"Danışıqlar naminə danışıqlara getməyə, beynəlxalq ictimai fikri aldatmağa ehtiyac yoxdur"
"1999-cu ildən indiyədək 46 dəfə prezidentlər səviyyəsində görüş keçirilib. Amma çox təəssüf ki, bu görüşlərin heç birində konkret nəticə olmayıb". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, bu gün heç də sirr deyil ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin əsas vəzifəsi prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olmaqdır: "Çünki, 2012-ci ilin yanvar ayından etibarən yəni, Soçi görüşündən bu yana prezidentlər səviyyəsində görüş başa tutmayıb. Hətta Kütləvi İnformasiya Vasitələrində (KİV) belə bir məlumat yayılmışdı ki, bu ilin iyun ayının 30-da Avstriyada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilə bilər. Lakin bu məlumat öz təsdiqini tapmadı. Azərbaycan dövlətinin bu məsələdə konkret mövqeyi var. Danışıqlar naminə danışıqlara getməyə, beynəlxalq ictimai fikri aldatmağa ehtiyac yoxdur. Çünki, Ermənistan tərəfi danışıqlara gedərkən beynəlxalq ictimaiyyəti aldadır və özünü son dərəcə danışıqların davam etdirilməsində maraqlı, sülhpərvər dövlət və s. olaraq göstərməyə çalışır. Amma adıçəkilən ölkə, yenə də öz aqressiyasını davam etdirməkdədir. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin də mövqeyi var. Hesab edirəm ki, danışıqlara o zaman gedilə bilər ki, Ermənistan tərəfinin konkret olaraq konstruktiv mövqeyi olsun. Lakin bu olmayacağı və işğalçı ölkə öz köhnə oyun qaydalarını (qeyri-konstruktiv mövqeyini) saxlayacağı təqdirdə, danışıqlar mənasızdır".
sia.az