PDF Oxu

Araşdırma

  • 1 301

2003-2013... Müasir Azərbaycan tarixinin növbəti "qızıl onilliyi"... 2003-2013

2003-2013... Müasir Azərbaycan tarixinin növbəti "qızıl onilliyi"... 2003-2013

Azərbaycanda qeyri-neft iqtisadiyyatının yeni modeli - aqroparklar

Giriş: 2012-ci ili yüksək nailiyyətlərlə başa vuran Azərbaycan Respublikası yeni dönəmə qədəm qoyur. İnkişafının keyfiyyətcə daha yeni bir mərhələsinə adlayan dövlətimizin bu il ərzində də uğurlar qazanacağı heç kəsdə şübhə doğumur. Xüsusilə də, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrasının ilk ilinin 2013-cü il olduğunu nəzərə alsaq, cəmiyyətimizin sosial-iqtisadi və ictimai-siyasi kontekstdə daha da irəliləyəcəyini əminliklə söyləmək olar. Həmçinin, sosiumun keyfiyyətcə yeni dəyərlər qazanması, hakimiyyətlə vətəndaşlar arasında konstruktiv dialoqun qurulması, insanlarda hakim elitaya münasibətdə möhkəm inamın formalaşması sözügedən uğurların davamlı olacağına da əminlik yaradır. Əlbəttə ki, perspektiv inkişafın konstant apriorunu təşkil edən, sosial-iqtisadi və siyasi təməl rolunu oynayan bu günə qədər əldə olunmuş nailiyyətlər son 10 ilin (2003-2013) uğurlarıdır. Təbii ki, 1993-2003-cü illərin nailiyyətləri Azərbaycanın inkişafı üçün möhkəm dayaqlar formaşlaşdırıb, cəmiyyətin intellektual və kreativ enerjisini ölkənin inkişafı üçün səfərbər edib, sosiumda hakimiyyətə münasibətdə qəti fikir yaradıb. Bu uğurların formalaşdırdığı özül üzərində start götürən sosial-mədəni, eyni zamanda, sosial-iqtisadi modernləşmə siyasəti isə Prezident İlham Əliyevin ölkənin başçısı seçilməsindən sonra reallaşdırılmağa başlanıb. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və rəqabətədavamlı iqtisadiyyata malikdir, beynəlxalq reytinqlərin hesabatlarında müsbət mənada daim öncül sırada dayanır. Bütün bunlara da son 10 il ərzində nail olunub. Ona görə də, 2003-2013-cü illəri müasir Azərbaycan tarixinin növbəti "qızıl onilliyi" adlandırırıq. "Qızıl onillik" çərçivəsində Azərbaycanın aqrar inkişafından yazırıq...

Azərbaycanda həyata keçirilən uğurlu və dinamik sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kənd təsərrüfatının inkişafını sürətləndirmək, qarşıdakı dövrdə aqrar sektoru iqtisadiyyatın milli gəlir baxımından əsas sahələrdən birinə çevirməkdən ibarətdir. Bu məqsədlə aqrar siyasətin yeni inkişaf hədəfələri müəyyən olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiyanın əsas hədəflərindən biri qarşıdakı yeni inkişaf onilliyində qeyri-neft iqtisadiyyatının altbazası kimi isə aqrar sektorun diversifikasiyasının genişləndirilməsinə təkan verən islahatların dərinləşdirilməsindən ibarətdir.

Respublikamızın 2020-ci ilə qədərki ortamüddətli dinamizm frazasında aqrar sektora mühüm yer verilir ki, bu da kənd təsərrüfatının milli iqtisadi təhlükəsizlik platformasında xüsusu çəkisini göstərir. Hazırkı innovativ iqtisadiyyata doğru irəliyə gedən siyasi xəttin əsas coğrafi istiqamətlərindən biri kimi aqrar sektorun modernləşdirilməsi başlıca prinsiplərdəndir. Aqrar sektorun innovasiyalaşdırılması da məhz hazırki yeni onilliyin əsas çağırışı sayıla bilər. Yeni onilliyin inkişaf çağırışları bir sıra sahələr kimi kənd təsərrüfatına yanaşmanı, idarəetməni və milli istehsal prosesinə baxışları da müasirlik, kreativlik fonunda şərtləndirir. Bu prinsiplər kənd təsərrüfatının yeni inkişafı strategiyasının hazırlanması fonunda özünü təsdiq edə bilər. Buna görə də, aqrar sektorla bağlı strategiyanın yenidən hazırlanması prosesinə start verilib.

Yaxın illərdə kənd təsərrüfatında ən mühüm layihələrdən biri aqroparkların yaradılması ilə bağlı olacaq. Prezident İlham Əliyev "Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bildirib ki, aqrar sektorda yeni meyarlar nəzərə alınmaqla proqramların hazırlanmasına, yeni aqrar layihələrə başlamağa ehtiyac var. Dövlət başçısı kənd təzərrüfatinda yeni bir təsərrüfat sistemi olan aqroparkların yaradılmasının zəruriliyini diqqətə çatdırıb: "Hesab edirəm ki, aqroparkların yaradılması üçün şərait artıq yetişib. Bu məsələlərlə bağlı artıq bir neçə ay bundan əvvəl müvafiq göstərişlər verilib, başqa ölkələrin təcrübəsi də öyrənilə bilər, harada ki, bu aqroparklar mövcuddur. Hesab edirəm ki, bu da müasir bir yanaşma və kənd təsərrüfatının inkişafı üçün növbəti bir təkan olacaqdır".

Aqrar parkların reallaşması qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət yetiriləcək, mövcud aqroemal müəssisələrinin müasir texnologiyaların tətbiqi nəticəsində istehsal güclərinin artırılması və yeni müəssisələrinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcək. Yeni strategiyaya uyğun olaraq, aqrar iqtisadiyyatın yaradılması məqsədilə elm və istehsal arasındakı əlaqələr gücləndiriləcək, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq olaraq aparılması məqsədlə zəruri mexanizmlər yaradılacaq.

İnnovasiya fəallığının yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli məhsulların istehsalının stimullaşdırılması, innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri mexanizmlərin qurulması, innovasiya potensialının səmərəli istifadəsi və inkişafının təmin edilməsi məqsədilə dövlət dəstəyi tədbirləri reallaşdırılacaq və müvafiq qanunvericilik bazası yaradılacaq. Aqrar sektorun sahibkarlıq potensialının inkişaf etdirilməsi və yeni fəaliyyət növlərinin və məhsullarının inkişafına əlverişli mühitin formalaşdırılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin gücləndirilməsi, elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların və innovasiya zonalarının yaradılması nəzərdə tutulur.

Aqroparkların əsas hədəflərindən biri ərzaq təhlükəsizliyi ilə bağlı daha güclü mexanizmlərin yaradılmasından ibarətdir. Respublikamızın ərzaq təhlükəsizliyi sahəsində beynəlxalq standartlara qəbul edilməsi və yeni milli standartların inkişaf etdirilməsi nəzərdə tutulur. Bunun üçün Dövlət Proqramında nəzərdə tutulan ali meyarlara uyğun tədbirlər görüləcək, həmçinin, özəl qurumların təşəbbüsü ilə ərzaq təminatının gücləndirilməsinə dair mikrolayihələr həyata keçiriləcək. Məqsəd Azərbaycanda aqro-ərzaq sektorunda fəaliyyət göstərən və xüsusilə də, aqro-biznes sahəsində rəqabətliliyin artırılmasına, ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsinə, yeni məhsulların və bazar əlaqələrinin inkişaf etdirilməsinə istiqamətlənmiş aqro-bizneslər üçün maliyyə xidmətlərinə çıxışını artırmaqdan ibarətdir. Buna aqro-ərzaq sektorunda fəaliyyət göstərən bizneslərin xüsusi ehtiyaclarına cavab verən yeni maliyyə məhsullarının təqdim olunması, həmçinin, yeni fəaliyyətlərin dəstəklənməsi üçün maliyyə vasitəçiləri və aqro-biznes işçilərinin bacarıqlarının artırılması ilə kombinasiyada nail olunacaq.

Layihə çərçivəsində aqrar sahəyə maliyyə dəstəyi və özəl bankların bu istiqamətdə kapitallaşmanı gücləndirməsi də yeni strateji konsepsiyada yer alan meyarlardandır. Kənd təsərrüfatının maliyyələşdirilməsinə dəstək verən maliyyə qurumlarının rolunun artırılması üçün yeni kredit və bank tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Proqnozlara görə, yaxın 10 ildə aqrar sahəyə maliyyə dəstəyi 2000-2010-cu illərlə nisbətdə 3 dəfəyə yaxın artacaq. Maliyyələşmə siyasəti aqro-bizneslərin rəqabətliliyin təmin edilməsinə, yeni texnologiyalara çıxışın artırılmasına, qida təhlükəsizliyinə zəmin yaradan avadanlıqların və proseslərin təkmilləşdirilməsinə və bazar əlaqələrinin yaradılması yolu ilə bazarlara çıxışın yaxşılaşdırılmasına, həmçinin, məhsul innovasiyası, keyffiyəti və təhlükəsizliyinə dəstək verən investisiyalara imkan yaradacaq.

Aqro-parkların yaradılması zamanı kənd təsərrüfatında intensiv və ekstensiv amillər nəzərə alınacaq. Kənd təsərrüfatında maddi-texniki resursların yeniləşdirilməsi geniş təkrar istehsal prosesinin əsas motivini təşkil etməklə istehsalın intensivləşdirilməsi ilə sıx əlaqədardır. Maddi-texniki resursların iqtisadi mahiyyəti əslində əsas etibarı ilə əsas və dövriyyə fondlarının yenidən qurulmasını özündə əks etdirir. Kənd təsərrüfatında geniş təkrar istehsal prosesi də məhz əsas və dövriyyə fondlarının kəmiyyət və keyfiyyət xarakteristikalarının yüksəldilməsini özündə birləşdirir. Kənd təsərrüfatı məhsulları istehsalının intensivləşdirilməsi nəticə etibarı ilə davamlı inkişafın təmin edilməsinin başlıca ilkin şərti kimi çıxış etməklə ərzaq bazarında yerli istehsalın xüsusi çəkisinin yüksəldilməsini özündə əks etdirir.

KTN-lə yanaşı, hökumətin başqa strukturları da aqro-parkların yaradılması istiqamətdə addımlar atmaqdadır. Bunun üçün iri fermer təsərrüfatlarına, aqrar müəssisələrin təşkilinə üstünlük verilir. Qeyd edək ki, hazırda ölkədə birbaşa dövlət investisiyaları vasitəsi ilə 50-yə yaxın iri aqrar müəssisə yaradılması istiqamətində işlər gedir. Bunun üçün əsasən qışlaq regionlarından dövlət fonduna aid 200 min hektar yer ayrılıb. Bir müəssisəyə təxminən 4-5 min hektar yer arılıb və burada əsasən buğda əkilməsi nəzərdə tutulur. Yardımçı təsərrüfat kimi burada iri heyvandarlıq kompleksləri və bir sıra emal müəssisələri də yaradılacaq. Hər aqrar müəssisədən təxminən 20 min ton buğda yığılması düşünülür ki, bu da məhsuldarlığın iki dəfə artırılaraq hektardan 5 tona qədər çatdırılmasını vacib edir. Aqrar parklarının yaradılması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi daşıyır. Bu mənada yeni aqrar platformanın yaradılması iqtisadiyyatın inkişafına töhfə verəcək, texnoparklarla bağlı layihələrin miqyasının artmasına, bu sahəyə investorların axınına, yeni iş yerlərinin yaradılmasına və son nəticədə məşğul əhalinin sayının artımı fonunda insanların sosial rifahının yaxşılaşmasına səbəb olacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər