Ermənilərin doğma vətənlərini tərk etmələrinə dair rəsmi rəqəmlər geniş ictimaiyyətdən gizlədilsə də, deputat Aram Manukyana görə hər gün 500 erməni vətəndaşı Ermənistanı bir dəfəlik tərk edir. Parisdə nəşr olunan "Ermənistan xəbərləri" qəzetinin may ayının 1-də dərc olunan nömrəsində bu barədə məqalə verilmişdir.
Məqalədə bildirilir ki, deputat hər gün 500 erməninin Ermənistanla Gürcüstan atasındakı Pakaradaşen keçid məntəqəsindən sərhədi keçdiklərinin şahidi olmuşdur. Bəzən onların sayı mini keçir. Deputat buna əmin olmaq üçün özü şəxsən sərhəd keçid məntəqəsinə getmiş və 300-400 erməni gəncin avtobuslarda Ermənistanı bir dəfəlik tərk etmək məqsədilə öz növbələrini gözlədiklərinin şahidi olmuşdur. Bu gənclər işləmək məqsədilə Rusiyaya və digər ölkələrə getmək üçün sərhəddə 60 min dram ödəməli olurlar. Bəzən onlar ailələri ilə birlikdə ölkəni birdəfəlik tərk edirlər. Aram Manukyanın fikrincə, korrupsiyaya qurşanan dövlət rəsmilərini immiqrasiya problemi bir o qədər də narahat etmir.
Gəncləri doğma vətənlərini tərk etməyə vadar edən hansı amillərdir? Ermənistan rəsmiləri beynəlxalq ictimaiyyətin gözünə kül üfürərək, guya ölkənin iqtisadiyyatında artım müşahidə edildiyi, əhalinin sosial vəziyyətinin yaxşılaşdığı barədə boş hay-küy qaldırırlar. Əgər həqiqətən də, Ermənistanda rəsmilərin dediyi kimi vəziyyət yaxşıdırsa, onda nə üçün hər gün 500 erməni ölkəni tərk edir?
Deməli, erməni rəsmiləri nəinki dünya ictimaiyyətini, habelə öz xalqını aldadır. Əsl həqiqətdə ölkənin iqtisadiyyatı iflic vəziyyətinə düşmüş, işsizlərin sayı artmış, əhalinin əksəriyyəti yoxsulluğun son həddində yaşamağa məcbur olmuşdur. Bir qrup oliqarxın əlində oyuncağa çevrilən Ermənistanda korrupsiya tüğyan edir. Belə bir ölkədə öz gələcəyini görməyən erməni gənclər Ermənistanı bir dəfəlik tərk etməyə məcbur olurlar.
Bir sözlə gənc qüvvələrini itirən bu ölkənin gələcəyi yoxdur.
newtimes.az