PDF Oxu

Araşdırma

  • 1 473

Bakı-Tbilisi- Qars dəmiryol xətti ilin sonuna qədər yekunlaşacaq

Bakı-Tbilisi- Qars dəmiryol xətti ilin sonuna qədər yekunlaşacaq

Vüqar Bayramlı: "Layihənin ümumilikdə "Şərq-Qərb" marşrutu sistemində ən çox istifadə ediləcək nəqliyyat dəhlizinə çevrilməsinə ümidlər çoxdur"

Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, nəqliyyat sahəsində də tərəqqi, iqtisadi inkişaf özünü göstərməkdədir. İrimiqyaslı regional layihələr həyata keçirən, birbaşa həmin layihələrin iştirakçısına çevrilən Azərbaycanın dünyada yeri və rolu möhkəmlənməkdədir. Dövlətimizin imzası olan irimiqyaslı layihələrdən biri də Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti layihəsidir. BTQ Azərbaycan, eləcə də region üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan çox böyük əhəmiyyət kəsb edir. Bütün region ölkələri üçün böyük əhəmiyyətə malik olan bu layihənin reallaşdırılması Azərbaycanın səyləri nəticəsində mümkün olub. Belə ki, Azərbaycan, Gürcüstan, Türkiyə arasında çəkiləcək BTQ-nin reallaşdırılması üçün Gürcüstan tərəfinin maliyyə vəsaiti qoymaq imkanları yox idi və buna görə Azərbaycan qonşu ölkəyə kredit ayırmalı oldu. Rəsmi Bakının layihəyə ayırdığı vəsaitlər yalnız və yalnız Azərbaycan iqtisadiyatının şaxələnməsi, ümumilikdə gələcəyi üçündür. Ölkəmizin göstərdiyi səylərdən asılı olmayaraq BTQ-nin tikintisi işləri hələ də başa çatmayıb.

Bu məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Vüqar Bayramlı bildirdi ki, Azərbaycan bu layihənin reallaşması üçün özünün regiondakı siyasi və iqtisadi mövqeyindən tam olaraq istifadə etdi: "Azərbaycanla Avropanı birləşdirəcək BTQ ölkəmiz üçün həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir. Layihənin ümumilikdə "Şərq-Qərb" marşrutu sistemində ən çox istifadə ediləcək nəqliyyat dəhlizinə çevrilməsinə ümidlər böyükdür. BTQ-nin istifadəyə verilməsi 2012-ci ildə gözlənilsə də, layihənin reallaşdırılması 2013-cü ilin sonlarına proqnozlaşdırıldı. Gecikməyə səbəb isə bir neçə amil göstərə bilərik. Belə ki, ABŞ və Avropa Birliyi BTQ-nin Ermənistandan keçməsinin tərəfdarı idilər və bunun müqabilində maliyyə dəstəyi göstərəcəklərini bildirmişdilər. Dəmiryol xəttinin Ermənistandan keçməyəcəyi təqdirdə ABŞ və Dünya Bankı layihənin maliyyələşdirilməsindən imtina edəcəkdi. Bu məsələ ilk öncə Senatda müzakirə olunsa da, erməni lobbisinin təsiri nəticəsində ABŞ hökumətinin bu layihəni maliyyələşdirməsinin qarşısı alındı. Bütün bu təziqlərə baxmayaraq, Azərbaycan dövləti öz siyasi iradəsini ortaya qoyaraq, BTQ-nin maliyyələşdirilməsini həll etdi. Hal-hazırda heç bir maliyyə problemləri yoxdur".

İqtisadçı ekspert dediklərinə bu fikirləri də əlavə etdi: "Gürcüstanla Ermənistan arasında olan mövcud dəmiryol xəttinin BTQ ilə əvəz olunması üçün Ermənistan çirkin siyasət yürüdür. Aclıqdan, səfalətdən qurtarmağın yollarını arayıb, araşdıran Ermənistan çalışır ki, BTQ-dən istifadə etməklə Avropa bazarına çıxa bilsin. Dövlətimiz isə birmənalı şəkildə bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyincə heç bir regional layihəyə qoşula bilməz".

İntizarə Məmmədova

Digər xəbərlər