Ermənilərin "özünküləşdirmə" siyasətində Azərbaycan xalçalarını "milliləşdirmə" cəhdi
Azərbaycanda xalçaçılıq sənəti xalqımızın milli mədəniyyəti tarixində müstəsna yer qazanmışdır. Xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılmış olsa da qətiyyətlə deyə bilərik ki, onun beşiyi Azərbaycandır. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunə tək qəbul olunur. Azərbaycanın tarixini, milli mənşəyini və digər amilləri özündə ehtiva edən xalçaçılıq sənəti dəyərli bir sənət növüdür.
Azərbaycan müasir həyatımızda dünyaya inteqrasiya etdiyi zamanda milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz diqqətə çəkilir və dövlət tərəfindən qayğı göstərilir. Bu münasibət Azərbaycanın dünyada imicinin daha da yüksəlməsinə təsirini göstərməkdədir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri sayəsində bu istiqamətdə görülən işlər Azərbaycanın tarixi, onun minilliklərin kəsiyində yaşanılan reallıqları, inkişaf prosesi daha geniş coğrafi məkanda vüsət almaqdadır. Azərbaycanda toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunələr kimi qəbul olunur. Sonsuz əlvanlığı, bəşəriliyi yaşadan Azərbaycan xalçasının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi ölkənin böyük uğurudur. Bu hadisə beynəlxalq səviyyədə xalça sənətinin Azərbaycanın mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir. Görülən işlərin davamı olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə "Azərbaycan xalçaları" kataloqu nəşr edilib. Kataloqda qeyd olunub ki, Azərbaycan xalçalarının ölkədən uzaqlarda tanınmasını XIV-XV əsrlərə aid Şərq miniatürləri və Avropa rəssamlarının əsərləri təsdiq edir.
Azərbaycan xalçası müasir dövrümüzdə tədqiq edilir, onun tarixi, çeşidləri öyrənilir və milli sərvətimizə qarşı yaranan xoşagəlməz hallar aradan qaldırılır. Bu baxımdan işlər dövlət səviyyəsində davam etdirilir. Qeyd edək ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamı əsasında inşa olunmağa başlayan Xalça Muzeyi də dövlət rəhbərinin Azərbaycan xalçasının dünya miqyasında yetərincə təbliğinə və tanınmasına yönəlmişdir. Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının inşasına başlanılmışdır. Muzey binası, ilk növbədə, milli memarlıq ənənələrinə görə fərqlənəcəkdir. Çox qeyri-adi bir forma - "bükülmüş xalça" muzeyin memarlıq quruluşunun əsasında dayanmaqla binanın orijinallığını təşkil edəcəkdir. Azərbaycan xalçasına dövlət tərəfidən göstərilən diqqət onun müasir dövrümüzdə də öz kökü üzərində inkişafda olduğunu göstərir.
Bildiyimiz kimi, müasir həyatımızda Azərbaycan xalçasına qarşı güclü təbliğat aparılır. Belə ki, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır və mənfur ermənilər, bu azmış kimi, milli dəyərlərimizi də öz adlarına çıxmaq məqsədi ilə təbliğat mexanizmini işə salıb, bu yolla Azərbaycan musiqisini, mətbəxini və adət-ənənələrimizi mənimsəməklə tarixi varlıqlarını sübut etməyə cəhd göstərirlər. Azərbaycanın bir çox milli-mənəvi sərvətlərinə təcavüz edən ermənilər saxta tarix yazmağa cəhd etsələr də sənədlər, daş kitabələr həqiqətlərin arxa plana salınmasına imkan vermir. Erməni terrorçuları Azərbaycanın böyük tarixindən, zəngin keçmişindən qorxurlar. Buna görə də əsrlər boyu tariximiz əsasında öz saxta tarixini yaratmağa çalışırlar. Həqiqi, gerçək yaşanılan tarixlə yazılan tarixə kimsə kölgə sala bilməz.
Artıq neçə illərdir qaldırdıqları "özünküləşdirmə" siyasətinin mərkəzində duran Azərbaycan xalçalarını da "milliləşdirməyə" cəhd göstərirlər. Milli-mənəvi dəyərlərimizin, sənətimizin oğurlanması artıq ermənilərin "milli adətlərinə" çevrilmişdir. Azərbaycanın vizit kartına çevrilən dəyərləri öz adlarına çıxaraq dünya dövlətlərində tarixi keçmişlərini təsdiqləmək məqsədi ilə ermənilərə məxsus olduqlarını göstərməyə çalışsalar da Azərbaycan xalçasının məxsusi elementləri buna rəvac vermir. Xalçalar üzərində təbiətindən tutmuş milli adət-ənənəyə qədər olan elementlər Azərbaycana məxsusluğun ifadəsidir. Xalça hər bir azərbaycanlı üçün doğulduğu zamandan qəbir evinə qədər ən lazımlı bir peşə növü hesab olunur. Belə ki, peyğəmbərdən (s.a.s) soruşurlar ki, dünyada ən ürəkaçan şey nədir? O, bu sualı belə cavablandırır ki, ilk övladın yumşaq xalça üzərində gəzməsidir. Çox qəribədir ki, insan həyata ayaq açdığı ilk gündən belə yumşaq xalça üzərində hərəkət edir, dünyadan köçəndə də məhz xalça ilə yola salınır. Bunun çox maraqlı məqamları vardır. Azərbaycana qonaq gələn şəxsə təqdim olunan ən gözəl hədiyyə xalçadır. Azərbaycandan qonaq gedərkən xarici dövlətlərə aparılıb ən dəyərli hədiyyə olaraq təqdim olunan da yenə xalçadır.
Qeyd edək ki, Azərbaycan xalçası sovet dönəmində Qafqaz xalçası kimi tanınmışdır. Bundan istifadə edən ermənilər vaxtilə oğurlayıb qaçaqçılıqla buradan apardıqları qədim xalçalarımızı əvvəllər Qafqaz xalçaları adı altında təqdim edirdilərsə, indi erməni xalçaları adı ilə tanıdırlar. Onlar hətta Azərbaycan xalçalarından bəhs edən kitabları da öz adlarına çıxarıb, erməni və xarici dillərdə nəşr edirlər. Kitabın üzünü olduğu kimi köçürür, sadəcə, "Azərbaycan" sözünü ya Qafqaz, ya da "Ermənistan" sözü ilə əvəz edirlər. Ermənilər xalçaçılıqdan ideoloji və mənəvi silah kimi faydalanırlar. Onlar öz adlarına çıxardıqları xalçalarımıza həsr olunmuş onlarla veb sayt açıblar. Bütün bunlara baxmayaraq ölkəmizdə sənətə olan diqqət və təbliğat yalançı ermənlərin qarşısına böyük sübütlar qoyur. Azərbaycan Müəllif Hüquqları Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif beynəlxalq təşkilatların üzvüdürlər və onlarla sıx əməkdaşlıq edirlər. Bundan başqa, Avropa İttifaqının "Saxta məhsul istehsalına qarşı mübarizə" haqqında qanunu mövcuddur. Ona görə də, "Azərbaycan Xalçaları"nın müəlliflik hüququnun müvafiq beynəlxalq təşkilatlarda təsdiqlənməsinə şərait yaranıb.
Xalça Azərbaycanın çox fərqli bir milli sərvətidir. Bu cür istehsalı olan və bütövlükdə dünyamızı özündə əks etdirən xalçalar Azərbaycanın həqiqətən də vizit kartıdır. Belə bir sənət növü erməniləri cəlb etsə də, reallıqlar buna imkan vermir.
NƏZAKƏT