PDF Oxu

Araşdırma

  • 3 675

İnternetdən necə istifadə edilməlidir

İnternetdən necə istifadə edilməlidir

Prezident İlham Əliyevin Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalaması vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsinə istiqamətləndirilmiş mütərəqqi addımdır

Bildiyimiz kimi, cari ilin may ayının 14-də ölkə Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin "Böhtan" (147-ci maddə) və "Təhqir" (148-ci maddə) maddələrinə Milli Məclis tətəfindən edilmiş dəyişiklik qüvvəyə minib.

Onu da qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisə ölkənin baş prokuroru Zakir Qaralovun imzası ilə daxil olub. Dəyişikliklə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həmçinin, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma olacaq.

Məsələ ilə bağlı Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirdi ki, "Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinin dispozisiyasına internet informasiya vasitələrində yayılan məlumatlara görə edilən məlum dəyişiklik sırf texniki xarakter daşıyır. Çünki onsuz da qeyd olunan maddələrin dispozisiyasında əsas meyar böhtan və təhqirin kütləvi formada nümayiş etdirilməsidir". Ə.Hüseynli onu da vurğuladı ki, burada əsas meyar kütləvilikdir, yəni istənilən halda burada böhtan və təhqir kütləvi xarakter daşımırsa, kütləvilik yoxdursa, o zaman bu maddələr işləmir. Komitə sədri bununla bağlı edilən narazılıqlara cavab olaraq vurğuladı ki, qeyd olunan dəyişiklik geniş təfsir edilsəydi, elektron KİV-lər də 147 və 148-ci maddələrin təsiri altına düşərdi: "Çünki həmin KİV-lər elektron vasitələri olsalar da, KİV statusuna malikdir və onsuz da hər iki maddənin təsiri altına düşürlər. İndi isə "İnternet" informasiya vasitələrində yayılan məlumatlara görə" anlayışının bura daxil edilməsi sadəcə dəqiqləşdirmə xarakteri daşıyır. Biz burada heç nəyi sərtləşdirməmişik, genişləndirməmişik. Böhtan və təhqirin təsir dairəsini genişləndirmirik. Çünki istənilən halda böhtan və təhqir kütləvi xarakter daşıyırsa, bu, məsuliyyətdir. Məsələn, kimsə hansısa sosial şəbəkədə öz profilində virtual kütlə arasında təhqir və böhtan elementli fikir və yaxud görüntü yerləşdirirsə, artıq qeyd olunan maddələr ona şamil ediləcək. Ona görə də indiyə qədər kütləvi çap üsulu ilə böhtan və təhqirə qarşı nəzərdə tutulan məsuliyyətin müasir dövrdə kütləvi xarakter daşıyan internet vasitələrinə də şamil olunması sırf hüquqi məsələdir. Hətta peşəkar hüquqşünas opponentlərimiz də bizimlə bu məsələdə razılaşıblar, heç parlament müxalifəti belə buna qarşı çıxmadı. Layihənin Baş Prokurorluq tərəfindən irəli sürülməsi də məntiqidir və bizim komitə də məsələnin sırf dəqiqləşdirmə xarakteri daşıması səbəbilə prokurorluğun təşəbbüsünü dəstəklədi".

Ə.Hüseynli bildirdi ki, "147 və 148-ci maddələrin, internet ilə bağlı onlara edilən dəyişikliyin saydığım cinayətlərdən fərqi odur ki, bu, subyektə verilən bir hüquqdur, ondan istifadə edib - etməmək artıq onun öz işidir. Bura dövlətin birbaşa aidiyyəti yoxdur ki, hansısa beynəlxalq təşkilat buna görə dövləti qınayır". Ə.Hüseynli onu da deyib ki, son illər Azərbaycan məhkəmələri tərəfindən 147 və 148-ci maddələrlə cinayət məsuliyyətinə cəlb olunma təcrübəsinə son qoyulub, maddələr çəkindirici xarakter alıb: "Bu da Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnun tətbiqinin müsbət nəticəsidir. Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrində edilən dəyişikliyə əsasən, nəzərdə tutulan əməllərə görə, cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq olunacaq. Burada böhtana görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə cəlb etmə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Ağır hallarda isə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təhqirə görə isə 300 manatdan 1000 manatadək cərimə, 240 saatadək ictimai işlərə, 1 ilədək islah işlərinə cəlb etmə və ya 6 ayadək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq".

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının fikrincə, internetdə təhqir və böhtanlara görə məsuliyyəti müəyyən edən müddəaların qanunvericiliyə daxil edilməsi tamamilə məntiqlidir: "Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən mətbuat üzərində dövlət nəzarəti tam aradan qaldırılıb. Bu gün Azərbaycan mətbuat azadlığı baxımından dünya ölkələri arasında ilk onluğa daxil olmaq iqtidarındadır. Eyni zamanda, ölkəmizdə intententdə, sosial şəbəkələrdə də tam azad fəaliyyət təmin edilib. Bütün bunlarla yanaşı, internetdə təhqir və böhtanlara görə məsuliyyəti müəyyən edən müddəaların da qanunvericiliyə daxil edilməsi tamamilə məntiqlidir".

M.Qurbanlı onu da söyləyib ki, internetdə hər kəs istədiyi məlumatı yaymaq, istədiyi mövzuda müzakirlər açmaq, ayrı-ayrı mövzularla bağlı fikir bildirmək imkanına malikdir. Dünyanın bütün ölkələrində internetlə bağlı geniş müzakirlərin getdiyini deyən M.Qurbanlının sözlərinə görə, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrdə də internet azadlığı ilə bağlı müxtəlif diskussiyaların aparılmasını görməkdəyik. Onun fikrincə, internetdəki azadlıq müəyyən mənada məsuliyyət məsələsini də gündəmə gətirib: "Necə ki, mətbuat azadlığı onun müəyyən məsuliyyətini də özü ilə bərabər yaradıb. Belə ki, bu gün istənilən ölkədə mətbuat azadlığı müvafiq qanunlarla tənzimlənir. Bununla bağlı jurnailistlərin beynəlxalq təşkilatlarının da qəbul etdikləri sənədlər var. Mətbuat sırf jurnalistika ilə bağlı sahədir. Jurnalistlərin bu və digər məsələyə yanaşma tərzi var. İnternet isə tamamilə fərqlidir, ondan təkcə jurnailistlər yox, bütün insanlar istifadə edir. Ona görə də, mətbuatla interneti eyniləşdirmək olmaz. Hansısa qəzetin rəhbəri və kollektivi var, həmin qəzetdə gedən materiallara görə qəzetin rəhbərliyi, yazı müəllifləri hüquqi cəhətdən məsuliyyət daşıyırlar. Amma internetdə belə deyil. İnternet çox geniş imkanlara malikdir. Bu baxımdan, internetdə yayılan məlumatlarla əlaqədar məsuliyyət məsələsi gündəmdədir və bu müzakirələr hələ də davam edir. Ona görə də, bu hərəkətlərə yol verənlərin məsuliyyət məsələsi gündəmdədir. Hazırda internetdə yayılan fikirlərə görə heç kim məsuliyyət daşımır. Kimlərsə, başqa ad altında sosial şəbəkələrdə insanları təhqir edir, böhtan atır və s. Bu hərəkətlərə görə cavabdehlik lazımdırmı? Əgər kimsə deyirsə ki, internetdə belə hallara görə cavabdehlik lazım deyil, onda həmin şəxs özü haqqında təhqiredici fikirlərin müqabilində gərək sussun. Hər kəs müəyyən hadisənin öz başına gəldikdə, bu hadisənin nədən qaynaqlandığını araşdırmaq istəyir. Amma belə olmamalıdır. Bu baxımdan, Milli Məclis tərəfindən internetdə bu kimi hallara qarşı qanunvericiliyə etdiyi yeniliklər tamamilə doğru addımdır".

R.HÜSEYNOVA

Digər xəbərlər