Və ya uğursuzların yalançı qalibiyyət xülyası
2013-cü ilin oktyabrında keçiriləcək növbəti prezident seçkiləri yaxınlaşdıqca siyasi spektrdə tədricən müəyyən canlanma nəzərə çarpır. Prinsip etibarilə, bu gözlənilən, təbii və arzuolunan məqamdır. Lakin burada müəyyən ammalar və istisnalar var. Söhbət ondan gedir ki, müxtəlif siyasi qütblərin, xüsusən, destruktiv müxalif qruplaşmalara aid edilən şəxslərin davranışında, siyasi fəaliyyətində və iddialarında tamam ziddiyyətli, amorf və reallıqdan uzaq meyllər, siyasi mədəniyyətə zidd rəftar nəzərə çarpır.
Çay gəlməmiş çırmananlar
Və ya keçirilməyən seçkinin yalançı "qalib"ləri
Doğrudur, seçkilər ərəfəsində bütün iddialılar öz iddiasını ortaya qoyur və müəyyən fərqli fikirlərin, tənqidi yanaşmaların səslənməsi də başadüşüləndir. Sadəcə, tradikomik məqam ondan ibarətdir ki, bizim müxalif iddialılar ənənəvi amplualarından və köhnə adətlərindən əl çəkmirlər, yəni çay gəlməmiş çırmanırlar.
Fikir verin, hələ seçkilərə 7-8 ay qalır. Seçki kampaniyasının başlamasına xeyli var. Ortada rəsmi və qeyri-rəsmi heç nə yoxdur. Başqa sözlə, iddialıların heç biri hələ ki, nə rəsmi, nə də qeyri-rəsmi namizəd sayılmır. Onlar, sadəcə olaraq, seçkidə iştirak niyyətlərini bildiriblər və hələ ki, öz konkret addımlarını, namizəd olub-olmayacaqlarını açıqlamayanlar da var.
Bunun müqabilində müəyyən destruktiv mövqeli iddialıların bəri başdan özünü namizəd, hətta "qalib" elan etməsi, ən yaxşı halda, istehzalı təbəssüm yaradır, insanların çoxunda gülüş doğurur. Çünki belə rəftar, belə qeyri-ciddi, qeyri-peşəkar, siyasətçiyə yaraşmayan davranış və hərəkətlər ictimai rəydə, sadə insanlar arasında heç də müsbət qarşılanmır. Hər kəs açıq görür, bilir, hiss edir və söyləyir ki, onlar sadəcə gözə kül üfürürlər, ağ yalan danışırlar, siyasi terminologiya ilə desək, aşkar bir şəkildə spekuliasiya, manipuliasiya edirlər.
Namizədlik iddiası namizəd olmaq deyil
Bir məqamı vurğulamaq gərəkdir ki, istənilən seçkidə, xüsusən, prezident seçkilərində namizədliyə iddialı olmaq, hələ namizəd olmaq demək deyil. Başqa sözlə, bunlar ən yaxşı halda namizədliyə namizəddirlər. Konkret faktlara keçək. Məsələn, Müsavat başqanı İsa Qəmbər partiyasının qurultayını keçirə bilmədiyi halda, özünü bütün etik normalara, elementar siyasi prosedurlara zidd olaraq, artıq namizəd və az qala keçirilməyən bir seçkinin "qalib"i (?!) elan edib. Bu adam bütün təsadüfi, nədənsə, kimdənsə narazı, müxalifətin toruna düşən azsaylı insanları vaxtaşırı qərargahına dəvət etməklə, onlarla görüşlər keçirir, seçki təbliğatı aparır, reallıqdan uzaq, qeyri-ciddi, arqumentsiz ittihamlar, faktiki olaraq, dövlətçilik əleyhinə yönələn siyasi təhdid xarakterli fikirlər səsləndirir, sonra da iddia edir ki, guya, bu adam elə seçilməmiş qalibdir və hər kəs seçkilər günü yuxudan oyanıb elə məhz İsa Qəmbərə səs verəcək.
"Narıncılıq" eyforiyası
Ona görə ki, o, demokratiyadan danışa-danışa Seçki Məcəlləsinin bütün tələblərini elə ilk addımda kobudcasına pozur, faktiki olaraq, digər alternativ qüvvələri aşkar şəkildə hədələyir, indidən diktatorluq iddiasını gizlətmir və bütün əldə edilən müsbət uğurları inkar edərək mövcud fikir plüralizminin, inkişafın, tərəqqinin əleyhinə çıxır. Digər tərəfdən, "narıncı inqilab"lardan, "ərəb baharı"ndan beyni dumanlandığından hər şeyi dağıdıb xarabalar üzərində hökmranlıq edəcəyini və xalqın da buna ikiəlli razılıq verəcəyini düşünür. Gəlin razılaşaq ki, bu fikirlər çox bəsit, məntiqsiz, siyasi xəstəlik səviyyəsinə çatan bir təfəkkürün nəticəsi, məhsulu ola bilər.
Hər kəsə bəllidir ki, az-çox seçicilərin rəğbətini qazanmaq istəyən, xüsusən, prezidentliyə iddialı olan hər bir şəxs, əslində, cəmiyyətin bütün təbəqələrinin mənafeyini, maraqlarını nəzərə almağı və ifadə etməyi bacarmalıdır. Bunu yaxşı bacaran, cəmiyyətdə, dövlətçilik fəaliyyətində özünü müsbət cəhətdən təsdiqləyən namizəd seçilməsə belə, ictimaiyyətin hörmətini qazana bilir, onunla bir siyasətçi kimi hesablaşırlar, fikirlərinə, söylədiklərinə dəyər verirlər.
Destruktiv düşərgədə iddialıların real seçki platforması yoxdur
İsa Qəmbər barədə söylənilən fikirləri özünü "EL" hərəkatının namizədi elan edən Eldar Namazova, AXCP-nin sədri Əli Kərimliyə, ortada fırlanıb nə istdiyini bilməyən Rüstəm İbrahimbəyova, bu qəbildən olan bir sıra digər müxalif iddialılara aid etmək mümkündür. Faktiki olaraq, bu şəxslərin heç birinin real seçki platforması yoxdur. Onların seçki kampaniyası başlayacağı təqdirdə, namizədliyin qeydə alınması üçün zəruri imzaları toplaya biləcəyi, yəni, sadə insanların namizədliyə namizədləri prezidentliyə namizəd edəcəyi böyuk sual altındadır. İstisna deyil ki, onlardan kimsə həmişə olduğu kimi, müəyyən girov müqavilində namizədliyini təsdiq etdirəcək, kimsə də müxtəlif vədlər, aldatmalar yolu ilə namizədliyin qeydə alınması üçün yetərli sayda imzaları toplaya biləcək.
Bunun özü də hələ seçkilərin nəticəsini və ya seçki prosesinin gedişini müəyyənləşdirən amil deyil. Çünki dəfələrlə olub ki, 50 mindən artıq seçici imzası toplayıb prezidentliyə namizəd kimi qeydə alınan şəxslər seçkilər günü heç 0,5 faiz səs toplaya bilməyiblər. Yəni topladıqları səsin miqdarı 20-25 mindən belə aşağı olub. Başqa sözlə, kimisə prezidentliyə namizəd görməklə namizədlər arasında seçim etməyin böyük fərqi var. Siyasi reallığı dəyərləndirənlər normal, obyektiv mövqeli siyasi təhlilçilər bunu bilirlər və hər zaman etiraf edirlər.
Müxalifləri qeyri-ciddi sorğu manipulyasiyası
Bütün bunların müqabilində müxaliflərin reallıqdan uzaq davranışları, sosial şəbəkələrdə saxta sorğularla diqqəti cəlb etməyə çalışmaları maraqlı və məzhəkəli vəziyyət yaradır. Məsələn, sorğunu ACP sədri, eks-spiker Rəsul Quliyevə yaxın qəzet və ya sayt keçirirsə, orada təbii ki, birincilik adıçəkilən şəxsə məxsus olur. Elə hallar da olur ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev kimi destruktiv müxalifət düşərgəsində, eləcə də, ictimai rəydə nisbətən az tanınan təsadüfi bir şəxs elə təsadüfi səsvermə nəticəsində internetdə bütün müxalif rəqiblərini qabaqlayaraq, "vahid namizəd" seçilir.
Qeyd edək ki, əksər hallarda müxalif düşərgə mənsubları belə sorğularda aşkar saxtakarlığa yol verirlər. Saxta profillərlə, saxta maillərlə, məkanları, İP ünvanları dəyişməklə süni birincilik görüntüsü yaradırlar ki, bu da elə müxalif düşərgədəki digər qruplaşmalar tərəfindən aşkara çıxarılır, ifşa olunur. Bütün bunların müqabilində, müxaliflərin yalançı qalibiyyət xülyası siyasi illüziyadan başqa bir şey deyil. İstənilən halda, destruktiv müxalif düşərgənin siyasi yeniləşmədən, müsbət pozitiv meyillərdən kənarda qaldığı və ilk addımdan növbəti böyük siyasi məğlubiyyəti labüdləşdirən yanlış yolda olduğu aydın görünür.
Naib NİFTƏLİYEV