PDF Oxu

Araşdırma

  • 2 139

Azərbaycanın islam dünyasına inteqrasiyası

Azərbaycanın islam dünyasına inteqrasiyası

Qərblə Şərqin, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan Respublikasının xarici siyasətində Avropa məkanına, Avratlantika strukturlarına inteqrasiya xüsusi yer tutsa da, öz tarixi, mədəniyyəti, dini etiqadı və adət-ənənələri ilə islam aləminin ayrılmaz hissəsi olan ölkənin müsəlman dövlətləri ilə, bu dövlətlərin təmsil olunduğu beynəlxalq təşkilatlarla əlaqələrinə də böyük əhəmiyyət verilir.Hazırda müsəlman ölkələrini birləşdirən ən nüfuzlu beynəlxalq təşkilat İslam Konfransı Təşkilatıdır (İKT). Beynəlxalq aləmdə bəzən "müsəlman BMT-si" adlandırılan İKT öz üzvlərinin sayına və mütəşəkkilliyinə görə, dünya siyasətində xüsusi yeri olan qurumlardan biridir. İKT 1969-cu ilin sentyabrında müsəlman ölkələrinin dövlət və hökumət başçılarının Mərakeşin paytaxtı Rabat şəhərində keçirilmiş konfransında təsis edilmişdir.

Dini birlik əsasında yaradılan bu təşkilatın əsas məqsədləri, onun Nizamnaməsində qeyd edildiyi kimi, üzv dövlətlər arasında islami həmrəyliyi möhkəmləndirmək; elm, mədəniyyət, sosial-iqtisadi və başqa vacib sahələrdə əməkdaşlığı dəstəkləmək; irqi ayrı-seçkiliyin və müstəmləkəçiliyin bütün formalarının ləğv olunmasına səy göstərmək; işğal edilmiş müqəddəs yerlərin azad edilməsi və toxunulmazlığının təmin edilməsinə nail olmaq; Fələstin xalqının öz hüquqlarının bərpa edilməsi və ərazisinin azad edilməsi yolundakı mübarizəsini müdafiə etmək; bütün islam xalqlarının istiqlaliyyət uğrundakı mübarizəsinə yardım göstərmək; üzv dövlətlərin digər ölkələrlə əməkdaşlığı üçün şərait yaratmaq və s. ibarətdir. İKT-nin ilk toplantısında cəmi 35 islam ölkəsi iştirak etdiyi halda, hal-hazırda təşkilat öz sıralarında 58 ölkəni birləşdirir. Bəzi ölkələrin müsəlman icmaları, bir sıra regional və beynəlxalq təşkilatlar İKT nəzdində müşahidəçi statusuna malikdirlər.

İKT-nin 3 əsas orqanı var:

1) krallar, Dövlət və Hökumət başçılarının konfransı (bundan sonra - Dövlət və Hökumət başçılarının konfransı);

2) xarici işlər nazirlərinin konfransı;

3) baş katiblik və onun tabeliyində olan təşkilatlar.

İKT-nin ali orqanı dövlət və hökumət başçılarının konfransıdır. Zirvə konfransları, Nizamnaməyə əsasən, üç ildən bir, islam aləminin birinci dərəcəli problemlərinin müzakirəsi və üzv ölkələrin siyasətinin uzlaşdırılması məqsədilə keçirilir. 1969-cu ildən 2003-cü ilədək İKT-nin 10 Zirvə toplantısı baş tutmuşdur. Xarici işlər nazirlərinin konfransı - İKT-nin siyası orqanıdır. Bu konfranslar nazirlər və ya akkreditə olunmuş səfirlər səviyyəsində ildə bir dəfə keçirilir. Hər hansı bir üzv dövlətin və baş katibin tələbi, üzv dövlətlərin 23 hissəsinin razılığı ilə növbədənkənar konfranslar da çağırıla bilər. Xarici işlər nazirlərinin konfransı aşağıdakı məsələlərlə əlaqədar toplanır:

- təşkilatın ümumi siyasətinin həyata keçirilməsi mexanizminin müzakirəsi;

- qarşılıqlı maraq doğuran məsələlər üzrə qərarların qəbul edilməsi;

- qəbul edilmiş qərarların icrasına nəzarət;

- maliyyə komissiyasının hesabatının müzakirəsi;

- Baş katibliyin büdcəsinin təsdiqi;

- Baş katibin və onun müavinlərinin təyin edilməsi.

Baş katiblik - İKT-nin icraedici orqanıdır. Bu orqana 4 il müddətinə təyin edilən Baş katib rəhbərlik edir. 2005-ci ilədək Baş katib vəzifəsini Malayziyanın, Misirin, Seneqalın, Tunisin, Pakistanın, Nigeriyanın və Mərakeşin nümayəndələri tutmuşlar. İKT xarici işlər nazirlərinin 2004-cü ilin iyulunda keçirilmiş XXXI konfransında həmin vəzifəyə milliyyətcə türk olan İkmaləddin İhsanoğlu təyin edilmişdir. O öz vəzifəsinin icrasına 2005-ci il yanvarın 1-də başlamışdır.

Baş katibin dörd müavini vardır. Xarici işlər nazirlərinin konfransı baş katibin təqdimatına əsasən, onun üç müavinini və Qüdsi-Şərif üzrə dördüncü müavinini təyin edir. İKT-nin Nizamnaməsində göstərilir ki, baş katib öz müavinlərinin namizədliyini müəyyənləşdirərkən, onların qabiliyyətini və təmənnasızlığını nəzərə almaqla yanaşı, ədalətli coğrafi bölgü prinsipinə də riayət etməlidir. Baş katiblik:

- üzv dövlətlər arasında əlaqəni həyata keçirir;

- bu dövlətlər arasında ümumi maraq kəsb edən məsələlər üzrə məşvərətlərin, fikir mübadiləsinin aparılmasını və məlumatların yayılmasını təmin edir;

- xarici işlər nazirləri konfransının qəbul etdiyi qərarların icrasına nəzarət edir;

- konfransın qərar və qətnamələri çərçivəsində üzv dövlətləri işçi sənədlərlə təmin edir.

İKT Nizamnaməsinin VI maddəsinin 5-ci bəndində göstərilir ki, Qüds şəhəri azad edilənədək, Baş katiblik müvəqqəti olaraq Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşəcək. Nizamnamənin VII maddəsinə əsasən, katibliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı bütün xərcləri üzv dövlətlər öz milli gəlirlərinə müvafiq olaraq ödəyirlər.

İKT çərçivəsində müxtəlif qurumlar fəaliyyət göstərir. Bu qurumlar arasında İslam İnkişaf Bankı (İİB) xüsusi yer tutur. Bankın təsis edilməsi haqqında bəyanat 1973-cü ildə islam ölkələri maliyyə nazirlərinin V konfransında imzalanmış, onun rəsmi açılışı isə 1975-ci ildə olmuşdur. Bankın əsas məqsədi şəriət prinsipləri əsasında istər tək, istərsə də qrup halında olan üzv dövlətlərin və müsəlman icmalarının iqtisadi inkişafını dəstəkləməkdir.

Bankın vəzifələri aşağıdakılardır:

- üzv dövlətlərdə olan istehsal layihələrinin maliyyələşdirilməsi;

- iqtisadi və sosial inkişaf məqsədi ilə bu dövlətlərə maliyyə yardımının təqdim edilməsi;

- üzv dövlətlərdə xarici ticarətin inkişafına yardım göstərilməsi. İİB-in elan edilmiş kapitalı 600 min səhmə bölünmüş 6 milyard islam dinarıdır (1 islam dinarı 1,3 ABŞ dollarına bərabərdir).

İKT-nin yaradılmasının əsas təşəbbüskarı və sponsoru olmuş, müsəlman dünyasının ən zəngin ölkələrindən biri sayılan Səudiyyə Ərəbistanı Krallığı təşkilatda xüsusi nüfuza malikdir. Krallığın İKT-nin büdcəsindəki payı 10%, İİB-in kapitalındakı payı isə 25%-dir. İKT və İİB-in iqamətgahları Səudiyyə Ərəbistanının Ciddə şəhərində, krallıq hökumətinin təmənnasız olaraq ayırdığı binalarda yerləşir. Səudiyyə Ərəbistanı İKT-yə və onun ixtisaslaşmış qurumlarına öz fəaliyyətlərini həyata keçirə bilmələri üçün əlavə maliyyə yardımları da göstərir. Səudiyyə Ərəbistanının İKT-dəki nüfuzu həm də bu ölkənin islam dininin tarixi vətəni və islam aləminin iki müqəddəs ocağının yerləşdiyi bir torpaq olması ilə izah edilir. Bu və ya digər məsələ ilə bağlı krallığın mövqeyi, adətən, İKT-yə üzv olan digər ölkələr, ilk növbədə isə ərəb dövlətləri tərəfindən dəstəklənir.

Ə.Həsənovun fikrincə, İKT-də Misir, İran, Pakistan, Küveyt, Türkiyə kimi dövlətlər də böyük nüfuza malikdir.

İKT-yə üzv olmaq hər bir müsəlman ölkəsinin beynəlxalq əlaqələrini və dünya birliyindəki mövqelərini möhkəmləndirməklə yanaşı, həm də islam aləminin mənəvi, siyasi və iqtisadi dəstəyindən yararlanmaq imkanı verir. Keçmiş Sovet İttifaqının müsəlman respublikaları arasında Azərbaycan birinci olaraq İKT-yə üzv olmaq üçün müraciət etmiş və 1991-ci ilin dekabrında təşkilata qəbul edilmişdir. Bundan təxminən 3 ay sonra - 1992-ci ilin martında İKT-nin baş katibi Həmid əl-Qabid öz müavini Məhəmməd Möhsinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizə göndərmişdir. Səfərdə məqsəd Azərbaycandakı ictimai-siyasi vəziyyətlə tanış olmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanlarını öyrənmək idi. Nümayəndə heyəti geri döndükdən sonra - 1992-ci il martın 31-də İKT baş katibi Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat verdi. O, tərəfləri atəşi dayandırmağa, üzv dövlətləri və humanitar təşkilatları Dağlıq Qarabağın müsəlman icmasına yardım göstərməyə çağırdı. Bu bəyanat 1992-ci il aprelin 1-də informasiya kanallarının xətti ilə bütün dünyaya yayıldı.

Azərbaycanın İKT ilə əlaqələri 1993-cü ilin ortalarından etibarən - Heydər Əliyev ali rəhbərliyə qayıtdıqdan sonra daha da intensivləşdi, ardıcıl və məqsədyönlü xarakter aldı. Azərbaycan bu təşkilatın maliyyə, informasiya və siyasi dəstək göstərmək imkanlarından daha səmərəli iştifadə etməyə başladı. 1994-cü ilin noyabrında Ulu Öndər Heydər Əliyevin İKT Baş katibi Həmid əl-Qabidlə Bakıda keçirdiyi görüşlər və apardığı danışıqlar respublikamızla qurum arasındakı əlaqələri fəallaşdırmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk dəfə olaraq İKT-nin BMT ilə əməkdaşlığı üzrə problemlər siyahısına salınmasına səbəb oldu. Münaqişənin həlli yollarının dünya səviyyəsində araşdırılması baxımından bu məsələ mühüm əhəmiyyət kəsb etdi.

1994-cü ilin dekabrında Ulu Öndər Heydər Əliyev İKT-yə üzv ölkələrin dövlət və hökumət başçılarının VII konfransında iştirak etdi. Zirvə toplantısı dekabrın 13-dən 15-dək Kasablanka şəhərində (Mərakeş) keçirilirdi. Bu, islam ölkələri toplantısında Azərbaycan rəhbərinin iştirak etdiyi ilk sammit, Azərbaycan həqiqətlərini bu ölkələrin rəhbərlərinə çatdırmaq üçün əldə olunmuş ilk geniş imkan idi. Heydər Əliyevin Zirvə toplantısındakı dərin məzmunlu nitqi iştirakçılar arasında böyük rezonans doğurdu, toplantı tərəfindən Ermənistanın təcavüzünü pisləyən qətnamələrin qəbul olunmasında həlledici rol oynadı. Səfər zamanı Azərbaycan Prezidenti bir sıra ölkələrin (Türkiyə, Misir, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Pakistan, İran, Səudiyyə Ərəbistanı, Malayziya, Bruney, Fələstin, Maldiv adalan və s.) dövlət və hökumət başçıları, xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirdi. Bu görüşlər Azərbaycanla müxtəlif müsəlman ölkələri arasındakı əlaqələrin inkişafına və genişlənməsinə təkan verdi.

Zirvə konfransı, bilavasitə, Azərbaycanla bağlı iki qətnamə qəbul etdi. Birinci qətnamədə Ermənistanın Azərbaycana təcavüzü 52 müsəlman dövləti tərəfindən pislənilir, Ermənistan silahlı qüvvələrinin, Şuşa və Laçın da daxil olmaqla, işğal edilmiş bütün Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Konfransın qəbul etdiyi ikinci qətnamə İKT-yə üzv ölkələri, islam təsisatlarını və beynəlxalq təşkilatları təcavüzə məruz qalmış, bir milyondan artıq qaçqını və məcburi köçkünü olan, Azərbaycana iqtisadi və humanitar yardım göstərməyə çağırdı.

Ə.Həsənov yazır: "Heydər Əliyevin dərin zəkaya, geniş dünyagörüşünə, dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olduğunu nəzərə alan İKT katibliyi və bir sıra dövlətlərin rəhbərləri ondan Zirvə toplantısının yekun iclasında Asiya dövlətləri adından nitq söyləməsini xahiş etmişdilər. Bu xahişi qəbul edən Azərbaycan Prezidenti iclasda qitə dövlətləri adından çıxış etmiş, konfransın yekunlarını təhlil etmiş və onun əhəmiyyətini yüksək qiymətləndirmişdir."

Kasablanka Zirvə toplantısından Bakıya qayıdarkən, təyyarədə jurnalistlərə açıqlama verən Heydər Əliyev demişdi: "Ötən üç ildə Azərbaycan İKT ilə müəyyən əməkdaşlıq etsə də, bu, çox da səmərəli olmayıb. Ona görə də VII Zirvə toplantısında Azərbaycanın dövlət başçısı səviyyəsində iştirak etməsi, şübhəsiz, Azərbaycan Respublikasının beynəlxalq aləmdəki vəziyyəti və xarici siyasəti ilə əlaqədar böyük hadisədir.

Eləcə də, bu toplantının birinci hissəsində mənə söz verilməsi və çıxışımın böyük diqqətlə dinlənilməsi, bir çox dövlət başçılarının bu çıxış barədə müsbət rəyi, çıxışımın doğurduğu əks-səda onu göstərir ki, artıq Azərbaycan Respublikası özünə layiq olduğu yeri tutubdur... Bu toplantıda həm gördüyümüz iş, həm mənim çıxışım, həm qətnamələr, həm də dövlət başçıları ilə ikitərəfli görüşlərimiz, toplantının fasilələrində keçirdiyimiz görüşlər və apardığımız söhbətlər Azərbaycam islam dövlətlərinin, demək olar, hamısına tanıtdı".

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər