İşsizlik dünya üçün xarakterikdir, xüsusən də Avropadakı iqtisadi böhran bu problemi getdikcə böyüdür. Bunu SİA-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının icraiyyə komitəsinin sədri Sahib Məmmədov deyib. Onun sözlərinə görə, hazırda Avropada işsizlik 20 faizi keçir: "Beynəlxalq statistikaya görə, dünyada kritik hədd 3,5 faizdir. Hazırki statistik rəqəmlər işsizliyin geniş hal aldığını deməyə əsas verir. Avropada işsizlər arasında gənclər xüsusi yer tutur".
Sahib Məmmədov Asiya ölkələrindəki işsizlik məsələsinə də toxunub. Onun fikrincə Asiyada işsizliyin olması əmək bazarının dolması ilə bağlıdır. Doğumun yüksək olduğu ölkələrdə bu cür problemlər intensiv hal alıb.
Bundan başqa Sahib Məmmədov Azərbaycandakı məşğulluq vəziyyətində də danışdı. Onun sözlərinə görə, Azərbaycanda iqtisadi inkişaf sıçrayışla getdiyi üçün işsizlik problemi ciddi hiss olunmur: "Azərbaycanda əhalinin 40 faizə qədəri yaşı 18-ə çatmayanlardır. Bizdə doğum ölümə nisbətdə daha çoxdur və əhalinin böyük əksəriyyəti gənclərdir. Bu səbəbdən Beynəlxalq Əmək Təşkilatının metodikasına uyğun olaraq Azərbaycan gənclərinin 24 faizi işsizdir".
Sahib Məmmədov Azərbaycanın məşğulluq səviyyəsini Avropa ilə müqayisə edib: "Avropanın əmək startegiyasına diqqət yetirdikdə, onların gəncləri daha tez əmək bazarına daxil olurlar. Bu da onunla bağlıdır ki, Avropada Azərbaycandan fərqli olaraq texniki peşə məktəbləri daha çoxdur. Azərbaycanda gənclərin böyük əksəriyyəti ali təhsil alır, sonrakı illərdə isə hərbi xidmətdə olur. Bu səbəbdən gənclərimiz əmək bazarına bir az gec daxil olur. Bundan başqa təhsillə istehsal arasında inteqrasiya yoxdur. Yəni nəzəriyyəsi yüksək səviyyədə olan kadrların praktikası zəif olur. Bu səbəbdən işəgötürən gənclərimizi işlə bir qədər gec təmin edir. Bazar iqtisadiyyatı olduğu üçün sahibkar bu sahədə müstəqil siyasət yürüdür".
Sahib Məmmədov qeyd edib ki, artıq Azərbaycanda dövlət qurumlarına və biznes strukturlarına gənclər işə imtahanlarla götürülürlər. Uğur əldə edə bilməyən gənclər işsiz qalır. Bu da işsizliyə yol açan məsələlərdən biridir. Sahib Məmmədov bildirib ki, peşə təhsili səviyyəsinin aşağı olması gənclərin işsiz qalmasına yol açır.
sia.az