PDF Oxu

Araşdırma

  • 2 074

Qlobal geosiyasətdə yeni tarazlıq axtarışları: BRİKS modeli

Qlobal geosiyasətdə yeni tarazlıq axtarışları: BRİKS modeli

Cənubi Afrika Respublikasının Durban şəhəri qısa zamanda dünyada məşhurlaşdı. BRİKS-in növbəti sammiti burada keçirildi. Tədbir öncəsi bəzi iddialı bəyanatlar verildi. Reallıqda dünyanın 5 güclü dövlətini birləşdirən bu təşkilatın toplantısı necə keçdi? Hansı nəticələr əldə edildi? Bu suallara cavablar müxtəlifdir.

BRİKS: alternativlik iddiaları

BRİKS adlanan təşkilatın dünya siyasətində yeri və rolu maraq doğurur. Son zamanlar bu məsələ xeyli aktuallaşıb. Əsas səbəb isə getdikcə daha da mürəkkəbləşən qlobal geosiyasi mühitdə Qərbin yeritdiyi siyasəti tarazlaşdıra biləcək qüvvənin formalaşması zərurətinin dərk edilməsidir. Həmin keyfiyyətdə isə Çin, Rusiya, Braziliya, Hindistan və Cənubi Afrika Respublikası kimi inkişaf edən dövlətlərin birləşdiyi BRİKS-ə əhəmiyyət verilməsi normal təsir bağışlayır.

Bu kontekstdə Çinə yeni rəhbərliyin seçilməsi mühüm faktor olaraq qəbul edilir. Çünki hazırda məhz bu ölkənin dünyada geosiyasi mənzərənin dəyişməsinə ən çox təsir edə biləcəyi ehtimalı böyükdür. Çin bir neçə ildir ki, sürətlə inkişaf edir. Onun ümumdaxili məhsulunun həcmi BRİKS-ə daxil olan digər ölkələrin həmin göstəricilərinin cəmindən çoxdur. Dünya üzrə ən çox əmək qabiliyyətli insan da Çində yaşayır. Hazırda bu dövlət iqtisadiyyatının həcminə görə dünyada ikincidir. Əsas faktorlardan biri isə Pekinin yüksək texnologiyalara sahib olması və bu istiqamətdə inkişafını davam etdirməsindən ibarətdir.

Bu səbəblərdən Çinin yeni prezidenti Si Cinpinin ilk xarici səfərini Rusiyaya etməsi Qərbin siyasi dairələrində həssaslıqla qarşılandı. Tanınmış analitik, ABŞ prezidentinin sabiq müşaviri Zbiqnev Bzejinski Çin prezidentinin ilk səfərini Rusiyaya etməsinin çox pis hadisə olduğunu deyib (bax: Bjezinskiy predlaqaet Pekinu vıbratğ mejdu Moskvoy i Vaşinqtonom // "Qolos Rossii", 26 mart 2013). O, Pekinə təklif edib ki, Vaşinqtonla Moskva arasında qəti seçim etsin. ABŞ Çini əməkdaşlığa dəvət edir. Dünyada iqtisadiyyat üzrə birinci və ikinci yerləri tutan iki ölkə qlobal miqyasda geosiyasi mənzərənin formalaşmasına çox ciddi təsir edə bilərlər. Belə çıxır ki, Amerika Çinin Qərbə alternativ ola biləcək geosiyasi güc yaratmasından ehtiyatlanır. Həmin səbəbdən Pekinlə əlaqələrin strateji səviyyəyə yüksəldilməsinə çalışır.

BRİKS-in son sammiti bu səbəblərdən dünyanın diqqətini özünə çəkdi. Sürətli inkişaf edən 5 ölkə ABŞ və Avropaya alternativ olan geosiyasi güc yarada biləcəkmi? Onlar arasında münasibətlər hansı səviyyədədir? Cənubi Afrikanın Durban şəhəri BRİKS-in tarixində yeni mərhələnin başlanğıcı olacaqmı? Maraqlıdır ki, ekspertlər bu kimi suallara sammitdən sonra da qəti cavab tapa bilməyiblər.

Sammitin gedişində üzv dövlətlər arasında fikir ayrılıqları müşahidə olunub. Bu, bir neçə sahəni əhatə edib. Prezidentlər ümumi olaraq əməkdaşlıqdan danışsalar da, konkret mövzular üzrə ortaq mövqeyə gəlmək mümkün olmayıb. Bütövlükdə prinsipial xarakter daşıyan geosiyasi məsələlərdə üzv ölkələr arasında fikir ayrılığı müşahidə edilib. Burada müxtəlif xarakterli səbəblər özünü göstərib.

Rusiya və Çin: supergüc nostaljisi və yeni qüvvələr nisbəti

Cəmi 22 il bundan əvvəl Rusiya hazırda BRİKS-ə üzv olan hər bir dövlətdən daha güclü idi. SSRİ supergüc kimi ABŞ-a qarşı durmuşdu. Rusiya 14 ölkəni öz ətrafında birləşdirmişdi. Həmin statusu itirib, yeni şərtlər daxilində Çin, Hindistan, Braziliya və CAR kimi güclü dövlətlərlə ortaq təşkilat yaratmaq supergüc nostaljisini oyada bilərdi. Təbii ki, Moskva BRİKS-də "ikinci skripkaçı" olmağı qəbul etməz. Analoji olaraq, Çin də Rusiyanın "SSRİ" statusunda təşkilatda yer almasına razı olmaz. İki böyük dövlət arasında bu səviyyədə gizli mübarizəni BRİKS-in bütün prinsipial mövzular üzrə apardığı müzakirələrdə hiss etmək olur. Zahirən isə Moskva ilə Pekin mehriban qonşular təsiri bağışlayırlar.

Hər şeydən əvvəl, Mərkəzi Asiyada nüfuz uğrunda Rusiya ilə Çin arasında mübarizə gedir. Pekin həmin region ölkələri ilə enerji sahəsində əməkdaşlığını genişləndirir. Moskva müəyyən həddə qədər buna etiraz etmir. Ancaq regionun tamamilə Çinin təsiri altına düşməsini isə qəbul etmək istəmir. Görünür, Si Cinpinin Rusiyaya olan səfərində iki ölkə arasında "Şərq yolu" adlı qaz müqaviləsinin imzalanması müəyyən dərəcədə həmin səbəblərlə bağlıdır. Burada Moskvanın Sibir və Uzaq Şərq rayonlarının inkişafı qayğısına qaldığını da unutmaq olmaz.

Rusiya-Çin münasibətlərində fikir ayrılığına səbəb olan digər faktor birgə inkişaf bankı yaratmaqla bağlıdır. Əslində, hər iki dövlətə dollara alternativ ola bilən valyutanı dövriyyəyə buraxmaq sərf edir. Lakin bu pul vahidinin kimə aid olması məsələsində ciddi mövqe fərqi vardır. İqtisadiyyatı daha güclü olan Çin öz pul vahidi olan yuanı BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) daxilində əsas valyutaya çevirmək istəyir.

Kreml bunu "yağışdan çıxıb, yağmura düşmək" kimi qiymətləndirir. Çünki dollardan yaxa qurtardıqdan bir müddət sonra Çin yuanının diktəsi altında yaşamaq lazım gələcək. İqtisadiyyat və demoqrafiya sahəsində çinlilərin sürətli inkişafını nəzərə alsaq, Rusiya sözün əsl mənasında yeni ekspansiya ilə üz-üzə qalmış olur. ABŞ-dan fərqli olaraq, Çin Rusiyanın qonşusudur və onunla uzun quru sərhədinə malikdir. İndidən Federal Təhlükəsizlik Xidməti çinlilərin sakitcə Uzaq Şərq və Sibiri zəbt edə bilməsi ehtimalından danışır.

Pekin isə valyuta məsələsində heç kəsə güzəştə getmək istəmir. Çünki daha güclü iqtisadiyyata sahib olan dövlət kimi aparıcı vəsilə olmağa çalışır. BRİKS çərçivəsində yaradılması nəzərdə tutulan banka Çin 50 milyard dollar həcmində vəsait qoymağa razıdır. Müqayisə üçün deyək ki, Rusiya 18 milyard dollar maliyyə ayıra bilir. Təşkilata üzv olan digər dövlətlər ortaq bank qurmaq üçün bundan az pul ayırır. Belə olan halda Çinin daha çox imtiyaz tələb etməyə haqqı var.

Rusiya və Çin arasında gedən bu gizli mübarizənin sonu görünmür. Lakin hər iki dövlətin qlobal geosiyasətə aid ortaq maraqları da vardır. Onlar ABŞ-ın hegemonluğuna son qoyulmasına çalışırlar. Həmin səbəbdən Moskva ilə Pekinin əməkdaşlığa davam edəcəklərini proqnozlaşdırmaq olar. BRİKS-in qlobal geosiyasi gücə çevriləcəyi haqqında qəti fikir bildirməyin riskli olmasına baxmayaraq, bu təşkilatı tamamilə kənara qoymaq da doğru deyil. Çünki ora daxil olan dövlətlərin hər biri qlobal miqyasda daha güclü geosiyasi mövqe tutmağa çalışırlar. Bu, onların maraqlarına cavab verir. BRİKS-ə üzv olan ölkələr geosiyasətdə yeni tarazlığın yaradılmasını arzu edirlər.

Bəyanatlardan real addımlara

Təbii ki, Rusiya ilə Çin arasında nüfuz uğrunda gedən gizli mübarizə BRİKS-in fəaliyyətinə birbaşa təsir edir. Lakin bu, təşkilatdaxili münasibətləri xarakterizə edən yeganə faktor deyil. Hindistan və Braziliyanın da öz iddiaları mövcuddur. Bu ölkələr ortaq geosiyasi maraqların müdafiə edilməsinə razı olsalar da, iqtisadi, ticari, müdafiə, təhlükəsizlik və maliyyə sahələrində öz mövqeləri vardır. Məsələn, Braziliya ortaq bank yaradılmasında Çin valyutasına üstünlük verilməsini qəbul etmir. Durban sammitində bu məsələdə real addımların atılmamasında bu məqamın az rolu olmayıb. Hətta Cənubi Afrika Respublikası həmin məsələdə öz maraqlarını qorumağa çalışır. Bu ölkənin prezidenti ortaq bank yaratmaq məsələsini müzakirə etmək üçün Moskvaya getmək istədiyini bildirib. Maraqlıdır ki, V.Putin bu fikrə münasibət bildirməyib. Hər bir halda Durban görüşü sübut edib ki, BRİKS-ə üzv dövlətlərin maliyyə sahəsində ortaq mövqeyə gəlmələri asan məsələ olmayacaq. Ekspertlər onun uzun sürə biləcəyini proqnozlaşdırırlar.

Maraqlıdır ki, təşkilata üzv dövlətlər xarici siyasətdə də ortaq mövqe nümayiş etdirməkdə çətinlik çəkirlər. Məsələn, son sammitdə tərəflər BMT TŞ-də öz nüfuzlarını artırmaq sahəsində irəliləyiş əldə edə bilməyiblər. Onlar konkret qərar qəbul etməyiblər. Bundan başqa, Bəşər Əsədin Suriya məsələsində vasitəçi olmaq təklifi də qəbul olunmayıb (daha ətraflı bax: Gmilio Kardenas. Sammit BRİKS: mnoqo şuma iz niçeqo? // "La Nacion Argentina", www.inosmi.ru, 30 mart 2013).

Bəzi ekspertlər hesab edirdilər ki, Rusiya prezidenti təşkilatın qlobal siyasətdə rolunu artırmaqla bağlı konkret təkliflərlə çıxış edəcək (bax: Alessandro Lattanüio. Putin xoçet usilitğ strateqiçeskuö rolğ BRİKS // "Rinascita", www.inosmi.ru, 28 mart 2013). V.Putin "çoxqütblü dünyada BRİKS-in həlledici rol oynamasını təmin etməli olduqlarını", söyləyib. Bunun üçün strateji qərarların qəbul edilməsi mexanizmlərinin tapılması lazımdır. Bu üsulla BRİKS daha geniş miqyasda beynəlxalq məsələlərin həllində iştirak edə bilər. Lakin Rusiya prezidentinin bu təklifi Durban sammitində reallaşmayıb.

Məsələ ondan ibarətdir ki, təşkilata üzv dövlətlər hələlik geniş miqyasda ortaq geosiyasi maraqlara malik deyillər. Deyək ki, Suriya məsələsinə münasibətdə Braziliya ilə Rusiyanın baxışlarında fərqlər vardır. Bu kimi məqamlar təşkilata daxil olan ölkələr arasında digər problemlərlə də bağlı mövcuddur. Həmin səbəbdən qlobal geosiyasətlə əlaqədar təşkilatın ortaq fəaliyyət mexanizmini formalaşdırmaq mümkün olmayıb. Qərb mediası bu məqamı nəzərdə tutaraq BRİKS-i "sabun köpüyü" adlandırıb (bax: BRİKS – sbornaə solənka// "Le Monde", www.inosmi.ru, 29 mart 2013).

Bütün bunlara rəğmən, BRİKS-in Durban sammiti dünya siyasətində bir hadisədir. Bu tədbirdə müzakirə edilən məsələlər bir daha göstərdi ki, qlobal geosiyasətdə dəyişikliklər qaçılmazdır. Gec və ya tez bu sahədə yeniliklər baş verəcək. Bir çox dövlətlər uzun müddətdir ki, hökm sürən geosiyasi mənzərənin saxlanmasını arzu etmirlər. Hazırda dünyaya liderlik edən ABŞ-ın diktəsi altında yaşamaq istəmirlər. Bunun əvəzində hansı geosiyasi tarazlıq modeli bəşəriyyət üçün daha məqbuldur? Bax, bu suala Durban sammiti də cavab verə bilmədi. Bəlkə də həmin sammitin əsas qüsuru bundan ibarətdir.

Newtimes.az

Digər xəbərlər