PDF Oxu

Araşdırma

  • 1 479

Ermənistan regional təcrid vəziyyətindədir

Ermənistan regional təcrid vəziyyətindədir

İşğalçı ölkə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən böyük narahatlıq duyur

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Ermənistan siyasi dairələrində çox böyük narazılığa səbəb olub. Hakimiyyət və müxalifət partiyaları Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı yekdil mövqedə dururlar. Ermənistanın strateji partnyoru olan Rusiya prezidentinin erməni qəzetlərinin yazdığı kimi "düşmən ölkə" olan Azərbaycana səfərini Ermənistanın təhlükəsizliyinə ciddi təhlükə kimi qəbul edirlər.

Bundan əlavə bu Zaqafqaziya ölkəsinin politoloqları Vladimir Putinin Bakıya səfərini meydan oxumaq kimi qiymətləndirilər. Onlar hesab edirlər ki, hazırkı mərhələdə Serj Sarkisyanın Vladimir Putini dəfələrlə Ermənistana dəvət etməsinə baxmayaraq, o, Bakıya gəldi. Bu ənənənin gələcəkdə də təkrarlana biləcəyi ilə bağlı Ermənistana aydın siqnaldır.

Ümumiyyətlə, Rusiya prezidentinin Azərbaycana səfərini Ermənistanın təhlükəsizliyinə ciddi hədə kimi qəbul edirlər. Burada hesab edilir ki, hazırkı mərhələdə Serj Sarkisyanın Vladimir Putini dəfələrlə Ermənistana dəvət etməsinə baxmayaraq, o, Bakıya gedib və bunun gələcəkdə də təkrarlana biləcəyi işğalçı ölkəyə aydın siqnaldır. Bu fonda ekspertlər Rusiya-Azərbaycan əlaqələrinin yaxşılaşmasını Ermənistan diplomatiyasının tamamilə iflası kimi qiymətləndirirlər.

Ermənistan Rusiya ilə yaxınlaşmaqdan ehtiyat edir

Ermənistan mətbuatı olan "Lragir" qəzeti yazır ki, Vladimir Putinin Azərbaycana səfərinin səbəbi regiondakı reallıqlardan və Rusiyanın yeni statusundan xəbər verir: "Ermənistanda Rusiyaya qarşı münasibət hələ müsbət olsa da, tendensiyalar ondan xəbər verir ki, yaxın illərdə bu balans dəyişə bilər. Çünki işğalçı ölkədə get-gedə daha çox adam anlayır ki, Moskvanın siyasəti Ermənistan üçün çoxlu problem - risklər və çağırışlar yaradır".

Qəzet yazır ki, prezident Serj Sarkisyanın Avropa İttifaqı ilə assosiativ saziş imzalamaq niyyəti Rusiyada heç də xoş qarşılanmır. Cavab tədbiri olaraq isə Moskva tərəfindən atılan addımlar nəticəsində erməni mallarının Rusiyaya ixracı əhəmiyyətli dərəcədə azalacaq. Bundan başqa, Rusiyadakı 2,5 milyonluq erməni diasporunun vəziyyəti pisləşəcək, 2,5 milyard dollara çatan pul köçürmələri azalacaq. O da istisna edilmir ki, Avropa İttifaqı ilə assosiativ sazişdən sonra Rusiya Ermənistana satılan qazın qiymətini yenidən gözdən keçirəcək. Həmçinin, Ermənistan hərbi sferada Rusiyanın ən təhlükəli sanksiyaları ilə üzləşə bilər. Bu səbəbdən ermənilər ən çətin imtahan qarşısındadırlar.

Həmçinin erməni politoloqları da bildirirlər ki, Rusiya Ermənistanla münasibətlərdə "qamçı" nümayiş etdirməyə başlayıb. Erməni politoloqu Levon Şirinyan bildirir ki, bu səfər ölkəmizə xeyirli göstərici deyil: "Rusiya prezidenti Vladimir Putinin Bakıya rəsmi səfəri Ermənistanda həyəcan yaradır. Rusiya rəsmi olsa da, bizim strateji tərəfdaşdır. Amma biz bilirik ki, Rusiya tarixən bizim vətənimizi parçalayıb".

Ermənistanın hakim partiyasının nümayəndəsi, xarici münasibətlər üzrə komissiyanın üzvü Artak Zakaryan isə vəziyyəti narahatlıq doğuran böyük bir məsələ adlandırıb: "Təbii ki, tərəfdaşımız olan bir ölkənin düşmənimiz sayılan bir ölkə ilə istənilən ikitərəfli münasibəti bizi narahat etməlidir". Erməni politoloqu Ağasi Yenokyan da bildirib ki, Putinin səfərinə ilk növbədə Rusiya ilə Azərbaycanın ikitərəfli münasibətləri kontekstində baxmaq lazımdır. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinə mümkün daxili təzyiq imkanlarını itirən Rusiya xaricdən yararlanır: "Ermənistan üçün qazın qiymətini qaldırır, Azərbaycana silah satışı ətrafında səs-küyü artırır, Ermənistan vətəndaşlarını Rusiyadan deportasiya edir. Başqa sözlə, Rusiya Ermənistanla münasibətlərdə "qamçı" nümayiş etdirməyə başlayıb".

Bu səfər Serj Sarkisyanın potensialını sıfıra endirdi

Ermənistan parlamentində fəaliyyət göstərən "İrs" fraksiyasının rəhbəri Ruben Akopyan qeyd edir ki, Ermənistan tarixin heç bir dövründə indiki hakimiyyətin zamanında olduğu qədər alçaldılmayıb, dağıdılmayıb, perspektivsiz vəziyyətə düşməyib: "Erməni xalqı heç vaxt bu qədər aclıq və səfalət içərisində yaşamayıb, qorxu keçirməyib. Tarixin heç bir dövründə bu qədər adam ölkəni birdəfəlik tərk etməyib. Ermənistan heç zaman kənar siyasi qüvvələrdən indiki qədər asılı olmayıb". Erməni deputat bütün bunların təqsirini mövcud hakimiyyətin iradəsizliyində, iqtidarda qalmaq naminə milli maraqları qurban verməsində, korrupsiya və rüşvətin həyat normasına çevrilməsində gördüyünü bildirib. Ölkədə siyasi riyakarlığın baş alıb getdiyini söyləyən deputat daha sonra qeyd edib ki, müxalifətçilər hakimiyyətlə sövdələşərək vəzifəyə və pula satılır, cəmiyyətdəki neqativ hallara göz yumurlar. Xalq isə, aldadıldığını başa düşərək son ümidini də itirir. Bunlara etiraz edənlər isə repressiv üsullarla zərərsizləşdirilir. Məsələn, Ermənistan KİV-lərinin verdiyi xəbərə görə, Ermənistan polisi heç bir sənəd təqdim etmədən fəal vətəndaşları oğurlayır.

Ağır iqtisadi durumda yaşayan ölkədə iqtisadi vəziyyət də getdikcə pisləşir. Elə bunun nəticəsidir ki, 2013-cü ilin birinci yarısı Ermənistanda nikaha girənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz azalıb, boşanmalar isə 14,2 faiz artıb. Politoloq Ruben Yeqanyan bildirir ki, əhali arasında istənilən hakimiyyətə qarşı inamsızlıq və tam etinasızlıq var. Ermənilər üçün yeganə çıxış yolu miqrasiyadır. Onun sözlərinə görə, məmurlar yalnız öz ciblərini düşünürlər: "Şəxsən mən və mənim kimi çoxları istəmir ki, uşaqları burada böyüsünlər. Onlar üçün Ermənistanda gələcək yoxdur".

Bütün bunlar isə, həqiqətən Ermənistanın sürətlə məhvə doğru getdiyini göstərir.

A.SƏMƏDOVA

Digər xəbərlər