Prezident seçkisində müşahidə edilən saxtakarlıqlar Ermənistanda qeyri-müəyyən siyasi vəziyyət yaradıb. Müxalifətin sivil mübarizə üsulları hələlik heç bir nəticə vermir. İqtidarın getdikcə daha radikal tədbirlər görəcəyi proqnozlaşdırılır. Cəmiyyət isə bu ziddiyyətlər altında əzilməkdədir.
Seçki və "Yerevan siyasi mədəniyyəti"
Ermənistanda prezident seçkisi ərəfəsində ekspertlər hesab edirdilər ki, Serj Sarqsyana ciddi rəqib olmadığından səsvermə prosesində problem yaranmayacaq. Lakin Raffi Ovanisyanın bir sıra məntəqədə tam qalib gəlməsi və digərlərində kifayət qədər səs toplaması bütün proqnozları alt-üst etdi. Ermənistan Mərkəzi Seçki Komissiyasının S.Sarqsyana 59%, R.Ovanisyana isə 37% "səs yazması" (bu ifadəni təsadüfi işlətmirik, erməni KİV-ində o, artıq normal qəbul edilir) da gərginliyə aparan prosesləri səngitmədi. Odur ki, Ermənistan seçkidən sonra mürəkkəb vəziyyətə düşdü.
İndi ermənilər "dinc mübarizə" və "Yerevan siyasi mədəniyyəti" ifadələrini tez-tez işlədirlər. Burada söhbət müxalifətin seçkinin nəticələrinin saxtalaşdırıldığını dinc mübarizə yolu ilə sübut etmək cəhdindən gedir. Lakin erməni siyasi mühitinin eybəcərlikləri səbəbindən vəziyyət qeyri-müəyyən olaraq qalır. Bütövlükdə ölkədə radikal müstəvidə qarşıdurmanın yarana biləcəyi proqnozlaşdırılır.
Maraqlıdır ki, erməni analitiklər "Yerevan siyasi mədəniyyəti"nin hazırda Ermənistanda cərəyan edən siyasi proseslərin məzmununa ciddi təsir etdiyi haqqında geniş yazırlar. Məsələ nədən ibarətdir? Birincisi, "Yerevan siyasi mədəniyyəti" termini ermənilərin mental xüsusiyyətlərinin siyasi interpretasiyası kimi təqdim edilir. Bu ifadə onların məhdud (onun konkret mənası "məhəllə siyasi düşüncəsi" kimi izah edilir) dünyagörüşünü və fərqli düşünənlərə düşmən münasibət göstərmələrini əks etdirir. Həmin mədəniyyət daşıyıcılarının "rabis" ("raboçee iskusstvo") adlanan və meşşan həyat tərzinə uyğun olan mədəniyyət mühitində yetişdiklərini deyirlər.
Bunlardan belə nəticəyə gəlirlər ki, Ermənistanda demokratik mühitin formalaşması qarşısında ən böyük maneə ermənilərin həyat tərzində dərin kök salmış Yerevan siyasi mədəniyyətidir! Həmin mühitin həmişə pozitiv fəaliyyət göstərən siyasətçiləri məhv etdiyini və ölkədə terrora rəvac verdiyini vurğulayırlar.
Təbii ki, ermənilərin siyasi düşüncə mədəniyyətində məhəlli təfəkkür, başqalarına nifrət, yaxşı olan nə varsa hamısını məhv etmək, digər millətlərin mədəni irsinə sahib çıxmaq və s. kimi amillərin mövcud olduğunu hər kəs bilir. İndi bunu onların özlərinin etiraf etməsi düşündürücüdr. Digər tərəfdən, burada hansı məqsəd güdülür? Ermənilərin xisləti elədir ki, obyektivlik xatirinə özlərinə tənqidi yanaşmazlar. Həmin kontekstdə maraqlı bir məqam müşahidə edilir.
Alternativ model mövcuddurmu?
"Yerevan siyasi mədəniyyəti"nə qarşı hansı ideya qoyulur? Bu suala cavab vermədən Ermənistanda seçkidən sonra gedən proseslərə obyektiv qiymət vermək çox çətindir. Məsələ xeyli dərəcədə Raffi Ovanisyanın kimliyinə bağlıdır. O, ABŞ-da doğulub. Orada təhsil alıb. Siyasi fəaliyyətində amerikan maneraları üstünlük təşkil edir. Məsələn, insanlarla çox xoş danışır, onları salamlayır, dialoqa dəvət edir, mehriban davranır, səmimi olmağa çalışır. Bunlara görə, onun başladığı hərəkatı "barevolyusiya" adlandırırlar. Bu termin ermənicə "barev" (salam) və "revolyusiya" sözlərinin metaforik sintezindən düzəldilib. Mənası R.Ovanisyanın xoşniyyətli (gülərüz, insanlara salam aparan və s.) amerikansayağı siyasətçi olmasından ibarətdir. Məhz bu məqamda "Yerevan siyasi mədəniyyəti" anlayışına alternativ siyasi düşüncə və fəaliyyət tərzi gizlənib.
Ermənistanda siyasi mühiti dəyişmək üçün rusların əsrlərdir istifadə etdiyi "Yerevan siyasi mədəniyyəti" düşüncə tərzinə Qərb siyasi fəaliyyət modelini qoymaq istəyirlər. Hazırda müxalifətin siyasi hərəkatı kimi təqdim edilən prosesin mahiyyəti bundan ibarətdir.
Həmin müstəvidə həm ölkədaxili, həm də xarici siyasi ziddiyyətlər öz əksini tapır. Daxildə müxalifətin müxtəlif kəsimlərinin bu ideya ətrafında birləşməsi imkanları müzakirə edilir, xarici faktor kimi isə Ermənistan uğrunda ABŞ və Rusiyanın mübarizəsi təhlil olunur. Hər iki aspektdə erməni siyasi təfəkkürü hələ heç bir qənaətə gələ bilməyib. Əksinə, iki müxtəlif siyasi mədəniyyət konseptinin rəqabəti zəif ənənəsi olan cəmiyyəti daha ziddiyyətli vəziyyətə doğru aparır. Bunun konkret nümunələri vardır.
Əvvəla, Ermənistanda siyasi müxalifət R.Ovanisyanı lider kimi qəbul etmir. L.Ter-Petrosyan və daşnaklar ona dəstək verməyə meyllidirlər. Lakin bu, passiv xarakter daşıyır, real gücə çevrilməyib. Problem ölkənin geosiyasi seçimi məsələsində Erməni Milli Konqresi (L.Ter-Petrosyan), Erməni İnqilab Federasiyası (Daşnaksütyun) və "İrs" (R.Ovanisyan) arasında fikir ayrılığının olmasından qaynaqlanır. Bundan başqa, böyük maliyyə imkanına malik olan "Çiçəklənən Ermənistan" (biznesmen Q.Tsarukyan) isə kənara çəkilib.
İkincisi, iqtidar ölkənin rayonlarında müxalifətə qarşı təzyiqlərini gücləndirir. Son məlumatlara görə, Ermənistanın R.Ovanisyana səs verən bölgələrində icra başçılarını dəyişirlər. Gümrüdə, Armavirdə və Şirakda artıq bu, həyata keçirilib. Həmin prosesin davam edəcəyini proqnozlaşdırırlar.
Üçüncüsü, Ermənistanda hesab edirlər ki, Moskva müxalifətin vahid cəbhədən çıxış edərək, "Berkli tülküsü"nün (R.Ovanisyanın ləqəbidir) siyasi liderə çevrilməsinin qarşısını almağa çalışır. Hətta V.Putinin rus desantlarını Yerevana göndərməkdən çəkinməyəcəyini yazırlar. Bu fikir ermənilərin beynində o qədər möhkəmlənib ki, küçələrə çıxmağa belə ehtiyat edirlər.
Əslində, burada bir həqiqət məqamı vardır. Doğrudan da, ABŞ və Rusiya Cənubi Qafqaz uğrunda gərgin mübarizə aparırlar. Bunun fonunda Kreml, təbii ki, Qərb siyasi mədəniyyət daşıyıcısının hakimiyyətə gəlməsini istəməz. Eyni məntiqlə, Vaşinqton S.Sarqsyan kimi siyasi kimliyi kirlənmiş, azərbaycanlılara qarşı terror işlətmiş, regionda siyasi reytinqi olmayan və Kremlin təlimatları ilə hakimiyyətə gəlmiş birisindən yaxa qurtarmağa çalışar. Lakin bütün bunlar Ermənistan rəhbərliyinin əsassız və səmərəsiz xarici siyasətinin birbaşa nəticəsidir. Onlar ölkəni ziddiyyətli bir vəziyyətə salıblar, indi oradan çıxış yolu axtarırlar. Hələlik heç bir real nəticə əldə edə bilməyiblər.
"Aşağıdan inqilab"ın mümkünlüyü
Bütün bunların fonunda Ermənistan cəmiyyətini radikal qarşıdurmalara aparan bir proses yetişir. Müxalifət may ayında keçirilməsi nəzərdə tutulan yerli seçkilərə hazırlaşır. Onlar bələdiyyələrdə daha çox yer tutmaq niyyətindədirlər. Erməni KİV-i bunu "aşağıdan inqilab" kimi qiymətləndirir. Lakin bir mühüm məqamı unudurlar.
Ermənistan iqtidarı rayonlardakı icra orqanlarına ciddi xəbərdarlıq edib. Onlara təzyiqləri getdikcə daha da gücləndirir. Prezident seçkisində R.Ovanisyana hansı səbəblərdən çox səs toplamağa imkan verildiyini araşdırırlar. Bunlar rəsmi Yerevanın bələdiyyə seçkilərində xeyli sərt davranacağı fikrini yaradır. Təcrübə göstərir ki, bu kimi vəziyyətlərdə ermənilərdə nifrət və aqressiya daha da artır. Ekspertlər bölgələrdə radikal qarşıdurmaların artacağından ehtiyat edirlər. Başqa sözlə, müxalifəti regionlarda ciddi təzyiqlər gözləyir.
Bütün bunlara görə, ekspertlər hesab edirlər ki, Ermənistan iqtidarı var gücü ilə yerli seçkilərdə müxalifətin uğur qazanmasına imkan verməməyə çalışacaq. S.Sarqsyanın demokratik seçkilər haqqında danışdıqları cəfəngiyyatdan başqa bir şey deyildir. Deməli, "aşağıdan inqilab" sindromu erməni cəmiyyətini daha mürəkkəb bir duruma sürükləyə bilər. Bunun qarşısını almaq imkanı nə dərəcədədir?
Analitiklər hazırda əsas bu sual üzərində düşünürlər. Ölkədə mövcud olan siyasi mühiti təhlil edərək belə qənaətə gəlirlər ki, cəmiyyətdaxili ziddiyyətlərin kəskinləşməsi qarşısını almaq olduqca çətinləşib. Hər şeydən əvvəl, S.Sarqsyanın hakimiyyətini legitimləşdirmək üçün bütün vasitələrdən istifadə etməyə hazır olduğunu vurğulayırlar. Arqument kimi bundan əvvəlki seçkidə paytaxtda mitinq edənlərə qanlı divan tutulmasını göstərirlər (2008-ci il mart hadisələri nəzərdə tutulur).
İndi S.Sarqsyanı daha radikal addımlar atmağa meylləndirən faktorlar da meydana gəlib. O, ölkə daxilində Dağlıq Qarabağdan olan siyasətçilərə nifrətin artmasından çox çəkinir. Ermənistan əhalisinin demək olar ki, yarısının cəmləşdiyi paytaxtda bu cür əhval-ruhiyyə daha güclüdür. Əgər bu tendensiya genişlənməkdə davam etsə, ölkədə klanlar arasında kəskin savaş başlayacaq.
Başqa bir məqam silahlı qrupların sayının çox olması ilə bağlıdır. Onlar hazırda aktiv surətdə siyasətə qarışırlar. Bu da "aşağıdan inqilab"ın asanlıqla terror dalğasına transformasiya edə biləcəyini təsdiqləyir. Hakimiyyət çevrilişi S.Sarqsyanın özü və ailəsi üçün fəlakətlə nəticələnə bilər.
Nəhayət, Ermənistan üçün geosiyasi seçim məsələsi çox aktuallaşıb. Yerli ekspertlər vurğulayırlar ki, ölkə Rusiya və Qərb arasında vurnuxur. Hər iki tərəfdən təzyiqlər vardır. Lakin S.Sarqsyan qəti qərar verə bilmir. O, bir tərəfdən Rusiyanın Avrasiya inteqrasiyası modelinə və Gömrük İttifaqına daxil olmağa "yox" demir, digər tərəfdən Avropa İttifaqı ilə daha sıx əməkdaşlıqdan danışır. Bu tərəddüdlər Moskva və Vaşinqtonda eyni dərəcədə qəzəblə qarşılanır. Hər iki böyük dövlətin Ermənistana səfər edən emissarları rəsmi Yerevana barmaq silkələyib gedirlər.
Çıxılmaz vəziyyətə düşən S.Sarqsyan, şübhəsiz ki, hər hansı dəyişiklik cəhdinə kəskin reaksiya verə bilər. O, ən kiçik yeniləşmədə özünə qarşı məqamlar axtarmağa çalışar. Bu cür paranoik durum Vaşinqton və Moskvadan təzyiqlərin artması halında rəsmi Yerevanı daha da radikallaşdırar.
Bütün bunlar belə bir nəticə çıxarmağa tam əsas verir – Ermənistanda seçkidən sonrakı vəziyyət ziddiyyətli və qeyri-müəyyən mərhələyə keçidə şərait yaradır. R.Ovanisyanın timsalında siyasi müxalifətçilik modeli cəmiyyəti daha geniş gərginliyin içinə ata bilər. Bunun səbəbi həmin siyasətçinin mövqeyinin antidemokratik olmasında deyil – ermənilərin siyasi mentalitetinin demokratik meyarlara uyğun gəlməməsindədir. "Barevolyusiya" və ya "aşağıdan inqilab" bu mənalarda Ermənistanın siyasi mühitində havaya atılmış boş güllə rolunu oynaya bilər. Müəyyən şərtlər daxilində isə ölkədə siyasi repressiyalar və terrora rəvac verər. Hər iki halda bütövlükdə region üçün risklərin artmasını istisna etmək çətindir.