PDF Oxu

Araşdırma

  • 1 466

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası yekunlaşır

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası yekunlaşır

Çindən Mərkəzi Avropaya, oradan Böyük Britaniyaya qədər dəmir yolu xəttinin uzanması bu marşrutun iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq

İlham Əliyev: ""Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi bölgəyə daha çox təhlükəsizlik, daha çox əməkdaşlıq gətirəcək və bu imkanlardan istifadə edən ölkələr, regional əməkdaşlıq baxımından da bir-birinə yaxın olacaqlar"

Azərbaycanın həyata keçirtdiyi qlobal layihələrdən biri də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşasıdır. 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində əsası qoyulan Bakı-Tbilisi-Qars dəmiryolu xətti Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə yük və sərnişinlərin Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, Avropaya inteqrasiya prosseslərinin sürətlənməsinə və əməkdaşlığın inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Qazaxıstanın, Çinin, Hindistanın və digər dövlətlərin dəmir yolundan istifadə etməsi gələcəkdə BTQ-nin beynəlxalq əhəmiyyətli layihəyə çevrilməsinə səbəb olacaq. Çindən Mərkəzi Avropaya, oradan Böyük Britaniyaya qədər dəmir yolu xəttinin uzanması bu marşrutun iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq. Bu layihənin ümumilikdə "Şərq-Qərb" marşrutu sistemində ən çox istifadə ediləcək nəqliyyat dəhlizinə çevrilməsinə ümidlər böyükdür. "Dəmir İpək yolu" adlandırılan və Avropadan Çinə qədər birbaşa əlaqəni təmin etməyə imkan verəcək Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi həm də Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı 1993-cü ildə Türkiyə ilə Orta Asiya arasında kəsilmiş dəmir yolu əlaqəsinin bərpasına səbəb olacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun ölkəmiz üçün regional siyasi üstünlüyü Ermənistanın daha bir layihədən kənarda qalması ilə nəticələnib. Ermənistanın Qafqaz regionunda iri layihələrdə iştirak etməsi üçün dəfələrlə əlverişli zəmin yaransa da, bu ölkənin yürütdüyü siyasət onun həmin layihələrdən kənarda qalması ilə nəticələnib. Ermənistanın acınacaqlı vəziyyətə düşməsi BTQ-nin fəaliyyətə başlamasından sonra daha çox hiss olunacaq. Ermənistan nə vaxtsa Türkiyə və Azərbaycana qarşı iddialarından əl çəkərək münasibətləri normal səviyyədə qura bilərsə, hansısa bir mərhələdə bu layihənin imkanlarından istifadə edə bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi "Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi bölgəyə daha çox təhlükəsizlik, daha çox əməkdaşlıq gətirəcək və bu imkanlardan istifadə edən ölkələr, regional əməkdaşlıq baxımından da bir-birinə yaxın olacaqlar". BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük bir əhəmiyyət daşıyır. Azərbaycanın böyük neft-qaz yataqlarının işlənilməsi nəticəsində həyata keçirilən bütün layihələr birbaşa ölkə iqtisadiyyatının şaxələnməsinə, xalqımızın rifah halının yaxşılaşmasına, bölgədə gedən əməkdaşlıq meyillərinin güclənməsiə gətirib çıxaracaq.

İntizarə Məmmədova

Digər xəbərlər