Ədalətli olan güclüdür. Vaşinqton bu hissi getdikcə daha çox itirir. Dövlət Departamenti ənənəvi illik hesabatında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan fikirlərə yer verib. Bununla həmin qurum özünə olan inamı daha da azaldıb. Təəssüf...
Qərəzli qiymətləndirmə
ABŞ Dövlət Departamentinin 2012-ci il hesabatında Azərbaycanla bağlı yazılanlar ciddi etiraz doğurur. İllərdir özünü göstərən ikili standartın mövcudluğu yenə də hiss edilir. Azərbaycana tutulan iradların əsassızlığı açıq görünür. İnsan haqları, söz azadlığı, "siyasi məhbus", KİV-in fəaliyyətinin məhdudlaşdırlması, insanların sərbəst toplaşmalarına maneələrin törədilməsi və digər punktlarda ifadə edilən fikirlər həqiqəti yox, müəyyən dairələrin maraqlarını əks etdirir.Əslində, bu məsələ yeni deyil. Qərbin Azərbaycandakı sosial-siyasi vəziyyətə münasibətində mütəmadi olaraq sünilik və qərəz müşahidə edilib. İndi ABŞ Dövlət Departamenti söz azadlığının məhdudlaşdırıldığından və insan haqlarının pozulduğundan dəm vurur. O, nəyi nəzərdə tutur? Müsəlman dövlətlərində insanlar özbaşınalıq edə bilərlərsə, qarşıları kəsilməli deyil? Cəmiyyəti dağıtmağa çalışarlarsa, haqlıdırlar? Bağışlayın, onda Avropa ölkələrində baş verənləri necə adlandırmaq olar?Yunanıstanda gəncləri polis atların altına salır, onları dəyənəklə möhkəm döyür, küçələrdə qovub darmadağın edir, lakin heç kəs insan haqlarının pozulduğundan danışmır. Fransada ""erməni soyqırımı" olmayıb" deyənlərin söz azadlığı heç kəsi maraqlandırmır və onları həbsə atırlar. Belçikada və İspaniyada etiraz edən gəncləri amansızcasına döyürlər. Polisin bu hərəkəti beynəlxalq təşkilatların hesabatlarında "demokratik tədbirlər", "kəmərlərin sıxılması" və s. epitetlərlə qiymətləndirilir.Məlumdur ki, hər bir orduda gözlənilməz hadisələr baş verir. Bəzən onlar ölümlə nəticələnir. Azərbaycanda müxtəlif səbəblərdən əsgər ölümü halları oldu. Daha çox sayda Avropa ordularında və ABŞ-da baş verir. Məsələn, Amerikada indiyə qədər neçə zabiti əsgərə qarşı zorakılıq etdiyinə görə həbs edib və ya asıblar? Onların sayı az deyil, hətta bir neçə filmin də mövzusu olub. Bəs onda nəyə görə, Amerika ordusunda əsgər ölümü məsələsi qaldırılmır və irad tutulmur?Artıq 20 ildən çoxdur ki, Azərbaycanda "siyasi məhbus" məsələsini şişirtməklə məşğul olan qruplar var. Birincisi, bu terminin dəqiq nəyi ifadə etdiyi məlum deyil. Müxtəlif ölkələrdə "siyasi məhbus" anlayışına fərqli yanaşmalar mövcuddur. İkincisi, Cənub Qafqaz ölkələrinin birində "siyasi məhbus" sayılan, regionun başqa dövlətində belə adlandırılmır. Üçüncüsü, Qərb ölkələri özlərində separatizmə qarşı kəskin mövqe nümayiş etdirirlər, lakin müstəqilliyini yeni əldə etmiş dövlətlərə münasibətdə tamamilə fərqli mövqe tuturlar. Onlar başqalarına məsləhət bildiklərini qətiyyən özlərinə aid etmirlər.Bizcə, məsələnin mahiyyəti başqa məqamla bağlıdır. Belə ki, Azərbaycan sürətlə inkişaf edən müsəlman dövlətidir. Burada daxili sabitlik və davamlı inkişaf neçə illərdir ki, özünü göstərir. Qərbin inkişaf etmiş ölkələrində isə böhran getdikcə daha da dərinləşir. Açıq görünür ki, Azərbaycan tezliklə inkişaf etmiş ölkələr sırasına qatılacaq. Cənub Qafqazın digər iki xristian ölkəsi haqqında isə bunu demək mümkün deyil. Görünür, bu səbəbdən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilir.Digər tərəfdən, Bakı müstəqil siyasət yeridir. Bu, milli maraqlara tam uyğundur. Dünyanın heç bir dövləti Azərbaycana nəyisə diktə edə bilmir. Belə bir vəziyyət böyük dövlətlərin regiondakı geosiyasi maraqlarına uyğun gəlməyə bilər. Onlar əmrləri itaətlə yerinə yetirən rejimləri "sevirlər". Məsələn, Ermənistan tamamilə kənar qüvvələrin əlində oyuncağa çevrilib. Orada həmin səbəbdən nə "siyasi məhbus" məsələsi aktuallaşdırılır, nə "demokratiyaya təhlükə" görülür, nə də "söz azadlığı məhdudlaşdırılmır"!ABŞ Dövlət Departamentinin belə hesabatlar hazırlaması reallıqda bu qurumun özünü nüfuzdan salır. Ona olan inam kəskin surətdə azalır. Ədalət prinsipinin pozulduğu yerdə səmimiyyətdən, obyektivlikdən və hörmətdən danışmaq imkansızdır. Təsadüfi deyil ki, Amerikanın özünün aparıcı analitikləri demokratiyanın böhranından yazırlar. Orada əsas problemin siyasi islahatlarla bağlı olduğu tezisi getdikcə özünə daha çox tərəfdar toplayır. Bütün bunlara görə, Azərbaycanla bağlı ABŞ Dövlət Departamentinin hesabatında qeyd olunanlar ciddi qəbul edilə bilməz. Onlar Cənub Qafqazda geosiyasi vəziyyəti daha da mürəkkəbləşdirir. Məsələnin ən pis tərəflərindən biri bundan ibarətdir.
Newtimes.az