Və ya İrandakı bəzi qərəzli qüvvələrlə əlbir hərəkət edən radikal müxalifəti Azərbaycanın ərazi bütövlüyü maraqlandırmır
Siyavuş Novruzov: "İndiki İran hakimiyyəti Azərbaycana qarşı ərazi iddiası ilə bağlı lap əlli qanun layihəsi qəbul etsə belə, heç bir hüquqi və faktiki mənası yoxdur"
Xəbər verdiyimiz kimi, İran parlamentinin bir sıra üzvləri "Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirməsini" nəzərdə tutan qanun layihəsi üzərində işləyirlər. Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən parlamentin Azərbaycan dilli deputatlarının qanun layihəsini yaxın vaxtlarda hazırlayacaqlarını bildirib: "Rusiya ilə 1828-ci ildə imzalanan müqavilənin müddətinin bitdiyini nəzərə alaraq İranın şimal regionlardan olan deputatların forumu qərara alıb ki, bu sənədə yenidən baxılsın. Biz çalışarıq ki, bütün imkanlardan istifadə edərək, öz hüquqlarımızı bərpa edək".
Amma hər zaman olduğu kimi, "İranın 1828-ci ildə imzalanan və Azərbaycanın tarixi ərazilərinin bölüşdürülməsi ilə nəticələnən Türkmənçay müqaviləsinin ləğvi təşəbbüsünü qaldırmasına Azərbaycanın milli maraqlarını qoruyan Yeni Azərbaycan Partiyasından reaksiya verilib. YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, İran parlamentində Türkmənçay müqaviləsinə yenidən baxılması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasına Azərbaycan dövləti ancaq sevinir.
Onun sözlərinə görə, bu müqaviləyə yenidən baxılmasının yeganə nəticəsi o ola bilər ki, 1828-ci ildə parçalanan Azərbaycan torpaqları vahid Azərbaycan dövləti altında yenidən birləşə bilər: "Buna indi şərait və hüquqi baxımdan tam imkan var".
S.Novruzov qeyd edib ki, o dövrdə Türkmənçay sülh müqaviləsini İran tərəfdən imzalayanlardan biri də Azərbaycan əsilli xanədana məxsus Abbas Mirzə olduğu üçün bu müqavilə hüquqi baxımdan farslara deyil, azərbaycanlılara məxsusdur: "İndi də İran parlamentində bu müqaviləyə yenidən baxılmasının yeganə hüquqi səbəbi ondan ibarətdir ki, cənubdakı Azərbaycan torpaqları Azərbaycan Respublikasına birləşdirilsin, vahid Azərbaycan dövləti yaradılsın".
Qanun layihəsinin İran tərəfdən Azərbaycana qarşı ərazi iddiası qaldırılması məqsədi daşıması barədə fikirlərə münasibət bildirən S.Novruzov deyib ki, İranda həmişə azərbaycanlılar hakimiyyətdə olub: "Şah İsmayıl Xətaidən son dövrlərə kimi orada hakimiyyət azərbaycanlılara, türklərə məxsus olub. Biz də o nəslin davamçıları olan türklərik. Farslar həmişə bizim əsarətimizdə olublar. Ona görə də indiki İran hakimiyyəti Azərbaycana qarşı ərazi iddiası ilə bağlı lap əlli qanun layihəsi qəbul etsə belə, heç bir hüquqi və faktiki mənası yoxdur. Əksinə, məsələnin hüquqi tərəfi bizim xeyrimizədir".
Təbii ki, İranda Azərbaycana qarşı ərazi iddiları ilə çıxış edən qüvvələrə qarşı cəmiyyətimiz də sərt reaksiya verib. Lakin anlaşılmayan məqam ondan ibarətdir ki, yenə də radikal müxalifət, xüsusilə də, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və "El"çi Eldar Namazov heç dillənmir də. Əlbəttə, bir qədər dərin fikirləşəndə, aydın şəkildə görmək olar ki, radikal müxalifətin İranla bağlı fikir işlətməməsi onların şəxsi maraqları ilə bağlıdır. Yəni, bu gün də hər kəs bilir ki, Əli Kərimli İrandakı qərəzli dairələrin sifarişlərini yerinə yetirən agentdir. İkinci bir tərəfdən Rusiyadakı anti-azərbaycançı qüvvələrlə işləyən İsa Qəmbər də dolayısı ilə İrandakı dairələrin əlinə oynayır. Eldar Namazov isə özünə mövqe tutmaq üçün dillənmir və anti-Azərbaycan düşərgəsində yer almağa üstünlük verir. Ona görə də, Azərbaycan cəmiyyəti hər zaman olduğu kimi, bu dəfə də radikal müxalifətdən milli maraqları müdafiə edən mövqe görmür.
Düşünürük ki, hər zaman korporativ maraqlarını xalqın və dövlətin mənafeyindən üstün tutmuş dağıdıcı müxalifət heç bir halda Azərbaycanın çıxarlarına müvafiq addım atmayacaq. Bu səbəb isə onların xəyanət sindromundan əl çəkə bilməməsidir.
"Səs" Analitik Qrupu