PDF Oxu

Araşdırma

  • 1 652

6 prinsiplə Madrid prinsiplərinin arasında xeyli fərq var

6 prinsiplə Madrid prinsiplərinin arasında xeyli fərq var

Elçin Mirzəbəyli: "Əgər Ermənistan razılığa gələrsə, o zaman vəd olunduğu kimi, sülh sazişinin üzərində işləmək mümkündür"

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bir müddət əvvəl ATƏT-in Minsk Qrupunun təklif etdiyi 6 əsas prinsipi imzalamağa hazır olduğunu elan etmişdi. Siyasi ekspertlər bunun heç də yeni məsələ olmadığını deyirlər. 2011-ci ilin yanvar ayında Nalbandyan Moskva səfərində 3 prinsip və 6 tezisdən bəhs etmişdi. Ermənistan həmin prinsiplər və tezislər əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu dəfələrlə bildirib. İndiki halda isə danışıqlar prosesinin faktiki kəsildiyi bir məqamda onlar hesab edirlər ki, münbit şərait yaranıb, yəni öz tezislərini beynəlxalq təşkilatlara, xüsusilə, ATƏT-in Minsk Qrupuna qəbul etdirə bilərlər.

ATƏT-in Fransadan olan həmsədri də bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində irəli sürülən Madrid prinsipləri ilə Ermənistan tərəfi razılaşıb. Bəs bu bəyanat nə dərəcədə reallığı əks etdirir? Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəyli "Səs"in müxbirilə söhbətində bildirdi ki, işğalçı ölkə olan Ermənistanın ənənəvi qaydada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində söz açdığı 6 prinsiplə Madrid prinsiplərinin arasında xeyli fərq var. Bu fərqlərin ən əsası isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirməsi ilə bağlıdır: "Burada Ermənistan ilk növbədə bu statusunun müəyyənləşdirməsini və konkret olaraq ərazidə, yəni Dağlıq Qarabağ bölgəsində referendumun keçirilməsini istəyir. Bundan sonra artıq digər addımların atılması məsələsindən söhbət açıla biləcəyini bildirir. Yəni ilkin şərt kimi bu məsələni irəli sürür. Bu baxımdan, Azərbaycana aid olan ərazidə referendumun keçirilməsi Azərbaycan Konstitusiyasına ziddir. Eyni zamanda, bu, faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına cəhddir. Madrid prinsiplərində yer almış əsas müddəaya yəni münaqişənin ərazi bütövlüyü çərçivəsində güc tətbiq etməmək yolu ilə özünün müqəddəratını təyin etmə məsələsi ilə tamamilə ziddiyyət təşkil edir. Çünki bu ərazi bütövlüyü çərçivəsində müqədaratını təyin etmə müxtariyyat statusu anlamına gəlir. Bu baxımdan, Ermənistanın iddiya etdiyi prinsiplərlə Madrid prinsiplərinin arasında ziddiyyətlər var. Əgər Ermənistan razılığa gələrsə, o zaman vəd olunduğu kimi, sülh sazişinin üzərində işləmək mümkündür. Ancaq işğalçı Ermənistanın son davranışları bunun əksini deyir. Bu baxımdan, onu demək olar ki, ATƏT-in Minsk Qrupunun səyləri Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində iflasa uğrayacağı şübhə doğurmur. Amma Azərbaycan danışıqlar xatirinə danışıqlara getmək fikrində deyil. Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın son müsahibəsində sərgilədiyi narahatçılıq da təsdiq edir."

GÜLYANƏ

Digər xəbərlər