Azərbaycanın müstəqil siyasət yeritməsini və sürətli inkişafını bir çoxları həzm edə bilmir. Onlar ölkəyə iftiralar atmaqda davam edirlər. Bəzi naxələflər isə həmin dairələrin sifarişlərini yerinə yetirməkdən çəkinmirlər. Son zamanlar bunun bir nümunəsini də gördük.
Xəyanət
Fəxrəddin Aboszoda ismi azərbaycanlı oxuculara tanışdır. Təəssüf ki, onu yalnız mənfi mənada xatırlamaq olur. Çünki həyatı boyu böyüyüb-başa çatdığı torpağa, mənsub olduğu xalqa xəyanət edib. Bir zamanlar özünü qondarma "Talış-Muğan Respublikası" "Ali Məclisi"nin sədri kimi təqdim edirdi. Sonra talış-erməni dostluğunun tərənnümçüsünə çevrildi. Azərbaycanda separatizmi gücləndirməyə həsr edilmiş İrəvan tədbirində belə iştirak etdi. Hazırda Rusiyada yaşayan F.Aboszoda erməni təbliğatının ucuz oyuncaqlarından biridir.
Son zamanlar onun Ermənistan və Rusiya mediasında yazıları daha tez-tez dərc edilir. Onların hamısı antiAzərbaycan xarakterlidir. Bu adam Vətən xainliyinin klassik nümunəsi kimi fəaliyyət göstərir. Yazı manerası və məntiqi o qədər primitivdir ki, ciddi təhlil predmeti deyil. Lakin hazırda bəzi dairələrin Azərbaycan ətrafında apardığı oyunlar aspektində bir sıra məqamlara toxunmağa ehtiyac vardır.
Müasir təbliğatın çox incə üsulları mövcuddur. O, bir neçə səviyyədə həyata keçirilir. Daha səmərəli təbliğatı peşəkarlar aparırlar. Bu zaman adi şüur üçün nəzərdə tutulan ucuz təbliğatdan da yararlanmağa çalışırlar. Buna obrazlı olaraq "təbliğatın ikinci və ya üçüncü təkəri" də deyirlər. F.Aboszoda Azərbaycana qarşı qərəzli mövqe tutanlar üçün məhz bu funksiyanı yerinə yetirir.
Bunun son nümunəsi Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən dairələrin dəyirmanına su tökən yazılarıdır. Sirr deyil ki, Cənubi Qafqaz böyük geosiyasi güclərin mübarizə meydanıdır. Burada güclü informasiya savaşı gedir. Müxtəlif dövlətlər öz maraqlarını təmin etmək üçün hər bir vasitəyə əl atırlar. Ermənistan bütün bu proseslərin fonunda çox zəif və perspektivsiz ölkə təsiri bağışlayır. Əsas səbəb isə İrəvanın özünün yeritdiyi yarıtmaz daxili və xarici siyasətdir.
Ermənistanda fevral ayında keçirilən prezident seçkisi ərəfəsi erməni mediası Rusiya-Azərbaycan münasibətlərinin inkişafından dərin narahatlığını ifadə edirdi. Hətta S.Sarqsyanın seçki proqramında bu məsələyə yer verilmişdi. Rəsmi İrəvan iki ölkə arasında inkişaf edən əlaqələrin pozulması üçün müxtəlif yollara əl atdı. Paralel olaraq, Azərbaycanla Rusiya arasındakı münasibətləri təhrif edən informasiyalar yayıldı.
Təəssüf ki, Azərbaycanda bəzi media orqanları bu təxribata uyaraq məsələ ilə bağlı heç bir əsası olmayan məlumatlar dərc etdilər. F.Aboszoda kimi məkrli satqınlar da bu vəziyyətdən yararlanmağa çalışdılar (bax:Faxraddin Aboszoda. Kremlğ trebuet ot İlğxama Alieva 20 milliardov dollarov? İnformaüionnoe Aqentstvo "Rex", 17 mart 2013).
Normal insan üçün F.Aboszodanın yazdıqları cəfəngiyatdan başqa bir şey deyil. Bununla yanaşı, orada müstəqil bir dövlətin başçısına iftiralar atılıb və təhqiramiz ifadələr işlədilib. Azərbaycan dövlətçiliyi xarici qüvvələrin əlində oyuncaq kimi təqdim edilib. Guya bizim ölkədə hakimiyyət məsələsini xaricilərə verilən rüşvət müəyyənləşdirir. Neçə illərdir ki, məhz bu prinsipə görə rəsmi Bakı Kremlə ildə 200 milyon ABŞ dolları rüşvət verirmiş. Çox təəssüf ki, bu cəfəng və tam əsassız sərsəmləmələri əvvəlcə Azərbaycanda nəşr edilən bir qəzet dərc edib. Sonra bədxahlar ondan öz maraqlarına uyğun istifadə ediblər.
Oxucular yəqin ki, bir qədər əvvəl Azərbaycan rəhbərliyi haqqında başqa yalan məlumatların Qərb mətbuatında yayıldığını xatırlayarlar. İndi eyni ssenari daha primitiv formada Ermənistan və qismən Rusiya mətbuatında təkrar olunur. Bunların səbəbi gün kimi aydındır.
Azərbaycan – Qafqazın parlayan Günəşi
F.Aboszoda və onun ağalarını narahat edən əsas məsələ məhz bundan ibarətdir. Azərbaycan regionda sürətlə inkişaf edən, bütün maneələri aşaraq müstəqil və demokratik dövlət quran bir ölkədir. İqtisadi, siyasi, mədəni, sosial sahələrdə həyata keçirilən islahatlar dünyanın inkişaf etmiş ölkələrinin belə diqqətini cəlb edib. Geosiyasətdə və enerji sferasında əldə edilən uğurlara qibtə edənlər çoxdur. Dünyanı maliyyə böhranı bürüdüyü bir zamanda Azərbaycan nəhəng layihələrini gerçəkləşdirir (məsələn, Trans-Anadolu qaz kəməri (TANAP) və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri). Bütün bunlara Ermənistan necə reaksiya verməlidir?
Əvvəlcə Ermənistanın hazırkı vəziyyətinə baxaq. Bu dövlət tənəzzül edir. İqtisadiyyatında heç bir islahat aparılmır. Bunu erməni ekspertlər həmişə deyirlər. Onlar ölkənin iqtisadi sisteminin Rusiyaya satıldığını vurğulayırlar. Əhali işsiz və ac-yalavacdır. Onun əsas göstəricilərindən biri insanların kütləvi surətdə xaricə axın etməsidir. Təkcə 2012-ci ildə Ermənistanı 100 min adam tərk edib. Oliqarxlar vətəndaşların başına min oyunlar açırlar. Qanunsuzluq və özbaşınalıq geniş yayılıb.
Bütün bunlarla yanaşı, təcrübə göstərdi ki, Ermənistanın xarici siyasəti tam yarıtmazdır. İndi ermənilər geosiyasi seçim etmək üçün baş sındırırlar. Onlar heç bir pozitiv təklif vermirlər, yalnız qonşulara qara yaxma ilə məşğuldurlar. Ona görə də böyük dövlətlərin heç biri Ermənistan rəhbərliyini ciddi qəbul etmir. Onların hər biri bu dövlətə oyuncaq kimi baxır, öz maraqlarını tam ödəmək üçün rəsmi İrəvanla təmas qururlar. Belə şəraitdə Ermənistanın uğurlu inkişaf yolunu seçmiş qonşu dövlətlərə şər-böhtan atmaqdan başqa yolu qalmır. İnformasiya təxribatları rəsmi İrəvanın yeganə ümid yeridir. Aboszodalar məhz bu məqamda ermənilərin işinə yaraya bilərlər. Hətta onu "parlaq şəxsiyyət" kimi təbrik edənlər də tapıla bilər. Yeri gəlmişkən, əslən Gəncədən olan Məlik-Şahnazaryan Aboszodanı məhz bu keyfiyyətdə təqdim edir.
Müstəqil siyasət yeridən Azərbaycan rəhbərliyinə qarşı şər-böhtan bu aspektdə onların işinə yarayır. Lakin Kremlin Azərbaycandan Xəzər dənizini istəməsi kimi cəfəngiyat yalnız F.Aboszoda kimi primitiv şüurlu varlıqların ağlına gələ bilərdi. Guya Rusiya rəsmi Bakıdan Xəzərin Azərbaycan hissəsinin istismarını Moskvanın ixtiyarına verməyi tələb edib.
Beynəlxalq münasibətlərin tənzimlənməsi qaydaları və hüquqla elementar tanışlığı olan insanlar üçün bundan cəfəng fikir yoxdur. Azərbaycan nəyə görə enerji siyasətinin nüvəsi olan Xəzəri hansısa başqa bir dövlətin müvəqqəti də olsa, ixtiyarına verməlidir? Hətta keçən əsrin 90-cı illərinin ən ağır zamanlarında belə ölkə rəhbərliyi bunu etmədi. Bir neçə dövlət çevrilişinə sinə gərdi, savaşdı və qalib gəldi. "Əsrin müqaviləsi" məhz bu qətiyyətli və düşünülmüş siyasətin nəticəsi idi. Hər kəs bilir ki, bu saziş ilk növbədə Heydər Əliyevin siyasi iradəsi hesabına imzalandı. Əksər insanlar dərk etmədiyi bir vaxtda ulu öndər Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin dünyanın geosiyasi mənzərəsini dəyişəcəyini söyləyirdi.
İndi Azərbaycan xeyli inkişaf edib. Cənubi Qafqazda və dünyadakı vəziyyət də keçən əsrin 90-cı illərindən kəskin fərqlənir. Onda nəyə görə, Azərbaycan öz neft və qazının taleyini hansısa xarici ölkəyə etibar etsin? Nə qədər gülünc və alçaq fikirdir, deyilmi? Lakin burada onu unutmaq lazım deyil ki, bəzi dairələr Azərbaycana qarşı hələ də çox qərəzli mövqedə dayanırlar. Əslində, onlar ölkə rəhbərliyinin yeritdiyi müstəqil siyasətdən qorxuya düşüblərr, nə edəcəklərini bilmirlər. Cəfəng fikirləri söyləməklə isə içlərində gizlətdikləri qərəzi bildirirlər.
Şübhə yoxdur ki, F.Aboszoda və ona əmr verənlər böyük siyasətin kölgəsində belə çox xırda görünürlər. Onlar küləyə qarşı tüpürənlərə bənzəyirlər. Amma o qədər cılız və şərəfsizdirlər ki, yenə də üzlərini silərək tüpürməyə cəhd edirlər. Belələri üçün, elə Aboszodanın əcdadları deyiblər: "Fəxrəddin, it hürər, karvan keçər".
Newtimes.az