılardan da istifadə etməyə cəhd göstərirlər. Təəssüfləndirici hal ondan ibarətdir ki, erməni lobbisinin vədlərinə inanan və anti-Azərbaycan mövqeyi tutan, saxta vətənpərvər imicində fəaliyyət göstərən bir sıra "azərbaycanlılar" da "sapı özümüzdən olan baltalara" çevrilməyə razılıq veriblər. Həmin saxta vətənpərvərlərdən biri də Söyün Sadıqovdur.

Qısa xatırlatma...

Xatırladaq ki, bir neçə ay öncə xəbər vermişdik ki, Rusiyada fəaliyyət göstərən Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Söyün Sadıqov bəlli səbəblərdən təşəbbüsü ələ alaraq, ermənilərlə dialoqa başlayıb. Hətta Rusiyada yaşayan və işləyən bir sıra oliqarxlarla birləşərək, təşkilat da yaradan Söyün Sadıqov müəmmalı addımlar atmaqla, Ermənistanın maraqlarına xidmət göstərən fəaliyyət də sərgiləməkdədir. Bununla yanaşı, eyni məqsədə xidmət edən "AzerRos"un prezidenti Söyün Sadıqovun iki emissarı da Azərbaycana səfər edib.

Onlar burada əsasən Qarabağ əsilli tanınmış şəxslərlə görüşlərə başlayıblar. Yayılmış informasiyalara görə, Azərbaycana gələn şəxslərdən biri Sadıqovun yaxın qohumudur. Digər şəxs isə milliyətcə qeyri-azərbaycanlıdır. Onların əlində konkret siyahı var və artıq neçə gündür ki, siyahıdakı adamlarla görüşməyə çalışırlar. Həmin söhbətlərin başlıca mövzusu isə yeni yaradılmış RATİ və onun gələcək perspektivləri, Azərbaycanın daxili siyasətində oynayacaq rol, ən əsası da Rusiyanın Qarabağ məsələsində vasitəçiliyinin faydalı ola biləcəyi, sülhə hazırlıq və s. barədədir.

Əldə etdiyimiz məlumatda bildirilir ki, "qonaqlar" tanınmış qarabağlılardan biri, Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli ilə də görüşüblər. Seyid Camal Əzimbəyli faktı təsdiq edərək bildirib ki, həmin şəxslər bir neçə gün əvvəl onu Bakının dəbdəbəli restoranlarının birinə dəvət ediblər: "Onlar RATİ-nin gələcəkdə Azərbaycan siyasətində oynayacağı roldan danışırdılar, Qarabağ məsələsinin həllində Rusiya faktorunu qabardırdılar və biz qarabağlıların bu məsələdə oynaya biləcəyi rola işarə vururdular. Mən mövqeyimi izah etdim ki, hər nə olursa-olsun, Azərbaycan dövlətinin maraqları mənimçün başlıca məsələdir və mən dövlətimin əleyhinə olan heç bir söhbətdə iştirak etməyəcəm. Buna görə də heç çörək belə kəsmədən həmin şəxslərdən ayrıldım".

Söyüq Sadıqov Azərbaycan dövlətinə və xalqına qarşıdır

Ermənilərin "dəyirmanına su tökən" Söyün Sadıqov Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinə zərbə vurmaq məqsədilə, hətta mədəniyyət amilindən də istifadə etməyə cəhd göstərib. Belə ki, S.Sadıqov Azərbaycan xalqının tarixi mədəni incisi sayılan "Sarı gəlin" mahnısını və milli mətbəximizi ermənilərlə ortaq mədəni dəyər kimi paylaşmağı da dilinə gətirib.

Görünən odur ki, Söyün Sadıqov bütövlükdə erməni lobbisinin təsiri altında olduğundan anti-Azərbaycan mövqeyi tutmaqla, dövlətimizin və xalqımızın milli maraqlarına zərbə vurmağa çalışır. Daha doğrusu, Azərbaycana təzyiq etməyə çalışan ermənilərin əlinə işləyir. Əlbəttə ki, zaman-zaman ermənilərə olan məhəbbətini büruzə verən Söyün Sadıqov Azərbaycanın daxili işlərinə qarışan bəyanatlar, müsahibələr də verib. Amma hər dəfə bunu təkzib etməyə çalışan Söyün Sadıqov unudub ki, Azərbaycan xalqı onun bütün hərəkətlərindən xəbərdardır. Belə olan halda, azərbaycanlılar ona haqlı suallar ünvanlayırlar: sən kimsən, Söyün Sadıqov? Sən azərbaycanlıların maraqlarını müdaifə edirsən, yoxsa şəxsi mənafeyin naminə ermənilərlə işbirliyindəsən?

Söyün Sadıqov ermənilər olan yerdə susur

Təbii ki, ona ünvanlanan bu cür suallar tamamilə əsaslıdır. Çünki Rusiyada yaşayan, işləyən, azərbaycanlı adından sui-istifadə edən Söyün Sadıqov heç zaman əslən azərbaycanlı olanların problemlərilə maraqlanmayıb. Əgər belə olsaydı, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri göz qabağına gətirərək, Xocalı soyqırımını xatırlayaraq, Ermənistana qarşı sərt mövqe tutardı. Həmçinin, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərilə də maraqlanardı, bir imkanlı azərbaycanlı kimi onların vəziyyətinin normallaşdırılması üçün addım atardı. Nə səbəbdirsə, Söyün Sadıqov ermənilər olan yerdə susur, hətta azərbaycanlıları onların ayağına verir.

Çox aydın şəkildə ortada olan mənzərə hər kəsə aydınlaşdırır ki, Söyün Sadıqov birbaşa olaraq, anti-Azərbaycan mövqeyi tutub, ermənilərin maraqlarını təmin etməyə çalışır. Əgər belə olmasaydı, Söyün Sadıqov fəaliyyət göstərdiyi müddətdə bir dəfə də olsun deyərdi ki, Ermənistan Azərbaycanın torpaqlarından çıxmalıdır, çünki o, işğalçıdır. Lakin təəssüflər olsun ki, saxta vətənpərvərlik imici altında gizlənən Söyün Sadıqov azərbaycanlıların hüquqlarını deyil, məhz ermənilərin mənafeyini güdür, onların məqsədlərinə xidmət edir. Ona görə də, hər bir vətənpərvər azərbaycanlı düşünür ki, saxta vətənpərvərlik imici altında ermənilərin əlinə işləmək ancaq Söyün Sadıqov kimilərə yaraşar.

Sadıqovu yenidən danışdırırlar

Qeyd edək ki, regionda son günlər ərzində Rusiyandakı bəzi dairələrin iştirakı ilə heç də xoş olmayan proseslər cərəyan etməkdədir. Bu proseslər isə birbaşa olaraq, Azərbaycanın və Gürcüstanın maraqlarına ziddir. Məhz bununla əlaqədar olaraq, Azərbaycanda səfərdə olmuş Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdan kimi Azərbaycana və Gürcüstana qarşı olan təhdidlərdən danışıb.

Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisi aeroportunda jurnalistlərə verdiyi açıqlamada deyib ki, Gürcüstan və Azərbaycan Rusiyadan qaynaqlanan real qeyri-stabillik təhlükəsi ilə üz-üzədir: "Ölkəmizi əlavə muxtariyyətlər yaradılmaqla daha da parçalanması gözləyir, Azərbaycanda isə Gürcüstan ssenarisi üzrə dövlət çevrilişi hazırlayırlar. Rusiyada əslən Gürcüstanın Qardabani rayonundan olan Sadıqov soyadlı bir milyarder çıxıb və Gürcüstanda azərbaycanlılar üçün muxtariyyət əldə etməyə söz verib. Bu cür vədi ölkəmizdəki ermənilərə Gürcüstanın yeni hökuməti tərəfindən əfv edilmiş erməni siyasi fəalı Vaaqn Çaxalyan da verib. Sadıqov, milyarder Vahid Ələkbərov və başqaları ilə əl-ələ verərək, Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyir və böyük pullar hesabına hakimiyyət dəyişikliyinə nail olmağa hazırlaşır".

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə Saakaşvilinin və ona cavab vermiş Sadıqovun fikirlərinə münasibətində deyi: "Saakaşvilinin söylədiyi fikirlər onun özünə məxsusdur. Azərbaycan tərəfinin bu çıxışla əlaqələndirilməsi doğru deyil. Söyün Sadıqov başqalarının əlində alət rolunu oynayır. O, Gürcüstana və Azərbaycana qarşı Rusiyanın müəyyən dairələri tərəfindən istifadə olunur. Söyün Sadıqovun bu cür çıxış eləməsi özünü sığortalama xarakteri daşıyır. O neqativ fəaliyyətlə məşğuldur. Söyün Sadıqov özünə aid olmayan bacarmadığı işlərlə məşğuldur. O özü də yaxşı bilir ki, kim tərəfindən idarə olunur. Ona görə də, Söyün Sadıqovun Azərbaycan hakimiyyəti haqda dediyi fikirlər cəfəngiyyatdır. Biz bu cür adamları zamanında aşkarlayıb ictimaiyyətə təqdim eləmişik. Onun Rusiyada yaşayan azərbaycanlılar içində də nüfuzu yoxdur".

Millət vəkili Söyün Sadıqovun Azərbaycanda çevriliş edə bilməsinin mümkün olmadığını deyərək, Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini vurğulayıb: "Söyün Sadıqov siyasət adamı deyil. Onun təfəkkürü siyasətdən çox uzaqdır. Yersiz çıxışlar edir, ümumilikdə, Qafqazda gedən prosesləri anlamır. Qoy onlar da bilsinlər ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Saakaşvilinin çıxışına Söyün Sadıqov kimi insan belə yanaşa bilməz. Onun hansı dairələrə qulluq elədiyi açıq şəkildə özünü göstərdi. Onun siyasi və mənəvi haqqı olmaya-olmaya ermənilərlə danışıqlar aparır. O bildirir ki, Azərbaycanın işğal olunan ərazilərini bir kənara qoyaq, ermənilərlə əməkdaşlıq edək. Qaranlıq və şübhəli yerlərdə adı hallanan adamdır. Onun yaratdığı təşkilatın tərkibinə də baxın, orada çox müəmmalı adamlar görəcəksiniz. Sadlqovun personası bizim üçün əhəmiyyət kəsb eləmir".

Söyün Sadıqov qərəzli qüvvələrin əlində bir alətdir

Göründüyü kimi, Söyün Sadıqov Cənubi Qafqazda suyu bulandırmaq istəyən qərəzli qüvvələrin əlində bir alətdir. İstənilən vaxt ondan istifadə edilir və küncə qoyulur. Amma Söyün Sadıqov nəzərə almalıdır ki, alət kimi istifadə edilən bir gün elə alət kimi də kənara atılacaq. YAP-ın Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun sözlərilə desək, Söyün Sadıqov ziyanlı və ona şərəf gətirməyən işə baş qoşub: "İnanmıram ki, o, baş qoşduğu işin mahiyyətini tam aydınlığı ilə dərk edir. Əgər dərk edirsə, onda onun əməllərinin adı tamam başqadır. Müxtəlif siyasi oyunlara girib mənsub olduğu xalqa ziyan vurmaq istəyənlər heç zaman rəğbət qazana bilməyiblər".

Əli Əhmədov qeyd edib ki, Azərbaycanın tarixində belələri olub: "Xalq onları lənətlə xatırlayır. Söyün Sadıqov həmin siyahıya daxil olmaq istəyirsə, bu, onun öz işidir. Ancaq bir şey hər kəsə aydındır: Söyün Sadıqovdan bir alət kimi istifadə edilir. Alətdən isə, bir qayda olaraq, işə yararlı olduğu zamana qədər istifadə olunur".

"Səs" Analitik Qrupu

Digər xəbərlər