PDF Oxu

Araşdırma

  • 1 545

BBC - QƏRƏZ VƏ ŞANTAJ YUVASI

BBC - QƏRƏZ VƏ ŞANTAJ YUVASI

Bu media qurumu korrpusiya və digər qalmaqallara görə reytinqdə "birincidir"

BBC-nin Azərbaycana qarşı sərgilədiyi qərəz və şantaj davranışları bir daha adəçəkilən media qurumunun fəaliyyətini təhlil etməyə, onun fəaliyyəti dövründəki kifayət qədər mənfi cəhətlərini üzə çıxarmağa zəmin yaradır. Çünki bəlli olduğu kimi, BBC ilk növbədə korrupsiyaya bulaşmış, eləcə də daim daxili intriqalar fonunda özünü ifşa edən qaragüruhçu media təmsilçisi kimi yadda qalmışdır. Lakin BBC daxilində baş verən bu kimi olaylar barəsində məqalənin sonrakı hissəsində qeyd edəcəyik.

Qərəz kampaniyasının növbəti "seriyası"

Bu arada media orqanı haqqında daha bir maraqlı informasiya əldə edilmişdir. Belə ki, bu yaxınlarda BBC-nin Ed Butler adlı əməkdaşı Azərbaycanda səfərdə olub. Daha dəqiq desək, BBC rəhbərliyindən ona Xədicə İsmayılova, "jurnalistlərə təzyiqlər", "korrupsiya", "seksual azlıqların hüquqlarının pozulması" və digər bu kimi mövzularda qərəzli material hazırlanması barədə göstəriş verilib. Lakin Azərbaycanda hər hansı bir hüquq pozulmalarının olmadığını dünya ictimaiyyəti də yaxşı bilir. Yəni E.Butlerin Azərbaycana göndərilməsi və reportaj hazırlaması sadəcə qərəz kampaniyasının növbəti "seriyasıdır". Nəticədə isə bir daha bəlli olur ki, BBC bütövlükdə, rəsmiləşdirilmiş şantaj yuvası olaraq, bu kimi qeyri-peşəkar üsullarla ayaqda qalmağa səy göstərir və bu amili təsdiq etmək üçün çoxsaylı faktlar mövcuddur.

Zülfüqar Əbülfətoğlu nəyə görə BBC üçün bu qədər "əziz adama" çevrilib?

Məsələn, son zamanlar BBC-nin Azərbaycan xidmətində çalışmış və müxtəlif səbəblər üzündən işdən qovulmuş adamlar yenidən oraya işə cəlb olunurlar. Onlardan biri də 2001-2002-ci illərdə BBC-nin Bakı ofisinə rəhbərlik etmiş Zülfüqar Əbülfətoğludur. Bu, həmin Z.Əbülfətoğludur ki, 11 il öncə işindən uzaqlaşdırılarkən onun qarşısına külli miqdarda yeyinti iddiaları qoyulmuşdu. Ancaq göründüyü kimi, bu fərd yenidən BBC-yə işə götürülüb. Onu da xatırladaq ki, Z.Əbülfətoğlunun 11 öncə BBC-dən çıxarılması ictimaiyyətdən gizli saxlanılmışdı. Məhz bu faktor da media qurumunun kirli işlərə bulaşdığını sübuta yetirib. Lakin gəlin görək, Z.Əbülfətoğlu nəyə görə BBC üçün bu qədər "əziz adama" çevrilib? Xatırladaq ki, bu şəxs Azərbaycan xalqına və dövlətçilik maraqlarına qarşı çıxan ən radikal meyillilərdən biridir. Məsələ ondadır ki, Z.Əbülfətoğlu separatçı Əlikram Hümbətovla birgə qondarma "Talış-Muğan Respublikası"nın ideoloqlarından biri olub. O, hətta bu mövzuda kitab da yazmışdır. Bu şəxsin əliəyriliyi, separatçı baxışları üzdə olsa da onun və onun kimilərinin BBC tərəfindən işə cəlb olunması media qurumunun Azərbaycandakı məqsədlərini üzə çıxarmış olur. Hətta güman etmək olar ki, ölkədə prezident seçkilərinin günü yaxınlaşdıqca, media qurumunun belə qərəzləri daha da artırılacaqdır.

Artıq bu yöndə daha bir məlumat da mövcuddur. Məsələn, Xanım Cavadova adlı "jurnalist" BBC-nin Bakı ofisinə rəhbərlik etməklə yanaşı, həmçinin, müxalifətyönlü jurnalistləri, eləcə də siyasiləşmiş QHT-ləri əlaqələndirməklə məşğul olur. Bir sözlə, BBC bütövlükdə özünün və onunla iş birliyində olan Qərb dairələrinin maraqlarını təmin etməkdən ötrü belə çirkin oyunları oynamağa cəhd göstərir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, BBC fəaliyyət göstərdiyi ölkədə də - Böyük Britaniyada da çox ciddi yanlışlıqlara yol açaraq, reytinqini sıfır həddinə qədər endirmişdir.

Britaniya mətbuatı: "BBC-də hələ çox başlar gedəcək"

Xatırlatmaq yerinə düşərdi ki, hələ 2012-ci ilin sonlarında BBC-nin qısamüddətli başçısı istefaya getdi. Lakin Britaniya mətbuatı bundan sonra yazırdı ki, "BBC-də hələ çox başlar gedəcək". BBC korporasiyasının tarixində ən qısa müddətdə - 54 gün rəhbər olmuş Corc Entvisl iş vaxtının çoxunu ondan əvvəl baş vermiş qalmaqalların həllinə həsr edirdi. Lakin onun özünün həmin məşhur 54 günlük rəhbərliyində çox ciddi biabırçılıq və rüsvayçılıq halı baş verdi. Məsələ ondadır ki, BBC heç bir sübut olmadan hakim Mühafizəkarlar Partiyasının aparıcı millət vəkillərindən biri barədə böhtan və qərəz xarakterli proqram yayımladı. "Nyuznayt" proqramında guya uşaqlara qarşı cinsi təcavüzdə bulunmuş millət vəkilinin adı çəkilməsə də, proqram konkret adın sosial şəbəkələrdə çəkilməsinə imkan yaradıb. Məhz bu məqamda Britaniyanın sərt mətbuat qanunları hərəkətə keçmişdi.

Nə qədər maraqlı görünsə də BBC -nin bu qalamaqalı da sonuncu olmayıb. Belə ki, baş direktor istefaya getdikdən sonra ona bir illik maaş - nə az, nə çox 450 min funt sterlinq verilib. Nəticədə Britaniya hökümətinin baş naziri Deyvid Kameron bu xəbərdən son dərəcə qəzəblənib və BBC-nin öz qərarına yenidən baxmasını tələb edib.

Britaniyalı bir sıra tənqidçilər bildirirlər ki, BBC özünün "obyektivlik", "tərəfsizlik" və "qərəzsizlik" kredosunun bütün şərtlərini pozub.

Göründüyü kimi, BBC heç də "demokratik", yaxud "mələk tipli" media qurumu olmamaqla yanaşı, bu qurumun xaricində olmaqla yanaşı, daxilində də baş alıb gedən olaylar bütün mənalarda onun səmimiyyətini nəhəng şübhə altına alır. Maraqlıdır ki, daxili problemlər məngənəsində sıxılaraq məhvə doğru gedən media qurumu hələ də öz "qurtuluşunu" başqa dövlətlərə qarşı qərəzli mövqe sərgiləməklə axtarır. Ancaq necə deyərlər, öz gözündəki tiri görməyən BBC başqalarının gözündə tük axtararkən, öz qazdığı quyuya düşməyinin fərqinə varmır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər