PDF Oxu

Araşdırma

  • 1 471

Ermənistan suquta doğru

Ermənistan suquta doğru

Yaxın 5 ildə də əhali Ermənistan tarixində "ən pis prezident"in siyasi, iqtisadi və sosial uğursuzluqlarının şahidi olacaq

Məlum olduğu kimi, Ermənistanda sosial-iqtisadi böhran və siyasi gərginlik yaşanmaqdadır. Ötən ilin sonlarında Ermənistandakı vəziyyətin ağır olacağı, inflyasiyanın yüksələcəyi barədə cari il üçün verilən proqnozlar öz təsdiqini tapmaqdadır. Yerli informasiya mənbələrinin verdiyi məlumatlara görə, artıq 2013-cü ilin əvvəllərindən müşahidə olunan bahalaşma davam edərək daha da dərinləşib. Ekspertlər deyirlər ki, tendensiya bu cür davam edərsə, ilin sonuna kimi bahalaşmanın total xarakter alacağını proqnozlaşdırırlar. Aydın məsələdir ki, istehlak qiymətlərinin artması və inflyasiyanın dərinləşməsi fonunda maaşların artmaması yoxsulluğun səviyyəsinin yüksələcəyini deməyə əsas verir. Elə Dünya Bankının Ermənistanla bağlı verdiyi açıqlamada da işğalçı ölkədə yoxsulluğun səviyyəsinin artacağı göstərilib. Dünya Bankının Avropa və Mərkəzi Asiyada yoxsulluğun azaldılması və iqtisadi siyasət departamentinin direktoru İvonna Sikata bildirib ki, regionun 5 ölkəsində yoxsulluğun səviyyəsinin xeyli yüksəlməsi mümkündür: "Bunlar Ermənistan, Gürcüstan, Qırğızıstan, Moldova və Tacikistandır. Region əhalisinin yoxsul hissəsi yüksək inflyasiyadan, ərzaq və enerji daşıyıcılarının qiymətinin yüksək olmasından əziyyət çəkir".

Əhalisiz ölkəyə çevrilən işğalçı ölkə

Hakimiyyət orqanlarının aradabir səsləndirdiyi müharibə əhval-ruhiyyəli bəyanatları, ölkənin millitaristləşdirilməsi sayəsində öz gənc övladlarını götürərək ölkədən çıxanların sayındakı artım hesablamaları, təxminən, gələcək 20 il ərzində Ermənistanın əhalisiz bir dövlətə çevriləcəyindən xəbər verir. Faktlar belə deməyə əsas verir ki, Ermənistanda vəziyyət dəhşətli həddə çatmışdır. Belə ki, ötən il və 2013-cü ilin birinci yarımili ərzində ölkə miqyasında heç bir uğur, nəzərəçarpacaq irəliləyiş, nailiyyət əldə edilməmiş, ölkə uçurumun kənarınadək sürüklənmiş, sosial-iqtisadi vəziyyət "müstəqillik" tarixində görünməmiş dərəcədə pisləşmiş, kriminal vəziyyət dözülməz həddə çatmışdır. Yoxsulluqdan, işsizlikdən təngə gələn əhali kütləvi şəkildə ölkəni tərk etməyə başlamış, qarşıdurmalar, toqquşmalar fonunda siyasi qeyri-müəyyənlik davam etmiş, korrupsiya, qanunsuzluq çoxalmış, maddi-texniki təminatdan məhrum edilən orduda ölüm halları xeyli artmışdır. İşğalçı ölkənin əhalisinin 41 faizi yoxsulluq səviyyəsindən də aşağı həddə yaşadığı halda, bu rəqəm keçən il artaraq 53 faizə yüksəlmişdir. Ermənistanda sabit gəliri olmayan 160 minə yaxın insan var ki, onlar rəsmi statistikada işsiz sayılmırlar. Fəqət, bu insanların ailələrində adambaşına düşən gəlir minimal yaşayış təminatı həddindən də aşağı olduğundan, onlar ifrat yoxsul sayıla bilərlər. Həmin rəqəmləri də 53 faizin üzərinə əlavə etsək, onda belə çıxır ki, ölkə əhalisinin, demək olar ki, yarısından çoxu dilənçi vəziyyətində yaşayır. Bu isə sosial-iqtisadi vəziyyətin kifayət qədər gərgin olduğunu göstərir.

Ermənistanın iqtisadi vəziyyəti qarşıdakı 5 ildə daha da pisləşəcək

Son seçkilərin nəticələri də onu deməyə əsas verir ki, Ermənistanın iqtisadi vəziyyəti qarşıdakı 5 ildə daha da pisləşəcək. Mühacir ermənilərin, fəaliyyətini dayandımağa məcbur olan kiçik və orta biznes obyektlərinin sayının artması fonunda 3-də 2 hissəsi yoxsul hesab edilən əhali üçün ümidsizlik faktiki olaraq dominanta çevrilib. Əhalinin adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) səviyyəsi kritik həddə aşağı, idxal isə dar struktura malik ixracatdan az qala 4 dəfə çoxdur. Ötən il Ermənistanın ümumi xarici borcu ölkənin nominal ÜDM faiz nisbəti 72%-ə bərabər olub. Ermənistanın Nəzarət Palatasının dövlət büdcəsi ilə bağlı rəyində "əgər bu cür davam edərsə, ölkədə borc böhranının baş verəcəyi" qeyd edilir. Son bir neçə ildə regional miqyaslı heç bir proqram həyata keçirilməyib. Ermənistan-İran dəmiryolunun çəkilməsi proqramı, Şimal-Cənub avtomobil yolu, ümumerməni bankı və ya Gümrü texnoparkı kimi layihələr haqqında yalnız danışılıb. Daha ciddi problemlərdən biri iqtisadi inkişafın təbii mexanizmlərindən biri - kapital bazarının inkişafının dayanması, inhisarçılığın, texnoloji geriliyin artmasıdır. Nəticə olaraq, işğalçı ölkə uzun illər, hətta onilliklə ərzində tənəzzülə uğramış, rəqabət qabiliyyətini itirmiş iqtisadiyyat olaraq qalacaq.

Ermənistanda qaz böhranı

Strateji müttəfiqindən qiymət artımı ilə bağlı atılan addım Ermənistan üçün gözlənilməz oldu. Hesablamalara görə, Rusiyanın təbii qazın qiyməti ilə bağlı tələb etdiyi bahalaşma ən azı 640 min erməni ailəsinin sosial vəziyyətinin pisləşməsi deməkdir. Əhali ölkədə bununla əlaqədar ərzağın qiymətinin də artacağından da narahatdır. Erməni iqtisadçılar isə həyəcan təbili çalırlar. Bildirilir ki, qazın qiymətinin artırılması ölkədə həm də yeni etiraz dalğasının başlamasına səbəb olacaq. Son vaxtlar ictimai etiraz əsasən ölkəni tərk etməklə və şikayətlərlə ifadə olunurdusa, bundan sonra vətəndaş itaətsizliyi ilə müşahidə olunacağı istisna edilmir. Artıq sosial şəbəkələrdə qazın qiymətinin artmasına qarşı etiraz çağırışları başlayıb. İqisadçı-ekspertlər bildirirlər ki, mavi yanacağın qiymətinin artırılması ölkədə istehlak mallarının, nəqliyyatın, elektrik enerjisinin və ən əsası ərzağın qyimətinə təsirsiz ötüşməyəcək. Rusiyanın Ermənistana ixrac etdiyi qazın məbləğini yüksəltməsi ölkədə iqtisadi vəziyyəti gərginləşdirib. Təsadüfi deyil ki, 2013-cu il üçün dövlət büdcəsi cəmi 3,2 milyard dollar təşkil edən Ermənistan Rusiyanın qazın qiymətini birdən-birə 90 dollar artıraraq 270 dollara çatdırmasını heç də sakit qarşılya bilmir. Bahalaşmanın fonunda onsuz da hər il 25 min sakininin xarici ölkələrə üz tutduğu Ermənistanda immiqrantalrın sayının daha da artacağını heç kim istisna etmir. Əhalisinin 30 faizindən çoxu yoxsul vəziyyətdə yaşayan erməni xalqı anlayır ki, bu rəqəmlər onlara heç də yaxşı şey vəd etmir.

Ermənilərin tanınmış siyasətçilərindən biri, Qareqin Çuqasyanın erməni saytlarından birinə verdiyi müsahibəsində Ermənistanın birdəfəlik çökməsi məsələsi olduğunu vurğulayır: "Getdikcə boşalan ölkədə qısa müddətdən sonra nə torpaqda işləyən işçi, nə də erməni ordusunda qulluq etməyə əsgər tapılmayacaq və bu dövlətimizin, sözün əsil mənasında, dağılması ilə nəticələnəc. Son 25 ildə erməni xalqı ilk dəfə özünü kiminsə koloniyası hesab edir. Hətta SSRİ dövründə Sovet Ermənistanı bugünkü Sarkisyan Ermənistanından daha müstəqil idi. Mövcud vəziyyətdə ermənilərin çoxu hakimiyyəti dəyişmək üçün inqilab etməkdən daha çox ölkəni tərk etməyə üstünlük verir. Əsil fəlakət budur. İllərdir işığı görmək ümidi ilə qaranlığa və zülmətə baş vurmuş ermənilər, artıq bu yolun məhvə apardığını yaxşı dərk edirlər. Ona görə də, Ermənistan adlı zülmətdən canlarını qurtarmaq üçün başqa məmləkətlərə üz tuturlar".

Göründüyü kimi, hadisələrin gedişatı belə deməyə əsas verir ki, Ermənistan bir müddət sonra dəhşətli proseslərin poliqonuna çevriləcək və öz məhvinə imza atacaq.

A.SƏMƏDOVA

Digər xəbərlər