PDF Oxu

Araşdırma

  • 2 234

Keyfiyyətli telefilm istehsalı professionallıq tələb edir

Keyfiyyətli telefilm istehsalı professionallıq tələb edir

Bir əsrdən artıq tarixi olan Azərbaycan filmi uzun və keşməkeşli yollar keçərək sənət tariximizdə öz sözünü demiş, milli, koloritli, adət-ənənələri yaşadan çoxsaylı kinofilmlərlə milyonlarla tamaşaçının məhəbbətini qazanmışdır. Etiraf edək ki, Azərbaycan telefilminin istehsalı olan onlarla filmlərimiz var ki, hər birinə dəfələrlə baxılsa da, yenə də, onlara tamaşaçı tələbatı yaranır. "Böyük dayaq", "Onun böyük ürəyi", "Bir cənub şəhərində", "O olmasın, bu olsun", "Arşın mal alan", "Ögey ana", "Uşaqlığın son gecəsi", "Uzaq sahillərdə", "Bizim küçə" və daha neçə onlarla filmlərimiz Azərbaycan xalqının mənəvi keyfiyyətlərini üzə çıxarır, ideal insan obrazlarını təqdim etməklə insanlara böyük, ali dəyərləri aşılayır, kamil, yetkin insanların formalaşmasında müstəsna rol oynayır, bədii zövqü oxşayır. Bu gün yaşadığımız dövrdə Azərbaycan kino sənətinə dövlət tərəfindən ayrılan diqqət, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı əsasında hazırlanan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı", eləcə də, son illərdə bir-birinin ardınca telefilmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait Azərbaycan telefilmlərinin yüksək bir şəkildə təqdiminə şərait yaradır. Bəs, görəsən, bu diqqət və qayğının müqabilində Azərbaycanda istehsal olunan telefilmlər qənaətbəxşdirmi? Xüsusilə də, Türkiyə filmlərinə istinad olunaraq çəkilən teleserialları qeyd etməliyik. Bu filmlərdəki aktyor ifası, musiqili rejissor işi qeyri-peşəkarlığı ilə diqqəti cəlb edir. Uzun illər yuxarıda qeyd etdiyimiz filmlərdən maraqlı obrazlar yaradaraq kino sənəti tarixinə möhürlərini vurmuş səntkarlarla əlaqə yaradıb, onların müasir kino sənətindəki ab-havaya münasibətini öyrənmək qənaətinə gəldik. Onlardan biri Azərbaycanın xalq artisti Hacı İsmayılovdır.

Bir çox obrazları ilə sevilən aktyor. "Həm ziyarət, həm ticarət", "Ad günü" filmlərində yaratdığı Mustafa obrazlar ilə yadda qalan aktyor. Kasıb coğrafiya müəllimi Mustafa düşdüyü tragikomik vəziyyətdə belə o öz insani ləyaqətini qoruyub saxlaya bilir. Digər filmdə - lirik-psixoloji filmdə yaratdığı Mustafa obrazı ilə sadə bir Azərbaycan kişisi obrazını sənətə öz nəfəsi, dəst-xətti ilə gətirdi. "Ad günü" kinolentin qəhrəmanları bizim müasirlərimizdir. Müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir. Aktyorun istənilən bir obrazında Azərbaycanın milli keyfiyyətləri, kişilik xüsusiyyətləri müxtəlif formada təzahür olunur.

Çəkildiyi onlarla filmi istər əsas obraz olsun, istərsə də epizodik ona uğur gətirdi. Müasir dövrümüzdə çəkilən filmlər bəs görəsən, aktyoru razı salırmı? Hacı müəllim bu gün kinomuzdakı uğurları, nailiyyətləri çözələdi. Kino sənətinə olan dövlət qayğısından söz açdı: "Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı ilə Ehtiyat Fondundan ayrılmış altı milyon manatlıq maliyyə vəsaiti Azərbaycan kino səntinə olan dövlət qayğısıdır. Sərəncam yeni və keyfiyyətli filmlərin yaradılmasında əhəmiyyətli dərəcədə rol oynayacaq. Bu, artıq o deməkdir ki, Azərbaycan telefilmlərinin istehsalı üçün geniş imkanlar açılıb. Hər bir filmin keyfiyyət baxımından yüksəkdə olmasına kifayət qədər ayrılan vəsait qısa zamanda Azərbaycan teleməkanında uğurlu filmlərin efirdə yayımlanmasına gətirib çıxaracaq. Bildiyiniz kimi, Türkiyədə də, bir neçə il bundan əvvəl teleseriallar çəkilərkən həmin filmlər keyfiyyət baxımından aşağı idi və bu filmlərə heç kəs baxmaq belə istəmirdi. Zaman ötdükcə qazanılan təcrübə, maliyyə vəsaitinin artması dünya kinosuna çıxa biləcək teleserialların istehsalı ilə nəticələndi. Təbii ki, təcrübə də önəmli bir faktordur. Ümid edirik ki, Azərbaycanda da belə bir dövr yaxın zamanda yetişəcək. Aktyor kimi, arzum budur ki, Azərbaycanda istehsal olunan telefilmlər milli adət-ənənələrimizə uyğun çəkilsin. Bu gün kriminal mövzuda olan filmlər çəkilir. Əlbəttə ki, bu məzmunda film çəkmək çox çətindir. Belə filmləri çəkmək üçün ilk növbədə fantaziyanın güclü olması tələb olunur. Reallıqları, potensialı nəzrə alaraq filmlər çikilməlidir. Mən arzu edirəm ki, Prezident tərəfindən ayrılan bu maliyyə vəsaiti gözəl telefilmlərin çəkilişinə sərf edilsin. Axı, Azərbaycan xalqının dünyada seçilən milli dəyərləri, keyfiyyətləri mövcuddur. Professional rejissorlar filmlərimizdə bu dəyərləri işıqlandırmalıdırlar. Ucuz şöhrət dalınca qaçmaq olmaz. Sənət məsuliyyət tələb edir".

BU GÜN ÇƏKİLƏN TELESERİALLAR BİZİM YARALI YERİMİZDİR

Azərbaycan kino sənətinə 60-cı illərdə qədəm qoyan, uğurlu rolları ilə portretini yaradan gözəl aktyorumuz, respublikanın xalq artisti Rafiq Əzimov da son illərdə çəkilən teleseriallardakı qeyri-peşəkarlıqdan, ümumilikdə, efirdə təqdim olunan bir çox əyləncə xarakterli verilişlərdən razı deyil: "Bu gün Azərbaycan filmlərinin çəkilişində bir sıra çətinliklər özünü büruzə verir. Əvvəlki kəmiyyət baxımından bu gün çəkilən filmlərin sayı azdır. Bu gün çəkilən teleseriallar bizim yaralı yerimizdir. Dövlət tərəfindən kinoya ayrılan diqqətin müqabilində zəif teleserialların istehsalına kimsənin mənəvi haqqı yoxdur. Maraqlıdır, bu filmləri ərsəyə gətirən kimdir, filmlərdəki obrazı yaradan aktyorlar kimdir? Düzü, onları tanımırıq. 1969-cu ildə "Lenfilm"in istehsalı olan filmə dəvət alarkən mənim sınaq çəkilişlərim aparıldı. Güclü aktyorlarla tərəf-müqabil oldum. Məndən keyfiyyətli iş tələb olundu. Nəyə görə "Yeddi oğul istərəm" kimi film uğur qazandı? Çünki burada gözəl ssenari olmaqla yanaşı, aktyor seçimi çox uğurlu idi. Azərbaycanın tarixi bir dövrü əks etdirildi. Dövr dəyişdi, komsomol anlayışı ləğv olundu, amma yenə də bu filmə olan tələbat, tamaşaçı istəyi olduğu kimi qalmışdır. Bu gün Azərbaycanda zəif film istehsal olunursa bunun günahı kimdədir? Prezidentin Sərəncamı ilə ölkəmizdə bir çox teatrlar, kinoteatrlar təmir və bərpa olunub. Dünya standartlarına uyğun bir şəkildə qurulub. Teatr 140 illik yubileyi ilə bağlı Prezident Sərəncamı imzaladı. 10 mart Milli Teatr Gününün təsis olunması ilə bağlı daha bir Sərəncama imza atdı. Kino sənətinin inkişafı ilə bağlı Dövlət Proqramı, ayrılan vəsaitlər. Məgər bunlar sənətin inkişafına yönəlməyib? Telefilmə aktyor seçərkən onların istedadı nəzərə alınmalıdır. Bizim dövrümüzdə institutda oxuduğumuz zaman Adil İskəndərov, Məhərrəm Haşımov kimi böyük sənətkarlar özləri kurslarına istedadlı tələbələri yığırdılar. Ötən əsrin 60-80-ci illəri rezonans dövründə sənətə böyük bir axın var idi.

Münasibətlər, nəzarət ciddi olmalıdır. Normalardan kənar çıxan insanlar cəzalandırılmalıdır. Azərbaycanın istedadlı, qüdrətli sənətkarları var. Onlardan öyrənilib mükəmməl filmlərin çəkilməsinə cəhd edilməlidir. Mən təhsil aldığım müddətdə bizim qrupdan 3 nəfər - mən, Eldəniz Zeynalov və Həsən Məmmədov mədəniyyət nazirliyinin təyinatı ilə teatra vəsiqə aldıq. Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Ona görə də sənətimiz böyük uğurlar yaşadı. Bu gün çəkilən teleseriallara ailələr baxır. Mən də bu filmlərdəki aktyor ifasına, rejissor işinə laqeyd qala bilmirəm. Ssenarilərin zəifliyi, danışıq, aktyor oyunu çox bəsit bir formadadır. Şərq dillərini, eləcə də, rus dilini mükəmməl bilən Kazım Ziya kimi sənətkar bizə "Səhnə danışığı" kitabını dönə-dönə oxumağı tövsiyə edirdi. Səhnə dili adi danışıq dili deyil. İndi o dövr deyil ki, hər kəs istədiyi bir şəkildə gəlib efirdə danışsın və yaxud filmlərin dilində istifadə olunsun. Tamaşaçılar daim bizimlə ünsiyyətdə olur. Razı olanda da, olmayanda da münasibətlərini bildirirlər. Sözsüz ki, mənim də yaxınlarım, tanıdığım insanlar öz iradlarını, xoş təəssüratlarını bildirirlər. Bəzən xəcalət çəkirəm. Görkəmli rejissor Tofiq Kazımov bizi efirdə 2-3 dəfə görəndə, tez iradını bildirirdi ki, niyə bu qədər efirdə görünürsüz. Sənətkar öz sözünü ifası ilə deməlidir. Televiziya tənqidçiləri, kino tənqidçiləri olmalıdır. Kinoşünaslar öz fikirlərini bildirməlidirlər. Əvvəllər bizim tamaşalar oynanıldıqdan sonra alimlər, tənqidçilər, teatrşünaslar xoşagəlməyən tərəfləri o andaca bizə söyləyirdilər. Cəsarət yaxşı şeydir. Tənqid inkişaf deməkdir. Sözsüz ki, söhbət sağlam tənqiddən gedir. Yeri gəlmişkən, bildirim ki, dublyajın da vəziyyəti bir o qədər ürəkaçan deyil. Gözəl, müdrik səslərin eşidilməsinə bir tələbat var. Səsin də filmdə rolu müstəsnadır. Ələsgər Ələkbərov, Şahmar Ələkbərov, Leyla Bədirbəyli, Hökumə Qurbanova, Nəcibə Məlikova, Həsən Məmmədov, Həsən Turabov kimi kamil, məlahətli səsləri dinləməyə vərdiş etdiyimiz halda, bu gün zəif, kal, səsində məlahət və həzinlik olmayan, mərdlik, ləyaqət, ismət kimi keyfiyyətləri ifası ilə təqdim etməyi bacarmayan aktyorları eşidəndə, sözsüz ki, bunu qəbul etmək çox çətinlik yaradır. Zövqlü, tələbkar tamaşaçı bu səsləri dinləməklə sanki özünü böyük bir sıxıntıda yaşadığını hiss edir. Dublyajın səviyyəsi aşağıdır. Dublyajlarda 2-3 aktyorun bir neçə rolu səsləndirməsi, sözsüz ki, onun səs imkanlarından xaricdədir. İstedadlı aktyorumuz Səməndər Rzayev Kral Lir obrazını səsləndirərkən, böyük müvəffəqiyyət qazanmışdı. Hətta filmin rejissoru, obrazı yaradan aktyor onun səsinə heyran qalmışdılar. Bu dublyajda aktyor səsinin düzgün seçilməsidir. Xalq artisti, 100 illik yubileyini qeyd etdiyimiz Əli Zeynalovun səsindəki imkanlar dublyajın gözəl alınmasına səbəb idi".

Təbii ki, o, son illərdə müşahidə olunan neqativliklə yanaşı, aktyor kinofilmlərimizin uğurlu taleyini də diqqətə çəkdi: "Mənim son obraz yaratdığım film "Buta"da yaratdığım Dəyirmançı roludur. Qeyd edim ki, bu filmi gənc bir rejissor çəkib. 25 gün ərzində Şamaxıda 18 nəfər ailənin yaşadığı Zarat kəndində çəkilən bu film böyük müvəffəqiyyətə səbəb oldu. Filmin rejissoru İlqar Nəcəf, ssenari müəllifi Ramiz Fətəliyev və İlqar Nəcəfdir. "Buta" filmi artıq Türkiyə, Rusiya, Özbəkistan, Estoniya, ABŞ, Avstraliya və İtaliyada beynəlxalq kinofestivallarda iştirak edib. Film beynəlxalq festival və müsabiqələrdə uğurlar qazandı.

Deyim ki, film Avstraliyada 67 ölkənin iştirakı ilə keçirilən beynəlxalq kinofestivalda birinci yerə layiq görüldü. Daha sonra film Cənubi Afrika kinofestifalında "Qran-pri" mükafatını qazandı. Amerikada keçirilən müsabiqədə qalib oldu. Sorağı dünyanın bu və ya digər ölkələrindən eşidilir. Buna səbəb, əlbəttə ki, ssenarinin gözəlliyi, peşəkar rejissor işidir. İnanırıq ki, yaxın gələcək də çəkiləcək filmlər uğurlar qazanacaq. Ölkə Prezidenti İlham Əliyevin bu sahənin inkişaf etdirilməsi ilə bağlı məlum Sərəncamları kinemotaqrafiyanın inkişafına töhfələrini verib və yeni, uğurlu filmlərimizin istehsalına heç də şübhə yaranmır".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər