Rüstəm Məmmədov: "Ermənistana layiq olan cəza verilməlidir"
Bu gün dünyanın ən böyük problemi olan narkotik maddələrin qanunsuz dövriyyəsi bütün dünya dövlətləri kimi Azərbaycanı da narahat etməyə bilməz. Ölkə ərazisində narkotik satışının, eləcə də dövlət sərhədlərimizdən qanunsuz olaraq narkotik maddələr keçirmək istəyən dəstələrə qarşı Azərbaycanın hüquq-mühafizə orqanları kifayət qədər uğurlu əməliyyatlar həyata keçirilər. Amma təəssüf ki, nəzarətsiz zona olan Dağlıq Qarabağ haqqında bunu söyləmək mümkün deyil. Halbuki bölgə dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevrilib. Azərbaycan xüsusi xidmət orqanlarının apardığı araşdırmalar, o cümlədən, əməliyyat xəbərlərinə görə, narkotacirlərin bu gün istifadə etdikləri ən təhlükəsiz marşrut işğal olunmuş ərazilərimizdən, həmçinin, Ermənistan ərazisindən keçir.
Həmin zonalar erməni silahlı qüvvələrinin nəzarətində olduğuna görə, orada böyük narkotik plantasiyaları salınır və narkotiki İran vasitəsilə Azərbaycana, oradan da Rusiya və Avropaya ötürməklə böyük gəlir əldə etməyə çalışırlar. Çünki bu gün Ermənistan işğal edilmiş zonanı nə iqtisadi cəhətdən inkişaf etdirə bilir, nə də onun infrastruktur və sosial problemlərini həll edə bilir. Məhz bu səbəbdən, işğal edilmiş Dağlıq Qarabağ həm narkotik vasitələrin yetişdirilməsi üçün, həm də terrorçu qüvvələrin təlim bazası kimi onlar üçün daha sərfəlidir.
Dağlıq Qarabağ narkotiklərin becərildiyi və daşındığı nəzarətsiz zonaya çevrilib. Bu məsələdə Ermənistan rəhbərliyinin xüsusi əməyi, rolu olduğu faktlarla öz təsdiqini tapmaqdadır. Dünya birliyinin bu məsələdə susması nə ilə bağlıdır? Məsələyə münasibət bildirən politoloq Rüstəm Məmmədov "Səs" qəzetinə açıqlamasında bildirib ki, Dağlıq Qarabağın narkotiklərin becərildiyi və daşındığı nəzarətsiz zonaya çevrilməsi və həmin ərazidə narkotiklərin əkilərək becərilməsinə dünya birliyinin susaraq hər hansı bir fikir bildirməməsinin səbəbi Dağlıq Qarabağ münaqişəsinə biganə münasibətin mövcudluğundan irəli gəlir. Dünya birliyi və beynəlxalq təşkilatlar bu günə qədər işğalçı ölkə olan Ermənistanın bu cür yersiz hərəkətlərinə göz yumublar. Bir sözlə, Ermənistana layiq olan cəza verilməlidir. Politoloq onu da bildirdi ki, Ermənistanın rəhbərliyi nəzarətdən kənarda qalmış Dağlıq Qarabağ ərazisində narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə məşğul olmasına dünya birliyi və beynəlxalq təşkilatlar ciddi təpki göstərməlidirlər.
R.Məmmədovun sözlərinə görə, Dağlıq Qarabağ narkotranzit mərkəzə çevrilməsi bütövlükdə region və dünya üçün təhlükə mənbəyi sayılır. Çünki bununla bağlı mütəmadi olaraq Azərbaycan öz həyəcan təbilini çalaraq mövqeyini bildirir. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunan politoloq onu da əlavə etdi ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işğalçı ölkə olan Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi Rusiyaya arxalanmasından irəli gəlir.
GÜLYANƏ