PDF Oxu

Araşdırma

  • 1 251

Politoloq: “BMT qəbul edib icra edə bilmədiyi 4 qətnamə ilə məşğul olsun”

Politoloq: “BMT qəbul edib icra edə bilmədiyi 4 qətnamə ilə məşğul olsun”

"Bizim üçün ən əhəmiyyətli məqam azərbaycanlı parlamentarilərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu üzvlərinin tam tərkibdə çağırılması ilə bağlı təklif oldu. Hesab edirəm ki, bu, son dərəcə maraqlı təklifdir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli ATƏT Parlament Assambleyasının (PA) İstanbulda keçirilən 22-ci yay sessiyasında müzakirə olunan məsələlərə münasibət bildirərkən deyib.

E.Nəsirlinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun 21 illik fəaliyyəti sıfıra bərabərdir: "Burada heç bir halda irəliləyiş yoxdur. Əgər bunu nəzərə alsaq, formatın özünə baxılması ideyası bu baxımdan cəlbedici görünə bilər. Məlumdur ki, Minsk qrupunda 11 dövlət təmsil olunur, amma faktiki olaraq 1997-ci ildən üç dövlət bu təşkilata həmsədrliyi həyata keçirir. Sanki bu məsələ ilə 11 dövlət yox, 3 dövlət məşğuldur. Bu mənada hesab edirəm ki, Minsk konfransının çağırılması digər üzv dövlətlərin də fəallaşması və onların da mövqeyinin ortaya qoyulması baxımından çox əhəmiyyətlidir".

Direktor müavini hesab edir ki, bütövlükdə Minsk qrupunun formatı özünü doğrultmayıb: "Bəs bundan imtina edildiyi halda, ortada hansı format qalır? NATO özü münaqişənin həllində iştirak etmək fikri olmadığını bəyan edir. Avropa İttifaqına gəldikdə isə, adıçəkilən təşkilat ATƏT-in mövqeyini dəstəkləyir və özünün burada birbaşa iştirak etmək niyyəti yoxdur. Ən yaxşı halda, Avropa İttifaqı Minsk qrupunda tərəf qismində təmsil olunmaq istəyir. BMT-yə gəlincə, məlumdur ki, BMT-nin 4 qətnaməsi bu günə kimi icra edilməyib. Beləcə, BMT-nin vasitəçiliyi bizə lazım deyil. BMT qəbul edib icra edə bilmədiyi 4 qətnamə ilə məşğul olsun. Biz ondan başqa heç nə istəmirik. Hesab edirəm ki, Minsk konfransının çağırılması, formatına baxılması tənzimləmə prosesinə müəyyən dinamizm gətirə bilər".

sia.az

Digər xəbərlər