PDF Oxu

Araşdırma

  • 8 652

Azərbaycanın MDB tərkibində digər subregional təşkilatlarla əməkdaşlığı

Azərbaycanın MDB tərkibində digər subregional təşkilatlarla əməkdaşlığı

Ümumiyyətlə, MDB-nin fəaliyyətinə və perspektivlərinə dövlətlərin fərqli münasibətini tədqiqatçılar bir neçə ciddi faktorla bağlayırlar. Əvvəla, MDB üzvü olan dövlətlərin hər biri öz siyasi, iqtisadi, hərbi maraqlarını təmin etmək üçün qabaqcıl dünya ölkələri - ABŞ, Avropa ölkələri, Yaponiya və başqaları ilə ikitərəfli və nüfuzlu beynəlxalq qurumlarla - Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO kimi təşkilatlarla çoxtərəfli əlaqələrə can atır. Ölkələr MDB üzvlüyünə və onun çərçivəsində dərinləşmiş inteqrasiyaya daxil olmaqla, beynəlxalq aləmlə əlaqələrinə xələl gətirə biləcəklərindən ehtiyat edirlər.

İkincisi, MDB-də əsas və aparıcı rolu Rusiya oynayır. Bu qurumun sədrliyi də yarandığı gündən məhz bu ölkəyə məxsusdur. Bu faktor bir tərəfdən digər üzv dövlətlərin MDB tərkibində hüquqlarının faktiki olaraq qeyri-bərabər olduğunu, o biri tərəfdən isə siyasi, iqtisadi və başqa inteqrasiya proseslərində üzvlər arasında qeyri-bərabər şəraitin mövcudluğunu göstərir. Odur ki, üzv dövlətlər öz aralarında bütün ölkələrin bərabərhüquqlu əlaqələrini təmin edən subregional birliklərə daha çox üstünlük verirlər. Üçüncüsü, MDB çərçivəsində formalaşdırılan ümumi xarici və daxili siyasət, dünyada, regionda və üzv dövlətlərdə baş verən hadisə və proseslərə ümumi baxışlar tez-tez ayrı-ayrı üzv ölkələrin marağını əks etdirmir. Məsələn, ABŞ-ın İraqa qoşun yeritməsi, NATO-nun tərkibinin genişləndirilməsi, ATƏT-in bölgədə yürütdüyü siyasət və b. onlarla xüsusi hallara qarşı MDB-nin formalaşdırdığı ümumi mövqe, yaxud səsləndirdiyi bəyanat ayrı-ayrı üzv dövlətlərin mövqeyi ilə ziddiyyət təşkil edibdir. Odur ki, bu dövlətlər həmin bəyanat və mövqelərə ya qoşulmayıb (sonda MDB tərkibində narazılıq yaranır), ya da ki xüsusi qeydlə razılaşmayıblar ki, bu da həmin ölkələrin bu qurumdakı məxsusi mövqeyinə xələl gətirib. Məhz elə bu səbəbdən də, məsələn, MDB tərkibində xarici və daxili siyasət sahəsində baxışları üst-üstə düşən ölkələrin GUAM kimi təşkilatı yaranıb. Dördüncüsü, MDB tərkibində həyata keçirilən inteqrasiyanın sürəti, dərinliyi və başqa məsələləri ilə bağlı üzv ölkələrin maraq və mənafeləri ciddi fərqlənir. Onun təhlükəsizlik və müdafiə ilə bağlı inteqrasiya planları bir qrup üçün məqbul, digəri üçün qeyri-məqbul hesab olunur. Yaxud "gömrük ittifaqı" "vizasız gediş-gəliş", "ümumi vergi-tarif sistemi" və s. üzv dövlətlərin hamısını maraq fərqləri baxımından eyni dərəcədə qane etmir. Bu halda da marağı üst-üstə düşənlər subregional inteqrasiya təşkilatları, məsələn, "Beşlər İttifaqı", "Avrasiya İqtisadi Birliyi" (Avr.-As.İB) və s. qurumlar yaradırlar. Və nəhayət, MDB beynəlxalq aləmdə Avrasiya regional inteqrasiya təşkilatı kimi tanınsa da, beynəlxalq münasibətlər və hüquq sistemində öz vahid səsi, yeri və rolu olan qurum kimi - hüquqi şəxs statusu ilə tanına bilməyib. Məsələn, BMT, ATƏT, NATO, Avropa İttifaqı kimi təşkilatların beynəlxalq münasibətlər sistemində malik olduğu hüquqi status MDB-də yoxdur və yaxın gələcəkdə də yəqin ki, olmayacaq. Odur ki, bu təşkilat vasitəsilə beynəlxalq aləmdə özünün hansısa marağını, problemini təmin edə bilməyən üzv ölkənin ayrı-ayrılıqda MDB-yə deyil, başqa bir beynəlxalq statuslu təşkilata üz tutacağı tədqiqatçılarda şübhə doğurmur.

Ə.Həsənov yazır ki, "MDB-nin böyük və geniş Avrasiya məkanında üzərinə götürdüyü iddialı missiya - keçmiş postsovet respublikaları arasında Avropa İttifaqı təcrübəsi ilə dərinləşdirilmiş inteqrasiya proseslərini reallaşdırmaq planı göz önündədir. Nə qədər ziddiyyətli və subyektiv amillərlə müşahidə olunsa da, bu proses başlanıb və davam edir. Əlbəttə, hər şey MDB-ni yaradan, bu işə rəhbərlik edən Rusiyanın digər üzv dövlətlərə səmimi, yaxud qeyri-səmimi münasibətindən, gələcəkdə onları bərabərhüquqlu tərəfdaş kimi qəbul edib-etməməyindən, ölkələr arasında maraq dairəsinin dəqiq müəyyən edilib, nəzərə alınıb-alınmamağından asılı olaraq müəyyənləşəcək."

Hazırda MDB çərçivəsində həyata keçirilən vizasız gediş-gəliş, sərbəst ticarət əlaqələri (fərqli vergi-gömrük tarifləri ilə), inteqrasiya proseslərinə mənfi təsir edən halların müəyyənləşməsi və aradan qaldırılmasına, üzv dövlətlərin daxili ictimai-siyasi həyatında sabitliyin qorunması prosesinə yönələn birgə cəhd istisna olmaqla, hansısa dərinləşmiş inteqrasiya proseslərinin getdiyini söyləmək olmaz. Belə inteqrasiyaya hələ ki, yalnız MDB üzvü olan və əsas maraqları üst-üstə düşən dövlətlərin yaratdığı subregional birliklər səviyyəsində cəhd göstərilir. Belə təşkilatlar sırasına "Rusiya-Belarus İttifaqı"nı, "Beşlər İttifaqı"nı, "Avr.As.İB"-ni, "Mərkəzi Asiya Əməkdaşlıq" təşkilatını, "GUAM'-ı, "İqtisadi Əməkdaşlıq Təşkilatı"nı (İKT), "Şanxay Əməkdaşlıq Təşkilatı"nı və başqalarını aid etmək olar. Məsələn, Rusiya-Belarus İttifaqı tərkibindəki dərinləşdirilmiş inteqrasiyaya, vahid iqtisadi məkan, vahid valyuta, enerji təminatı, ümumi dövlətüstü qurumlar və s. proseslərinə hələ ki, başqa dövlətlər qoşulmaq istəmirlər. Yaxud "Dördlər İttifaqı" (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan) çərçivəsində reallaşan sosial-iqtisadi, hərbi-siyasi layihədə dərinləşmiş inteqrasiyaya girmək istəyir. Bu iki istəyin reallaşmasının forma və metodları isə hələ ki, mövcud deyil.

Eyni taleni 2000-ci ildə bu beş ölkə arasında yaradılan Avrasiya İqtisadi Birliyi (Avr.As.İB) subregional təşkilatı da yaşayır. İmzalanmış sazişdə göstərilir ki, əvvəl bu beş dövlət arasında yaradılmış "Gömrük İttifaqı" bundan sonra Avrasiya Beynəlxalq İqtisadi Birliyinə çevrilir. Birliyin əsas vəzifələri sırasına üzv ölkələr arasında ümumi gömrük sərhədlərinin müəyyənləşdirilməsi, vahid gömrük tarifinin tətbiqi, azad ticarət və xidmət rejiminin yaradılması və s. aid edilir. Birlik çərçivəsində koordinasiya işlərinin aparılması məqsədilə ali "Dövlətlərarası Şura" (dövlət və hökumət başçılarının təşkilatı), daimi fəaliyyət göstərən "İnteqrasiya Komitəsi" (baş nazir müavinləri səviyyəsində), "İşçi orqan" (nümayəndələr səviyyəsində), "Parlamentlərarası Assambleya" (parlamentlərarası əməkdaşlıq qurumu) və "Birlik məhkəməsi" təsis edilir.

Avr.As.İB-nin Dövlətlərarası Şurasının birinci iclası MDB-nin 2001-ci ildə Minskdə keçirilən sammiti çərçivəsində keçirilmiş və bir neçə mühüm sənəd qəbul edilmişdir. İnteqrasiya Komitəsinin yeri müəyyən edilib (Moskva və Almatı), səsvermə prosedurası müəyyənləşdirilib, inteqrasiya proseslərinə cəlb ediləcək sahələr dəqiqləşdirilib. Beləliklə, MDB məkanında mövcud olan subregional inteqrasiya mərkəzləri içərisində ən real işlər məhz Avr.As.İB çərçivəsində həyata keçirilir. Bu təşkilatın üzvü olan dövlətlər öz aralarında və xarici aləmlə iqtisadi-ticarət, gömrük-vergi sisteminin razılaşdırılmış ümumi rejimini yaradaraq, MDB-nin digər dövlətləri üçün yeni bir nümunə təklif ediblər.

Hazırda bu qurum Ukraynanı da cəlb etməklə, MDB çərçivəsində Azad İqtisadi Zona və sərbəst ticarət rejiminin yaradılması layihəsi üzərində iş aparır. Bu planın məqsədi gələcəkdə Avropa İttifaqı nümunəsində MDB məkanında əmtəə, kapital, işçi qüvvəsi, əmək resursları, xidmət sahəsində azad iqtisadi zona yaradılması və müvafiq sahələrin dərinləşdirilmiş inteqrasiyasına nail olunmasından ibarətdir. Tədqiqatçılar Avr.As.İB-nin iş təcrübəsini və fəaliyyətini MDB üçün əsil nümunə kimi qiymətləndirsə də, bəzi ölkələr hələ ki, bu dərinləşdirilmiş inteqrasiya proseslərinə ehtiyatla yanaşırlar.

Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birini də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələr təşkil edir. Regional təşkilat kimi formalaşan və fəaliyyət göstərən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci il iyunun 25-də İstanbulda on bir dövlət - Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Ermənistan, Rusiya, Rumıniya, Yunanıstan, Türkiyə və Ukrayna tərəfindən təsis edilmişdir. 2004-cü ilin aprel ayında Serbiya və Çernoqoriya dövləti də təşkilata üzv olmuşdur. QDİƏT-in nizamnaməsinə görə təşkilatda "müşahidəçi" statusu da nəzərdə tutulmuşdur. Hazırda Misir Ərəb Respublikası, Avstriya Respublikası, Almaniya Federativ Respublikası, İsrail, İtaliya Respublikası, Polşa Respublikası, Sloveniya Respublikası, Tunis Respublikası və Fransa Respublikası müşahidəçi kimi QDİƏT-in işində iştirak edirlər.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində üzv dövlətlərin əməkdaşlığı ticarət və iqtisadi inkişaf, bank və maliyyə, rabitə, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, ətraf mühitin mühafizəsi, turizm, elm və texnika, mütəşəkkil cinayətkarlıqla, narkotiklərin, silah və radioaktiv maddələrin qeyri-qanuni dövriyyəsi, terrorizm və qanunsuz miqrasiya ilə mübarizə sahələrini əhatə edir.

Ə.Həsənovun fikrincə, təşkilatın təsisçilərindən olan Azərbaycan Respublikası Avropaya inteqrasiya prosesini gücləndirmək və region dövlətləri ilə çoxtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə qurumun fəaliyyətinə xüsusi əhəmiyyət verir. Eyni zamanda, Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən istifadə edərək tranzit imkanlarının daha dolğun şəkildə gerçəkləşdirilməsi və enerji resurslarının dünya bazarlarına çıxarılması sahəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının potensialından faydalanmaq məqsədini güdür.

2003-cü ilin mayında altı aylıq müddətə təşkilatın sədrliyi səlahiyyətlərini öz üzərinə götürmüş Azərbaycan həmin dövrdə enerji, nəqliyyat və turizm sahələri üzrə əməkdaşlığın inkişafına dair Bakıda üzv dövlətlərin müvafiq nazirlərinin iclasları bu dövlətləri daha dərin inteqrasiya prosesinə cəlb edib, nəinki digər MDB üzvlərini.

Bəhs olunan subregional inteqrasiya mərkəzlərinin yaranmasının əsas səbəbi hələ də bəzi dövlətlərin MDB-yə və onun əbədi lideri rolunu mənimsəmiş Rusiya Federasiyasına ehtiyatla yanaşması və ona axıra qədər etibar etməməsi ilə bağlıdır. Əks təqdirdə, məsələn, "Dördlər İttifaqı" tərkibində həyata keçirilən dərinləşmiş inteqrasiyanı (gömrük birliyi) elə MDB çərçivəsində həyata keçirmək olardı. 1999-cu ildə Tacikistan bu ittifaqa qoşulmaqla onun "Beşlər İttifaqı" adlanmasına səbəb olsa da, digər MDB üzvləri ona qoşulmağa ehtiyat etdilər. Bu ehtiyatlı davranış üçün hər bir dövlətin öz əsası var idi. Azərbaycanın ittifaqdan kənarda qalmasına rus sərhədçiləri, yaxud MDB-nin birgə missiyasına öz sərhəd-keçid məntəqələrini (xarici aləmlə sərhəd məntəqələrinin ümumi qorunması tələbindən imtina nəzərdə turulur) etibar etməməsi və xarici ticarət sahəsində öz məxsusi siyasətini yeritməsi (Azərbaycan Dünya Ticarət Təşkilatına daxil olmağa çalışır) səbəb oldu. Gürcüstan, Moldova, Ukrayna və Özbəkistan da bu "ittifaqa" təxminən oxşar səbəblərdən qoşulmadı və müstəqil xarici ticarət siyasəti yürütməyə üstünlük verdilər. Əslində, "Beşlər İttifaqı"nın dərinləşdirilmiş inteqrasiyası da nəzərdə tutulduğu kimi öz effektiv bəhrələrini hələ ki, vermir. Bu dövlətlərdən Qırğızıstan Dünya Ticarət Təşkilatına üzv qəbul edildiyindən öz ticarət və xidmət bazarını digər dövlətlər üçün açıq elan etmiş və Rusiya bu ölkə ilə azad ticarət əlaqələrinə məhdudiyyət qoymaq məcburiyyətində qalmışdır. Əks təqdirdə, bu ölkənin ərazisinə daxil olan xarici resurslar güzəştli tariflə Rusiyaya axardı ki, bu da özünəməxsus problemlər yarada bilərdi.

Beşlik arasında 1998-99-cu illərdə bağlanan Vahid İqtisadi Məkan və Gömrük İttifaqı bu günə qədər tam gücü ilə işə düşə bilmir. Bunun da əsas səbəbi üzv dövlətlər arasında iqtisadi maraq və qarşılıqlı mənafe sisteminin axıra qədər, dərk olunmuş şəkildə işlənib hazırlanmaması ilə bağlıdır. Dərinləşmiş inteqrasiyaya qərar verən ölkələr bir tərəfdən xarici aləmlə sərbəst iqtisadi və ticarət əlaqələri qurmaq, o biri tərəfdən öz aralarında təşkil etmiş və müzakirələrin yekunu olaraq Bakı bəyanatları qəbul olunmuşdur.

2003-cü ilin oktyabrından ikinci dəfə QDİƏT-də sədrlik səlahiyyətlərini həyata keçirən Azərbaycan 2004-cü ilin aprelində Bakıda təşkilatın üzv ölkələrinin təhsil və xarici işlər nazirlərinin iclaslarını keçirmişdir.

Azərbaycan QDİƏT çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair layihələrin və konkret tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu baxımdan regionda ticarət əlaqələrinin sadələşdirilməsinə dair tövsiyələrin hazırlanmasını, kiçik və orta sahibkarlığın inkişafı üzrə işçi qrupunun yaradılması və seminarların keçirilməsini, Layihə İnkişaf Fondunun təsis edilməsini və s. qeyd etmək olar.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər