Azərbaycanda həyata keçirilən xarici siyasətin prioritet istiqamətlərindən biri ayrı-ayrı dövlətlər ilə yanaşı, beynəlxalq qrum və təşkiatlar ilə də ikitərəfli əlaqələri və bərabərhüquqlu münasibətləri qurmaq, bu münasibətləri qarşılıqlı hörmət, maraqlar və bir-birlərinin işlərinə qarışmamaq prinsipi əsasında möhkəmləndirərək, onu inkişaf etdirməkdir. Məhz bu nöqtey nəzərdən qeyd etmək olar ki, Azərbaycan Respublikasının xarici siyasət prioritetlərində ölkənin Avropa İttifaqı sisteminə siyasi, iqtisadi, habelə mədəni sahələrdə inteqrasiya prosesi öncül yerlərdən birini tutur.
Burada önəm verilən ən mühüm məsələr isə ölkənin təhlükəsizliyinə qarşı olan təhdidləri neytrallaşdırmaq, xalqın rifah halının yüksəldilməsi, xarici kapital və investisiyaların, həmçinin yeni texnogiyaların ölkə iqtisadiyyatına daxil olmasıdır. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı ilə səmərəli əməkdaşlıqların qurulması da bu faktorda əsas istiqamətlərdən birini təşkil edir.
Qeyd etmək lazımdır ki, Avropa İttifaqının də öz növbəsində Qafqazda, o cümlədən Azərbaycanda geostrateji və geosiyasi maraqları vardır. Belə ki, Azərbaycan Respublikasının zəngin təbii sərvətlərə malik olması, əlverişli geosiyasi və strateji vəziyyəti, Avropa ilə Asiyanı bağlayan nəqliyyat-kommunikasiya sisteminin mərkəzində yerləşməsi, sülhsevər xarici siyasəti və bölgədə sabitlik amilinə birmənalı olaraq riayət etməsi, habelə demokratiya və bazar iqtisadiyyatı yolunu tutması, xarici siyasət kursunda Avropaya meyil göstərməsi və s. amillər Avropa İttifaqı dövlətləri üçün Azərbaycan amilini önəmli tərəfdaşa çevirmişdir.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan Avropa İttifaqı ilə daha ciddi münasibətlər qurmaq niyyətini 1993-cü ildə bəyan etmişdi. Ancaq Azərbaycanın o dövürdə real müharibə vəziyyətində olması, daxili problemlər və daha önəmli məsələlərin mövcudluğu əlaqələrin qurulması qarşısında maneələr kimi çıxış edirdi. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının yürütmüş olduğu xarici siyasət xəttində Avropa İttifaqının önəmi daim diqqət mərkəzində saxlanılırdı. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev 8 iyul 1996 - cı ildə İtaliya xarici işlər nazirinin muavini Marqarit Boniverin rəhbərlik etdiyi Avropa İttifaqının nümayəndə heyətini qəbul etdiyi zaman apardığı danışıqlarda Azərbaycanın bu aparıcı Avropa strukturu ilə əməkdaşlığının əsas məqsədlərini dəqiq müəyyənləşdirərək demişdir: "Avropa ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Bu, bizim üçün xarici siyasətimizin üstün cəhətlərindən biridir".
Söylənilən bu fikirdən də göründüyü kimi, əslində bu, Azərbaycanın Avropa ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın konturlarının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilməsi demək idi. Hazırda rəsmi Bakı qarşıya qoyulmuş bu siyasi kursa sadiq qalaraq Avropa İttifaqı ilə Yaxın Qonşuluq və Şərq Tərəfdaşlığı proqram-layihələri çərçivəsində bir çox sahələrdə əməkdaşlıq edir.
7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Avropa İttifaqı və Azərbaycan arasında Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması tərəflər arasındakı münasibətlərin strateji önəmini bir qədər də ön plana çəkmişdir. Təsadüfü deyildir ki, sözügedən anlaşma Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması, Azərbaycan və Xəzərdən Avropa İttifaqına enerji təchizatının təhlükəsizliyinin artırılması, Azərbaycanda müfəssəl enerji idarəetmə siyasətinin işlənilməsi, o cümlədən bərpa olunan enerjinin inkişafı, habelə texniki mübadilə və qarşılıqlı əməkdaşlıq kimi sahələrin inkişaf etdirilməsi nöqteyi-nəzərdən olduqca mühim önəm kəsb edir.
Bu gün Azərbaycanın Avropa İttifaqı ilə bağlı yürütmüş olduğu xarici siyasətin ən önəmli faktorlarından biri, respublikanın bir nömrəli, taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidir. Belə ki, bu ilin aprel ayında Bakıda "Business Year" jurnalının Azərbaycanın iqtisadi inkişafına həsr olunmuş növbəti nömrəsinin təqdimat mərasimində çıxış edən Prezident Administrasiyası rəsmisi Əli Həsənov, Azərbaycanın son bir neçə ay ərzində Avropa institutlarının diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə çalışdığını bəyan edərək, bunun regional təhlükəsizliyinin təmin olunması baxımdan müstəsna əhəmiyyət kəsb etdiyin bildirmişdir. Sitat: "Üç daha nüfuzlu Avropa institutu var - Avropa İttifaqı, NATO və ATƏT. Əlbəttə, Avropa Şurasını da yaddan çıxarmaq olmaz, buna görə də biz Avropa Şurası ilə aktiv əməkdaşlıq edirik. Lakin regional təhlükəsizlik nöqteyi-nəzərindən ən nüfuzlu Avropa institutlarından biri NATO-dur. Avropa qitəsi ilə iqtisadi münasibətlərə gəldikdə isə, biz Aİ ilə münasibətlərin inkişafına tərəfdarıq. Təəssüf ki, bu iki təşkilat Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv iştirak etmir. Onlar ərazi bütövlüyümüzü tanıyan bəyanatlar verir və tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağırırlar. Lakin biz hesab edirik ki, regional təhlükəsizliyin təminatında bu iki institutun potensialı daha böyükdür və onlar bu potensialdan istifadə etməlidir... Düşünürəm ki, onlar Ermənistanı bu regionda sülhün bərqərar olması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağıra bilərlər. Bu, əlbəttə ki, regionda sülhün bərqərar olmasına və AB ölkələrinə enerji resurslarının daha təhlükəsiz şəkildə nəqlinə təsir göstərmiş olacaq. Çünki təkcə Cənubi Qafqazda deyil, bütün Avropa qitəsində sülhün olması zəruridir".
Məlumat üçün onu da bildirək ki, regionun təhlükəsizliyini bu günün özündə belə təhdid altında saxlayan bu münaqişə Avropa İttifaqının da xüsusi diqqət mərkəzindədir. Bəzi analitiklərin fikrincə əslində AB-nin bu gün üçün Cənubi Qafqazda baş verən proseslərə münasibəti olduqca gərgin notlar üzərində qurulub. Belə ki, regiondakı dondurulmuş münaqişələrin mövcudluğu AB-nin Cənubi Qafqaz ölkərinin hər biri ilə, ələlxüsus isə Azərbaycan ilə bağlı yürütmüş olduğu siyasətə birmənalı olaraq təsir göstərir.
Maraqlıdır ki, birlik problemin həllinə tez bir zamanda nail olmağ cəhd göstərsə də, ancaq o problemin həlli yolundakı irəliləyişə mövcud status-kvonun qorunub saxlanılması və aparılan danışıqlar vasitəsilə nail oluna biləcəyi düşüncəsindədir. Bu, həm də Avropa İttifaqının regiondakı mövqelərinin qorunub saxlanılması baxımdan mühüm faktordur.
Bu gün Avropa İttifaqı çalışır ki, Cənubi Qafqazı özünün mühim proqram-layihələrinə cəlb etməklə onu Rusiyanın əlindən ala bilsin. Əslində bu yolla Avropa İttifaqı həm də özü ilə Rusiya arasında yeni bir təhlükəsizlik zolağını formalaşdırmağa çalışır. Avropa hər hansı bir münaqişədən yana Rusiyanın jandarm olmaq imkanını tanımaq niyyətində deyil. Bu gün Avropa istəmir ki, əzəli rəqibi olan Rusiyaya hansısa müstəvidə, hətta lokal müstəvidə belə müharibə fürsətini vermiş olsun. Çünki müharibə hər zaman Rusiyanı dirçəldən, onu ayaqda saxlayan, təsir imkanlarını genişləndirən bir faktor olmuşdur. Digər tərəfdən Avropa İttifaqı onu da anlayır ki, məsələnin sülh yolu ilə həlli birbaşa Rusiyanın əlindədir və Rusiya təhdidi bu gün üçün Qafqazlarda öz aktuallığını qoruyub saxlamaqdadır.
Tədqiqatlara dayanaraq söyləmək olar ki, bu gün Avropa İttifaqının məlum Qarabağ problemi ilə bağlı yürütmüş olduğu siyasətdə buqələmun mahiyyət özünü daha çox büruzə verir. Belə isə nə baş verir? Nə baş verir ki, bizlər Avropa İttifaqının mövqeyində məhz bu cür dəyişmələri müşahidə edirik? Cavab isə belədir: Avropa İttifaqı çəkinir ki, rəsmi Bakı sülh kontekstində aparılan danışıqlar prosesinin bir nəticə verməyəcəyini hiss etdiyi anda, pessimizmə qapılaraq müharibəni istənilən anda başlada bilər. Ona görə də Avropa İttifaqı belə hesab edir ki, mahiyyət və məzmunundan asılı olmayaraq bu boşluğun doldurulmasına qısa vədədə də olsa müəyyən ehtiyac vardır. Bu isə məlum təhdidlər və ya vasitəçilik missiyası ilə ola bilər. Bir sözlə, istənilən danışıqlar və ya təhdidlər, mövcud situasiyanın hərbi ssenariyə keçməməsi üçün müəyyən təminat yaradır. Məhz bunun nəticəsidir ki, ittifaq bölgədə istənilən müharibə amilinin yolverilməz olduğunu vurğulayaraq, buna qarşı öz etirazını bildiri.
Bunu isə konkret olaraq aşağıdakı kimi xarakterizə etmək olar:
1. Avropa İttifaqının bölgədə müharibənin başlayacağı təqdirdə, vəziyyətin xaotik hal alacağından ehtiyat edir ki, bu da bütünlükdə onun maraqları ilə ziddiyət təşkil edir. Çünki Avropa belə bir təhlükəni Rusiya-Gürcüstan müharibəsi zamanında yaşayıbdır. O zaman Bakı-Tibilisi boru kəmərinin bilərəkdən partladılması Avropanın enerji təhlükəsizliyinə olan ən böyük təhdid idi.
Avropa Birliyinin enerji təhlükəsizliyində əsas olan regionlar və dövlətlər sırasında 3 mühüm istiqamət mövcuddur ki, bunlardan birincisi Yaxın Orta Şərq bölgəsi, ikincisi Xəzər hövzəsi regionu, üçüncüsü isə Rusiyadır. Yaxın Orta Şərqdə sabitliyin olmaması və orada yaşanan xaoslar bu günün özündə belə Avropanı təhdid edir. Əgər belə bir vəziyyət Xəzər hövzəsində də yaşanmış olsa, onda iqtisadi böhran içində üzən Avropanın tək bir ölkədən asılı qalmış olur ki, bu da Rusiyadır. Rusiyanın Ukrayna və Belarus ilə yaşanmış məlum "qaz böhranının" adını isə bu gün Avropa İttifaqının heç xatırlamaq belə istəmir.
2. Avropa İttifaqını narahat edən digər bir məqam Rusiyanın bölgədə fəallaşa biləcəyi təqdirdə, onun mövqelərinə zərbənin dəymə ehtimalının yüksək olmasıdır ki, bununla da əslində Avropa İttifaqı razı deyil. Çünki bu zaman ehtiyat edilən əsas məqam Qafqazdakı enerji resurslarının əldə edilməsində Rusiyanın çəkisinin artmasıdır ki, bu da Avropanın enerji təhlükəsizliyinin gələcəyi üçün yaxşı olmayan nəticələrə gətirib çıxara bilər.
3. Avropa İttifaqı bilir ki, əgər sülh yolu ilə problem həll edilməzsə, onda müharibə ehtimalı qaçılmaz olur və bu Avropa ölkələrinin buraya yatırmış olduğu yatırımları da birbaşa təhlükə altında qoymuş olur.
4. Avropa İttifaqı bu gün həm də iqtisadi baxımdan tənəzzül dövrünü yaşayır. Bu durumun qarşısının tez bir zamanda alına biləcəyi isə o qədər də gerçək görsənmir. Təsadüfü deyil ki, bu gün Avropanın bəzi ölkələri maliyyə dəstəyi üçün Azərbaycana üz tuturlar.
Əlbəttdə ki, bütün bu kimi amiləri nəzərə alan birlik, müharibə təhlükəsi anında Azərbaycanda baş verən dəyişiklikləri, demokratik inkişaf yolunda atılmış olan bütün islahatları görməzdən gələrək, Azərbaycana qarşı "insan haqları", "azad seçki", "demokratik islahatlar", "vətəndaş həmrəyliyi", "siyasi məhbus" və s. bu kimi baş fırladan iradlar ilə çıxış etməyə başlayırlar ki, bu da erməni dəyirmanına su tökməkdən başqa bir mahiyyət kəsb etmir.
Toğrul