Novruz Məmmədov: "Azərbaycanda vəziyyət, seçkiqabağı proseslər tam normaldır"
Dağıdıcı müxalifət düşərgəsi, eləcə də, onları idarə edən bəzi xarici siyasi dairələr, həmçinin, "Azadlıq" və "Yeni Müsavat" kimi media orqanları ölkə və beynəlxalq ictimaiyyət arasında süni çaşqınlıq və xaos tipli rəylər yaratmaqdan ötrü ən çirkin vasitələrdən belə istifadə etməkdən çəkinmirlər. Söz yox ki, bu kimi qeyr-sivil davranışları ilə öz məğlub durumlarını xalqdan gizlətməyə səy göstərən dağıdıcı "liderlər" onların nəzarətlərində olan mətbu orqanlarda dezinformasiya xarakterli çıxışlar edir, bununla da hər hansı dividend qazana biləcəklərini düşünürlər. Ancaq görünən tərəf budur ki, ötən seçkilərdə olduğu kimi, bu dəfə də köhnə metodlarını işə salmağa cəhd edən dağıdıcılar son anda mat vəziyyətində qalmağa məhkum olacaqlar. Çünki məsələnin məğzi ondadır ki, sağlam düşüncəli cəmiyyət artıq belə iddialara inanmamaqla yanaşı, dağıdıcılıq funksiyasını birmənalı olaraq rədd edir.
"Azərbaycan hakimiyyətinin qarşıdan gələn seçkilər və seçkilərdə iştirak edəcək namizədlə bağlı da heç bir narahatçılığı yoxdur"
Başqa tərəfdən, dağıdıcı düşərgə "liderləri" və onlara işləyən mətbuat səhifələrində guya hakimiyyət daxilində seçkilərdə iştirak edəcək namizədlə bağlı fikir ayrılığının olması haqqında qeyri-ciddi, yalan, aşırı böhtan kampaniyaları aparılır.
Məhz bu kimi hallara münasibət bildirən Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, eyni zamanda, ölkə başçısının xeyli müddət öncə "Əl-Cəzirə" kanalına verdiyi müsahibədən sonra onun özünün namizədliklə əlaqədar tərəddüd etməsi yönündə müxalif dairələrdə və mətbuatda yer alan mövqelərə münasibətini bildirərkən vurğulayıb ki, bütüb bunlar yalnız qərəzə hesablanmış addımdır: "Bəzi qərəzli dairələrin iddialarının əksinə olaraq, Azərbaycan hakimiyyətinin qarşıdan gələn seçkilər və seçkilərdə iştirak edəcək namizədlə bağlı da heç bir narahatçılığı yoxdur. Həmçinin, hamı bu gün əmindir ki, proseslər bundan sonra da normal gedəcək".
"Seçkilər və seçkilərdə iştirak edəcək namizədlə bağlı məsələ ətrafında spekulyasiyaların, versiyaların hamısı absurddur, cəfəng fikirlərdir..."
Yuxarıda qeyd edilənlərlə yanaşı, PA rəsmisi "Əl-Cəzirə" telekanalı ilə bağlı məsələyə də münasibətini bildirib. "Əl Cəzirə"nin kimin və nəyə xidmət etdiyinin məlum olduğunu vurğulayan Novruz Məmmədov bildirib ki, Azərbaycan xalqı adıçəkilən media orqanının heç bir sözü ilə oturub-durmur: "Axı "Əl-Cəzirə" kimindir, o, kimə xidmət edir, bunlar da məlumdur... Eyni zamanda, mənim xalqımın - Azərbaycan seçiciləri və vətəndaşlarının hansı hissəsi "Əl-Cəzirə"nin dediyi hansısa sözlə oturub-durub, hərəkət etməlidir. Bu, mümkün deyil. Bir daha deyirəm ki, seçkilər və seçkilərdə iştirak edəcək namizədlə bağlı məsələ ətrafında spekulyasiyaların, versiyaların hamısı absurddur, cəfəng fikirlərdir, kimlərsə nəsə istəyə, arzulaya bilər, ancaq onlar heç zaman bura gəlib özünə yer tapa bilməz..."
Xatırladaq ki, dağıdıcı müxalifət "liderləri" və mətbuatı zaman-zaman ölkədə süni ajotaj yaratmaqdan ötrü hətta sabotajlar törətmək üçün dəridən-qabıqdan çıxsalar da, mövcud daxili və xarici siyasi sabitliyə qarşı ən çirkin vasitələrdən belə istifadə etməyə cəhd göstərsələr də, onların həmin addımları ardıcıl uğursuzluqlarla müşahidə olunur. Belə olan təqdirdə, isə xalq hər zaman dəstəklədiyi və bundan sonra da dəstəkləyəcəyi hakimiyyətin ətrafında daha sıx birləşərək dağıdıcı "qüvvələrin" qarşısında keçilməz sipər olacaq.
Rövşən NURƏDDİNOĞLU