PDF Oxu

Araşdırma

  • 1 593

ABŞ Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsində maraqlıdır

ABŞ Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsində maraqlıdır

Barak Obama: "Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib"

Dünya dövlətlərilə bərabərhüquqlu münasibətlərin qurulması, bu əlaqələrin inkişafı Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərindən sayılır. Daha dəqiq desək, ölkəmiz milli maraqlar çərçivəsində dünyanın bütün aparıcı beynəlxalq təşkilatları ilə, o cümlədən, böyük dövlətlərilə münasibətlər qurur, əlaqələrini genişləndirir və inkişaf etdirir. Bu mənada Azərbaycan-ABŞ münasibətlərini xüsusi nümunə kimi göstərmək olar.

Bu gün ABŞ-la Azərbaycan strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksək səviyyəli münasibətlər mövcuddur və Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu da, əlbəttə ki, səbəbsiz deyil. Çünki istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edərək, getdikcə öz əhatə dairəsini genişləndirməkdədir.

Təsadüfi deyil ki, bu gün ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət, əldə olunan nailiyyətlər Azərbaycanın dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzində qalmasına zəmin yaradıb. Məhz ABŞ-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən ən əsas məqamlardan biri Azərbaycanın karbohidrogen ehtiyatları, həmçinin, bu ehtiyatların daşındığı əsas tranzit ölkəsi olmasıdır.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum karbohidrogen borularının reallaşmasında Birləşmiş Ştatların da dəstəyi olub. Ümumiyyətlə, bu amil, rəsmi Vaşinqtonun ümumilikdə Cənubi Qafqaz bölgəsinin, regionda dövlətlərarası münasibətlərin inkişafında maraqlı olduğunu göstərir. Sirr deyil ki, ABŞ hər zaman Cənubi Qafqaz regionuna, o cümlədən, Azərbaycana böyük maraq göstərir. Regionun ən güclü və nüfuzlu dövləti olan Azərbaycanla münasibətlərin inkişaf səviyyəsi daim rəsmi Vaşinqtonun diqqət mərkəzindədir. Elə vaxtaşırı olaraq baş tutan ikitərəfli məsləhətləşmələr də əlaqələrin sıx olduğunu göstərir. Keçirilən belə məsləhətləşmələrdə ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən, Azərbaycanla Birləşmiş Ştatlar arasında hərbi və təhlükəsizlik sahəsində mövcud olan əməkdaşlıq məsələləri müzakirə olunur.

Xatırladaq ki, Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci il tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il fevralın 28-də qurulub. 1992-ci ilin martında ABŞ-ın Azərbaycanda səfirliyi, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın bu ölkədə səfirliyi yaradılıb. Bu günə kimi iki ölkə arasında yüzə yaxın sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza formalaşdırılıb.

Eyni zamanda, vurğulanmalıdır ki, ABŞ-Azərbaycan əlaqələrinin inkişafı məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərini 1997-ci ilin avqust ayında edib. O zaman Ümummilli Liderimiz bu səfərin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı: "Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, ümumiyyətlə, Qərb demokratiyasını, mədəniyyətini, Qərbdə həm iqtisadiyyat, həm siyasət sahəsində, həm də ictimai sahədə əldə olunmuş nailiyyətləri öyrənmək, onlardan bəhrələnmək, istifadə etmək, bu təcrübəni Azərbaycanda tətbiq etmək müstəqil dövlət kimi tutduğumuz yolda çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Amerika Birləşmiş Ştatları xüsusi yer tutur. Qərb texnologiyasını, Amerika texnologiyasını, Amerikanın iqtisadiyyatında inkişaf etmiş təcrübəni, prinsipləri, nailiyyətləri öyrənmək və onları Azərbaycana gətirmək, hesab edirəm ki, Azərbaycanın gələcəyi üçün çox lazımdır, zəruridir. Bunlarla yanaşı, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etmək və bu əməkdaşlığı bütün sahələrə yaymaq da bizim həm dövlət quruculuğumuz üçün, həm də beynəlxalq aləmdə özümüzə layiq yer tutmaq üçün, Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çox əhəmiyyətlidir və çox vacibdir".

İki ölkə başçılarının, həmçinin, bu dövlətlərin digər yüksək rəsmi şəxslərinin mütəmadi olaraq baş tutan görüşlərində regional təhlükəsizlik məsələləri, o cümlədən, ABŞ-Azərbaycan iqtisadi əlaqələri, ölkəmizin antiterror koalisiyasında iştirakı, ən başlıcası isə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ problemi ən çox müzakirə olunan mövzular sırasında yer alır. Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycanla Birləşmiş Ştatlar strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malikdir və Cənubi Qafqaz bölgəsində ölkəmizin lider dövlət olması səbəbindən Azərbaycan Birləşmiş Ştatlar üçün ən vacib və əhəmiyyətli tərəfdaşlardan biridir.

Öz növbəsində, Azərbaycan da ABŞ-la ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verir. Bərabərhüquqlu səviyyədə qurulan əlaqələr Azərbaycanın Qərb ölkələri ilə münasibətlərinin daha da genişləndirilməsinə xidmət edir. Bölgədə müəyyən iqtisadi maraqlarını gerçəkləşdirməyə çalışan ABŞ-la münasibətlər xarici investisiyaların cəlb edilməsi, dünya iqtisadiyyatına inteqrasiya, qlobal əhəmiyyətli regional layihələrin reallaşdırılması, ölkənin maliyyə gəlirlərinin artırılması və digər bu kimi hədəflərə yönələn Azərbaycanın mənafelərinə uyğundur.

İki ölkənin siyasi münasibətlərinin müsbət yöndə inkişafını göstərən cəhətlərdən biri isə hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu, Birləşmiş Ştatlar Konqresində isə "Azərbaycan üzrə İşçi Qrupu" fəaliyyət göstərir. Parlamentlərarası münasibətlərdə prioritet istiqamətlər kimi "Azadlığa Dəstək Aktına 907-ci düzəliş"in tam ləğvi və "Cekson-Venik düzəlişi"nin Azərbaycana münasibətdə aradan qaldırılması məsələlərini göstərmək olar.

Azərbaycan və ABŞ hökumətləri arasında əməkdaşlığın dinamik inkişafı və ölkəmizin Birləşmiş Ştatların regionda vacib tərəfdaşı olduğu nəzərə alınaraq ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələr tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Bu xüsusda, iki ölkə arasında yaradılmış birgə iqtisadi komissiyanı - Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasını xüsusilə qeyd etmək lazımdır. Komissiyanın ilk iclası 2007-ci ilin fevralında Bakıda keçirilib. Məlum olduğu kimi, Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətlərini isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsi və s. təşkil edir. O da bəllidir ki, Birləşmiş Ştatlar Azərbaycanın enerji sahəsinə daha böyük maraq göstərir. Xüsusilə də 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə ABŞ-ın bir sıra neft şirkətləri Xəzər dənizinin Azərbaycan sularında neft və qazın hasilatına cəlb olunub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz layihələrinin uğurla reallaşmasında Amerika Birləşmiş Ştatlarının dəstəyinin böyük rolunun olması danılmazdır. İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır.

Bu gün həm Azərbaycan, həm də ABŞ rəhbərliyinin ikitərəfli münasibətlərə böyük önəm verməsi qarşılıqlı iqtisadi əməkdaşlığın bundan sonra da davam edəcəyini deməyə əsas verir. Bu isə hər iki ölkənin maraqlarına cavab verməklə bərabər, regionda təhlükəsizliyin və stabilliyin təmin olunmasına töhfədir.

Beləliklə, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur. ABŞ regionda enerji layihələrinin reallaşmasına böyük maraq göstərir və bu ölkə şirkətləri bölgədəki layihələrin gerçəkləşməsinə investisiyalar yatırırlar. Avropa ilə Asiya arasında mühüm enerji dəhlizi rolunu oynayan Azərbaycanla bu sahədə əlaqələrə Birləşmiş Ştatlar hər zaman xüsusi önəm verib. Bildiyimiz kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşdirilə bilməz. İki ölkə arasında beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində də yaxın əməkdaşlıq mövcuddur. Azərbaycan bu ölkənin terrora qarşı apardığı mübarizədə yaxından iştirak edir. Eyni zamanda, respublikamız NATO ilə də sıx əlaqələrə malikdir. Bu səbəbdən, Azərbaycan ABŞ üçün çox vacib regional tərəfdaşdır.

Azərbaycan-ABŞ münasibətlərinin mühüm istiqamətlərindən birini hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Buraya Təhdidlərin Birgə Azaldılması proqramı və ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı, NATO çərçivəsində, eləcə də, beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylər, Azərbaycan sərhədlərinin, xüsusən də, dəniz sərhədlərinin möhkəmləndirilməsi, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi və Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi sahəsində əməkdaşlıq və digər məsələlər daxildir.

Dünyanı narahat edən bir çox məsələlərdə Azərbaycanla ABŞ-ın mövqelərinin üst-üstə düşməsi uzunmüddətli strateji əməkdaşlığa imkan verən başlıca faktorlardandır. Belə ki, hər iki ölkə dünyada sülh və təhlükəsizliyin, əmin-amanlığın tərəfdarı kimi çıxış edir. Bu baxımdan, Azərbaycanla ABŞ arasında terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı xüsusi vurğulamaq lazımdır.

Məhz son onilliklərdə dünyanı narahat edən başlıca problemlərdən birinə çevrilən terrorizmə qarşı mübarizədə ABŞ-da baş verən 2001-ci il 11 sentyabr faciəsindən sonra yeni mərhələnin başlanğıcı qoyulub. ABŞ-ın dünyada həyata keçirdiyi genişmiqyaslı antiterror əməliyyatlarına qoşulan ilk ölkələrdən biri də məhz Azərbaycandır. Bu vaxtadək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovoda, İraqda, Əfqanıstanda gerçəkləşdirilən sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək bu mübarizəyə öz töhfələrini verib. Hazırda isə Azərbaycan Əfqanıstandakı antiterror əməliyyatlarına hərbi heyətlə yanaşı, quru və hava məkanından yüklərin daşınması üçün istifadə olunmasına imkan verməklə də yardım göstərir. Birləşmiş Ştatlarla ikitərəfli əlaqələr və NATO ilə tərəfdaşlıq çərçivəsində görülən bu işlər ABŞ rəhbərliyi tərəfindən hər zaman müsbət qarşılanıb. ABŞ prezidenti və digər rəsmi şəxslər Azərbaycanın bu ölkənin Cənubi Qafqazdakı mühüm strateji tərəfdaşı olduğunu dəfələrlə vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan-ABŞ münasibətlərində vacib məqamlardan biri bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olmasıdır. Digər tərəfdən, ABŞ həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Belə ki, ABŞ-ın beynəlxalq aləmdə formalaşmış imicini və nüfuzunu nəzərə alsaq, qeyd edə bilərik ki, bu ölkənin münaqişənin həllinə və münaqişə tərəflərinə olan münasibəti danışıqların gedişatına əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarındadır.

Azərbaycan da haqlı olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə çalışır. Ölkəmizin ədalətli mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır ki, bu da ABŞ və digər həmsədr ölkələrə işğalçı Ermənistana təcavüzkar siyasətdən əl çəkməsi üçün təzyiq göstərməyə tam əsas verir.

Ona görə də, Azərbaycanın antiterror əməliyyatlarında bu qədər fəal iştirak etməsi isə heç də təsadüfi deyil. Ermənistan tərəfindən dövlət terroru ilə üzləşən ölkəmiz əsasən dinc əhaliyə, qadın və uşaqlara qarşı yönələn bu cinayət fəaliyyətinin insanlıq üçün nə demək olduğunu yaxşı bilir. Doğrudur, bu gün Əfqanıstanda və digər regionlarda terrorizmə qarşı bir çox dövlətlərin iştirakı ilə fəal mübarizə aparılır. Lakin nəzərə almaq lazımdır ki, terrorçuluq problemi Cənubi Qafqazda da mövcuddur və bu bəladan əsasən Azərbaycan, ölkəmizin sakinləri, xüsusən də, uşaqlar zərər çəkir. Belə olan təqdirdə, Azərbaycan tərəfi haqlı olaraq terrorçuluğa qarşı mübarizədə ABŞ-dan ciddi dəstək gözləyir. Bu mənada Barak Obamanın Prezident İlham Əliyevə göndərdiyi məktub xüsusi əhəmiyyət kəsb etməyə bilməz.

Belə ki, sentyabrın 9-da Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorliki qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ceyms Uorlik dövlət başçısına Birləşmiş Ştatların prezidenti Barak Obamanın məktubunu təqdim edib. Barak Obamanın İlham Əliyevə məktubunda deyilir: "Hörmətli Cənab Prezident, Bakıya ilk rəsmi səfəri münasibətilə mən ABŞ-ın ATƏT-in Minsk Qrupunda yeni həmsədri təyin olunmuş səfir Ceyms Uorlikə tam dəstək verdiyimi Sizə çatdırmaq istərdim. Onun bu yaxınlarda təyin olunması tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmasına yardım etmək işinə Birləşmiş Ştatların qəti və birmənalı sadiqliyinin güclü göstəricisidir. Ümidvaram ki, səfir Uorlikin zəngin diplomatik təcrübəsi və hökumətinizin irəliləyişə nail olmaq arzusu həmsədrlərin işinə və sülh prosesinə yeni təkan verəcəkdir. Mən gələn aylar ərzində Ermənistan ilə birbaşa dialoq imkanlarından yararlanmağınızı və danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün həmsədrlərin vaxtından və bacarığından istifadə etməyinizi dəstəkləyirəm. Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib".

Bir sözlə, bütün bunlar onu göstərir ki, sözün həqiqi mənasında, ABŞ Azərbaycanın bölgədə rolunu yüksək qiymətləndirir və Cənubi Qafqazın lider dövləti olan Azərbaycanı özünün fəal tərəfdaşı hesab edir. Ona görə də, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsində maraqlı olduğunu nümayiş etdirir. Azərbaycan ictimaiyyəti də əmindir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu ölkələrinin dəstəyilə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll ediləcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər