PDF Oxu

Araşdırma

  • 1 194

"Milli şuluqlar"

"Milli şuluqlar"

Aydın Mirzəzadə: "Milli Şura"dakıları milli maraqlar, demokratiya, xalq və vətən maraqlandırmır"

Aydın Hüseynov: "Milli Şura" heç bir uğur qazanmayacaq"

Ağılsızlığı, düşüncəsizliyi, ermənipərəstliyi ilə ad çıxaran kinorejissor Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən "Milli Şura" adlı qondarma qurumun "vahid namizədi" öz qondarma adlarına uyğun olaraq R.İbrahimbəyovu seçiblər. Lakin ona "Milli Şura" daxilində diş qıcayanlar da çoxdur. "Milli Şura" daxilindəki bu qarışıq vəziyyətə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə və YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirdilər ki, bu qondarma qurum seçkilərə qədər məhv olacaq.

Aydın Mirzəzadə,

millət vəkili:

- "Milli Şura"dakıları milli maraqlar, demokratiya, xalq və vətən maraqlandırmır. Onlar yalnız öz şəxsi mənafei naminə çalışan insanlardır. Belə insanları isə xalq heç vaxt dəstəkləmir. Onların bu cür hərəkətləri ilə bağlı demək olar ki, "Milli Şura" yaranmadan onun böhranda olduğunun, problemlər içində boğulduğunun hamımız şahidi olmuşuq. Hesab edirəm ki, "Milli Şura" yaranmadan iflasa uğrayan müxalifət qurumudur. İndi olduğu kimi, qarşıdan gələn müddətdə də əvvəlki müxalifət birlikləri kimi "Milli Şura" daxilində də qarşıdurmanın, ittihamların daha dəhşətli xarakter daşıyacağını və sonda isə təşkilatın fəaliyyətinin dayandırılmasının şahidi olacağıq. Çünki müxalifətin təqdim etdiyi "Milli Şura"ya cəmiyyətin sosial sifarişi deyil. Onlar nə millidir, nə də millətin mənafeini düşünən. Onlar xalqdan, vətəndən uzaq olan insanlardır.

Azərbaycanda keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin qalib gələcəyi artıq indidən bəllidir. Ona görə ki, Prezident İlham Əliyevi cəmiyyətin bütün təbəqələri tam şəkildə dəstəkləyir. Xalqımız öz Lideri olan Cənab İlham Əliyevə inanır və Onun növbəti seçkilərdə də qalib gəlməsini istəyir və dəstəkləyir.

Müxalifətin seçkidən-seçkiyə təqdim etməyə çalışdığı müxtəlif qurumlar birmənalı olaraq uğursuzluqla nəticələnib və nəticələnəcək. Bunun başlıca səbəbi həmin qurumlara Azərbaycan ictimaiyyətində sosial sifarişin olmamasıdır. Digər tərəfdən müxalifətin yaratdığı qurumlar əsasən xarici anti-Azərbaycan dairələrə xidmət edən, biri digərinin onsuz da məhdud sosial bazasını ələ keçirmək üçün qurulan təşkilatlardır. Xaricdən maliyyələşən, istiqamətlənən, anti-Azərbaycan şəbəkəyə xidmət edən dağıdıcı müxalifət və onun birlikləri isə iflasa məhkumdur.

Aydın Hüseynov,

YAP Siyasi Şurasının üzvü:

- Bunun adını "Milli Şura" qoymaq olmaz. Onlar heç bir funksiya yerinə yetirmir və heç bir iş görmürlər. Orada təmsil olunanlar da millətini sevən şəxslər deyil. Başçıları Rüstəm İbrahimbəyovun və digərlərinin milliliyə heç bir aidiyyatı yoxdur. R.İbrahimbəyov əvvəllər heç vaxt müxalifətə ciddi qüvvə kimi baxmayıb, heç vaxt müxalifətin xeyrinə heç bir söz söyləməyib. İndi necə oldu ki, bu insan gəlib müxalifətin liderinə, rəhbərinə çevrilib? Bu insan öz dilimizdə belə səlis, təmiz danışa bilmir. Belə adamın milliliyə nə aidiyyatı ola bilər? R.İbrahimbəyov hər zaman ermənilərlə dostluq edib və ölkəmizin milli-mənafeini düşünməyib. Belə insan necə milli şəxs sayıla bilər ?! Onu da qeyd edim ki, AXCP və Müsavatın gücü olsaydı, R.İbrahimbəyovu heç özlərinə yaxın buraxmazdılar. Təbii ki, R.İbrahimbəyovun da heç bir gücü-qüvvəsi yoxdu. Uğur qazanmaq məsələsinə gəldikdə isə, deyə bilərəm ki, hər zaman bir-birini təhqir edən, söyən, bir-birinə böhtan atan insanlar indi öz mənafeləri naminə gəlib hansısa qurumda təmsil olunursa, onlar heç vaxt uğur qazana bilməzlər. Çünki onlar bir-birlərinə düşməndirlər və bu düşmənçilik sonda yenə də onların təmsil olunduqları qurumdan uzaqlaşmaları ilə nəticələnəcək. Müxalifətdə ikiüzlülük, satqınlıq adi hala çevrilib. Müxalifətdən çıxan növbəti eybəcərliklərdən biri də "Milli Şur"adır. Bu ideyanın nə siyasi yükü var, nə də milliliyi. "Milli Şura" tərkibini elan etməmiş çat verməyə başlamışdı və bu çat bu gün də daha da böyüyür. Qondarma qurum ağlını itirmiş insanların təsis etdiyi və heç kəsə lazım olmayan, heç bir faydası olmayan bir qurumdur. Bu qurum sosial sifariş əsasında yaranmayıb. Buna görə də, artıq dağılır. Bu qondarma qurumda təmsil olunanların heç biri xalqını düşünən, milli maraqlara önəm verən insanlar deyillər. Bu insanlar Azərbaycanın müstəqilliyinin məhv olmasını, xalqın zülm çəkməsini istəyənlərdir.

Azərbaycan xalqı öz seçimini artıq edib. Bu seçim Cənab Prezident İlham Əliyevdir. Xalqımız ötən seçkilərdə olduğu kimi, bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində də Cənab İlham Əliyevi dəstəkləyəcək. Çünki xalq Cənab Prezidentə qəlbən inanır.

Cahid Süleymanov

Digər xəbərlər