VƏ YA QÜDRƏTLİ YAP QARŞISINDA MÜXALİFƏT RÜSVAYÇILIĞI
Bu gün Azərbaycan dövlətçiliyinin və xalqının maraqlarına bütövlüklə cavab verən, reallaşdırdığı uğurlu siyasi idealogiyası ilə dünyanın siyasi təşkilatları sırasında nəhəngə çevrilən Yeni Azərbaycan Partiyasının 21 illik yubileyinin region və bölgələrimizdə böyük təntənə ilə qeyd olunması faktoru bir daha sübut edir ki, YAP məhz xalqın partiyası olaraq, Ulu Öndər Heydər Əliyev ideyalarını əməli nəticələri ilə daima gerçəkləşdirir.
Söz yox ki, bu gün Azərbaycanda fəaliyyət göstərən digər siyasi təşkilatların sayı da kifayət qədərdir. Xüsusilə, müxalifət partiyalarının ölkədəki fəaliyyətləri daha bir amilə söykənir ki, Azərbycanda ictimai-siyasi mühit sivil qanunlarda tələb olunan bütün demokratik dəyərlərə cavab verir və hər bir siyasi partiyanın fəaliyyət istiqaməti azaddır. Bu baxmdan, Ulu Öndər Heydər Əliyevin müxalifətçilik faktoru haqqında dediyi kəlamını bir daha xatırlatmaq yerinə düşərdi: "Müxalifətçilik lazımdır, amma aparılan müxalifətçilik dövlətçiliyin və xalqın maraqlarına qarşı zidd olmamalıdır".
Müxalifət partiyaları hər post-seçki dövrlərində guya qələbə qazanacaqlarını iddia etməklə özlərini daha çətin durumlara qoyurlar
Təəssüflər olsun ki, hakimiyyətə gəlmək yolunu radikalizmdə və dağıdıcılıqda görən bəzi müxalifət partiyaları yuxarıda qeyd edilən faktora qeyri-ciddi nəzrlərlə baxır, siyasi mübarizələrinin tərkib hissələrini məhz anarxiya yolunda aparmağa cəhd göstərirlər. Eyni zamanda, ümummüxalifətçilik dəyərlərindən qat-qat uzaq olan bu dairələr öz aralarında da birincilik uğrunda qeyri-sivil mübarizələr aparmaqla sübut edirlər ki, onların əsas məqsədləri xalqın və dövlətin maraqları deyil, məhz şəxsi siyasi dividendlərin artırılmasından ibarətdir. Müsavat, AXCP, AXP, ACP, ALDP, ADP, AMİP və digər bu kimi partiyaların ayrı-ayrı blok və birliklərdə təmsil olunmaları da qeyd olunan fikirlərin bariz isbatıdır. Bu gün "İctimai Palata"da, "Məşvərət Məclisi"ndə, "Milli Şura"da və başqa bu kimi qondarma qurumlarda guya hər hansı siyasi gedişlər etdiklərini sərgiləyən müxalifət partiyaları əslində uğradıqları məğlubiyyətlərinin acılarını çəkməklə məşğuldurlar. Anti-Azərbaycan meyilli xarici təşkilatlarla sıx təmaslarda olan, həmin təşkilatlardan qrant payları uman bu kimi müxalifət siyasi təşkilatları xalqa və dövlətçiliyə qarşı göstərdikləri xəyantələr toplumu bu, azmış kimi, müxtəlif zamanlarda hakimiyyətə gəlməkdən ötrü hətta şeytanla belə əməkdaşlığa hazır olduqlarını bəyan edirlər. Onların zaman-zaman əzəli torpaqlarımızın 20 faizidən çoxunu işğal etmiş, azərbaycanlıların qanına susamış erməni təşkilatları ilə mütəmadi əlaqələr qurmaları, xaricdə fəaliyyət göstərən erməni lobbiçilərindən maddi gəlirlər əldə etmələri də deyilənləri kifayət qədər təsdiq edir. Təkcə son illərdə Azərbaycanda gedən inkişaf perspektivlərini pərdələməyə cəhd göstərən aşırı radikallar öz dağıdıcılıq və xəyanətkarlıq prinsipləri ilə əldə edilən sosial, siyasi, ictimai, mədəni və başqa sahələrdəki uğurlar üzərindən çalın-çarpaz xətt çəkməklə hakimiyyət arzusu ilə alışıb-yanırlar. Ancaq onların heç bir xisləti reallaşmır. Çünki ölkədə onlara qarşı inam tamamilə tükənib. Çünki Yeni Azərbaycan Partiyasının təməlli varlığı, xalqın məhz bu partiyanın ətrafında sıx birləşməsi ilə nəticələnib. Və bu nəticənin əbədiliyinə də heç kim şübhə etmir. Əldə edilən 21 ilin uğurları belə qənaətə gəlməyə imkan verir.
Mübariz Qurbanlı: "YAP müxalifətdə olduğu dövrdə birmənalı olaraq dövlətçilik mövqeyində dayanmış, hakimiyyətdə olan dairələrin əməllərini, onların xalqa zidd siyasətini tənqid etməklə yanaşı, Azərbaycanın maraqlarına ziyan vuracaq hər hansı hərəkətə yol verməyib"
"Azərbaycan müxalifəti uydurduqları yalan məlumatları müxtəlif xarici təşkilatlara göndərməklə, əslində, düşmən Ermənistanın anti-Azərbaycan təbliğat maşınına yardım etmiş olur". Bunu hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məsələ ilə bağlı açıqlamasında bildirib ki, "bu cür hərəkətlər müxalifətçilik deyildir, Vətənin maraqlarına zərbə vurmaqdır".
O, eyni zamanda bildirib ki, YAP bir təşkilat olaraq Azərbaycan siyasətinə özü ilə birlikdə bir sıra yeniliklər gətirib: "YAP müxalifətdə olduğu dövrdə birmənalı olaraq dövlətçilik mövqeyində dayanmış, hakimiyyətdə olan dairələrin əməllərini, onların xalqa zidd siyasətini tənqid etməklə yanaşı, Azərbaycanın maraqlarına ziyan vuracaq hər hansı hərəkətə yol verməyib. Təəssüf ki, bu halı indiki müxalifət partiyalarında müşahidə etmək mümkün deyildir. YAP-ın siyasətinə müxalif olan bəzi partiyalar tənqidlə təhqiri eyniləşdirməklə bərabər, ölkədaxili məsələləri yerli-yersiz beynəlxalq təşkilatlar səviyyəsinə qaldırmağa çalışır və bir növ öz ölkəsində xarici təşkilatlar üçün şikayətçi rolunu oynayır".
Sözügedən məsələyə məhz bu kimi müstəvidən yanaşsaq bir daha görərik ki, əslində Yeni Azərbaycan Partiyasının 21 illik nəhəngliyi qarşısında daha da cılızlaşan dağıdıcı müxalifət düşərgəsi düşdüyü çıxılmaz vəziyyətdən çıxş yolu tapa bilmədiyi üçün məğlubiyyətini etiraf etmək məcburiyyətindədir. 2013-cü seçki ilində Yeni Azərbaycan Partiyası namizədinin əldə edəcəyi möhtəşəm qələbə cılız müxaifətin sonuncu və birdəfəlik məğlubiyyəti ilə nəticələnəcək.
Rəfiqə HÜSEYNOVA