Müasir dövrdə yeni qlobal geosiyasətin müxtəlif sferalarında getdikcə daha böyük rol oynayan informasiya-kommunikasiya texnologiyaları xüsusi aktuallıq və praktiki əhəmiyyət kəsb etməyə başlayır. Dünyada informasiya və kommunikasiyanın intensivliyi kəmiyyət hədlərini dəf edib tamamilə yeni keyfiyyət əldə etməkdədir. İnformasiya və kommunikasiya müəyyən mənada müstəqil həyat və cəmiyyət üçün dominant rol əldə edir ki, bu effekti də virtual inqilab kimi səciyyələndirmək olar. Onun əsas xüsusiyyəti bundadır ki, informasiya və kommunikasiya artıq predmetlər aləminin hadisələrini təkcə əks etdirmir, həm də onları yaradır və hadisələrin gedişinə təsir göstərir.
Sosial sarsıntılarla müşayiət olunan kəskin hökumət böhranları, hərbi çevrilişlər, son onillikdə Avropa, Asiya və Afrikanın bir sıra ölkələrini əhatə etmiş "rəngli inqilablar" tsikli planetin bir-biri ilə rəqabətdə olan geosiyasi qüvvələrinə əhəmiyyətli təsir göstərir. Bu cür siyasi kataklizmlər əyani şəkildə müasir geosiyasi proseslərdə informasiya-kommunikasiya texnologiyalarının rolunun artmasından xəbər verir.
Yaşadığımız yüzillikdə həm hakimiyyət uğrunda daxili siyasi mübarizənin nəticələrinə, həm də dövlətlərin xarici siyasətinə bəzən həlledici təsir göstərən yeni mexanizmlər ön plana çıxır. İnformasiya-kommunikasiya texnologiyalarının təsiri altında dövlətlərin ənənəvi olaraq qüdrətini şərtləndirən amillərin də nisbətində dəyişikliklər baş verir. Beynəlxalq geosiyasi münasibətlər sistemində ölkələrin aşkar və ya qeyri-aşkar iyerarxiyası həmişə buna əsasən təyin olunur.
Müasir dünyada dövlətlərin hakimiyyət resurslarını qiymətləndirərkən onların informasiya-kommunikasiya texnologiyaları sahəsindəki imkanlarını və yeni informasiya-kommunikasiya məkanındakı mövqelərini nəzərə almamaq düzgün olmazdı. Burada yeni tipli beynəlxalq ziddiyyət yaranır. Bu, bir dövlətin qlobal informasiya məkanında dominantlığa cəhd etməsində öz ifadəsini tapır ki, bu da öz növbəsində digərlərinin müqavimətinə və əks-təsirinə səbəb olur. Beləliklə, qlobal informasiya məkanına və milli suverenliyə, kiberməkana və dövlət hakimiyyətinə obyektiv olaraq müxalif qüvvələr formalaşır.
Təsadüfi deyil ki, dünyanın bir çox aparıcı politoloqları və beynəlxalq münasibətlər üzrə mütəxəssisləri geosiyasi proseslərin məhz bu aspektlərinə xüsusi diqqət yetirirlər.
Azərbaycanın beynəlxalq münasibətlər və geosiyasət üzrə tanınmış alimi Novruz Məmmədov hesab edir ki, yeni informasiya texnologiyaları, nəqliyyat magistralları və digər texniki nailiyyətlər coğrafi çərçivələri əhəmiyyətli şəkildə bir-birinə yaxınlaşdırdı, məsafələri qısaltdı. Çoxölçülü kommunikasiya məkanları haqqında təsəvvürlərə əsaslanan "ən yeni geosiyasət" yaranmağa başladı. Çoxölçülü kommunikasiya məkanı konsepsiyası əsasında ən yeni geosiyasət qlobal və regional geosiyasi, geoiqtisadi və geoekoloji problemlərin həllinə yeni yanaşmaları işləyib hazırlamaq imkanı verir.
Geosiyasət haqqında elmin ən yeni nailiyyətlərinə arxalanaraq Novruz Məmmədov hesab edir ki, geosiyasətdə status kommunikasiyaları, yəni dünyanın aparıcı dövlətlərinin gücünün, iqtisadi və sivilizasiya qüdrətinin sürətlə dəyişən statuslar iyerarxiyası xüsusi yer tutur. Beynəlxalq münasibətlərin mərkəzində ənənəvi klassik geosiyasətdəki kommunikasiya neqativliyi, yəni məkanın xarici aləmdən təcrid olunmasına reaksiya kimi münaqişəlilik durur. Burada münaqişə yeni kommunikasiyanın eyni zamanda həm dağıdıcı, həm də yaradıcı funksiyası kimi yaranır.
Özünün ikicildli "Geosiyasətə giriş" əsərində (bax: 1) Novruz Məmmədov kommunikasiya məkanının çoxölçülüyünün əsas parametrlərini təhlil edərək qeyd edir ki, müasir dünyada informasiya məkanı xüsusi əhəmiyyət kəsb edir.
Texnoloji tərəqqinin nəticəsi kimi informasiya inqilabı informasiya, kapital və ixtisaslı kadrların qlobal mobilliyi deməkdir. Burada çox vaxt mənəvi texnologiyalar maddi-praktiki texnologiyalar üzərində üstünlük təşkil edir. Əvvəllər fərdin statusundan, cəmiyyətdə tutduğu vəzifəsindən və mövqeyindən asılı olaraq müəyyənləşdirilən və milli hökumətlər və beynəlxalq şirkətlər tərəfindən nəzarət edilən əlaqə kanallarına, informasiya bazalarına və informasiya mənbələrinə indi qeyri-rəsmi şəxslər çıxış əldə etmişlər.
İnformasiya resursları yüksək ixtisaslı yaradıcı işçilərin – mənəvi istehsal sahəsinin peşəkarlarının intellektual fəaliyyətinin nəticəsidir. Siyasi, iqtisadi, sosial, mədəni nöqteyi-nəzərlərdən, habelə müdafiə baxımından müasir informasiya texnologiyaları strateji əhəmiyyətə malikdir. Transaksiyalardan, yəni informasiyanın uzun məsafələrə ünvanlı ötürülməsindən fərqli olaraq, indi interaksiya, yəni sözün İnternet şəbəkəsində interaktiv varlığı geniş yayılmaqdadır. Bütün bunlar əyani şəkildə ərəb Şərqində "rəngli" inqilabların gedişində nümayiş etdirilmişdir.
Dünyanın formalaşmaqda olan informasiya, o cümlədən kibernetika İnternet məkanı təfəkkür sivilizasiyası adlanır. YUNESKO-nun məlumatlarına görə, dünyadakı informasiya-kommunikasiya axınının 65%-i ABŞ-ın payına düşür. Beləliklə, Birləşmiş Ştatlar dünya informasiya məkanının mərkəzində durur və dünya birliyi Amerikanın informasiya məkanından əsaslı dərəcədə asılıdır.
Novruz Məmmədovun kitabında qeyd olunur ki, gənc dövlətlərin mikrokosmosunda çoxölçülü kommunikasiya məkanının geosiyasi və sosiomədəni sərhədləri özünəməxsus şəkildə təzahür edir. Onlar cəmiyyətin konsolidasiyası və ya dezinteqrasiyasının əsasını təşkil edə bilər.
Beynəlxalq aləmdə informasiya-kommunikasiya texnologiyalarının praktiki tətbiqinə gəlincə, qeyd etmək lazımdır ki, daha səmərəli şəkildə onlardan postsovet məkanında (Ukraynada, Gürcüstanda, Qırğızıstanda) və bir sıra ərəb ölkələrində (Tunisdə, Liviyada, Suriyada) "rəngli" inqilabların gedişində istifadə olunmuşdur.
Son iki ilin "ərəb baharı"nı təhlil edərkən ABŞ-ın aparıcı analitiklərindən biri olan Cozef Nay özünün "İnformasiya inqilabı siyasi inqilaba çevrilir" adlı məqaləsində (2) yazır ki, "ərəb siyasi inqilabının arxasında bəzən informasiya inqilabı adlandırılan daha uzunmüddətli və daha dərin, radikal dəyişikliklər prosesi durur. Biz hələ tam həcmdə onun nəticələrini anlaya bilmirik, amma o, XXI əsrdə, yəni dövlətlərin, hətta ən qüdrətli hakimiyyətin belə nəzarət edə bilmədiyi mühitdə mövcudluq etdiyi bir şəraitdə hakimiyyətin xarakterini köklü şəkildə dəyişir". Bununla belə qeyd olunmalıdır ki, informasiya müharibəsinin siyasiləşdirilməsi hazırda geosiyasi problemə çevrilərək perspektivdə hətta ən qüdrətli dövlətlərə də təsir edəcək, çünki təkcə münaqişələrə bürünən bölgələrin deyil, bütövlükdə bəşəriyyətin yeni dünya nizamına keçid etməsinə ehtiyac yaranmışdır.
Bununla yanaşı dərk olunmalıdır ki, bütün ölkələr qarşılıqlı asılılığın yeni bir səviyyəsinə qədəm qoymuşdur. Bu mənada ərəb ölkələrinin problemi eyni zamanda bütün dünyanın problemidir.
C.Nay hesab edir ki, bu proseslər dövlətlərarası münasibətlərə də təsir göstərir. Bununla yanaşı, hər bir ölkə informasiya-kommunikasiya vasitələrində baş verən inqilabi yeniliklərdən öz mənafelərinə uyğun istifadə etməyə çalışırlar. Məsələn, İran, Çin və Səudiyyə Ərəbistanı cəmiyyət üzərində daha ciddi nəzarətin tətbiq edilməsi istiqamətində mühüm addımlar atmışlar. Bununla da kənardan informasiya təsirlərini müəyyən dərəcədə neytrallaşdırmaq mümkün olmuşdur. Bununla belə informasiya inqilabı kütlələrin siyasi məkana təsir etmək imkanlarını əhəmiyyətli şəkildə artırır. İnformasiyanın tezliklə ötürülməsi və informasiya imkanlarına çıxış imkanlarının genişlənməsi bu prosesdə xüsusi rol oynayır.
Öz növbəsində ABŞ-ın tanınmış siyasi xadimlərindən biri olan Henri Kissincer qeyd edir ki, "Birləşmiş Ştatlar başqa ölkələrə vətəndaş tolerantlığı və fərdin hüquqlarına əsaslanan cəmiyyətin yaradılmasında kömək edə bilər və etməlidir. Lakin bunu hər bir münaqişəni sırf ideoloji kateqoriyalarda qavramaqla etmək mümkün deyil. Biz səylərimizi ABŞ-ın strateji maraqları çərçivəsinə salmalıyıq: bu, bizim rolumuzun ölçüsü və xarakterini təyin etməyə imkan verər. Demokratiya və beynəlxalq əməkdaşlığa əsaslanan dünya nizamına doğru irəliləyiş aralıq mərhələlərdən keçməkdə köməklik edəcək dözümlülük tələb edir. Bundan başqa, Yaxın Şərqdə yeni nizama can atan müxtəlif qüvvələr etiraf etməlidirlər ki, onların səylərinə bizim verəcəyimiz töhfə bu səylərin bizim maraq və dəyərlərimizə uyğunluğu müqabilində olacaqdır. Məhz buna görə də bu gün bir-biri ilə barışmaz hesab etdiyimiz realizm və idealizmi barışdırmaq lazımdır" (daha ətraflı bax: 3).
H.Kissincerin irəli sürdüyü ideyalar bu məqsədə çatmağa xidmət edir. Yeni geosiyasi amillərdən biri bundan ibarətdir ki, artıq Amerika, əvvəllər olduğu kimi, yalnız öz hərbi gücünə arxalanmır. Bununla belə Vaşinqton öz strateji məqsədlərindən bir addım belə geri çəkilmək niyyətində deyil. Deyilənlərdən aydın olur ki, ABŞ-n geosiyasi konsepsiyalarında müəyyən transformasiyalar dövrü başlamışdır. Amerikanın yeni qlobal geosiyasi situasiyaya çevik reaksiya verə və liderliyini qoruyub saxlaya bilməsi üçün intensiv ideya axtarışları gedir. Birləşmiş Ştatların malik olduğu güclü informasiya-kommunikasiya silahı da məhz bu geosiyasi məqsədə çatmağa xidmət edir.
Tanınmış ABŞ politoloqu Zbiqnev Bjezinski Vaşinqtondakı beyin mərkəzlərindən biri olan və beynəlxalq münasibətlərin aktual məsələlərini işıqlandıran "Milli maraqlar mərkəzi"nin "The National Interest" jurnalına verdiyi müsahibəsində (bax: 4) ABŞ-ın XX əsrin 90-cı illərində yol verdiyi aşağıdakı iki strateji səhvi qeyd edir: birincisi, Birləşmiş Ştatların yeni qlobal geosiyasi reallıqları görə bilməməsi; ikincisi, İraqa hərbi müdaxilə.
Birinci səhv ümumiyyətlə Qərb siyasi təfəkküründəki qüsurlarla bağlıdır. Sosializm düşərgəsinin süqutundan sonra Qərb yaranmış vəziyyətə yaradıcı yanaşmaq əvəzinə uğurlarından eyforiyaya qapıldı. ABŞ özünün əvvəlki geosiyasi ampluasında qaldı, Avropa isə daha da güclü olmaq qərarına gəldi.
Hazırda Yaxın Şərqdə geniş vüsət almış diktatura əleyhinə etiraz aksiyalarını Z.Bjezinski birmənalı qiymətləndirmir. "Ərəb baharı" adı almış bu hərəkat məzmununa görə əsrin sonunda Şərqi Avropada cərəyan etmiş proseslərdən fərqlənir.
Belə ki, XIX əsrdə millətlərin qərarlaşması mərhələsinin başa çatdığı Avropadan fərqli olaraq, Yaxın Şərqdə populizm, dözümsüzlük, tayfa strukturları hələ də qalmaqdadır. Bu mənada bu regionda "bahar"ın sonunun necə olacağını proqnozlaşdırmaq çətindir. Bu proses demokratiyaya gətirməyə də bilər. Burada çox ehtimal ki, dözümsüzlülük, fanatizm, demokratik idarəetmə görüntüsü, hüquqi sistemin formallığı kimi amillər güclənsin. Buna görə də "ərəb baharı" daha çox "demokratiyanın sınmış qanadına" bənzəyir. Z.Bjezinskinin fikirlərinə görə, ümumilikdə təfəkkür tərzi dəyişməlidir. Amerika siyasi şüuru mürəkkəb situasiyalardan çıxış strategiyası üzərində qurulmalıdır.
Rusiyanın beynəlxalq münasibətlər üzrə mütəxəssisi İrina Vasilenkonun fikirlərinə görə, "əvvəllər hərbi kəşfiyyat və əks-kəşfiyyat strateji əhəmiyyətə malik idisə, indi informasiya axınlarının təhlili və təcavüzkar dağıdıcı informasiya fantomlarının aşkarlanması və ifşa edilməsi bu cür əhəmiyyətə malikdir" (bax: 5). Müasir informasiya cəmiyyətində məkan uğrunda mübarizə informasiya sahəsində cərəyan edir və geosiyasətin ön cəbhəsi məhz burada yerləşir.
İ.Vasilenko əsaslı olaraq hesab edir ki, geosiyasətin yeni informasiya paradiqması o deməkdir ki, yaşadığımız XXI əsrdə dünya səhnəsində rəqabətdə olan dövlətlər arasında məkan münasibətlərinin taleyi ilk növbədə onların virtual məkanda informasiya üstünlüyü ilə müəyyən olunur. Müasir şəraitdə geosiyasi strategiyanın işlənib hazırlanması informasiya üstünlüyünə əsaslanan və informasiya texnologiyalarının aktivləşdirilməsinin köməyi ilə dövlətin hərbi qüdrətinin artırılmasına nail olmağa imkan verən operativ konsepsiyanın yaradılmasını nəzərdə tutur.
Həm beynəlxalq aləmdə, həm də dövlətdaxili sosial-siyasi strukturlarda baş verən intensiv dəyişikliklər dövründə informasiya-kommunikasiya sistemlərinin praktiki olaraq bütün sferalarında texnoloji irəliləyiş müşahidə olunur. Bütün bunlar sosial-siyasi münasibətlərə yeni məzmun gətirir, fərdlə kollektiv, vətəndaşla hakimiyyət arasında yeni münasibətlər formalaşır. Beynəlxalq hüququn subyekti kimi dövlət informasiyanın yayılmasına əvvəlki kimi nəzarət edə bilmir. Cəmiyyətin bütün sosial-siyasi təbəqələrinin fəallığının kəskin şəkildə artması problemi meydana gəlir. Bu, son nəticədə qlobal geosiyasi mühitdə də öz əksini tapır. Müasir dövrdə böyük dövlətlərin öz geosiyasi məqsədlərinə çata bilməsi onların ən yeni informasiya-kommunikasiya texnologiyalarından məharətlə istifadə etməsindən asılıdır.