PDF Oxu

Araşdırma

  • 1 741

Qoca rejissor Rüstəm İbrahimbəyov nə üçün Azərbaycana gəlmək istəmir?

Qoca rejissor Rüstəm İbrahimbəyov nə üçün Azərbaycana gəlmək istəmir?

Buna səbəb onun törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməkdən boyun qaçırmasıdır

Azərbaycan müxtəlif ictimai-siyasi proseslər ərəfəsində "yağışdan sonra çıxan göbələk" kimi ortaya atılan Rüstəm İbrahimbəyov son həftələr yalnız müsahibələrlə gündəmdə qalmağa çalışır. O, ermənipərəst qüvvələrin dəstəyilə müxtəlif siyasi layihələr reallaşdırmağa cəhd göstərsə də, siyasi iradəsizliyi, qətiyyətsizliyi və reneqatlılığı ucbatından nəticə əldə edə bilməyib. Sonda isə bir neçə ay öncə törətdiyi cinayətlərə görə məsuliyyətdən boyun qaçıraraq, Rusiyaya üz tutdu. Yəni, bu gün də Azərbaycana gəlməkdən boyun qaçıran Rüstəm İbrahimbəyov özünün vergi cinayətini, Şəhidlər Xiyabanına qarşı təhqirlərini, fəhlələrin haqqını verməməsini və s. yaddan çıxarmağa çalışır. Amma onun bu cür cəhdləri uğursuzdur. Çünki hər bir azərbaycanlı onun anti-milli mövqeyi və cinayətkarlığı barədə kifayət məlumağa malikdir.

Belə ki, məlum olduğu kimi, yanvarın 16-da Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə bağlı açılmış cinayət işi haqda məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında 2009-cu il iyunun 1-dən 2012-ci il yanvarın 1-dək olan dövrü əhatə etməklə növbəti səyyar vergi yoxlaması başlanıb. Yoxlama 2012-ci il noyabrın 20-də başlanıb: "Yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdar təşkil edən 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanaraq, fakt üzrə 27.12.2012-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq zamanı departamentin İstintaq İdarəsində toplanmış materiallara əsasən müəyyən edilib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2009-cu ildə XI "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının keçirilməsi üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 330000,00 manat pul vəsaitindən 267130,00 manatı nağd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxslərə verilib. İstintaqın gedişində ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi araşdırılarkən müəyyən olunub ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22000,00 manat məbləğində pul vəsaiti talanıb.

Toplanmış materiallarla fakt təsdiq edildiyindən Kinematoqrafçılar İttifaqının rəhbərliyi tərəfindən festivalın keçirilməsi üzrə ictimai əsaslarla səlahiyyətli nümayəndə təyin olunmuş Əfəndiyevaya Lalə Kamil qızına Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub. Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir".

Bununla bağlı mətbuata açıqlama verən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov isə özünəməxsus şəkildə məsələni şərh edərək, ictimai fikri çaşdırmağa çalışıb. Belə ki, R.İbrahimbəyov "Mən hakimiyyəti tənqid etməyə başlayandan, Azərbaycanda yeni hərəkat yaranacağını və "Ziyalılar Forumu"nun da bu hərəkata dəstək verəcəyini bəyan edəndən sonra Vergilər Nazirliyinin nümayəndələri yenidən ittifaqda yoxlamalara başlayıb" deməklə nəinki özünü təmizə çıxarıb, əslində, o, bütün qanunsuz fəaliyyətlərini ifşa etmiş olub. Çünki Azərbaycan Kinematoqrafçılar İttifaqında Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamalar hələ ötən ilin noyabr ayından başlanıb. R.İbrahimbəyov isə "Ziyalılar Forumu" və yaradılması planlaşdırılan hansısa hərəkat haqqında ötən iki həftədir ki, danışır. Belə olan halda ilkin olaraq, R.İbrahimbəyovun yalanı üzə çıxmış olur.

Digər tərəfdən R.İbrahimbəyov günahını yüngülləşdirmək və ya ictimaiyyətdən bəraət almaq üçün məsuliyyəti nəinki işçilərinin, hətta Mədəniyyət və Turizm Nazirliyinin üzərinə yıxmağa çalışıb. O deyib ki, "Biz 30 min manatın 10 min manatını vergi olaraq ödəməliymişik. Hazırda bu 10 min manatın üzərinə 8 min manat cərimə də əlavə olunub. Bunun bir hissəsini Mədəniyyət və Turizm Nazirliyi ödəməlidir, qalanını isə biz". Amma Vergilər Nazirliyindən verilmiş açıqlamaya görə, Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlıq etdiyi bu və ya digər təşkilata tədbirlər keçirmək üçün maliyyə vəsaiti ayırsa da, əvvəlcə onun smeta dəyəri hesablanır: "Həmin smeta dəyəri nazirliyə təqdim olunduqdan sonra ayrılan həmin vəsait şirkətə verilir. Azərbaycan qanunvericiliyinə görə, tədbirin hesabatını, vergisini, əlavə dəyər vergisini, bir sözlə, xərclərini ödəmək üçün məsuliyyət artıq sözügedən təşkilatın öhdəsində qalır. Mədəniyyət və Turizm Nazirliyi nə üçün onların vergisini ödəməlidir?"

Buradan da aydın olur ki, R.İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqının maddi-texniki bazasını mənimsəməklə yanaşı, eyni zamanda da, vergi cinayəti də törədib. Onun "bir hissəsini Mədəniyyət və Turizm Nazirliyi ödəməlidir, qalanını isə biz" deməsi isə heç şübhəsiz ona dəlalət edir ki, Rüstəm İbrahimbəyovun bu cinayət hadisəsindən xəbəri var, sadəcə olaraq, özünün şəxsi maraqları üçün vergidən yayınmağa cəhd göstərib.

Eyni zamanda, qeyd edək ki, sözügedən yoxlamada adı keçən Əfəndiyevaya Lalə Kamil qızı da mətbuata və ictimaiyyət nümayəndələrinə yaxşı məlumdur. Çünki bu şəxsin adını da məhz, R. İbrahimbəyovun digər fırıldaq oyunlarında çəkilib. Belə ki, hələ ötən il R.İbrahimbəyov ARDNŞ-yə məxsus torpaq sahələrini ələ keçirmək üçün məhz ssenarisi bu dəfəki hadisədən fərqlənməyən oyun qurmuşdu. Həmin "oyun"un araşdırılması nəticəsində bəlli olmuşdu ki, R.İbrahimbəyov şirkətə məxsus torpaqları həyat yoldaşı İbrahimbəyova Şöhrət Salman qızının, yaxın qohumları Əfəndiyev Erkin Orxan oğlu, Quliyeva Vahidə Həmid qızı, Hüseynov Şükür Hüseynəli oğlu, Həsənova Ülviyyə Atamalı qızı, Həsənova Ülkər Atamalı qızı, Həsənova Pərvanə Qurbanqulu qızı, Quliyev Vaqif Fərruxoviç, Həsənov Atamalı Ehtiram oğlu, Quliyev Cəmal Vaqif oğlunun, eləcə də, yaxınları olan İmanova Nailə Davud qızı və Səfərov Faiq Firuz oğlunun adına fərdi yaşayış evlərinin tikilməsi üçün heç bir hüquqi əsas olmadan keçirmək istəyirdi. Məhz həmin şəxslərin sırasında Əfəndiyeva Lalə Kamil qızının da adı çəkilirdi.

Göründüyü kimi, R.İbrahimbəyov bütün çirkin əmələrinə qohumlarını da cəlb etməklə dövlət əmlakının və maliyyə vəsaitinin mənimsənilməsilə məşğul olub. Lakin bu gün aparılmış araşdırmalar zamanı R.İbrahimbəyovun cinayətlərinin üzə çıxması Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrini çətin vəziyyətə salıb. Çıxış yolunu isə məsələnin siyasiləşdirilməsində görən rejissor bütün cəhlərində özünü çıxılmaz duruma salıb. Çünki cəmiyyətdə R.İbrahimbəyovun cinayətlərilə bağlı məlumatlar olduğundan onun məsələni siyasiləşdirərək, problemlən yayınmasının qarşısını alır. Aydın şəkildə görünür ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri məsələni siyasiləşdirməklə immunitet qazanmaq fikrinə düşüb. Bununla da, R.İbrahimbəyov törətdiyi cinayəti ört-basdır etməyə çalışır.

Göründüyü kimi, R.İbrahimbəyov törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməkdən boyun qaçırmaq istəyir. Düşünürük ki, xalqına qarşı təhqirlərə yol vermiş və cinayət törətmiş bir şəxsin Azərbaycanda siyasətlə məşğul olması heç bir mənəvi çərçivəyə sığmır. Ona görə də, Rüstəm İbrahimbəyov daim xalq tərəfindən rədd ediləcək və onun çağırışları cavabsız qalacaq.

"SƏS" Analitik Qrupu

Digər xəbərlər