Akademik Ramiz Mehdiyev: "Lakin bəzi hallarda xarici səfirliklərin nümayəndələri Azərbaycanın daxili işlərinə müdaxilə edir, siyasi proseslərə, öz təlimatları ilə onun icraçılarına təsir göstərməyə çalışır və müəyyən mənada maraqlı tərəfə çevrilərək həm beynəlxalq, həm də Azərbaycan qanunlarının tələblərini pozurlar"
Beynəlxalq münasibətlər sistemində dövlətlərarası münasibətlərin qurulmasında səfirliklərin rolu danılmazdır. Hər hansı dövlətin səfirliyi başqa bir dövlətin hökumətinin, yaxud beynəlxalq təşkilatın yerləşdiyi şəhərdəki diplomatik nümayəndəliyi adlanır. Diplomatik nümayəndəliklərin əsas fəaliyyəti isə onunla bağlıdır ki, iki ölkə arasında əməkdaşlıq qurulsun, münasibətlər daha da sıxlaşsın. Lakin bəzi hallarda səfirliklər beynəlxalq hüquq normalarını pozaraq, yerləşdikləri ölkələrin daxili işlərinə qarışır və daxili qanunvericiliyi kobud şəkildə pozurlar. Çox təəssüflər olsun ki, belə vəziyyət Azərbaycanda da müşahidə olunur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev AzərTAc-a verdiyi müsahibəsində məhz bu məsələyə toxunaraq, ciddi məqamlar haqqında danışıb. Akademik deyib ki, beynəlxalq münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliyin əməkdaşları qəbul edən dövlətin ərazisində hər hansı şərait və hadisəni aydınlaşdırarkən və ya öyrənərkən bunu qanuni vasitələrlə, başqa sözlə desək, qəbul edən dövlətin qanunvericiliyi ilə qadağan edilməyən vasitələrlə yerinə yetirmək öhdəliyi daşıyırlar: "Həmçinin, sözügedən beynəlxalq konvensiyaya əsasən, diplomatik nümayəndəliklərin əsas funksiyalarından biri məhz iki ölkə arasında dostluq münasibətlərini təşviq etmək və bu münasibətlərin irəli aparılmasına çalışmaqdır. Lakin bəzi hallarda xarici səfirliklərin nümayəndələri Azərbaycanın daxili işlərinə müdaxilə edir, siyasi proseslərə, öz təlimatları ilə onun icraçılarına təsir göstərməyə çalışır və müəyyən mənada maraqlı tərəfə çevrilərək həm beynəlxalq, həm də Azərbaycan qanunlarının tələblərini pozurlar.
Digər tərəfdən, Vyana Konvensiyasına əsasən qəbul edən dövlətin diplomatik missiyanın əməkdaşlarının toxunulmazlığını təmin etmək üçün zəruri tədbirlər həyata keçirmək öhdəliyi vardır. Bu öhdəliyin icrası ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi həm ölkəmizdə akkreditə olunmuş diplomatik missiyalara müvafiq rəsmi bildiriş ünvanlamış, həm də həmin sənədi öz internet səhifəsində yerləşdirmişdir. Bildirişdə qeyd olunur ki, diplomatik missiyaların əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş əraziləri və qoşunların təmas xətti istisna olmaqla, ölkənin bütün ərazisində qarşılıqlı prinsiplər əsasında sərbəst hərəkət etmək imkanına malikdirlər. Bununla yanaşı, onlara tövsiyə olunur ki, sərhəd bölgələrinə səfərlər planlaşdırarkən öncədən bununla bağlı Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılsın. Həmçinin, Azərbaycanın hər hansı bölgəsində rəsmi görüşlər keçirmək və ya rəsmi tədbirlərdə iştirak etmək planlaşdırılırsa, bu halda nəzərdə tutulan səfərdən 7 iş günü əvvəl Azərbaycan XİN-ə nota ilə yazılı müraciət olunmalıdır. Bəzi hallarda Konvensiyanın tələblərinin və Xarici İşlər Nazirliyinin tövsiyələrinin nəzərə alınmaması, ilk növbədə, diplomatların təhlükəsizliyinin təmin edilməsinə maneə yaradır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, ölkədə akkreditə olunmuş diplomatik missiyalar fəaliyyətlərində Vyana Konvensiyasının müddəalarını rəhbər tutmalı və Azərbaycanın daxili işlərinə müdaxilə etməməlidirlər".
Təbii ki, Azərbaycanda müəyyən zaman kəsiyində dövlətin işinə qarışan və ya ölkəmizə qarşı çirkin planları işə salan səfirlərin fəaliyyəti hər kəsin diqqətində olub. Elə müstəqilliyimizin ilk illərində belə Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizi möhkəmləndirməyə başladığı dövrdə cəmiyyətə məlum qüvvələr və səfirliklər dövlət çevrilişləri törətməyə cəhdlər göstərib. Bu cür təxribatlar növbəti illər ərzində də davam edib. Hətta 2003-cü ildə radikal müxalifətin siyasi sabitliyi pozmağa cəhd göstərdiyi zaman dağıdıcılara Avropanın məlum ölkələrinin Azərbaycandakı səfirlikləri dəstək veriblər.
Eyni zamanda, hər kəsin yaddaşında hələ də dumanlı vəziyyətə düşməmiş "Eurovision-2012" mahnı yarışması ərəfəsində Almaniya səfirliyinin Azərbaycanda radikal müxalifətə sabitliyi pozmağa istiqamətləndirilmiş planların reallaşdırılması üçün göstərişlər verməsi də eyni problemin tərkib hissəsidir. Məhz alman səfirinin şəxsi təşəbbüsü ilə Müsavat partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli ilə görüşlər təşkil etməsi, icazəsiz aksiyaların keçirilməsi üçün lazımi təlimatlar verməsi də hər kəsin yaddaşınadır. Elə o zaman bütün beynəlxalq qanunvericiliyi pozmuş səfirin məsuliyyətsiz fəaliyyəti ucbatından Azərbaycanla Almaniya arasında qalmaqal da yaşandı. Lakin Almaniyanın siyasi elitasının məsələnin mahiyyətini dərk etməsindən sonra bu cür əməllərə son qoyuldu.
Həmçinin, Avropanın demokratiyanı tabu kimi qəbul edən ölkələri də var ki, onlar da bu cür diplomatik fəaliyyətdən sui-istifadə etməklə Azərbaycanda qarışıqlıq yaratmağa cəhdlər göstərirlər. Götürək elə Böyük Britaniya səfirliyini. Bu ölkənin Azərbaycandakı səfirliyi, həmçinin, bir sıra qeyri-hökumət təşkilatları "demokratiya naminə oxu" və ya "demokratiya naminə oyna" və s. kimi adlar altında ölkəmizin demokratik imicinə zərbə vurmağa cəhd göstərir.
Əlbəttə ki, bu cür faktları ABŞ səfirliyi haqqında da demək olar. Amma Azərbaycan xalqı ölkələrimiz arasında bu cür isti münasibətlərə malik olmasına baxmayaraq, bu cür halların ortaya çıxması təəssüf hissi yaradır. Azərbaycan xalqı istəyir ki, dövlətimizin necə sülhsevər və qarışmamaq prinsipləri əsasında əməkdaşlıq əlaqələri qurursa, digərləri də eyni kontekstdə cavab versinlər.
Bu mənada, Azərbaycan ictimaiyyəti düşünür ki, bu gün prezident seçkilərindən istifadə edib hakimiyyətə təzyiq gösiərməyə çalışan qüvvələr bütün müsbət keyfiyyətləri nəzərə alaraq, çirkin oyunların qurulmasından və reallaşdırılmasından imtina edəcəklər. Yalnız belə bir vəziyyətdə dövlətlərarası münasibətləri inkişaf etdirmək və uğurlar əldə etmək mümkün ola bilər.
"Səs" Analitik Qrupu