Elşad Mirbəşiroğlu: "Ermənistan adlı bir ölkə yarandığı ilk gündən özü-özünü fiaskoya aparıb"
İşğalçı ölkə olan Ermənistanda yaranan ağır sosial-iqtisadi durum əhalinin kütləvi şəkildə ölkəni tərk etməsinə gətirib çıxarıb. Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Ermənistan iki-üç ildən sonra tamamilə viran olunmuş əraziyə çevriləcək: "Son illər Ermənistanda vəziyyətin ciddi şəkildə pisləşməsi prosesi davam etməkdədir. Təbii ki, işğalçı ölkə üçün bu, gözlənilən bir vəziyyətdir. Ümumiyyətlə, Ermənistan adlı bir ölkə yarandığı ilk gündən özü-özünü fiaskoya aparıb. Azərbaycan torpaqlarını xarici qüvvələrin dəstəyi ilə işğal etməklə və bu işğal siyasətini bu günə qədər davam etdirməklə Ermənistan davamlı olaraq özünü uçuruma doğru aparır. Bu baxımdan, Ermənistanda siyasi-iqtisadi vəziyyətin getdikcə ağırlaşması labüddür. Ermənistan getdikcə daha da çıxılmaz bir vəziyyətə düşəcəkdir. Ermənistanda təkcə siyasi-iqtisadi vəziyyət deyil, eyni zamanda bütün sahələr üzrə böhran yaşayır. Belə olan halda da, Ermənistan əhalisi yaxşı bir şəraitdə yaşamaq üçün yaşadıqları ölkələrini tamamilə tərk edərək başqa ölkələrə gedirlər. Bunun da səbəi, Ermənistanda vəziyyətin yaşanmaz bir həddə çatması ilə bağlıdır. Səbəbi də Ermənistan prezidenti S.Sarkisyanın xalqına qarşı biganə yanaşması ilə bağlıdır. Bu gün Ermənistan prezidenti S.Sarkisyanı xalqının deyil, özünün şəxsi maraqları düşündürür. Belə olan halda da, Ermənistanda irəliliyə doğru hər hansı bir addımların atılmasından söhbət gedə bilməz. Bir sözlə, bundan sonra Ermənistanı ancaq məğlubiyyət gözləyir".
"Rusiyanın vassalına çevrilən Ermənistan bu mənada müstəqil dövlət olmadığını nümayiş etdirmir ki" sualını cavablandıran politoloq onu da bildirdi ki, işğalçı ölkə olan Ermənistan Rusiyanın təsiri altındadır: "Ermənilər elə başa düşürlər ki, onlar Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib, özlərinin müstəqil bir dövlətini yarada biləcəklər. Amma onlar çox böyük yalnışlığa yol verdilər. Çünki Rusiya heç nəyi əvəzsiz vermir. Rusiya özü Ermənistanın işğalçılıq siyasətinə dəstək verməklə, əksinə, Ermənistanı özündən aslı vəziyyətə saldı. Bu baxımdan da, Ermənistan nəyinki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ümumiyyətlə, bütün digər məsələlərdə, Kremlin siyasi iradəsinə uyğun fəaliyyət göstərmək məcburiyyətindədir. Çünki Ermənistan iqtidarında təmsil olunan qüvvələr qeyri-demokratik yolla, xüsusilə, Rusiyanın dəstəyi ilə hakimiyyətdə bərqərar olmuş qüvvələrdir. Bir sözlə, Rusiyanın onların üzərindən əlini çəkməsi onların hakimiyyətinin sonu olacaqını göstərir. Bu baxımdan, bir çox amillərin təsiri altında Ermənistanın hazırkı iqtidarı Rusiyanın diqtəsi ilə oturub-durmaq məcburiyyətindədir. Ermənistan müstəqilliyini itirmiş bir dövlətə çevrilməkdədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində də Kremlin hansı istiqaməti göstərməsi Ermənistanın mövqeyini birbaşa müəyyənləşdirir. Bu da Ermənistanın Rusiyadan asılı vəziyyətdə olduğnun bir daha sübut edir".
GÜLYANƏ